Rusiya səfirinin geri çağırılması…

post-img

Ermənistanda nə düşünürlər?

Rusiya səfiri Sergey Kopırkinin məsləhətləşmələr üçün Moskvaya çağırılma­sı ali diplomatik təmsilçinin fəaliyyət göstərdiyi Ermənistanda böyük reaksiya doğurub. Müxtəlif fikir və düşüncələr var. Onları ümumiləşdirərək belə qənaətə gəlmək mümkündür ki, erməni ictimai rəyindəki reaksiyalar həm də təşviş yö­nümlüdür. Yazımızda bu və ya digər əlaqəli məqamlar barədə söz açacağıq. 

Başlayaq politoloq Suren Suren­yantsın fikirlərindən. O bildirib ki, səfirin çağırılmasının səbəbi baş nazir Nikol Paşinyanın 2020-ci ildə Azərbaycana Qarabağda Ermənistana qarşı mühari­bəyə hazırlaşmaqda iki Kollektiv Təh­lükəsizlik Müqaviləsi Təşkilatı ölkəsinin köməyindən bəhs etməsidir. Ekspertin dediyinə görə, bir qayda olaraq, səfirlərin çağırılması kimi diplomatik addım iki ölkə arasında münasibətləri pisləşdirən han­sısa vəziyyət formalaşdıqda və ya qar­şılıqlı siyasətə yenidən baxılmasına eh­tiyac yarandıqda atılır: “Mənim subyektiv fikrimcə, Kopırkin Moskvaya Paşinyanın Milli Assambleyada iki KTMT ölkəsinin 44 günlük müharibənin hazırlanmasında iştirakından bəhs edən son səs-küylü bə­yanatları ilə əlaqədar çağırılıb”.

Bəs Paşinyan Milli Assambleyada­kı çıxışında konkret olaraq nə demişdi, buna diqqət yetirək: “Mən KTMT-yə üzv olan ən azı iki ölkəni tanıyıram ki, onlar bizə qarşı müharibənin hazırlanmasın­da iştirak ediblər. Bu ölkələr təbii olaraq bizə, guya, kömək göstərdikləri ilə bağlı imitasiya yolu tutdular. Amma bir daha demək istəyirəm ki, müharibə heç də Qa­rabağa görə deyildi. Çünki mən İstintaq Komissiyasında göstərmişəm ki, onlar Qarabağ məsələsini özləri üçün çoxdan bağlayıblar. Həmin müharibənin məqsədi Ermənistan Respublikası adlı müstəqil dövlətin olmaması idi”. 

N.Paşinyan sözügedən çıxışında daha çox Belaraus Prezidenti Aleksandr Lukaşenkoya əsaslanmışdı. Daha doğ­rusu, Lukaşenkonun Bakıya səfəri əs­nasında verdiyi açıqlamaya. Erməni baş nazir A.Lukaşenkonun ictimai qaydada fi­kirlərini dilə gətirməsindən sevindiyini də dilə gətirmişdi. Nikolun sözlərindən belə çıxmışdı ki, rəhbəri olduğu hökumətin məqsədi Ermənistanı əzmək istəyənləri üzə çıxarmaqdır və mövcud istiqamətdə iş aparılır. O, bir qədər də atmacalı şə­kildə bunları vurğulamışdı: “Bu cəhdlər davam edəcək. Hələ də bu barədə icti­maiyyətə danışmasına ehtiyac duyulan insanlar var”.

Yeri gəlmişkən, Belarus lideri Ermə­nistanda səs-küy doğurmuş açıqlama­sında bunları bildirmişdi: “Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbə­timizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yü­rüdürdük və belə nəticəyə gəldik ki, mü­haribədə qələbə çalmaq olar. Bu vacibdir, qələbəni qoruyub saxlamaq daha vacib­dir. Üçüncüsü isə Sizin də bu mövzuya toxunduğunuz kimi, biz ümumi fikrə gəl­dik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqları dir­çəltməyə, bərpa etməyə başlamaq lazım gələcək. Həmin ağır dövr gəlib çatdı, bu torpaqları dirçəltmək, insanları artıq qay­tarmaq lazımdır, onların bəziləri şəhərdə anadan olublar, problemlər ola bilər və sair. Qələbə çaldınız və onu qoruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, za­man, böyük zəhmət tələb edir, beş və ola bilər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir”.

Politoloq S.Surenyants isə deyib ki, Moskva Ermənistanda daxili siyasətin daha da kəskinləşməsini gözləyir. Onun sözlərindən belə çıxıb ki, kəskinləşmə erməni iqtidarının hakimiyyətdən getməsi reallığını doğura bilər. “Ona görə də Ru­siya tərəfi məlumatın birbaşa alınmasını zəruri hesab edir”, – deyən ekspert səfir Kopırkinin çağrılmasına izahat yönümlü ehtimalını səsləndirib.

S.Surenyantsdan fərqli olaraq, digər erməni analitik Akop Badalyan Rusiya səfirinin Moskvaya çağrılmasının bir qə­dər geniş anlamlı sayılacaq səbəbi üzə­rində dayanmayıb. Onu müəyyən mə­nada haqlı saymaq mümkündür. Çünki N.Paşinyan və komandasına daxil olan şəxslər 2020-ci ildən başlayaraq, istər daxildə, istərsə də xaricdə anti-Rusiya təbliğatı həyata keçiriblər. Rəsmi İrəvan bu xüsusda özünün anti-KTMT xəttini daim yüksək fazada saxlayıb. Amma bu sayaq yanaşma indiyədək Kremldə sə­firi geri çağıracaq qədər mənfi reaksiya doğurmayıb. Deməli, hansısa başqa məqamların axtarılmasına ehtiyac var. Elə A.Badalyan da konkret səbəblər barədə danışmır, səfirin geri çağrılması­nın bir çox amillərlə bağlı ola biləcəyini diqqətə çatdırır. Ən əsası isə o, Moskva­nın hazırkı addımını ümumən son il ya­rım ərzində Ermənistan–Rusiya münasi­bətlərində yığılmış ziddiyyətlərin nəticəsi kimi dəyərləndirib. 

Badalyan, həmçinin səfir Kopırkinin geri çağrılmasının Prezident Vladimir Pu­tinin Minskə səfəri ilə eyni vaxta düşmə­sinə diqqət çəkib. Nəzərə alaq ki, A.Lu­kaşenko Putinlə görüşdə “ciddi təkliflər, o cümlədən Qafqaz regionunda təhlükəsiz­lik məsələləri” barədə söz açıb. Belarus lideri deyib ki, sözügedən təkliflər onun Azərbaycana bu yaxınlarda reallaşmış səfəri zamanı ətraflı müzakirə olunub. Badalyanın fikrincə, hadisələr – Putinin Minskə səfəri, İrəvandakı Rusiya səfirinin çağırıması və baş nazir Paşinyanın me­sajları Ermənistan üçün hazırkı durumun ciddiyyət indiqatorlarıdır. Ancaq ekspert hansısa səbəbdən nikbindir. Onun söz­lərinə görə, yaxın zamanlarda Ermənis­tan–Rusiya münasibətlərində gərginlik azalacaq və çaşqınlığı yaradan səbəblər aradan qaldırılanda, durum tam şəkildə sabitləşəcək.

Ümumən, A.Badalyan Ermənistan–Rusiya münasibətlərinə bir qədər fərqli baxış ortaya qoyulmasının tərəfdarıdır. O vurğulayıb ki, münasibətlərdəki hazır­kı qeyri-sabitliyin əsas səbəbini köhnə dünya nizamının dağılması və yenisinin olmaması müəyyənləşdirir. Ekspertin fikrincə, İrəvan–Moskva oxu üzrə qey­ri-sabitlik yeni dünya nizamının regional və qlobal səviyyədəki təsir dairələri və təhlükəsizlik sxemləri bəlli olana qədər davamlı xarakter alacaq. Yalnız bununla əlaqədar əminlik formalaşacağı təqdirdə, Ermənistan–Rusiya münasibətlərinin sa­bitləşməsindən söz açıla bilər.

Qeyd edək ki, Rusiya Xarici İşlər Na­zirliyi ölkənin Ermənistandakı səfiri Ser­gey Kopırkinin məsləhətləşmələr üçün Moskvaya çağrılmasının səbəbi göstər­məyib. Yəni, açıqlamada Moskva ilə İrəvan arasındakı gərginlikdən söz açıl­mayıb. Ermənistan tərəfinə gəldikdə, Pa­şinyanın 44 günlük müharibədə ölkəsinə qarşı çıxan iki KTMT dövlətinin mövcud­luğuna dair açıqlamasından söz açdıq. Heç şübhəsiz, Nikol Belarusla yanaşı, Rusiyanı da nəzərdə tuturdu. Erməni baş nazir, həmçinin mayın 22-də onu da bil­dirmişdi ki, İrəvanın KTMT ilə münasibət­ləri gərgindir. O qədər gərgindir ki, Ermə­nistan quruma üzvlüyünü dondurmaq və üzvlük haqlarını dayandırmaq fikrindədir.

Ə.RÜSTƏMOV
XQ

Siyasət