Ekspertlər hesab edirlər ki, İrəvan öz orbitinə qayıtmağa başlayıb
Şübhə yoxdur ki, rəsmi İrəvan sülh sazişinə imza atandan sonra Cənubi Qafqazda tamamilə fərqli, yeni geosiyasi durumun şahidi olacağıq. Rəsmi Bakı dəfələrlə regionda əbədi sülhün yaranmasının zəruriliyini önə çəkib. “Qafqaz evi” təşəbbüsünü ilk dəfə irəli sürən məhz Azərbaycan Prezidenti İlham Əliyev olub. Cənab Prezident maraqlı aktorlara ünvanladığı mesajlarında bölgənin inkişafının qonşular arasındakı sülh və əmin-amanlıqdan keçdiyinə əminliyini ifadə edib.
Azərbaycan üç ildir sülh təşəbbüsü ilə çıxış edir və bu zaman Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın ən doğru yolunun üçtərəfli formatdan keçdiyini sözdə deyil, artıq əməldə sübuta yetirir. Bölgədə bütün istiqamətlər üzrə münasibətlərin normallaşma prosesinin məhz region çərçivəsində həllinə tərəfdar olan Bakı “3+3” platformasının iştirakçılarına strateji müttəfiqliyə söykənən dostluq və əməkdaşlıq təklifini israrla təkrar edir. Dövlətimizin başçısının bəyan etdiyi bu çərçivədə əməkdaşlıq Cənubi Qafqazda yeni etimad mühiti yaradacaq, regiondaxili və qitələrarası layihələrin gerçəkləşməsinə yol açacaq. Bu modelin bir tərkib hissəsi də Ermənistan ola bilər.
İki ölkə arasında sülhün ilkin işartısı sayılan delimitasiya işləri nəticəsində Ermənistanla 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edildi, Qazax rayonunun anklav olmayan 4 kəndi – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı Azərbaycana qaytarıldı. Dörd gün bundan əvvəl bir güllə atılmadan, qarşılıqlı anlaşma yolu ilə həmin ərazi Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə keçdi. Bu uğur faktını bölgə və bölgəətrafı ölkələr razılıqla, məmnunluq hissi ilə qarşıladılar. Bəs, Cənubi Qafqazda korporativ maraqlarından hələ də əl çəkmək istəməyən kənar güclər bu mini–sülhə necə yanaşdılar?
İsrailli publisist, İsrail Jurnalistlər İttifaqının beynəlxalq əlaqələr komissiyasının rəhbəri Rostislav Qoltsmanın fikrincə, Ermənistanın Azərbaycan kəndlərini qaytarması sevindirici hadisədir və belə qənaətə gəlməyə imkan verir ki, İrəvan Fransaya tərəf getmir, öz orbitinə qayıdır: “Və bunlar, ümumiyyətlə, fərqli məsələlərdir. Çünki, Avropa İttifaqının qəbul etdiyi əməkdaşlıq prinsiplərindən biri “qonşularla sıfır problemi”dir. Ermənistan isə reallıqda bu qaydaları nəzərə almalıdır. Mən şadam ki, Ermənistan Bakı ilə sülh danışıqlarını ikitərəfli formatda aparmağın daha doğru yol olduğunu anlamağa başlayıb. Bu arada Bakı öz strategiyasını qurarkən artıq çox gözəl başa düşürdü ki, ən etibarlı yol heç bir “həmsədrlər”, “vasitəçilər” olmadan yalnız özünə güvənməkdir. Məhz tərəflər arasında birbaşa dialoq, onların səyləri, əslində, sülh danışıqlarını arzuedilən nəticəyə gətirib çıxara bilər. Bu kontekstdən yanaşanda İsrailin 1949-cu ildə Negevi azad etməsi ilə bağlı oxşar təcrübəsini xatırlatmaq istərdim. O zaman əməliyyatdan dərhal sonra məsələyə beynəlxalq vasitəçilər müdaxilə etdilər. Onlar Negevin əvvəllər Misir tərəfindən işğal olunduğunu tamamilə unudaraq, bu məsələyə müdaxilə etməyə başladılar. Vasitəçilər əllərini yelləyərək qoşunların çıxarılmasını tələb edərək, bu ərazilərin statusunun dinc danışıqlar və beynəlxalq vasitəçilik yolu ilə həll olunacağına söz verdilər. Amma İsrailin o zamankı baş nazir Ben-Qurion açıq şəkildə bəyan etdi ki, biz artıq öz torpaqımızı azad etmişik və bunu beynəlxalq vasitəçilər olmadan davam etdirəcəyik”.
Daha sonra bosniyalıların misalını xatırladan yəhudi ekspert onlar özləri hücuma keçənə, öz torpağında olduqlarını sübut edənə qədər, nədənsə danışıqlar prosesi çərçivəsində heç bir qərar verilmədiyini vurğuladı. Onun fikrincə, bu, ən optimal variant və düzgün qərardır. Beynəlxalq hüququn qayda və prinsiplərinə uyğun üsullarla İrəvana təzyiqlərini davam etdirən, onun inadkarlığını zərgər dəqiqliyi ilə düşünülmüş arqumentlərlə sındıran Azərbaycan bu nəticəni zəhmətin və uğurlu diplomatik fəaliyyətin təntənəsi kimi qeyd etməlidir: “İlham Əliyev bəyanatlarında ardıcıl və məsuliyyətlidir. O, hər zaman bir şeyi nümayiş etdirir – Azərbaycan başladı işi mütləq son qələbəyə qədər başa çatdırır. Azərbaycanın dörd kəndinin qaytarılması sübut edir ki, Bakı məhz xoş məramı, ədalətli mövqeyi nəticəsində, heç bir təcavüz və zorakılıq olmadan regionda sülhün bərpasına addım-addım irəliləyir”.
***
“Bakı Qazax rayonunun kəndlərini geri qaytarmaqla ermənilərdə problemlərin danışıqlar yolu ilə həll edilə biləcəyinə inamını formalaşdırdı. İnanmaq istərdim ki, tezliklə bütün Cənubi Qafqaz xəritədə münaqişə ocağı, qaynar nöqtə kimi deyil, sülhün, anlaşmanın, qarşılıqlı fayda gətirəcək siyasi qərarların qəbul ediləcəyi regiona çevriləcək”.
Bu sözlərin müəlifi, Azərbaycan xalqını və Prezident İlham Əliyevi parlaq qansız diplomatik qələbə münasibətilə təbrik edən qazaxıstanlı politoloq, siyasi elmlər namizədi Şarip İşmuhamedov dörd kəndin qaytarılmasını bir ilin deyil, bəlkə də, arxada qalan otuz ilin sınaq və səhv üsullarının, Azərbaycanın hərbi-siyasi strategiyasının təkamülünün nəticəsi hesab edir: “Bakı nümayiş etdirdi ki, bu cür yanaşma nəinki mümkün, həm də son dərəcə effektivdir. O, həm regional, həm də beynəlxalq miqyasda dövlətlər arasında bu qəbildən olan mübahisəli məsələlərin həlli üçün yeni nümunələr ortaya qoyur. Bu mənada sərhəddə əldə edilən uğur hər zaman problemlərin zorakı üsullarla deyil, sülh yolu ilə həlinin tərəfdarı kimi çıxış edən İlham Əliyevin siyasi strategiyasının təntənəsidir”. Sülhün, ən azı, belə bir formulla əldə oluna biləcəyini göstərən qazaxıstanlı politoloq Bakı bununla diqqəti iki ölkə arasında vasitəçisiz, birbaşa danışıqlar prosesini pozmağa, bu sülh formuluna müdaxiləyə, bölgədə yeni gərginliyin yaranmasına çalışanları əməlli–başlı məyus etdiyinə yönəltdi: “Həmin qüvvələr bölgədə yalnız öz maraqlarını güdürdülər. Fransa və öz ambisiyalarından çıxış edən Qərbin digər “oyunçu”ları indi tamamilə işsiz qalıblar. Üstəlik, sülh gündəmindən narazı bədxahların Cənubi Qafqaza müdaxiləsi mümkünsüz hala gəlib”.
***
Mövzu ilə bağlı “XQ”-yə açıqlama verən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov qeyd etdi ki, Azərbaycanın bölgənin aparıcı dövlətinə, güc mərkəzinə çevrilməsini bir çox böyük dövlətlər də etiraf edirlər: “Öz torpağını işğaldan azad edən ölkə kimi tanınan Azərbaycan həm də bölgədə və dünyada sülhpərvər təşəbbüsləri ilə gündəmdədir. Amma qonşu Ermənistanda baş verən son proseslər onun zəifliyinin göstəricidir. Biz siyasi, iqtisadi, hərbi potensialımızı artırmaqla yanaşı, bölgənin digər ölkələrin əlimizi uzatmağa hazırıq. Azad etdiyimiz torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın yalnız inkişafa doğru getdiyinin bariz sübutudur. Yalnız sülhə yönəlik inkişafımızın bundan sonra da davam edəcəyinə heç bir şübhə ola bilməz. Aydın məsələdir ki, Bakının bütün sahələrdə qazandığı uğurlar, sülhə doğru atdığı addımlar bir sıra güclərdə qıcıq yaradır, Azərbaycana qarşı təzyiqləri artırır. Əslində, bunun özünü təbii proses kimi qəbul etməliyik. Çünki, bədxahlarımız bizi qüdrətli, bölgənin aparıcı ölkəsi kimi qəbul etməyə çətinlik çəkirlər”. Tanınmış politoloq, eyni zamanda, Azərbaycanın özünün təhlükəsizliyini tam təmin etməklə bərabər, bölgənin də sülh coğrafiyasına çevirmək üçün əlindən gələni edəcəyinə əminliyini bildirdi. Ümid etmək istərdik ki, son üç ildə başı daşdan-daşa dəymiş rəsmi İrəvan bundan sonra onu təmənnalı və riyakar oyunlara cəlb etməyə çalışan qərbli “tərəfdaşlarının”, bəzi beynəlxalq güclərin, xüsusən də Fransa kimi dövlətin əlində alət olmağa razılaşmayacaq. Ermənistan isteblişmenti, nəhayət, anlamalıdır ki, xalqı düşdüyü səfalət və fəlakət girdabından çıxarmağın yolu sülhdən, əmin-amanlıqdan və qonşuları ilə əməkdaşlıqdan keçir. Bu, Bakının təklif etdiyi sülhə aparan yeganə yoldur.
İmran BƏDİRXANLI
XQ