Biz silaha “əlvida!” deyirik!

post-img

Artıq XXI əsrdə bir daha erməni-müsəlman davası olmamalıdır. Azərbaycan bu istəyini təkcə sözdə deyil, əməldə də ortaya qoyur. “Dağlıq Qarabağ” adlı mü­naqişə yoxdur, dünyanın aparıcı dövlətləri, “böyük güclər” Azərbaycanın me­marı olduğu bu reallığı qəbul ediblər. Və bundan məmnundurlar. Postmüharibə dövrünün gündəliyini də Azərbaycan müəyyənləşdirir. Bu gündəliyin mübtəda­sı da, xəbəri də sülhdür. 

Bölgəyə əmin-amanlıq, rahatlıq və tərəqqi gətirəcək sülhün carçısı Azər­baycandırsa, onun tezliklə reallaşma­sına dəstək verəcək tərəf Ermənistan olmalıdır. Bəli, Cənubi Qafqaz sülhə ha­milədir. Azərbaycan bölgənin bu “san­cıdan” tezliklə qurtulması üçün əlindən gələn hər şeyi edir. Amma tək əldən səs çıxmadığı kimi, bu müşkülün çarəsi də tələb olunan ikinci əlin – sülh əlinin İrəvandan uzadılmasıdır. Biz əlimizdə­ki silahın lüləsinə qızılgül taxmışıq və eyni jesti – silaha “əlvida!” deməyi qarşı tərəfdən gözləyirik. 

Amerikalı məşhur yazıçı Ernest He­minqueyin 1929-ci ildə çap olunmuş avtobioqrafik “Əlvida, silah!” romanının motivi məhz günahsız canlar alan bütün savaşlara nifrət, qızılgül qoxulu gəncliyin puç olan arzularıdır. Müharibənin bütün dəhşətlərinin, astar üzünün təsviri verilən əsərdə ölüm qorxusuna təslim olan əs­gərlər sərsəri güllənin qurbanına çevril­məməkdən ötrü qəsdən özlərinə xəsarət yetirir, arxa cəbhəyə, xəstəxanaya can atırlar. Yox, əsgərlər fərari deyil, ağılsız müharibəyə, gənc yaşlarında onları güllə qabağına itələyənlərə üsyan edənlərdir. Amma onları döyüşmək, deməli, öldür­mək əzabından qurtaran, atəşə “Dur!” deyən yoxdur. 

Qorxu hissi acı həqiqətləri də gün işığına çıxarır. Bunu bizim kimi, qonşula­rımız da görməli və razılaşmalıdırlar. On­suz da bütün müharibələrin sonu sülhlə qurtarır. Özünü uduzmuş tərəf kimi hiss edən də sülhə qovuşur. Məgər sülhdən böyük uduş varmı? 

Son otuz ildə Qarabağda çox qanlar töküldü. İndi biz bir yandan doğma tor­pağımızda yağıların qanını axıtdığı soy­daşlarımızın kütləvi məzarlıqlardakı qa­lıqlarını aşkar etməklə, onları adətimizə uyğun ehtiramla son mənzilə yola sal­maqla, digər yandan həmin yağının bas­dırdığı “yeraltı ölümdən” – minalardan təmizləməklə məşğuluq. Erməni vanda­lizminə məruz qalan torpaqlarımızın üstü abadlaşdırılır, altı minalardan təmizlənir. Təkcə bölgəmizdə deyil, beynəlxalq are­nada söz və qüdrət sahibi olan dövləti­mizin öz gücü ilə yeni kəndlər salınır, yollar çəkilir, dünənki köçkünlərin normal yaşayışı üçün əlverişli şərait yaradılır. Paradoksa diqqət yetirdinizmi: sümüklər və minalar! Erməni vandalizminin gizli ni­şanələri. İndi bütün dünya bu nişanələrə şahidlik edir. 

Yenə yadımıza qeyri-ixtiyarı Nobel mükafatçısı Ernest Heminqueyin “Əlvi­da, silah!”dan on bir il sonra qələmə al­dığı “Əcəl zəngi” romanı düşdü. İspaniya müharibəsində partizan dəstəsinə qo­şulmuş gənc amerikalı könüllü, sosialist Robert Cordanın başına gələnlər qəmgin və ibrətamiz, həm də ibrət götürüləsi he­kayətdir. Biz Cordanın acı aqibətini yaşa­mağı heç kəsə, erməniyə də arzulamırıq. Yetər ki, qonşularımız da əllərinə götür­mək istədikləri hər cür silahlara “əlvida!” deməyi bacarsın, bizim kimi, onlar da qızılgül qoxulu sülhə qucaq açsın. Çətini budur, ondan sonrası inama və səmimiy­yətə bağlıdır. 

Yazımızı nikbin notlarla bitirməyə çalışsaq da, hələ narahat ruhların do­laşdığı bölgəmizə sülh gəlməmiş bunu əminliklə etmək asan deyil. Azad, bütöv və müstəqil Azərbaycanın ədalətli sülh­dən savayı istəyi yoxdur. Bu istəyə Er­mənistanın da şərik olacağı günün tez­liklə yetişəcəyinə inanmaq istərdik. Bax onda silaha “əlvida!” deməyi bacaran er­mənilərin əcəl zəngindən qurtulacağına bəlkə də onlardan çox biz sevinəcəyik.

İmran BƏDİRXANLI
XQ

Siyasət