MDB və “rəngli inqilablar” – Bortnikovun “həyəcan təbili”

post-img

Qərbin qlobal dəyişiklik planlarına Rusiya baş kəşfiyyatçısının baxışı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun dilə gətirdik­ləri heç də adi məsələ sayıla bilməz. Söhbət onun Qərbin MDB ölkələrində “rəngli inqi­lablar” üçün şərait yaratmağa çalışması ilə bağlı açıqlamasından gedir. Cənab Bortnikov bunu MDB-yə üzv Dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şura­sının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş iclasında deyib.

Əslində, ilk baxışdan, dünyada “rəngli inqilablar” dövrünün geridə qal­dığını düşünmək mümkündür. Çünki hazırda bunun reallaşdırılmasına lazım olan ənənəvi alətlərdən, demək olar, hər kəs xəbərdardır və milli dövlətlər özlə­rində müqavimət formalaşdırıblar. Yəni, mövcud istiqamətdə qabaqlayıcı zəruri vərdişlərə yiyələniblər. Artıq “rənqli inqi­lablar” dalğasının yaşandığı 2000-ci illər deyil. Eyni zamanda, sonrakı zaman kə­siyinin “ərəb baharı” ssenarilərinin ger­çəkləşməsi üçün istifadə edilən texnoloji imkanlar barədə də hər kəs yaxşı məlu­matlıdır. Bəs, Bortnikov nəyə görə belə danışır? Səbəb çox sadədir. Çünki Qərb dairələri artıq “rəngli inqilablar”a bir qə­dər fərqli yanaşırlar. 

Kəşfiyyat xidməti rəhbərinin sözlərinə görə, Qərb mərkəzləri MDB ölkələrində vəziyyətin pisləşdiyi və kütləvi iğtişaşlar baş verəcəyi təqdirdə, hakimiyyəti ələ keçirmək üçün “mühacirətdə olan hö­kumətlər” formalaşdırırlar. Bu fikri Rusiya FTX-sinin rəhbəri yox, digəri bildirsəydi, çox güman, üzərində dayanmağa ehti­yac yaranmaz, elə düşünülərdi ki, adam özünün siyasi fantaziyasına güc verib. Yəni, sırf “mühacirətdə olan hökumət­lər” deyiminə görə belə qənaətə gəlmək mümkündür. 

Ancaq Bortnikov məlumatlı şəxsdir və çox güman, ona agah olanların heç də hamısını diqqətə çatdırmır, yalnız ümumi ab-havadan söz açır. Məsələn, o, Qərb­dəki siyasi dairələri daxili böhranlara şə­rait yaratmaqda günahlandırır. Vurğulaylr ki, bu məqsədlə təsir agentləri, nəzarət edilən müxalifət partiyaları və hərəkatları, qeyri-kommersiya təşkilatları və psevdo­müstəqil mediadan istifadə olunur.

Bəli, tədricən görünür ki, cənab Bort­nikov, əslində, tanış mənzərə barədə düşüncələrini bölüşür. Elə hazırda Gür­cüstanda yaşananlara diqqət yetirmək kifayətdir ki, onun sözlərinin nə qədər doğru məntiqə söykəndiyini anlayasan. Ancaq söhbət təkcə “rəngli inqilablar” baxımından zəruri siyasi ab-havanın mövcudluğundan getmir. Deyək ki, Gür­cüstanda nümayişçilər xarici agentlər haqqında qanuna etiraz edirlər. Yəni, bu, haradan baxsan, siyasi çalardır. Bortni­kov isə Qərbin inqilab ritorikası baxımın­dan iqtisadi amillərin ön planda olduğu­nu vurğulayır. O deyir ki, ABŞ və Böyük Britaniya Rusiyanın tərəfdaşlarına qarşı sanksiyalar adı altında MDB məkanında ticarət və maliyyə əməliyyatları üzərində total nəzarət qurmaq istəyirlər. 

Deməli, Rusiyanın baş kəşfiyyaçısı­nın toxunduğu məqamın ciddilik para­metri fərqlidir. Diqqət yetirək, MDB siyasi olmaqla yanaşı, həm də ayrıca iqtisadi sistemdir. Hələ bu sistemin Avrasiya İqti­sadi İttifaqı deyilən qeyri-rəsmi alt sistemi də var. Bir anlıq təsəvvürə gətirək ki, otuz ilə yaxın müddətdə formalaşmış hazırkı düzən sıradan çıxır. Deməli, MDB-yə üzv dövlətlərin iqtisadiyyatları zərər görəcək. Zərərlərin aktuallaşdığı dövrdə yaşamaq uğrunda mübarizə başlayacaq. Mübarizə çərçivəsində isə siyasi tərəfdaşlığı və mənəvi bağı deyil, iqtisadi faydanı əsas götürüb Qərbə meyillənənlər qurtulacaq. Digərləri, yəni əyilməyənlər isə daxili tə­bəddülatlar fonunda sıradan çıxacaqlar. Beləliklə, cənab Bortnikovun barəsində ehtiyatlanırmış kimi söz açdığı ssenari gerçəkləşəcək.

Ancaq Bortnikov MDB ölkələrindəki yeni “rəngli inqilablar” dalğasının əsl hə­dəfini açıqlamır. O, ümumən bu məkanın qayğısına qalan obrazındadır. Yəni, de­diklərindən belə çıxır ki, Rusiya, bütöv­lükdə, MDB-nin maraqlarını düşünür. Əl­bəttə, düşünür. Amma bir məsələ mütləq şəkildə nəzərə alınmalıdır. Əsl məsələ də elə bundadır. Baxın, Qərb dünyası Rusi­yaya qarşı ən müxtəlif təsir vasitələrindən yararlanır. Amma nə edirsə, böyük ölçüdə bir o qədər effektiv nəticə yoxdur. Yəni, bu gün Rusiya dirəniş göstərərək ayaqda qalmağı bacarır. Deməli, ölkənin dayaq­larını sarsıtmaq lazımdır. Dayaq isə MDB məkanıdır. Və deməli, əgər MDB ölkələri iqtisadi baxımdan Rusiyaya köklənməmiş müstəqil iqtisadi struktur baxımından çıxış etsələr, Moskva avtomatik olaraq təcriddə qalacaq. Təsadüfi deyil ki, cənab Bortni­kov “MDB ölkələrinə hərbi-siyasi və iqtisa­di təzyiqlər və müdafiə sahəsində müxtəlif formatlı əməkdaşlıqların tətbiqi davam edir” kimi fikir işlədir. 

Rusiya FTX-sinin rəhbərinin ehti­yatlandığı digər məsələ də var. Onun barəsində söz açdığı “rəngli inqilab” ssenariləri üçün regional münaqişələrin alovlandırılması məntiqi aktual əhəmiy­yət daşıyır. Bortnikov MDB-nin cənub sərhədləri yaxınlığında silahlıların tə­lim düşərgələrinin yarandığını bildirir və bunu “anqlo-saksların Mərkəzi Asiyada hansısa şəkildə yer almaq və regiona tə­sir cəhdlərinin nəticəsi” hesab edir. O, re­gional münaqişələrin kənardan alovlan­dırılması tendensiyasından danışarkən, beynəlxalq terrorçu strukturların qidalan­maları naminə əlverişli şəraitin yaradıldı­ğını da vurğulayır. 

Bəli, əvvəldə də qeyd etdik ki, cənab Bortnikovun fikirləri adi sayıla bilməz. Bildirdiklərimiz fonunda belə qənaətə gəlmək mümkündür ki, Qərb dünyasında “rəngli inqilab” deyimi aktullığını yalnız keçmişin mübarizə nostalgiyası qismin­də saxlayır. Əslində isə “rəngli inqilablar” heç də vaxtilə Gürcüstanı və Ukraynanı silkələyən tərzdə nəzərdə tutulmur. Onu da düşünmək olar ki, keçmişin təcrü­bəsinin ən son sınaq meydanı 2018-ci ildə Ermənistan oldu və müxalif Nikol Paşinyan hakimiyyətə yiyələndi. Ancaq ölkədə yaşanan hazırkı proseslər fonun­da Nikolu hakimiyyətə gətirən inqilabın gerçək iqtisadi bazasının mövcudsuzlu­ğu görünür. Diqqət yetirək, inqilab etmiş Ermənistanın inkişafında əsas rolu MDB müstəvisindəki gəlirləri oynayır. Bunun nəyi oldu inqilab? Yalnız ona görə ki, baş nazir kreslosunda Qərbpərəst Paşinyan­mı oturub? Sabah Rusiya gəlirlərə “stop” qoysa, Nikolun oturduğu yer ona dar ol­mayacaqmı? Əlbəttə olacaq...

Deməli, MDB platformasında, ilk növ­bədə, iqtisadi, yəni Rusiyadan tam kənar, Kremlin təcridinə yönələn sistem forma­laşdırılmalıdır. Ayının min oyunu isə bir armudun başındadır. Yəni, məqsəd Ru­siyanı çökdürməkdir. Bir daha bildirək ki, Bortnikov böyük ölçüdə məhz buna görə “həyəcan təbili” çalır. Ancaq bu həyəcan barədə MDB-yə üzv dövlətlərin düşün­mələri şərtdir. Çünki hazırkı iqtisadi mü­nasibətlər düzənini aradan qaldırmaq ağrılı proses təsiri bağışlayır. Ümumən isə istənilən inqilab ağrılarla, təlatümlərlə müşayiət olunur. Qərb dünyası məhz bu səbəbdən onu özü üçün qətiyyən yaxına qoymur. Özünə arzu etmədiyini başqala­rına sırımaq isə həmin Qərb siyasətinin mahiyyətindən irəli gələn ikiüzlü yanaş­ma və riyakarlıqdan başqa şey deyil. 

R.ƏVƏZ
XQ



Siyasət