Samvel Babayanın Avropa İttifaqı qarşısında tələbi

post-img

“Rusiyanın getməsini istəyirsinizsə, Ermənistanın borclarını ləğv edin”

Kim danışsa da, gərək o danışmaya. Çünki təmsil etdiyi “dövlət” Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyəcəyini görəndə “özü özünü buraxaraq” dabanına tüpürüb qaçıb. Rəhbəri olduğu “ordu” isə bütün silah-sursatı dislokasiya yerində qoyaraq, “elliklə fərarilik” edib. Ona görə də bu adam dilini sakit saxlamalıdır. Amma, hələ də utanmır və gah Rusiyaya badalaq gəlməkdən danışır, gah Azərbaycanı üstələməkdən, gah da Avropa İttifaqı qarşısında şərtlər qoyur. Bu qədər həyasız olandan sonra danışmağa nə var ki? 

Söhbət gorbagor edilərək tarixin zi­billiyinə atılmış uydurma “dqr”-in keçmiş komandanı Samvel Babayandan gedir. Onun “А1+” telekanalına müsahibəsinin mətnini “yüksək qiymətləndirən” erməni jurnalist Naira Badalyan bu düşüncəsiz və köntöy adamın fikirlərini “Arminfo.am” saytına olduğu kimi verib ki, hamı bu sabiq “nazirin” təfəkkür səviyyəsi ilə tanış olsun. 

Mayın 21-də adıçəkilən saytda ve­rilmiş “Moskva bu gün Ankara ilə ikinci cəbhəni açmaq gücündə olmadığına görə Qafqazdan getməyə hazırdır” adlı yazıda oxuyuruq: “Onlar (Rusiyanı nəzərdə tutur –N.B.) 2012– 2013-cü il­lərdən başlayaraq 2-3 dəfə yazmırdılar ki, saxlamaq (yəni qorumaq–N.B.) istə­mirlər (yəni, Ermənistanın sərhədlərini –N.B.), əgər ermənilər istəyirlərsə, qoy götürsünlər və qorusunlar (Ermənistan – Türkiyə və Ermənistan – İran sərhəd­lərini – N.B.). Mən bu barədə dəfələrlə bəyanat vermişdim. Bizim bu imkanları­mız yoxdur. Çünki həm maliyyə, həm də şəxsi heyət resurslarımız azdır, peşə­karlar saxlamaq lazımdır, onlar isə yük­sək əməkhaqqı tələb edirlər”. 

“Hətta bu gün ruslar xahiş edirlər ki, siz saxlayın (yəni sərhədləri qoruyun – N.B.) və çoxdan belədir. Əgər Ermənis­tan hakimiyyəti bunu səsləndirmirsə ... (üç nöqtə N.Badalyanındır – İ.M.). Bizim bu sahəyə məsul olan təhlükəsizlik xid­mətimiz hələ 2012-ci ildən bu məzmunlu məktublar alır. Bununla belə rus sərhə­dçiləri “Zvartnots” aeroportunu Ermənis­tanın XAHİŞİ ( fərqləndirmə elementi bi­zimdir – İ.M.) ilə tərk ediblər, Ermənistan – Azərbaycan sərhədlərini isə Bakının TƏLƏBİ ilə”. 

Samvel Babayanın fikrincə, ermə­nilərin “Artsax”dan çıxmasından son­ra həm Rusiya sərhədçiləri, həm də sülhməramlılar “Artsax”dan və Ermə­nistandan çıxmalı idilər. Ancaq onlar (sülhməramlılar –N.B.) daha bir neçə ay “Artsax”da qalaraq sonrakı proseslərdə azərbaycanlılarla birlikdə iştirak etdilər.

“Ermənistan ərazisindəki 102-ci Rusiya hərbi bazasına gəlincə, həmin baza 1995-ci il martın 16-da Rusiya Fe­derasiyası ilə Ermənistan Respublikası arasında imzalanmış müqavilə əsasın­da burada yerləşdirilmişdir və 2010-cu il 10 avqust tarixli razılaşma ilə onların mövcudluğu müddəti 2044-cü ilədək uzadılmışdır. Ona görə də baza məsələ­sinin rusların Ermənistandan getməsi prosesinə dəxli yoxdur (?! – İ.M.). On­lar ( Rusiya Federasiyası – N.B.) deyir­lər – əgər istəyirsinizsə, biz tələsmədən gedə bilərik. Moskva regiondakı təsirini itirməkdən qorxmur”. 

Babayanın fikrincə, Moskvanın Gür­cüstan və Azərbaycan üzərində təsirini itirməsindən sonra Kremlin Ermənistana təsir etməsi o qədər də asan olmayacaq: “Qarabağ müharibəsi bunun sübutudur. Rusiya bu gün həmin ərazilərə görə Tür­kiyə ilə ikinci cəbhə açmağa hazır deyil. O Türkiyə ilə ki, bu gün Qafqaza və Mərkəzi Asiyaya tam nəzarət edir”. 

Ermənistandakı Avropaya meyilli qüvvələrə üzünü tutan Samvel Baba­yan o məsələdə də gücü çatmayacaq daşı qaldırmağa cəhd edir: “ Qoy onlar (Avropa İttifaqı – N.B.) Ermənistanın 12 milyardlıq dövlət borcunu ( həmin məb­ləğin dollar, avro, yaxud dramla olduğu­nu deməyi unudur – İ.M.) da, Ermənis­tanın ödəməli olduğu 800 milyon dollar faiz borcunu da ləğv etsinlər. O zaman Ermənistanın sərhəd qoşunları respub­likanın hüdudlarını bütün perimetrlər boyu qoruya bilərlər”. Çox maraqlıdır, “hökumət üzvü” olmuş bir adam anlamır ki, Avropa İttifaqı onun tələbi ilə hansı­sa məbləği mənasız bir dövlətə bağış­lamaz. 

Nəhayət, bizim əlavəmiz. Bu gün Ermənistanda davam edən xaotik pro­seslərdən bezmiş, son dörd ildəki rüs­vayçılıqlardan yorulmuş bəzi aydın düşüncəli adamların, astadan olsa da, səsi eşidilir: “Biz ölkəmizdən uzaqdakı “dostların” vədlərini bir kənara qoyaraq, Azərbaycan və Türkiyə ilə münasibət­ləri normallaşdırmalıyıq. Əks– təqdirdə erməni insanının həyatında problemlər çox olacaq”. 

Hətta ziyalılardan biri deyib ki, biz Ermənistana da “Artsax”ın taleyini ya­şatmamaq üçün vəziyyəti açıq başla qiymətləndirməyi bacarmalıyıq.

Haqlı mövqedir. Ancaq biz bunu heç kəsə deyə bilmərik. Çünki dövlət baş­çımızın qənaəti olduqca aydındır: “Biz heç bir ölkənin daxili işlərinə qarışmaya­cağıq və kiminsə bizim daxili işlərimizə qarışmasına imkan verməyəcəyik”. 

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Siyasət