Aprelin 19-da Qazax rayonunun 4 kəndinin ölkəmizə qaytarılması ilə bağlı Ermənistan hökuməti ilə əldə edilən razılaşma ölkədəki revanşist kəsimin hərəkətə keçməsinə səbəb olub. Onlar elə razılaşmanın ertəsi günündən – aprelin 20-dən başlayaraq, sərhədyanı Tavuş vilayətində lokal etiraz aksiyalarına başlayıblar. Məlum olduğu kimi, aksiyalara rəhbərliyi kilsənin vilayət üzrə yeparxiyasının rəhbəri Baqrat Qalstanyan öz üzərinə götürüb.
Onun başçılığı altında bir qrup şəxs tərəfindən “Vətən naminə Tavuş” adlı vətəndaş hərəkatı başlanıb. Onlar mayın 4-də Tavuş vilayətinin Azərbaycanla həmsərhəd Kirants kəndindən İrəvana yürüş ediblər. Yürüş iştirakçıları mayın 9-da paytaxta çatıblar. Günün sonuna yaxın onlar İrəvanın mərkəzindəki Respublika meydanında mitinq keçiriblər. Mitinqdə çıxış edən B.Qalstanyan Nikol Paşinyana istefa verməsi üçün bir saat vaxt verdiklərini bildirib.
Baqratın ardınca mitinqdə özünü “Qarabağ hərəkatının pioneri” adlandıran (Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi ilə bağlı 1988-ci ildən başlanan separatizm hərəkatı–S.H.) İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin sabiq dekanı, 87 yaşlı professor Qurgen Melikyan çıxış edib.
Onun çıxışı başdan-ayağa separatçılığın təbliğindən, erməni və Azərbaycan xalqları arasında nifrəti qızışdırmaqdan ibarət olub. Melikyan deyib: “Üçqat bayramımızı yenidən geri qaytaracağıq. Sizi inandırıram, o gün yaxındır”. Qeyd edək ki, Ermənistanda və Qarabağda 1992-ci ildən 2020-ci ilədək “üçqat bayram” deyilən bir ifadə mövcud olub. Əslində, ifadə indi də var. Sadəcə, olaraq üç bayramdan ikisi, necə deyərlər, “gorbagor olub”. Haylar “üçqat bayram” deyərkən faşizm üzərində qələbə gününü, 1992-ci il mayın 8-də Şuşanın işğal olunmasını və elə həmin tarixdə qondarma “dqr”in işğalçı ordusunun yaranmasını nəzərdə tuturlar. 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən sonra bu bayramlardan ikisi “erməni təqvimindən” silinib.
Melikyan onu da bildirib ki, əsrlər boyu – dövlətçiliyin yoxluğu zamanında erməni xalqına kilsə dayaq olub və dini mərkəz bu gün bir daha öz missiyasını üzərinə götürüb. “İmanımız, mənəviyyatımız, ləyaqətimiz əlimizdən alınıb. Biz erməni qüvvələrini dəstəkləməyə borcluyuq. Ölkənin sərhədlərindən Ermənistan paytaxtına həqiqət gəldi və bütün erməniləri ayıltdı. Biz sabaha inanırıq. Nəhayət ki, Ermənistanın həyatında ləyaqət, həqiqət, qələbə və əsl sülh dövrü gəlsin”.
Mitinqin keçirildiyi zaman meydanda insident yaşanıb. Belə ki, “KAMAZ” markalı yük maşını meydana daxil olub. Yük maşının hərəkəti polislər tərəfindən dayandırılıb və sürücü polis idarəsinə aparılıb. Aparlmış yoxlamalar nəticəsində onun sərxoşluğu məlum olub.
Daha sonra mitinqdə digər şəxslər çıxış ediblər. Bu zaman Paşinyana verilən bir saat başa çatıb və Nikol istefa verməyib. Belə olan təqdirdə, mitinqçilər baş nazirə daha bir saat vaxt verdiklərini bildiriblər. Paşinyan əlavə vaxtın tamamında da onların xəbərdarlığına məhəl qoymadığını nümayiş etdirib. Belə olan təqdirdə arxiyepiskop Paşinyanı istefaya məcbur edəcəklərini deyib. O, mayın 10-dan bütün ölkə üzrə vətəndaş itaətsizliyi aksiyasına başlayacaqlarını, universitetlərdə, müəssisələrdə tətilə çağırış edəcəklərini bildirib. Həmçinin, parlamentdə baş nazirin vəzifədən uzaqlaşdırılması üçün impiçment proseduruna başlanılacağını açıqlayıb. Bundan sonra iştirakçılar dağılışmağa başlayıblar.
Baqrat özü isə “Hayastan” seçki blokunun rəhbəri, keçmiş prezident Robert Koçaryanla görüşmək üçün paytaxtdakı hotellərdən birinə yollanıb. Görüşün nə ilə yekunlaşdığı barədə məlumatlar mediaya açıqlanmayıb.
İtaətsizlik aksiyaları dünən, Ermənistanın, demək olar ki, bütün ərazisini əhatə edib. Etirazçı kütlə qrup halında universitetləri gəzib-dolaşır, hətta dərs gedən auditoriyalara daxil olaraq, tədris prosesinə mane olurlar. Bölgələrdə isə mühüm nəqliyyat yollarında hərəkət dayandırılıb. Etirazçılar, hətta, Ermənistan–İran dövlətlərarası avtomobil yolunu da bağlayıblar.
Diqqəti cəlb edən məqamlardan biri də N.Paşinyandan narazı olan bütün siyasi qüv-vələrin, keçmiş nazirlərin, ictimai-siyasi xadimlərin, ordudan uzaqlaşdırılmış yüksək rütbəli zabitlərin B.Qalstanyanın başlatdığı hərəkatda cəmləşməsidir. 1998-2008-ci illərdə xarici işlər naziri olmuş Vardan Oskanyanın və bu vəzifəni 2020-ci ilin dekabrından 2021-ci ilin mayınadək tutmuş Ara Ayvazyanın mitinqə qatılması da bunun göstəricisi hesab oluna bilər.
Prosesdə xüsusi canfəşanlıq edən, yenidən nazir olmaq həvəsi ilə alışıb-yanan Oskanyan “Facebook”da yerləşdirdiyi videomaterialda deyib ki, Paşinyanın istefasını tələb edən hərəkatın baş nazirliyə namizədi B.Qalstanyan olmalıdır: “Düşünürəm ki, Qalstanyan düzgün yoldadır. O, dünən bəyan etdi ki, Paşinyana etimadsızlıq göstərilməsi prosesinə başlanması üçün parlamentdəki siyasi qüvvələrlə məsləhətləşmələr keçirəcək. Əlbəttə, konstitusiya, bu siyasi qüvvələrin də baş nazirliyə öz namizədlərini təqdim etmələrinə imkan verir. Hazırkı vəziyyətdə, hökumət başçısı postuna arxiyepiskop Baqrat Qalstanyan özü namizəd olmalıdır”. O qeyd edib ki, detallar barədə məlumatlı deyil. Lakin düşünür ki, belə də olacaq. Çünki Baqratın başçılıq edəcəyi hökumət müvəqqəti, ola bilsin ki, bir il müddətinə mövcud olacaq. Sonra isə parlament seçkiləri keçiriləcək və onun nəticəsinə əsasən, ölkənin yeni baş naziri məlum olacaq: “Bu müddət ərzində bir sıra problemlər həll ediləcək, erməni xalqı belini dikəldəcək. Bundan sonra ədalətli seçkilər keçirmək olar. Bu keçid dövrü üçün ən uyğun namizəd bütün bu prosesi başladan, öz sədaqətini əməldə nümayiş etdirən və hədəflərinə nail olmaqda tam qətiyyətli olan şəxs olmalıdır.
Onu da bildirək ki, dünən İrəvan prospektlərinin birində etirazçılara ölkənin III ordu korpusunun sabiq komandiri, istefada olan general-mayor Qriqori Xaçaturov da qoşulub. KTMT-nin sabiq baş katibi Yuri Xaçaturovun oğlu olan, yol verdiyi kobud səhvlərə görə, hərbi sistemdən uzaqlaşdırılan Qriqori bununla şəxsi ədavətini nümayiş etdirmiş olub.
Ermənistandakı aksiyalarla bağlı fikirlərini öyrəndiyimiz Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov bildirdi ki, hazırda tarixi Azərbaycan qayıdış prosesindədir. Min illər boyu əcdadlarımızın yaşadıqları Azərbaycan torpaqları addım-addım, qarış-qarış qaytarılır. Növbəti qaytarılan torpaqlarımız Qazax rayonunun işğal altındakı kəndləri olub. Ancaq hayların “böyük Ermənistan” xülyası ilə yaşayan xəstə təfəkkürlüləri buna qarşı çıxırlar: “Onlar mayın 9-dan başlayaraq, Paşinyanı istefaya çağırırlar. 20 min dramı camaata paylayıb meydana toplayan Robert Koçaryan odla oynayır. Qazaxın kəndləri də, Zəngəzur da vaxtı yetişəndə sahibinə qaytarılacaq. Necə ki, Qarabağın və Şərqi Zəngəzurun işğal olunmuş əraziləri vaxtı çatanda ana Vətənə qovuşdu. Koçaryan və onun kimi düşünənlər hakimiyyətə gəlsələr, proses bir qədər də tezləşəcək”.
Mitinqə gəldikdə isə Z.Məmmədov qeyd etdi ki, hakimiyyətin səhvi insanların meydana toplaşmasına imkan verməsində idi: “İstisna etmirəm ki, Paşinyan komandası daxilində müəyyən qüvvələr baş nazirə bilərəkdən və ya bilməyərəkdən hadisələr haqqında yanlış məlumat ötürüblər. O isə qərar verərkən vacib nüansları nəzərə almayıb”.
Politoloq bildirdi ki, bütün ermənilərin katolikosu II Qaregin və kilsə bu hadisələrə fürsət kimi baxır: “Onlar bilirdilər ki, Nikol yaxın aylarda kilsənin konstitusiyada təsbit olunmuş statusunu aradan qaldırmağa və katolikosu tutduğu postdan uzaqlaşdırmağa başlayacaq. Buna görə də kilsə Koçaryanla birləşib. Birləşmiş qüvvənin böyük maliyə resursundan istifadə edərək insanları vətəndaş itaətsizliyinə səsləyən keşişlər xarici qüvvələrin də dəstəyindən yararlanırlar. Kilsəyə xaricdəki erməni diasporunun da dəstək verdiyi istisna edilmir. Eyni zamanda, baş verənlər Ermənistan hakimiyyəti üçün yeni imkanlar yaradır. Baş verən etirazlar həm siyasi elita daxilində müxalifətə loyal münasibət bəsləyən insanları, həm də onlara daxildən və xaricdən maliyyə dəstəyi verən mənbələri deşifrə etmək üçün unikal imkanlar yaradır”.
Mayın 9-da keçirilən mitinqin hansı mənbələrdən maliyyələşməsindən asılı olmayaraq, onun N.Paşinyana qarşı son illərdə keçirilən ən kütləvi etiraz aksiyası olduğunu qeyd etmək lazımdır. Rusiyanın “RİA-Novosti” agentliyi iştirakçıların sayının 18-20 min nəfər olduğunu bildirir. Qalstanyan isə Respublika meydanına toplaşanlarının sayının 120-130 min nəfər olduğunu iddia edir. Keşiş onu da deyib ki, təzyiq və məcburetmə olmalı, bunun nəticəsində hökumətlə danışıqlar başlamalı, konsensus əldə edilməli, beləliklə, proses yekunlaşmalıdır.
Onu da bildirək ki, Ermənistan baş nazirinin impiçment proseduruna başlamaq üçün siyasi qüvvə baş nazirliyə öz namizədini təqdim etməli və müvafiq formanı aldıqdan sonrakı 24 saat ərzində 36 deputatın imzasını toplamalıdır. Hazırda müxalifətçi “Hayastan” və “Şərəfim var” fraksiyalarının birlikdə cəmi 35 deputatı var. Onlar ya yeganə bitərəf deputat İşxan Zakaryanın, ya da hakim qüvvədən bir deputatın dəstəyini almalıdırlar. Məsələ Zakaryanla müzakirə olunmayıb, hakim fraksiyada isə mərkəzdənqaçma əhval-ruhiyyəsi hələ hiss olunmur. Lazımı sayda imzalar toplandıqdan sonra 48-72 saat ərzində səsverməyə başlamaq tələb olunur. İmpiçment üçün minimum 54 səs lazımdır, yəni müxalifət əlavə daha 18 deputatın dəstəyini almalıdır. Bu qədər sayda səs ala bilməyəcəyini görən etirazçılar məsələni “küçədən təzyiq” yolu ilə həll edəcəklərinə inanırlar. Onların qarşıdakı günlərdə etiraz aksiyalarını genişləndirmək istəyi də bununla bağlıdır.
Səxavət HƏMİD
XQ