İrəvan piramidasında legitimlik düsturu

post-img

Ermənistan baş naziri, deyəsən, qonşu ilə normal münasibətlərin kənar dəstəkdən üstün olduğunu anlayıb

İrəvan özünün dondurduğu “sülh buzlağı”nın əriməsini üç il yarım ləngitsə də, sonda prosesə “isti nəfəs” vermək iqtidarında ol­duğunu nümayiş etdirir. Doğrudur, Ermənistan baş naziri üçün bu proses heç də başağrısız və prob­lemsiz getmir. Bu, gözlənilən idi. Görünən odur ki, Cənubi Qafqazda geosiyasi, hərbi və iqtisadi kartla­rın hamısının masa üzərinə düzül­düyü indiki mərhələdə İrəvan Bakı ilə razılığa gəlməyin alternativsiz olduğunu tam dərk edir. İndi qalır onun son otuz ildə, ələlxüsus da, son üç ildə özünün ayağına tax­dığı “buxovlardan” tezliklə xilas olması. Paşinyan üçün isə bu çə­tin vəzifənin öhdəsindən gəlməsi, qonşuları ilə normal münasibətləri bərpa etməsi hakimiyyətə gəli­şinin altıncı ildönümünə ən yad­daqalan hədiyyəsi sayılar. 

“Delimitasiya prosesini tez bitirməliyik”

“Ermənistanla Azərbaycan arasın­da sərhədin delimitasiyası üçün bütün zəruri sənədlər mövcuddur. O sənədlər Ermənistan hökumətinin sərəncamın­dadır və onların üzərində iş aparılır. Bu sənədlərin müəyyən məxfilik dərəcəsi var və onlarla işləmək üçün prosedurlar da mövcuddur. Hesab edirəm ki, bu pro­sedurlarla bağlı müəyyən anlaşılmazlıq­lar ola bilər”. Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan mayın 1-də İctimai televiziyaya müsahibəsində deyib. Can­lı efirdə teleaparıcı Petros Kazaryanın “Azərbaycanın dörd kəndi alandan sonra Ermənistana qarşı yeni tələblər irəli sür­məyəcəyinə hansı təminat var?”– sualını baş nazir belə cavablandırıb: “Təmina­tımız mövqelərimizin legitimliyidir. Başa düşürsünüz, bu, çox vacib məsələdir. Əldə etdiyimiz razılaşmalara əsaslanan mövqelərimizin legitimliyidir. Çünki bizim burada mövqelərimiz legitimdir”. 

Maraqlıdır ki, bu cavabından sonra Paşinyan media ilə təmaslarında son vaxtlar istifadə etdiyi Ermənistan xəritəsi­nin maketini yenidən tamaşaçılara nüma­yiş etdirib. Bundan sonra çıxışına davam edən baş nazir “mövqelərin legitimliyi” dedikdə nəyi nəzərdə tutduğunu izah et­məyə çalışıb: “Azərbaycanın timsalında, hamımıza məlum olan şərtlər daxilində, delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır”. Ardınca Paşinyan özünə ritorik sual ünvanlayır: “Niyə? Çünki delimitasiya aparılmadığı təqdirdə, bu, münaqişənin bitməsinə müəyyən mənfi təsirləri ola bilər. Buna görə də vəziyyəti mümkün qədər idarəolunan vəziyyətdə saxlamaq üçün sülh danışıqlarında mü­bahisə üçün ən böyük potensiala malik yerlərdən başlayırıq”. 

Bu zaman başçılıq etdiyi hökumətin delimitasiya prosesində vəzifəsinin təkcə sərhədin ayrı-ayrı hissəsinin deyil, bü­tövlükdə, bütün Ermənistan–Azərbaycan sərhədinin bərpası üçün qanuni əsasla­rın formulunu təqdim etməkdən ibarət olduğunu hay seyrçilərin nəzərinə çat­dıran Paşinyanın sözlərinə görə, prob­lemə yanaşmanın formalaşması, sərhə­din bərpası və ya delimitasiya prosesi həmişə uzun sürən iş olub: “Bu gün biz sərhədin təkrar istehsalı üçün lazımi pa­keti formalaşdırırıq və bu paket Alma-Ata Bəyannaməsinə əsaslanır. Delimitasiya komissiyaları bir neçə mühüm məsələdə razılığa gəliblər. Əsas odur ki, Alma-Ata Bəyannaməsi hər iki tərəfdən delimita­siya prosesinin təməl prinsipi kimi qəbul edilib. İndi komissiyalar konkret işlərə başlayıblar. Xatırladım ki, Ermənistan və Gürcüstan arasında delimitasiya 20 ildən artıqdır davam edir. Amma bizdə ümumi anlayış var ki, bu prosesi sürətləndirmək lazımdır”.

“Əsas silahımız qanun olmalıdır”

Televiziyaya müsahibəsində yenidən legitimlik məsələsinə qayıdan Ermənis­tan baş naziri erməni cəmiyyətinin lüm­pen tamaşaçı kütləsinə hesablanmış po­pulistikadan, manipulyativ jestlərdən vaz keçməyib: “Əgər Azərbaycan və Türkiyə bizi məhv etmək istəyirsə, o zaman biz bu istəyi cilovlamağı bacarmalıyıq. Biz başa düşməliyik ki, bu istəyi dəyişdirə bilərik, ya yox. Yoxsa biz də postumuzu qoyub məzuniyyətə getməli və ya Baden-Ba­dendə təhsil almalıyıq? Bizi məhv etmək istəyini necə idarə edə bilərik? Qanunla. Biz beynəlxalq münasibətlərimizi legitim­lik əsasında qurmalıyıq. Bu mənada qa­nunilik ən yaxşı zamindir, qonşularla mü­nasibətlərin normallaşması isə istənilən kənar təminatdan daha üstündür. Əgər forpost kimi zaminimiz varsa o zaman niyə ərazilərimizin işğal altında olduğu­nu deyirik? Şəxsən zəmanət verirəm ki, legitimlik pis təminatdan daha yaxşı qo­ruyucudur. Mən deyərdim ki, qonşularla münasibətlərin nizamlanmasının legi­timliyi düsturu hətta kənar zəmanətdən qat-qat yaxşı zamindir. Qanuniliyinizi başqasının, kənardakının yaxşı zəmanəti ilə dəyişmək istəyirsinizsə, o zaman su­verenliyinizdən və müstəqilliyinizdən im­tina edirsiniz. Seçim məhz buradadır. Biz seçirik: həssas beynəlxalq hüquq, yoxsa toxunulmaz beynəlxalq hüquq?”. 

Bugünədək bu barədə ictimaiyyətlə açıq danışmaq imkanının olmadığını eti­raf edən Paşinyan hərçənd bunu işgüzar formatda dilə gətirdiyini, bəzi epizodların dərc olunduğunu da diqqətə çatdırıb: “Amma onu da bilməliyik ki, 2021–2022-ci il hadisələri beynəlxalq ictimaiyyətə bir çox hallarda 4 kəndin problemi konteks­tində təqdim olunub. Başqa sözlə, bu problemin qanuni sərhədlərindən kənar­da hərəkət edənin Ermənistan olduğunu göstərmək cəhdi bəzi hallarda uğurlu alındı. Nəhayət, strategiyamızı, təhlükə­sizlik və geosiyasi vəziyyəti, məqsəd­lərimizi, gündəliyimizi təhlil edərək belə nəticəyə gəldik ki, Ermənistanın dağılan qlobal təhlükəsizlik mühitində hansı amil özünə arxalanmağa əsas verir. Yəni, hansı amil mahiyyət etibarilə yeni təh­lükəsizlik sistemini yaratmağa imkan ver­məlidir? Biz bu amilin legitimlik olduğu qənaətinə gəldik”

“Yardım olmadan yaşamalıyıq”

Paşinyanın legitimlik deyəndə bey­nəlxalq hüququ, ölkələrin tanınmış sər­hədlərini və postmüharibə dövrünün reallıqlarını nəzərdə tutduğu məlumdur. Onun daşnak, revanşist, sabiqlər, eləcə də “beşinci kolon” qarışıq daxili auditori­yaya ünvanladığı “hüquqi maarifləndirmə tezisləri”nin hansı əks-sədanı doğura­cağını tezliklə eşidəcəyik. Tavuşla bağlı bütün ölkə üzrə kütləviləşmə təhlükəsi yaranmış etirazlara, bir növ, cavab kimi, İctimai televiziyada təşkil olunmuş mü­sahibənin ən maraqlı hissəsi isə Nikol Paşinyanın çılpaq həqiqəti söyləməsi və bunu etiraf etməsi oldu: “Bu gün regio­numuzda kənar yardım və sponsorluq ol­madan yaşamaq düsturunu son nəticədə qəbul etməyimiz ölkəmizin maraqlarına uyğundur”.

Açıq söyləmək lazımdır ki, bu, bəlkə də, Paşinyanın dilindən səslənən ən cə­sarətli etirafı idi. Buna sadəcə etiraf deyil, həm də Avropada və okeanın o tayında­kı yalançı ermənipərəstlərə göndərilən ismarıc deyə bilərik. Daha sonra yaxın günlərdə Tavuşda baş verəcəklərdən danışan baş nazir qeyd edib ki, oradakı kəndlərin sakinlərinin maraq və qayğıla­rı hökumətin diqqət mərkəzindədir: “Biz onların hər birinin hüquqlarını, ləyaqətini və təhlükəsizliyini qorumaqdan ötrü əli­mizdən gələn hər şeyi edəcəyik. Biz su­veren ərazimizin bir millimetrini belə verə bilmərik, amma sərhədi mütləq bərpa et­məliyik. Deyəndə ki, sərhədi bərpa etmə­liyik, yəni, dünyada, beynəlxalq praktika­da formalaşmış prinsiplərə əsaslanaraq yerdə müəyyən işlər etməliyik, bu, başqa məsələdir”. 

Danışıqlar Bakı sənədləri ilə aparılır

Rəsmi İrəvanın sülhə yönəlik addım­larını, jestlərini Bakı görür və dəyərləndi­rir. Azərbaycan Prezidenti İlham Əliyev bu pozitiv prosesi Ermənistanla sülh danışıqlarında müsbət tendensiya oldu­ğunu qeyd edir. “Azərbaycan sülhə nail olmaq üçün fəal işləyir. Danışıqlar Azər­baycanın hazırladığı sənəd əsasında aparılır. İndi biz sülh prosesində müsbət tendensiya görürük. Sərhədlərin delimi­tasiyası başlanıb. Nəinki delimitasiya, həm də sərhədin demarkasiyası aparı­lır”. Bu sözləri İlham Əliyev Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında deyib.

Dövlətimizin başçısı xüsusi olaraq qeyd edib ki, sərhədin delimitasiyası və demarkasiyası iki ölkə arasında əldə edilən razılaşmalar əsasında, heç bir vasitəçi olmadan həyata keçirilir: “Bu, bir daha nümayiş etdirir ki, bizim vasitə­çilərə, ələlxüsus da, öz maraqlarını əsas götürənlərə ehtiyacımız yoxdur. Onlar kömək etmək istəmirlər, siyasi və iqtisadi maraqları naminə bölgəyə nüfuz etmək istəyirlər. Amma biz Cənubi Qafqazda bunun baş verməsinə imkan vermirik”. 

Ermənistan və Azərbaycan xarici işlər nazırlərinin gözlənilən Astana görüşü bir­başa dialoqun hər iki tərəf üçün məqbul formata çevrildiyinin, sülh sazişinə məhz bu yolla gedib çatmağın rəmzi sayılma­lıdır. Sülh danışıqlarının Qazaxıstan platforması ideyası Prezident Kasım-Jo­mart Tokayev tərəfindən Ermənistan və Azərbaycana son səfərləri zamanı irəli sürülüb, buna Brüsseldən və Vaşinq­tondan təqdiredici reaksiya verilib. “ABŞ Dövlət katibi Antoni Blinken İrəvanla Bakı arasındakı böhranın həllində şəxsən iş­tirak edir”. Bunu Birləşmiş Ştatların baş dipolmatiya idarəsinin rəsmi nümayən­dəsi Vedant Patel brifinqdə deyib. Onun sözlərinə görə, dövlət katibi problemlərin həllində şəxsən dərindən iştirak edir və o, fəaliyyəti dövründə hər iki ölkə rəhbərliyi ilə daim əlaqə saxlayır. 

Əgər dünənə qədər onu hərbi mü­naqişəyə sürükləməyə çalışan kənar ak­torlar belə bu gün sülhə dəvət edirlərsə, deməli, Paşinyan Bakının yaratdığı bu tarixi şansı dəyərləndirməyi bacarmalı­dır. Ondan tələb olunan ən “ağır iş” məhz budur. 

Fərid ŞƏFİYEV, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, politoloq

İki ölkə arasında sülhənailolma istiqamətində son vaxtlar İrəvan­dan səslənən mesajlar müsbətdir. Bu müsbət məqamı cənab Prezi­dent İlham Əliyev də çıxışında qeyd etdi. Hətta, bildirdi ki, bəlkə bu il, COP29-a qədər sülh sazişi imzala­na bilər. Sərhədin delimitasiyası ilə bağlı proses gedir. Təbii ki, daxildə Paşinyana qarşı etirazlar var, amma düşünürəm ki, onlar baş naziri kürsü­sündən tərpədə biləcək qədər yetərli deyil. Əgər Paşinyan, doğrudan da, siyasi iradə göstərərsə, bu məsələni məntiqi sonluğa çatdıra bilər. 

Artıq bu gün Qərbdə də bəzi güclər, mərkəzlər Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanmasını istəyirlər. Pro­sesin ümumən müsbət məcrada get­diyini söyləyə bilərik. Amma İrəvan tərəfinin keçmişdə dəfələrlə sərgilə­diyi və bizim üzləşdiyimiz bir proble­mi var. Bu da ondan ibarətdir ki, söz­də bir şey deyilir, fəqət növbə əməli cəhətdən real və konkret addımlara gələndə, bunun əksini görmüşük. Deyəsən, indi bu yanlış tendensiya da dəyişmək üzrədir. Yəni, görünən mənzərə odur ki, Ermənistan haki­miyyəti sülhə doğru praktiki addım­lar atmağa başlayıb. Əgər Paşinyan daxildən və xaricdən üzləşdiyi təz­yiqlərə davam gətirsə, problemləri həll edə bilsə sülh sazişinin imzalan­ması reallaşacaq. Hər halda, hazır­da onun Azərbaycanla münasibətləri normallaşdırmaq üçün siyasi iradə göstərməsini müşahidə edirik.

İmran BƏDİRXANLI
XQ



Siyasət