Andranik və Njdenin silahlı dəstələri soyqırımı cəlladları idilər
Azərbaycanın Qərb rayonlarının Naxçıvanla maneəsiz əlaqəsinin təmin olunması ilə bağlı 19 noyabr 2020-ci il üçtərəfli Bəyanatın imzalanmasından 4 ilə yaxın vaxt keçib. Ermənistan bu öhdəliyi yerinə yetirmək istəmir, bununla bağlı müxtəlif manipulyasiyalarını davam etdirir. “Zəngəzur dəhlizi” adlandırılan bu ərazinin vaxtilə Azərbaycanın ayrılmaz hissəsi olduğu unudulmamalıdır.
Ermənilərin indi Sünik dediyi Qərbi Zəngəzurun Ermənistana verilməsi Rusiyanın planı olmuşdur. 1920-ci ilin noyabrına qədər isə bu ərazi Azərbaycana aid idi. Azərbaycan türklərinin burada ən min ildir yaşadığı danılmaz həqiqətdir. Ermənistan sovetləşmədən öncə Bakıda 1920-ci il noyabrın 4-də Azərbaycan K(b)P MK Siyasi Bürosunun və RK(b)P Qafqaz bürosunun üzvlərinin keçirilən birgə iclasında (protokol №4, 2-ci bənd) bu məsələ müzakirə edilmişdi. Həmin iclasda belə Azərbaycana məxsus olan bir ərazini onun razılığı olmadan Rusiyanın müqavilə ilə Ermənistana verməsi düzgün hesab edilməmişdi. Bu zaman Ermənistan hələ sovetləşdirilməmişdi. 1918-ci il 4 iyun Batum anlaşması ilə Ermənistanın tanınan 9 min kvadratkilometrlik ərazisinə Zəngəzur torpaqlarının da daxil edilməsi bu iclasdan öncə heç vaxt gündəmdə olmamışdı . Ermənilərin həmin ilin yayında İstanbula göndərdikləri heyətə Ermənistanın bəzi ərazilər hesabına genişləndirilməsi tələbləri ilə çıxış etmələri tapşırılmışdı. Onların Osmanlı dövlət rəhbərləri ilə görüşlərində Qərbi Zəngəzurun Ermənistana verilməsi tələbləri birmənalı şəkildə rədd edilmişdi.
Birinci Ermənistan Respublikasının baş naziri və xarici işlər naziri Aleksandr Hatisyan “Ermənistan Respublikasının doğulması və inkişafı” adlı əsərində bununla bağlı indiyədək məlum olmayan bəzi mühüm məsələləri dilə gətirib. O yazırdı:
“Birinci iclasda Vehib Paşa şəxsən məndə olan tarixi xəritədə Ermənistanın sərhədlərini çəkdi. Bu xəritəni həm Trabzona, həm də daha sonra İstanbula, Gümrü və Avropaya özümüzlə aparırdıq. Vehib Paşa xəritəyə işarə edərək və Türkiyənin səylərini izah edərək dedi:
"Görürsünüzmü, tale Türkiyəni Qərbdən Şərqə sürükləyir. Biz Balkanları tərk etdik, Afrikanı da tərk edəcəyik, amma Şərqdə məskunlaşmaq lazımdır. Qanımız, dinimiz, dilimiz oradadır. Bunun da təbii cazibəsi var. Qardaşlarımız Bakıdadır, Dağıstanda, Türküstandadır, siz isə bizim yolumuzu kəsirsiniz...Qazax və Gəncəyə gedən yolumuzu kəsmək istəyirsiniz, bizim əsas arqumentimiz buradadır, biri Qars-Ahırkələkdir, o biri də Şərur-Naxçıvan-Zəngəzurla gedir.” Ermənilərə açıq şəkildə bildirilmişdi ki, Türkiyənin Şərqə açılan yoluna çıxması ağır nəticələr verə bilər. Həmin dövrdə Qərbi Zəngəzura erməni silahlıları ayaq qçmışdılar və Andranikin və Njdenin quldur dəstələri bu ərazini Azərbaycan türklərindən təmizləmək “tədbirlərinə” start vermişdilər. Qaregin Njdeyə Birinci Dünya müharibəsinin sonunda Daşnaksutyun partiyası tərəfindən müasir Ermənistanın ərazisində və sonra isə digər ərazilərdə yaşayan azərbaycanlılara qarşı gizli etnik təmizləmə həyata keçirmək həvalə olunmuşdu. O, bu sahədə xüsusi "nailiyyətlərini" qeydə almışdır. Zəngəzura gələndən sonra Njdenin başçılığıı altında həqiqətən Azərbaycan əhalisinə qarşı əsil soyqırımı həyata keçirilirdi. Erməni silahlılarının buraya gəlişindən sonra yüz minlərlə insan Zəngəzurdan qaçmağa məcbur edilərək yollarda həlak olmuşdu. Etiraf etdiyi yazışma və sənədlərdə Njde 32 tatar (Azərbaycan) kəndlərini məhv etməsi ilə öyünür.
Hələ 1918-ci il avqustun əvvəllərində yenə Andranik meydanda idi. O, öz başkəsənləri ilə qəflətən Zəngəzur və Qarabağ torpaqlarında görünmüş və dinc azərbayçanlı əhaliyə qanlı divan tutmağa başlamışdı. Bu münasibətlə Azərbaycan Demokratik Respublikası hökuməti özünün 1918-ci il 15 avqust tarixli 461 №-li rəsmi məktubu ilə Ermənistan hökumətinə müraciət edərək bu rüsvayçılıqlara son qoymağı və Andranikin quldur dəstəsini Azərbaycan ərazisindən geri çəkməyi tələb etmişdi. Ermənistan hökuməti həmin məktuba cavabında riyakarlıqla bildirmişdi ki,”...general Andranik, həm də onun dəstəsi artıq çoxdan erməni qoşunlarının tərkibindən və siyahısından çıxarılmışdır, bundan sonra onlar Ermənistan rəhbərliyinə, onun vəzifəli şəxslərinə tabe olmaqdan imtina etmişlər”.
O zamankı erməni höküməti Njdenin qətllərinə də guya onun Ermənistan Respublikasına tabe olmaması kimi bəhanələr gətirir və mövcud Ermənistan Respublikası ilə heç bir əlaqəsinin olmadığını bildirirdi. Njdenin dəstələri 1919-1920-ci illərdə Azərbaycan ordusu ilə döyüşlərdə iştrak edirdi. Ən gərgin döyüşlər 1920-ci ilin mart ayında qedir. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Njde Sovet ordusunun hərbi birləşmələri ilə də döyüşlər aparırdı.
1920-ci ildə Njde Zəngəzurda "Dağlıq Erməni Respublikası"nın yaradılmasını elan etmiş, Qarabağ və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin də kütləvi qətllərini təşkil etmişdir. Zəngəzurun müsəlman əhalisinə qarşı erməni vəhşilikləri əslində 1919-cu ilin dekabrından etibarən yenidən şiddətlənmişdi. Müsəlmanlar yaşayan Oxçu, Şabadan, Atqız, Pordavdan kəndlərinə qarşı geniş hərbi əməliyyatlar başlanmışdı. Özü də bu vaxt əməliyyatlarda artıq erməni Ararat Respublikasının rəsmi nizami ordusu da iştirak edirdi. Lakin Ararat Respublikası hökuməti riyakarcasına bu işlərlə heç bir əlaqəsinin olmadığını, bu zorakılıqların guya ancaq Andranikin, Njdenin dəstəsi və başqa erməni quldur dəstələri tərəfindən törədildiyini bildirirdi. ADR hökümətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdıldığı göstərilir. Həmin kəndlərdə 3257 kişi, 2776 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Şahidlərin ifadələri əsasında tərtib olunmuş məruzədə ermənilərin törətdikləri cinayətlər haqqında ətraflı məlumat verilmişdir. Vagudi kəndində erməni vandalları 400-dən yuxarı azərbaycanlı əhalinin sığınacaq tapdığı məscidə əvvəlcə əl qumbaraları atmış, sonra isə ona od vuraraq, adamlarla birlikdə yandırmışdılar.
Qaniçən quldurlar həmin kənddən qaçıb, canını qurtarmaq istəyən uşaq və qadınların başlarını qılınc və xəncərlərlə üzmüş, İmişli kəndini qətl-qarət edərkən südəmər uşaqları süngülərə taxaraq göyə qaldırmış, öldürülənlərin meyitlərini tikə-tikə doğramışlar. Meyitlər o qədər eybəcərləşdirilmişdi ki, onları tanımaq mümkün olmurdu. Quldur dəstələri bütün müdafiəsiz müsəlman kəndlərini talan etdikdən sonra hər yeri və hər şeyi oda qalayırdılar. Kəndlərdən hansısa biri müdafiə olunmağa cəhd göstərdikdə mühasirəyə alınır və yerlə-yeksan edilirdi.
Bu hadisələrin iştirakçısı olan erməni bolşevik A.Lalayan yazmışdı: "Türk qadınları və uşaqlarının, qocalar və yeniyetmələrin məhv edilməsində daşnak dəstələri... maksimum "şücaət" göstərdilər. Daşnak dəstələrinin ələ keçirdiyi kəndlər canlı insanlardan "azad olunur" və eybəcərləşdirilmiş meyitlərlə dolu xarabazara çevrilirdi". Erməni vəhşiliyinin miqyasını yalnız bu faktlar deyildir Şahidlərin dediyinə görə, bütün bu cinayətlər bilavasitə Andranikin və Njdenin başçılığı ilə həyata keçirilmişdir.
Zəngəzuru Azərbaycanın tərkibində sayan və bu ərazidə türklərin qarşısına çıxmayacağı öhdəliyini götürən Ermənistan bəhanə gətirirdi ki, guya bu silahlı qüvvələr Ermənistan hökümətinə tabe deyillər. Belə çıxırdı ki, Njde, Andranik və digər quldurbaşıların Ermənistanın milli qoşunları və dövlət orqanları ilə heç bir əlaqəsi yoxmuş və Ermənistan Respublikasının hökuməti onların məsuliyyətsiz hərəkətlərinə guya cavabdeh deyildir. Cinayətlər məhz bu qaniçənlərin adına yazılmalıdır. Elə isə nədən bu quldurlar Ermənistanda qəhrəman hesab olunur? Türk-müsəlman öldürdüklərinə görəmi? Kəndlərimizi xarabazara çevirdiklərinə görəmi? Qərbi Zəngəzurdan bütün azərbaycanlı əhalini qovub çıxardıqlarına görəmi?
(ardı var)
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri