Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində irəliləyişlərin qeydə alınması, o cümlədən, iki ölkənin delimitasiya və demarkasiya məsələsində müəyyən razılığa gəlməsi Hayastan daxilində baş nazir Nikol Paşinyana qarşı olan qüvvələrin də aktivləşməsinə səbəb olub. Ermənistanı 20 il ərzində çapıb-talayan Koçaryan-Sarkisyan cütlüyü tərəfdarlarından, Paşinyanın işdən çıxardığı keçmiş məmurlardan və digər müxalif qüvvələrdən ibarət olan bu dəstədə cəmləşənlər proseslərdən öz mənafeləri üçün istifadə etməyə çalışırlar. Onlar nəyin bahasına olursa-olsun ölkədə vəziyyəti gərginləşdirmək, xaos yaratmaq və nəticədə hakimiyyətə yiyələnmək istəyirlər.
Hayların, necə deyərlər, beyinlərinin yuyulmasında müstəsna rola malik olan, onları “dənizdən dənizə böyük Ermənistan” mifi ilə zəhərləyən, iki xalq arasında ədavəti hər zaman qızışdıran erməni apostol kilsəsi də xislətinə sadiq qalaraq, revanşistlərə dəstək verənlərin önündə qərar tutub. Kilsə ilə Ermənistan hakimiyyəti arasında münasibətlər, yumşaq desək, soyuqdur.
Aprelin 24-də qeyd edilən qondarma erməni soyqırımının ildönümü ilə bağlı bütün ermənilərin katolikosu II Qareginin müraciətində də bu soyuqluğun izlərini görmək mümkün idi. Müraciətdə erməni xalqının yeni ekzistensial (ekzistensializm – mövcudluq, varlıq deməkdir–S.H.) təhdidlərlə və ciddi təhlükəsizlik problemləri ilə üz-üzə olduğu bildirilirdi. Qeyd edilirdi ki, Ermənistanın sərhədyanı ərazilərində çətin vəziyyət yaranıb. Katolikos müraciətində “buna baxmayaraq, erməni xalqı öz qəhrəmanlıq keçmişi və mübarizə əzmi ilə güclüdür” – deməklə açıq-aşkar revanşist əməllərə haqq qazandırmışdı. O, Paşinyan iqtidarını nəzərdə tutaraq, erməni xalqını “milli mənafelərə zidd olan dağıdıcı təzahürləri aradan qaldırmağa, eləcə də mövcud çətin vəziyyətdən çıxış yolu tapmaq və qalibiyyətli gələcək yaratmaq üçün” birgə səylər göstərməyə çağırmışdı.
Kilsə sərhədyanı ərazilərdə əhalinin qızışdırılmasında da xüsusi rol oynayır. Aydın görünür ki, Tavuş vilayətindəki lokal, xaotik aksiyalar kilsənin iqamətgahından – Eçmiədzindən körüklənir. Aksiyaların əsas təşkilatçısı da kilsənin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri Baqrat Qalstanyandır. O, mitinqlərdə hakimiyyətin ünvanına kəskin tənqidlər səsləndirir, Nikol Paşinyanı “erməni xalqının bəlalarının baiskarı” adlandırır. Ancaq Paşinyanın tərəfdarları da tənqidlər qarşısında susub dayanmırlar. Onlar da öz növbələrində yeparxiya rəhbərini qarşıdurma yaratmaqda, ölkədə sabitliyi pozmaqda ittiham edirlər. Paşinyan özü isə bir neçə gün öncə parlamentdə çıxışı zamanı Qalstanyanı nəzərdə tutaraq deyib ki, hansısa keşiş “Voskepar”da (haylar Yuxarı Əskiparanı belə adlandırırlar–S.H.) şou düzənləyib.
Ermənistanda populyar olan “Baqramyan 26” teleqram kanalında yerləşdirilmiş “Kilsəni dağıtmaq və katolikos olmaq” sərlövhəli yazıda bildirilir ki, katolikos olmaq ambisiyalarına malik yepiskop Baqrat ölkədə qeyri-sabitlik toxumu səpmək cəhdlərini davam etdirir. Tez-tez görüşlər keçirməsi isə onun sakitləşmədiyini açıq şəkildə göstərir. Kilsə dairələrində narsist (özünə vurğun) kimi tanınan Baqrat yüksək rütbəli bir polis zabitinin ona “yerini göstərməsindən” və yolu bağlamaq kimi qanunsuz hərəkətlərə yol verməməsinə dair xəbərdarlıq alandan sonra özünü yığışdırmağa çalışır. Bildirilir ki, Tavuşun dörd kəndinin (?) sakinlərinin problemləri yepiskop üçün maraqlı deyil və o, “öz oyununu” oynayır: “Tavuş yeparxiyasının rəhbəri yaxın ətrafına bildirib ki, hərəkat uğursuzluğa düçar olsa belə, bu avantürada iştirak etməklə gələcək katolikos seçkilərində iştirak etmək üçün “bal” qazanacaq. Baqratın ambisiyaları çoxlarına məlumdur. O, 2018-ci ildə II Qareginlə bağlı aparılan nüfuzdan salma kampaniyasının “kölgə lideri” idi. Həmin kampaniya mövcud hakimiyyətin dəstəyinin olmaması və kilsə işlərinin kilsə daxilində həll edilməli olduğu mesajı səbəbindən uğursuz oldu. 2021-ci ildə isə Koçaryanın adamları Baqratı əmin etdilər ki, əgər o, qalib gəlməkdə onlara kömək etsə, katolikos olacaq. Ancaq bu da fayda vermədi. İndi isə o, xaos yaymaq üçün üçüncü cəhdini edir, amma bu dəfə Tavuşda. Kilsə ətrafında sosial şəbəkələrdə mövcud olan mənfi əhval-ruhiyyəni də nəzərə alaraq deməliyik ki, yepiskoplar arasında yaşanan bu qeyri-sağlam, dağıdıcı proses dayandırılmalı və Baqrat yeparxiyanın rəhbəri vəzifəsindən uzaqlaşdırılmalıdır. Əks-təqdirdə onun əməllərindən həm dövlətə, həm də kilsəyə ciddi ziyan dəyəcək”.
Yazıda qeyd olunur ki, katolikos II Qaregin vaxt itirmədən yepiskopla görüşməli, ya onun erməni xalqını məhv etməyə yönəlmiş destruktiv kursunu dayandırmalı, ya da taxtını könüllü olaraq Baqrata təhvil verməlidir. Hərçənd ki, yepiskoplar ikinci varianta qarşıdırlar. Bildirilir ki, Baqratın erməni apostol kilsəsinin Kanadadakı yeparxiyasını necə xaraba qoyması hər kəsin yadındadır. Belə ki, o, ayrılan külli miqdarda ianələri mənimsəmiş, onun ABŞ-də yaşayan qardaşı isə həmin pullarla taksi xidməti yaratmışdı. Qeyd edilir ki, bu səbəbdən fırıldaqçı Baqratın heç bir şansı yoxdur. Onun postundan uzaqlaşdırılması, sadəcə, zaman məsələsidir.
Bu arada hayların “Şirak” adlandırdığı Şörəyel vilayətindəki yeparxiyanın rəhbəri Mikael Acapaxyan Qazax rayonunun Xeyrımlı kəndinin yaxınlığında yerləşən Kirants kəndinə gəlib. O, “Nyus.am”ın müxbirinə müsahibəsində deyib ki, etiraz dalğasının bütün Ermənistana yayılaraq geniş vüsət alması üçün ilkin şərtlər var. “İtaətsizlik aksiyaları hər yerdə baş verməli, dalğa böyüməlidir. Nəticənin istədiyimiz kimi olacağına ümid var. İnsanlar qərarlıdır” – deyən yepiskop faktiki olaraq, əhalini hakimiyyət nümayəndələri ilə açıq qarşıdurmaya çağırıb.
Buna paralel olaraq, tarixin arxivinə gömülmüş qondarma “dqr”in keçmiş “dövlət naziri” Ruben Vardanyanla bağlı da Ermənistanda müəyyən proseslər cərəyan edir. Bir neçə gün öncə “CNN” telekanalında aparıcı Kristian Amanpurun suallarını cavablandıran separatçının böyük oğlu Davidə bu dəfə “France 24” telekanalı, necə deyərlər, qucaq açıb. Müsahibə zamanı Vardanyanın, guya, aprelin 5-dən 25-dək Bakıdakı istintaq təcridxanasında aclıq aksiyası keçirdiyi, yalnız ailəsinin xahişindən sonra aksiyanı dayandırmağa həvəssiz razılaşdığı bildirilib. Veriliş boyu Azərbaycanın ünvanına böhtanlar səsləndirən D.Vardanyan Avropa ölkələrindən dəstək istəyib. Deyib ki, Avropanın səsi çox önəmlidir və digərləri bu məsələdə Fransaya qoşulmalıdır. O, eyni zamanda, separatçı rejimin məhkəməsini gözləyən digər “qlavarları” ilə bağlı məsələni də gündəmə gətirib.
Göründüyü kimi, Ermənistan daxilində kilsə, revanşistlər Bakı–İrəvan münasibətlərinin normallaşmasına əngəl törədir, xaricdən isə erməni lobbisi saxlanılmış şəxslərlə bağlı ölkəmizə beynəlxalq təzyiq formalaşdırmağa çalışır. Bütün bunlara dair fikirlərini öyrəndiyimiz Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov bildirdi ki, Ermənistan tərəfi son zamanlar Azərbaycanla münasibətlərə dair pozitiv addımlar atmaqdadır. Onun sözlərinə görə, 4 kəndin könüllü şəkildə ölkəmizə təhvil verilməsinə razılaşma bunun göstəricisi hesab oluna bilər. Politoloq hesab edir ki, bütün bunlar özbaşına baş verməyib: “Ermənistan hakimiyyəti razılaşmaya getməyəcəyi təqdirdə onu nə gözlədiyini başa düşürdü. Paşinyan özü martın 18-də sərhəd bölgəsinə səfəri zamanı bildirmişdi ki, razılıq olmasa, hərbi əməliyyatlar başlaya bilər. Əgər İrəvan Bakı ilə sülh müqaviləsi imzalanmasını istəyirsə, təbii ki, qarşıya çıxan bütün çağırışları, o cümlədən delimitasiya məsələsini də həll etməlidir”.
Z.Məmmədov qeyd etdi ki, görünür, etiraza çıxanlar Azərbaycana onun öz kəndlərinin qaytarıldığını nəzərə almırlar: “Buna öz narazılıqlarını bildirənlər başa düşməlidirlər ki, onlar Ermənistan dövlətçiliyinin gələcəyinə zərbə vururlar, onu sual altına alırlar. Yəni, bu gün Ermənistanın ərazisi 29,7 min kvadratkilometrdirsə, revanşistlərin “səyləri” nəticəsində sabah həmin ərazinin nə qədər olacağı müzakirə mövzusuna çevrilə bilər. Odur ki, erməni cəmiyyəti də, diaspor və kilsə də ölkələri üçün faydalı işlərlə məşğul olsalar, daha yaxşıdır. Onlar vaxtilə başladıqları separatçı hərəkatın nə ilə yekunlaşdığını yaddan çıxarmamalıdırlar. Həmin keşişlər vaxtilə Azərbaycan ərazisinə necə daxil olduqlarını, bizdən torpaq istədiklərini də unutmamalıdırlar. Onların bu gün müqəddəs saydıqları və dini ayinlər yerinə yetirdikləri kilsələr, əslində, alban kilsəsinə məxsusdur”.
Politoloq bildirdi ki, bu iğtişaşlardan istifadə edənlərin məqsədləri məlumdur: “Onların siyasi məqsədi hakimiiyyətə gəlməkdir. Amma erməni cəmiyyəti onlara “yox!” deyir. Onlar da başa düşürlər ki, Azərbaycanla danışıqlarda üzərlərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirməlidirlər. Bunun məsuliyyətindən qaçmaq üçün hələlik Paşinyana qarşı real addımlar atmırlar. Lakin qeyd etməliyik ki, hazırda erməni cəmiyyəti müxalifəti dəstəkləmir. Cəmiyyət seçkidə yeni Ermənistanın qurulmasına səs verir. Paşinyanın konstitusiyaya dəyişikliklər, dövlət rəmzləri ilə bağlı dedikləri, dörd kəndlə bağlı bəyanatı fonunda İrəvanda və böyük şəhərlərdə sakitliyin hökm sürməsi də bunu deməyə əsas verir”.
Müsahibimiz onu da bildirdi ki, vaxtilə Qarabağda separatçılıqla məşğul olanlar indi öz əməllərinə görə cavab verməlidirlər. Onun sözlərinə görə, hazırda R.Vardanyanın pulu hesabına xarici piar şirkətləri, media qurumları onun təbliğatını aparır, “əzabkeş” obrazını yaradırlar. Bu, ölkəmizə qarşı aparılan informasiya savaşının tərkib hissəsidir. Görünür, Vardanyan düşünürdü ki, ona heç nə edə bilməyəcəklər. Hesab edirdi ki, var-dövləti, pulları onun imdadına çatacaq. Ancaq Azərbaycan göstərdi ki, o, heç kimdir. Bu günədək heç bir görüşdə Vardanyanla bağlı məsələnin qaldırılmaması, dünyanın ayrı-ayrı ölkələri tərəfindən bu məsələnin gündəmə gətirilməməsi göstərir ki, Azərbaycan bu məsələdə qanun çərçivəsində hərəkət edib və edəcəkdir. Eyni zamanda, getdikcə daha çox insan dərk edir ki, onunla bağlı məsələdə siyasi çalarlar yoxdur. Bu məsələdə Azərbaycanı hədəfə almağın, informasiya təbliğatı aparmağın faydası olmayacaq.
Səxavət HƏMİD
XQ