Sülh hərb məramlı Ermənistanın qapısını döyür

post-img

İndi İrəvanın dirçəlmək üçün ona xeyirxahlıqla uzanmış əldən yapışmaqdan başqa çarəsi qalmayıb

Sülh Ermənistanın qapısını döyür. Əgər rəsmi İrəvan bu fürsəti düzgün dəyərləndirə bilməsə ona verilmiş tarixi şansı bu dəfə birdəfəlik əlindən qaçıracaq. Bu isə Ermənistanın bütün müstəvilərdə uduzması ilə nəticələnəcək. Yerli ekspertlərin gəldiyi yekdil qənaət belədir. Onlar öz qənaətlərində heç də haqsız deyillər.

Zamanın təkərinin İrəvanın ziyanına fırlandığını indi baş nazir Nikol Paşinyan da yaxşı anlayır. Fəqət anlamaq azdır. O, daxildən və xaricdən edilən bütün təzyiqləri neytrallaşdırmağı, yaranmış tarixi reallıqdan yararlanmağı və qapısını döydüyü sülhə tərəf addım atmağı bacarmalıdır. Yəqin Paşinyan alternativ seçimin özü və ölkəsi üçün hansı fəsadlara səbəb ola biləcəyinin fərqindədir. 

“Ermənistan konstitusiyasında qondarma “Dağlıq Qa­rabağ”ın Ermənistanın bir hissəsi olması barədə qeyd qal­dıqca İrəvanla sülh sazişi imzalana bilməz”. Azərbaycan Prezidenti İlham Əliyevin “COP 29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda çıxışında dediyi bu sözlər Bakının ikitərəfli münasibətlə­rin normallaşması yolunda dəyişməz mövqeyidir. “Mən onların konstitusiyasının dəyişməli olduğunu deyəndə, bu, heç də təkəbbür və ya kobudluq deyil. Xeyr! Bu, ilkin şərtdir. Eynilə hesab edirəm ki, onlar Ağrı dağının təsviri olan milli gerblərini də dəyişdirməlidirlər. Onların Ermənis­tanda çoxlu dağları var, qoy başqasını seçsinlər”, – deyə, dövlətimizin başçısı çıxışında vurğulayıb. 

Baş nazir Nikol Paşinyanın özü də bir müddət əv­vəl Ermənistanın konstitusiyasında və gerbindəki hə­min siyasi yanlışlıqların aradan qaldırılmasının vacibliyi barədə fikirlərini açıq şəkildə ifadə etmişdir. Qonşularına qarşı ərazi iddialarından birdəfəlik əl çəkərək, düşdüyü hərbi-siyasi labirintdən qurtuluş yolunun məhz Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçdiyini rəsmi İrəvan qəbul etməli, özünü bunun “keçil­məz dağ” olmadığına inandırmalıdır.

Türkiyə – Azərbaycan monolit birliyi

Artıq Cənubi Qafqaz suların durul­duğu mərhələyə yetişib. Mövcud re­allıq ondan ibarətdir ki, bu mərhələdə Ermənistan hakimiyyəti həm Azərbay­canla sülh müqaviləsini imzalamağa, bununla yanaşı, Türkiyə ilə münasi­bətləri normallaşdırmağa tələsməlidir. Hesab edirik ki, inqilabla hakimiyətə gəlmiş Paşinyana ləngiməyin nəyə bə­rabər olduğunu xatırlatmağa ehtiyac yoxdur. Doğrudur, bölgədə yaranmış geosiyasi vəziyyətdə İrəvanı küncə sıxışdırmaq da siyasi məntiq baxımın­dan bəyənilməyə bilər. İntəhası, onun son üç il yarım ərzində sərgilədiyi sül­hdənqaçma oyunları, Bakıya fərqli davranış variantı buraxmadı. Amma, buna baxmayaraq Bakı və Ankara yenə də İrəvana imkan pəncərələri aç­mağa hazır olduqlarını bəyan etdilər. Prezident İlham Əliyev bildirib ki, həm Azərbaycan, həm də Türkiyə belə bir oturuşmuş mövqeyə sadiqdirlər ki, hər iki proses – Türkiyə–Ermənistan yaxın­laşması və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması para­lel şəkildə aparılmalıdır: “Bu, bizim də, Türkiyə Prezidentinin də mövqeyidir. İdeal vəziyyət o olardı ki, gözəl bir gün­də iki müqavilə imzalanaydı. İndi nə gözləyirik? Biz Ermənistan hökuməti­nin sözdən əmələ keçməsini gözləyirik. Biz onları əməllərinə görə mühakimə edəcəyik. Onlar başa düşməlidirlər ki, Türkiyə – Azərbaycan ittifaqı qaya kimi möhkəmdir. Onlar bunu indi də, gələ­cəkdə də nəzərə almalıdırlar”. 

Bu, ortaya qoyulan, bəyan edilən aydın və konkret mövqedir. Bölgədə və kənarda hamıya məlumdur ki, bu və bir çox başqa məsələlərdə də Bakı ilə An­kara arasında koordinasiya mövcud­dur. Axı, bizi yalnız müttəfiqlik müna­sibətləri haqqında Şuşa Bəyannaməsi deyil, həm də uzaq tarixə söykənən olduqca mental dəyərlər birləşdirir. Bu tandemin regional təhlükəsizliyin və sabitliyin mühüm amili olduğunu bə­dxahlarımız belə qəbul edirlər.

Sülhə nail olmaq fürsəti

İndi top Ermənistan tərəfə ötürü­lüb. Bakı sülh sazişinin doqquzuncu mətninə düzəlişlərini İrəvana göndə­rib. Bu barədə Ermənistan XİN rəsmi açıqlama yayıb. Sazişlə bağlı açıq qalan əsas sual, yuxarıda qeyd etdiyi­miz kimi, Hayastan konstitusiyasından qonşularına qarşı ərazi iddiasının və gerbindən Ağrı dağının əksinin aradan qaldırılmasıdır. Yəni, əgər Paşinyan sülh müqaviləsinin bu il imzalanması­nı istəyirsə, onda mütləq referenduma getməlidir.

Prezident İlham Əliyev iki gün əv­vəl Berlin şəhərində keçirilən “15-ci Petersberq İqlim Dialoqu” tədbirindən sonra mətbuata verdiyi açıqlamasın­da Kansler Olaf Şoltsa onun dəvəti ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşdüyünü qeyd etdi və göstərdiyi dəstəyə görə xarici işlər naziri Annale­na Berboka təşəkkürünü çatdırdı. 

Çıxışında, həmçinin regional təh­lükəsizlik məsələsinə toxunan dövləti­mizin başçısı Bakı ilə İrəvan arasında gedən sülh danışıqlarını yüksək qiy­mətləndirdiyini diqqətə çatdırdı: “Azər­baycan 2020-ci ildə öz suveren əra­zisinin böyük hissəsini işğaldan azad edib. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam bər­pa edilib. Təbii ki, bu, tarixi nailiyyətdir və onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmaq fikrin­də deyildi”.

Cənab Prezident hazırda sülhə nail olmaq üçün çox yaxşı fürsətlərin ol­duğunu xüsusi olaraq qeyd edib: “Bü­tün bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atıla­caq”. 

“İrəvan tələsməlidir” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan hakimiyyətinə növbəti mesajını göndərib. O, İrəvanı Ankara ilə münasibətləri normallaşdı­rılmaqdan ötrü yol xəritəsi hazırlamaq üçün mövcud reallığa diqqət yetirməyə çağırıb: “İndi bölgədə yeni nizam quru­lur. Əsassız xəyallardan əl çəkməyin vaxtıdır. İndiki zamanın reallıqlarına əsaslanaraq hərəkət etmək daha yax­şıdır. Ermənistan baş naziri Nikol Pa­şinyan da bunu başa düşür. İndi reallıq əsasında yeni yol xəritələri yaratma­ğın məqamı yetişib. Ümid edirəm ki, Ermənistan iqtidarı diasporun onu sü­rüklədiyi zülmətdən qurtular və parlaq gələcək üçün yeni başlanğıclara rəvac verəcək yolu seçər”. 

“Anadolu” agentliyinin məlumatına görə, Türkiyə Prezidenti bu sözləri İraq səfərindən qayıdan zaman onu mü­şayiət edən jurnalistlərə deyib. Ərdo­ğanın İrəvana növbəti mesajı isə belə olub: “Fürsət pəncərəsi həmişə açıq olmayacaq və bu məqamdan səmərəli istifadə etmək lazımdır”.

Bununla Türkiyə lideri rəsmi İrəva­na belə bir ismarıc göndərir ki, Ermə­nistanla ölkəsi arasında münasibətlərin normallaşması və Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağ­lı tələsmək lazımdır. Qardaş ölkənin rəhbərinin dediyi “imkanlar pəncərəsi”, çox güman ki, üçtərəfli əməkdaşlığın perspektivləri ilə bağlıdır. Rəcəb Tayyib Ərdoğanın açıqlaması ilə İlham Əliye­vin Azərbaycan və Ermənistanın sülh müqaviləsini imzalamağa çox yaxın ol­duqları barədə bəyanatı üst-üstə düş­dü. Bunun heç də təsadüfi olmadığı normal qəbul edilməlidir. Çünki, qardaş ölkələrin liderləri eyni cür düşünürlər. Hər iki bəyanatın Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti ilə Moskvada görüşündən sonra veril­diyi də diqqətdən yayınmamalıdır. 

Əslində, Türkiyə Prezidenti bu bə­yanatı ilə, faktiki olaraq, Ermənistan hökumətinin həm bölgədə, həm də xa­ricdə yürütməyə çalışdığı siyasi xəttini dəstəkləmiş oldu. Yəni, o, iki ölkə ara­sında mövcud olmayan ikitərəfli mü­nasibətləri tamamilə sıfırlamağa hazır olduğunu nümayiş etdirdi.

Bütün bu hadisələrin İrəvanın açıq şəkildə Kremlə qarşı çıxdığı dönəm­də baş verməsini təsadüfi saymaq ol­maz. İkitərəfli münasibətlərin daha da gərginləşməyə doğru getməsi gec-tez Rusiya hərbi bazalarının Ermənistan ərazisindən çıxarılması ilə nəticələnə bilər. Aydın məsələdir ki, İrəvanın bu yöndə siyasi cəhdləri rəsmi Ankaranın da maraqlarına cavab verir. Bu priz­madan yanaşanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistana diplomatik ehtiyatlılıqla siyasi dəstək verməsi, mahiyyət etibarilə, tamamilə başadüşüləndir.

“Evimizi sahmana salmalıyıq”

Nikol Paşinyan 2018-ci ildə haki­miyyətə gəlməsinin şərəfinə imzaladığı sərəncamla “Vətəndaş Günü” adında xüsusi və əlamətdar gün təsis edib. Dünən həmin əlamətdar günlə bağlı xalqa müraciət edən Ermənistan baş naziri ölkəsinin üzləşdiyi dönməz real­lıqlardan danışıb: “Bu, sizin hər birini­zin öz evinizdə təhlükəsiz, ləyaqətlə və xoşbəxt yaşamaq arzusunun yaratdığı bir gündür. Niyə biz inqilabdan sonra belə ağır sınaqlarla üzləşirik? Çünki bu evin qapılarını, pəncərələrini, damını, hasarını səliqəyə salmadan heç kim öz evində təhlükəsiz və xoşbəxt ya­şaya bilməz. 2018-ci il inqilabı zamanı biz bilirdik ki, evimiz Ermənistan Res­publikasının qapılarını, pəncərələrini, damını və hasarını qaydaya salmaq lazımdır. Əks-təqdirdə inqilaba ehtiyac da olmayacaqdı”.

Paşinyanın “Vətəndaş Günü”ndə sərgilədiyi siyasi-filoloji ritorikasının məzmununa və mətnin altına diqqət yetirəndə müəyyən qədər sağlam məntiq və bundan qaynaqlanan ümid şöləsini görmək mümkündür. Təki bu ümid onu arzuladığı real sonluğa apa­rıb çıxarsın. 

Elimizin adətidir. Bulaşmış mənzi­linin həm içində, həm də çölündə sə­liqə-sahman yaratmalı olan ev yiyəsi, adətən, köməyə yaxın qonşularını ça­ğırır. Onlar birlikdə, əl-ələ verib bu işin öhdəsindən gəlirlər. Amma bu yardımı qazanmaqdan ötrü gərək qonşuların­la normal, səmimi münasibətin olsun. Bakı və Ankara evində sanitar təmizliyi yaratmağa ciddi ehtiyac duyan İrəvana özlərinin kömək əllərini uzadıblar. Qalır bu tarixi jesti dəyərləndirmək və ona xeyirxahlıqla uzanan əli sıxmaq. 

İmran BƏDİRXANLI
XQ

Siyasət