Rafael HÜSEYNOV,
Milli Məclisin deputatı, akademik
Dövlət başçısı mikrofon önündədirsə, kamera qarşısındadırsa, o, sözünü yalnız həmin anda onu görən, eşidən auditoriyaya demir, həmişə daha çox ünvanlara üz tutur. Bəzənsə onun sözü hətta indi qarşısında dayananlardan daha artıq xeyli uzaqlarda olan və bu dövlət başçısının hansısa hadisələrə necə münasibət bəsləməsi haqda nəsə eşitməyə müntəzir olanlara yönəlib.
Dövlətin birinci adamı hər bir halda mahiyyətcə tarixə çevrilən şəxsiyyətdir, odur ki, ölkə rəhbərinin kütlələrə hər müraciətində də tarixilik var. Həmin tarixin necəliyini, bu söylənənlərin həyatda yerini nə təhər tapmasını isə Vaxt göstərir, uyğun qiymətini də verir.
Prezident İlham Əliyev nitqindəki hər cümlə, hər bir cümləsindəki hər söz ölçülü-biçili, dəqiq yerində olan siyasətçidir. Həm də nitqdən-nitqə fərq var. Biri var öncədən hazırlaşırsan, mətni irəlicədən fikrində qurursan və asudəliklə də çatdırırsan. Biri də var o nitq ekstremal şəraitdə yaranır, taleyüklü hədəflər daşısa da, yöndəmsiz, bəzənsə heç də xoş olmayan, ədalətsizliyi ilə əsəb qıcıqlandıran, haqsızlığı ilə hövsələ daraldan suallarla müşayiət edilir, sən də hamının sınayıcı baxışları qarşısında o sualları tövrünü pozmadan, soyuqanlılıqla cavablandırmalısan. Üstəlik, bəzən o sual-cavablar elə son dərəcə məsul tarixi məqamlarda baş verir ki, bu gərgin anlarda hissə qapılmaq, fikir müvazinətini itirərək hansısa ifadəni yerində işlətməmək sonra dərin peşmanlıq da yaradır ki, niyə o anda filan sözü demək, filan fikri dilə gətirmək ağlıma gəlmədi?
Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsi dönəmində dünya telekanalları və informasiya agentliklərinə verdiyi müsahibələr, ya bundan öncə Ermənistan rəhbəri ilə mühüm panellərdəki hərəsi bir duelə oxşar qarşılaşmaları, ya ondan da xeyli qabaq Strasburqda, avropalı parlamentarilərin bir-birindən qəliz suallarını cavablandırarkən etdiyi parlaq çıxışlar sadəcə dialoqlar, fikir mübadilələri, ənənəvi sual verib, cavab almalar kimi dəyərləndirilməməlidir. Bunların hər biri sərt fikir və mövqe çəkişmələrində müdrik dövlət başçısının, mahir diplomatın, uzaqları görə bilən kamil strateji düşüncə sahibinin misilsiz qələbələri idi. Elə qələbələr ki, onlar əslində möhtəşəm Qarabağ Zəfərimizin nəzəri əsasları, başlıca dayaq sütunları sayılmalıdır. Prezident İlham Əliyevin 2024-cü ilin 23 aprelində ADA Universitetində baş tutan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” devizli forumda söylədikləri həmin xəttin daha bir uğurlu davamına, yeni zaman kəsiyində Azərbaycanın boyunu bütün ucalığı, hədəflərini aydınlığı ilə göstərən diqqətəlayiq açıqlamalar silsiləsinə çevrildi.
Prezident İlham Əliyevin nitqlərinin hər biri ağıllı, qadir insan ixtiyarında ikən sözün ən güclü silaha dönə bilməsinin əyani sübutudur.
Onillərdir ki, Prezident İlham Əliyev Azərbaycan insanının gözləri önündədir. Əvvəlcə Milli Məclisin üzvü, Avropa Şurasında Azərbaycanı təmsil edən və o kürsülərdən sözünü deyən deputat kimi, Milli Olimpiya Komitəsinin rəhbəri kimi, daha sonra ölkənin Baş naziri qismində və son 21 ildə də dövlətimizin rəhbəri olaraq.
30 ilə yaxınlaşan bu müddət ərzində İlham Əliyevin nitqləri, ayrı-ayrı çıxışları, müsahibələrinin (hələ heç onların da hamısı yox. Bizim görüb-eşitmədiyimiz və elə görüb-eşitdiklərimizcə, bəzənsə onlardan da həlledici o qədər təkbətək görüşlər, qapalı müzakirələr, xarici ölkələrin liderləri ilə telefon danışıqları olur ki, hamısı sənədləşdirilsə, məzmunları qeydə alınsa da, sözbəsöz kağıza köçmür, geniş kütləyə örtülü qalır) yalnız prezidentlik dövrünün mətnlərini əks etdirən “İnkişaf – məqsədimizdir” adlı çoxcildliyindəki kitabların sayı artıq 130-u aşır.
Prezidentin hər nitqi yolumuzun mənzərəsidir. Yolumuzun dünəninə, bugününə panoramlı nəzərsalma, amma həm də Azərbaycanın, onun liderinin dünyaya göndərdiyi mesajlardır.
Bu dəfə – aprel ayının 23-də Prezident İlham Əliyev 30 ölkədən 64 iştirakçının qarşısında idi. ADA Universitetinin təşkil etdiyi Altıncı Siyasət Forumu altı ay sonra – noyabrda Bakıya dünyanın dörd bucağından on minlərlə qonağı toplayaraq planetimizin iqlim dəyişiklikləri ilə bağlı gələcəyini müzakirə edəcək COP29-a – bu çərçivədə regional təhlükəsizlik, enerji keçidi və yaşıl artımla bağlı Azərbaycanın baxışının təqdim olunmasına, Qarabağda yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması, Azərbaycanda külək və Günəş enerjisi layihələri, Avropa İttifaqına qədər uzanan yaşıl enerji dəhlizlərinin sabahına həsr edilmişdi.
Rusiya paytaxtındakı mühüm görüşlər və tədbirdən sonra Bakıya gecə yarı qayıtmış Prezident İlham Əliyev artıq on saat sonra forumun iştirakçıları qarşısında idi və dövlət başçısının bir-birindən aktual sual-cavablarla (həm də bir sıra hallarda forumun mövzu dairəsindən xeyli kənara çıxan suallar və onlara verilən sanballı şərhlərlə) ötən, 4 saata yaxın sürən bu toplantısı özünəməxsus rekord sayıla bilər. Prezident Əliyev elə görüşün əvvəlindəcə təyyarədən saatlar öncə endiyini söyləmişdi, forumda ölkə rəhbərinə suallar ünvanlayanlar 3 qitənin müxtəlif ölkələrdən olan təcrübəli insanları idilər və hiss edirdim ki, forumun saatları uzandıqca, yəqin ki, yol yorğunluğu amilini nəzərə alaraq konfransın sonlarına doğru nəzakətlə suallarını daha yığcam qurmağa çalışırdılar. Lakin Prezident, onlardan fərqli olaraq, hər sualı tam dolğun cavablandırmayınca dayanmırdı (bu, azmış kimi, arada aparıcı ehtiyatla sual-cavabı yekunlaşdırmaq işarəsi vuranda qayıtdı ki, “iştirakçılar yorulmayıbsa, davam edə bilərik”) və həmin forumdakı son cümləsi də bu oldu ki, belə mühüm məsələlərlə bağlı suallar ətrafında hələ daha 4 saat da danışmaq mümkündür.
Mahir qrossmeysterlərin eyni vaxtda bir çox rəqiblə yarışaraq soyuq ağlı, iti məntiqi hifz etməklə yorulmadan axıradək mübarizə aparmasına bənzəyən belə ali siyasət peşəkarlığına unudulmaz Heydər Əliyev yüksək səviyyədə sahib idi.
...ADA gənc yaşına baxmayaraq, artıq ölkənin təhsil və elm həyatında əhəmiyyətli yer tutur, mütəmadi olaraq elə bu qəbil beynəlxalq konfrans və forumların keçirilməsində zəngin təcrübə yığıb. Lakin şühbəsiz ki, ADA-nın bir ali təhsil ocağı olaraq səciyyələndirildiyi ilk amil yaxşı dərsdir.
Prezident İlham Əliyevin aprelin 23-də ADA-da gerçəkləşən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumundakı bütöv bir əsər kimi qiymətləndirilməyə layiq 4 saata yaxın zamana sığan nitqinin də başlıca özəlliyi onun bənzərsiz bir “master klass”– ustad dərsi məzmunu daşıması, yaxında və uzaqdakı ölkələrdə çoxlarının dərs almasına layiq həssas məqamları əhatə etməsi idi.
Elə məclisi başlayarkən Prezident İlham Əliyevin qısa giriş sözündə dilə gətirdiklərində artıq böyük siyasət vardı, foruma qatılanlara söylənsə də, dünyaya göndərilən mesaj idi: “Mən burada çoxlu tanış simalar görürəm və bilirəm ki, forum iştirakçıları artıq Şuşa, Ağdam və Zəngilanda olublar, bu dəfə isə Laçına səfər edəcəklər. Ancaq yeni iştirakçılar da var və əminəm ki, siz səfərinizdən zövq alacaqsınız. Laçın Azərbaycanın ən füsunkar bölgələrindəndir və yaşıl gələcək haqqında danışırıqsa, görəcəksiniz ki, Laçın tamamilə yaşıldır”.
10-15 il öncə bu sözləri belə arxayınlıqla dilə gətirə bilmək xoşbəxtliyinə mən və yəqin ki, Azərbaycanın yüz minlərlə vətənpərvəri də həyatının hələ yaşamadığı neçə ilini qurban verməyə hazır idi.
Ancaq o gün Prezidentin, gündəlik məişət gerçəkliyi kimi, bu yığınaqdakılara dediyi həmin sözlər həm də bir daha bütün dünyaya edilən müraciət idi ki, biz qalibik, yenə öz azad yurdlarımızdayıq, orada ev sahibi olaraq Yer üzünün neçə ölkəsindən də qonaqları qəbul edirik və dünyanın harasındasa bu reallıq kimlərisə yandırırsa da, qoy bu gün burada deyilənləri bir daha eşidib daha artıq yasa batsınlar.
Prezidentin nitqini bu nöqtədən başlamasını forum iştirakçılarına bir fikir ötürməsi də saymaq olardı – yəni əsas mövzumuzla yanaşı bu gün çox mətləblərdən danışa bilərik, ancaq unudulmasın ki, Azərbaycandan ötrü ən ümdə məsələ bölgədəki sabitlikdir, Qarabağdır, dayanıqlı sülhdür.
Prezident İlham Əliyev hər yeni suala cavabı ilə yalnız forum iştirakçılarıyla yox, dünyayla da “Biz kimik?”, “Azərbaycan beynəlxalq miqyasda hansı üstün dəyərin daşıyıcısıdır?”, “Azərbaycanın önəmi getdikcə necə artacaq?” düşüncələrini bölüşürdü.
Gələcəyin mənzərəsini və həmin müstəvidə Azərbaycanın aparıcı yerini indidən görən Prezident İlham Əliyev sabahın həqiqətindən dünyanı bəri başdan bilgiləndirirdi ki, Qazaxıstan, Özbəkistan bərpaolunan enerji resursları ilə bağlı layihələri gerçəkləşdirdikcə qısa müddətdə elektrik enerjisi profisiti olan ölkələr sırasına daxil olacaq. Amma ixrac marşrutu isə Avropaya yenə də Azərbaycandan gedəcək. Bu gün enerji layihələri məsələsinə canfəşanlıqla siyasəti pərçim etməyə tətiklənmiş uzaqgörməzlərə elə forumdan siqnal yollayırdı ki, ayılın, bu işlər geosiyasət və regional əməkdaşlıqla sıx bağlıdır; görmək istəməyənlərə nümunəsini nişan verirdi ki, baxın, bu gün Cənub Qaz Dəhlizi ilə əhatə olunan ölkələrin bəziləri arasında münasibətlər sən deyən könülaçan olmasa da, məhz müştərək maraqlar bu layihədə onları birləşdirir. Azərbaycanın enerji əməkdaşlığında dünyaya bəxş etdiyi töhfəni Prezident İlham Əliyev özünəxas təmkinli tərzdə bu forum içində söyləsə də, həmin gerçəyin dünyada eşidiləcəyi inamı ilə deyirdi ki, enerji sülhə doğru aparandır, tarixdən bilirik ki, neft müharibəyə, qan tökülməsinə bais olub, biz isə paradiqmanı dəyişirik və hələ ki, buna müvəffəq olmuşuq. Elan edirdi ki, biz qazıntı yanacağından istifadəni dayandırmayacağıq, lakin bununla bərabər diqqətimizi yaşıl gündəliyə də kökləyəcəyik.
...Prezident sadə həqiqətlərdən bəhs edirdi, amma o sadədən-sadə həqiqətləri qabartmaqla dünyanın diqqətini bir daha Azərbaycanla əməkdaşlıqdan yan keçilə bilinməməsinin aksiom, İlahidən gələn cazibə olmasına cəmləyirdi, Şimal–Cənub Nəqliyyat Dəhlizindən danışarkən Azərbaycanın bu qovşaqda yerləşməsini “coğrafi lütf” adlandırırdı. Əlbəttə ki, haqlıdır! Necə yanaşırsan yanaş, coğrafiya ki dəyişən deyil, tutalım, sabah Türkmənistan öz təbii qazının Avropaya çatdırılması üçün Transxəzər qaz kəmərinin çəkilməsi fikrinə düşsə, məhz elə coğrafi bəxtimizin avandlığı ucbatından Azərbaycana müraciət etməli olacaq. Deməli, gün dəyişdikcə vaxt yenə Azərbaycanın xeyrinə işləyəcək, onun geosiyasi əhəmiyyətini artıracaq və heç şübhəsiz, bu da ölkəni daha zəngin edəcək.
Forumda söz gəlib Azərbaycanın dəfələrlə təsdiqini tapmış “strateji səbr”inin də üstünə çıxdı və bu əsnada Prezident Əliyev Ermənistana da, ona havadarlıq edənlərə də daha bir ismarışını göndərdi: “Onları bizə qarşı yönəltməyə çalışanlar böyük səhv edirlər. Onlar sülh razılaşmasını istəmirlərsə, biz bu müqaviləsiz də yaşaya bilərik, amma bu razılaşma olmadan bizimlə yanaşı yaşamaq onlar üçün rahat olacaqmı? Mən belə düşünmürəm. Hesab edirəm ki, beynəlxalq hüquqa əsaslanan şərtləri razılaşdırmaq bizim marağımızdan daha çox onların marağındadır. Onlar şüurla davranmalı və əlçatmaz şeyləri tələb etməməlidirlər. Həm də onlar və onlara dəstək olanların bilməsi vacibdir ki, 30 illik işğala və İkinci Qarabağ müharibəsinin nəticəsinə göz yumulmamalıdır. Heç kim özünü heç bir şey olmamış kimi aparmamalıdır”.
Aydın məsələdir – saatlarca sürən, bolluca suallı forumda mövzu səmti tez-tez dəyişməyə məhkumdu. Fəqət fikir mübadilələrinin istiqaməti nə yeyinlikdə dəyişsə də, istər-istəməz, mərkəzdə dayanan yenə Ermənistan–Azərbaycan münasibətləri, mümkün sülh bağlaşması idi. Prezident Əliyevinsə bu mövzuya hər qayıdışında Ermənistana da, dünya erməniçiliyinə də, Ermənistanı şitəndirmək sevdasına düşənlərə də nüvəsində tələb döyünən tövsiyələri vardı. Prezident deyirdi ki, Ermənistandan yetişən xəbərləri eşidirik, onların başına ağıl gəlməsi soraqlarını nəzərə alırıq, bəli, “həqiqi Ermənistanla mifoloji Ermənistan arasında fərq olmalıdır”, amma bizimlə sülhə gəlmək istəyirsə, bu ölkə gərək hökmən konstitusiyasında dəyişikliklər etmək haqda qərar verə. Çünki əsas qanununda “Dağlıq Qarabağ”ı Ermənistanın bir hissəsi kimi qeyd edən ölkə Azərbaycanla sülh müqaviləsini hansı üzlə imzalamağa gələ bilər?! Həm də iş təkcə Azərbaycanla bitmir. Ermənistan əsatirdən əsilliyə qayıtmaq, mif sərxoşluğundan ayılmaq diləyirsə, gərək özgə dövlətin – Türkiyənin ərazisində olan Ağrıdağı da öz milli simvolu hesab etməkdən vaz keçə. Prezident çıxış yolunu da göstərirdi: “Onların Ermənistanda çoxlu dağları var, başqasını bəyənib seçə bilərlər”.
Bunu da Prezident Əliyev bir daha həm Ermənistana, həm də dünyaya eşitdirirdi ki, Türkiyə və Azərbaycan qlobal miqyasda bir-birinə ən yaxın iki ölkədir, Türkiyə–Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm amilidir, mövqeyimiz– Türkiyə–Ermənistan yaxınlaşması və Ermənistan–Azərbaycan normallaşmasıdır, ideal vəziyyət bu olar ki, bir gündə iki saziş imzalana – Azərbaycanla Ermənistan arasında sülh və Ermənistanla Türkiyə arasında bütün kommunikasiyaların açılması ilə normallaşma sazişləri. Bununla da onilliklər boyu davam edən nifrətə son qoyular, səhifəni çevirərək normal inkişafa başlamaq imkanı yaranar.
...O gün Azərbaycanın dövlət başçısı dünyaya bu barədə də pərdəsiz-filansız, açıq mətnlə səsləndi ki, biz sadədillikdən uzağıq, Avropa İttifaqına üzv olmağı əsla hədəf götürmürük və niyəsini də ağa ağ, qaraya qara deyərək açıqlayırdı – çünki onların tələb etdikləri hər şeyi etsək belə, bu, ağlabatan deyil, ortada Türkiyənun nümunəsi var.
Daim demokratik dəyərlərdən dəm vuran Qərbə onların bu xislətini də xatırladırdı – qəbul etməmələrinin ilk səbəbi Türkiyənin də, bizim də müsəlman olmağımızdır.
Böyük əksəriyyətinin avropalı təmsilçilər olduğu toplantıda Prezident o tərəfin naqisliklərini ifşa etməkçün danılmaz dəlillər gətirirdi – Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin ikrahla söylənmiş “Avropa İttifaqı bağdır, qalanı cəngəllikdir” fikrini iqtibas edirdi, Avropa İttifaqının diplomatiyasına cavabdeh olan şəxsin belə düşük və təhqiramiz münasibətini görüncə, Avropa Parlamentinin islamofobiya və korrupsiyanın mərkəzlərindən biri olduğunu yəqin edincə “bura bizlik deyil” düşüncəsini gizlətməyərək ən dürüst seçimin üzərində dayanırdı ki, “niyə bihudə yerə Avropa İttifaqına üzvlük məsələsində israr etməliyik? Gəlin məqbul olan qarşılıqlı əməkdaşlıq mexanizmini işləyək”.
...Azərbaycana qarşı bir sıra beynəlxalq təşkilatlarda da, ayrı-ayrı ölkələrdə də, son dövrlərdə yürüdülən arzuolunmaz siyasət, xüsusən 30 ilə yaxın müddətdə, guya, qərəzsiz münsiflərmiş kimi münaqişənin həllinə kömək göstərməli olan riyakarların düyünü özümüz çözəndən, torpaq bütünlüyümüzü və ərazimizin hər yerində suverenliyimizi tam bərpa edəndən sonra buynuz çıxarmaları, sanki, Ermənistanın təcavüzünə son qoymağımıza qızaraq tullanıb-düşmələri, yalyeyən muzdlu quyruqbulayanlarını da üstümüzə qısqırdaraq əvvəlkindən də gur hürməyə sövq etmələrindən insanlarımız xəbərdardır.
Ermənistanın özündəki çalxantılı daxili gedişatdan da az-çox agahıq. Prezident İlham Əliyev növbəti dəfə bəyan edirdi ki, biz nə Ermənistanın daxili işlərinə qarışırıq, nə də onların Cənubi Qafqazdan uzaqda yerləşən başqa ölkələrlə münasibətlərinə, ancaq bilirik, axı, Fransadan, Hindistandan, Yunanıstandan Ermənistan Azərbaycana qarşı necə silahlandırılır. Ona görə də Liderimiz bu platformadan yararlanaraq Ermənistanın özünə də, onu yeni savaşa sürükləyən, bunun üçün açıq və gizli şəkildə tədarüklər görən uzaqdakılara da xəbərdarlıq edirdi ki, kimlərinsə müəyyən tərpənişləri ilə bizə nəyisə sübut etməyə çalışdığını görüb sakitcə gözləyə bilmərik, bizə qarşı ciddi təhlükə görsək, narahatlıqlara uyğun da ciddi tədbirlər görməli olacağıq.
Və bunlara da, onlara da – Ermənistana da, onu forpost kimi işlətmək istəyən, sönən ocağı təzədən alovlandırmağa cəhd edən Fransa və onabənzərlərə də məsləhət görürdü ki, belə etməyin. Anladırdı ki, Ermənistana nə qədər silah göndərilsə də, onların bizə qarşı heç bir şansı yoxdur.
Belə ismarışı bunca açıq şəkildə dünya qarşısında bəyan edərkən Prezident İlham Əliyevin sözünə ağır çəki verən, dinləyənlərdə “deyirsə, məhz o cür də olacaq” qənaətini yaradansa çox da uzaq olmayan dünəndə qalan Qarabağ müharibəsi idi.
Bir daha yada salırdı, burada – ADA Universitetində deyirdi, amma bilirdi ki, səsi dərhal Parisə də, ondan o yanlara da çatacaq: “Cəmi 44 gün adi insanların sadəcə gəzintiyə çıxa bilmədiyi dağlara çıxdıq və biz bunu yüngül silahlarla etdik, onların ordusunu tamamilə məhv etdik. Separatizmə son qoyduğumuz bir neçə saatlıq antiterror əməliyyatı ilə də biz onlara gücümüzü nümayiş etdirdik. Bizim Ermənistana qarşı yenə də pis niyyətimiz yoxdur. Bizim onların ərazisinə heç bir iddiamız yoxdur, amma onlar başa düşməlidirlər ki, birincisi, bu silahlar onlara kömək etməyəcək. İkincisi, bu, təhlükəlidir və mənim vəzifəm onlara, həmçinin onların arxasında duran və onları manipulyasiya edənlərə xəbərdarlıq etməkdir ki, bu, həqiqətən, təhlükəlidir və onlar mənim dediklərimə qulaq asmalıdırlar”.
Bunu deyib durmurdu, əlavə edirdi: “Çünki bilirlər ki, sözlərimə qulaq asmalıdırlar!”
El sözüdür ki, “Salavat gücə bağlıdır”. Azərbaycan Prezidenti Ermənistana və onun arxasındakı təhrikçi qüvvətlərə belə qətiyyətlə səslənirsə, bunun ardında dayanan indiyədək görülmüş işlər, qazanılmış qələbələrdir.
Xəbərdarlığını Ermənistandan da çox o təhrikçilərə edirdi ki, bu yazıq ölkəni daha da bədbəxt edib qlobal qarşıdurma üçün namizəd kimi istifadə etməyə cəhd göstərməsinlər, dərk etsinlər ki, belə çiy ssenarilər fəlakətə sürükləyir. Ermənistanı indi qızışdıraraq yekə-yekə vəd verənlərin, axıracan onların dallarında duracaqlarını boyun olanların, avropalı sülh müşahidəçiləri adlanan, Azərbaycana qarşı cılız “binokl diplomatiyası”ndan yararlanmaqçün vurnuxanların – el basa-basa Avropadan bura gətirilmiş qaltaq təqaüdçü hərbçilər və polislərin sərhəddə ilk güllə açılınca qaçışacaqlarına əmin olduğunu deyən Prezident Əliyev erməni düyməsini uzaqdan basanlara mühüm bir yadasalma da edirdi ki, indiyəcən o cür hərəkətlərə cavab vermədiyimizə görə bizə minnətdar olmalıdırlar. 5 il əvvəl təkəbbürlə “Qarabağ Ermənistandır” deyənlərin indi suyu süzülə-süzülə “Qarabağ Azərbaycandır!” söyləməsini xatırladan İlham Əliyev fransızların ötürdüyü ölümcül silahlarla yaraqlanan Ermənistanın, ola bilsin, 5 il sonra yenidən dirçələrək köhnə şüara qayıda biləcəyini istisna etməyərək soruşur, həm də eyni anda qərarını elan edirdi: “Biz nə edək? Biz gözləyə bilmərik”.
Ogünkü gün vicdanlı, beynəlxalq hüququn təsbit etmiş olduğu qanunlara qeyd-şərtsiz riayət edən, hətta bir-biri ilə kəskin ziddiyyətlər yaşayan dövlətlərlə də siyasətini “qızıl orta”nı gözləyərək, mizan-tərəzini pozmadan aparan Rəhbərin həm ətrafındakılar və həm də dünya qarşısında aqil, ölçülü-biçili hesabatı idi.
“Mən Azərbaycanın təhlükəsizliyinə, inkişafına və sabitliyinə cavabdehəm. Bunun üçün nə lazımdırsa, prinsiplər əsasında edirəm və biz heç vaxt düzgün, doğru və qanuni hesab etmədiyimizi etmirik. Beynəlxalq hüquq baxımından mükəmməl saymadığımız heç nəyi etmirik. Çünki başqalarının pozmamasını istədiyiniz qaydaları özünüz pozursunuzsa, bu, susuz səhraya aparan yolun, sadəcə, başlanğıcıdır. Biz heç vaxt Azərbaycana potensial təhlükə yarada biləcək heç bir təşəbbüsə qoşulmamışıq, münasibətlərimizdə həmişə ədalətli olmuşuq. Ona görə də heç kim bizdən istəmədiyimiz bir şey gözləmir və bu, artıq əməkdaşlıq formatıdır. Həm də vacib olan odur ki, biz heç vaxt səbəb olmadan heç kimə qarşı heç nə etmirik”.
...Forumda Prezident İlham Əliyevin dünyaya çatdırmaq istədikləri Gələcək Quruculuğunun mötəbər yol xəritəsi kimi idi. Dünyanın taleyinə təsir göstərə bilən çürük iddialılara, ədalı qoluzorlulara əsər etsəydi, nə gözəl olardı!
...O gün Prezident İlham Əliyev dünyayla danışırdı, bölgənin və dövlətinin müqəddəratı ilə əlaqədar yeridilən siyasətlərin iç üzünü heç nəyi ört-basdır etmədən, çılpaqlığı ilə açırdı, həm oyunçu ölkələrə, həm də bütün dünyaya üz tutmuşdu ki, əsl gerçəklərdən hali olun! Birmənalı şəkildə söyləyirdi ki, bəzi ölkələr (“bəzi” desə də, söhbətin kimdən getdiyi onsuz da aşkardır) əsassız hücumları ilə Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar: “Dedik ki, yaxşı, biz bunu qəbul edirik və eyni şeyi təkrarlayırıq. Biz də eyni şeyi edirik və qırmızı xətləri keçmirik, sonuncu körpünü yandırmırıq. Biz cavab verəcəyik, amma biz heç vaxt birinci başlamayacağıq, Ermənistanla da münasibətlərdə eyni idi. Biz onlara hücum etmədik, işğal etmədik, qovmadıq, bunu onlar etdilər və cavabını aldılar”.
Əziz vətəndaşlarımız! Bunlar sadə sözlər deyil. Dünyanın şahidliyi ilə baş vermiş və Azərbaycanın nəyə qadir olduğunu aləmə sübut etmiş hadisələri misal çəkərək Rəhbərimiz böyük güclərə ötkəm sözünü deyir, hər kəsə, bütün dünyaya çatdırır ki, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq heç kəs bizimlə təhdid dili ilə, yuxarıdan aşağı saymazyana baxaraq, yekəxana iddialarla danışa bilməz, hərənin öz cavabı var və biz necə cavab vermək qüdrətimizi də dünyaya artıq göstərmişik. Yəni ibrət götürün, özünüzü yığışdırın, yekəpərliyinizə bel bağlamayın, Vaxt sizlərin də layiqli cəza saatını gətirər!..
Bu sözləri Prezident İlham Əliyev deyir. Bu mövqe onun dövlətinin, Vətəninin, xaqının özünə güvənən, yenilməz, məğrur mövqeyidir.
İftixar edilməzmi?!
...Aprelin 26-da Prezident İlham Əliyev artıq başqa ölkədə, ayrı auditoriya qarşısında idi, amma yenə də sözü dünyaya idi. Azərbaycanın beynəlxalq aləmdə gələcəkdə daha da artacaq roluna dəlalət edən, dünyanın indikindən də yekdil olmasına və dövlətlərin iş birliyi ilə yaxınlaşmasına hesablanmış neft və qazla zəngin olan ölkələr üçün məsuliyyət platforması yaratmaq niyyətini bəyan edirdi: “Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən, yaşıl enerjiyə keçidlə və iqlim dəyişikliyi ilə bağlı”.
Berlinə “Petersberq İqlim Dialoqu”nda iştirak etməkçün getmiş Azərbaycan Prezidenti Almaniya kansleri ilə yanaşıydı və Azərbaycanı Almaniyaya “vacib tərəfdaş” adlandıran Olaf Şolts danışırdı, 2024-cü ilin bölgədə sülh ili olması arzusunu ifadə edirdi, Azərbaycanla Ermənistan arasında uzunmüddətli və davamlı sülhün həllinin tapılmasında Almaniyanın dəstək göstərməyə hazır olduğunu bildirirdi.
Bunun əksini deyən və edən, sönmüş münaqişə ocağını təzədən alışdırmaqdan ötrü əlləşən nifaqçı Fransanın simgəsi xoruzdur, Almaniyanın rəmzi qartal.
Qartal xəritəli Azərbaycana, ona qarşı məkrlə xoruzlananlarla deyil, elə qartallarla uçuş yaraşar!
26 aprel 2024-cü il