Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyinə həsr olunan tədbir keçirilib.
Abşeron RİH başçısı Abdin Fərzəliyev bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan qadınının parlaq simasıdır. Respublikamızda səhiyyənin inkişafında və bir çox göz xəstəliklərinin müalicəsində Zərifə xanım Əliyevanın böyük əzmi və fəaliyyətinin olduğunu vurğulayan A.Fərzəliyev vurğulayıb ki, məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunub.
Millət vəkilləri Aydın Hüseynov, İlham Məmmədov Zərifə xanım Əliyevanın Azərbaycan qadınına nümunə ola biləcək sədaqətli silahdaş, gözəl ana, böyük oftalmoloq-alim olduğu, xeyirxahlığa xidmət etməsi və gənc alimlərin yetişməsində qayğısı barədə danışıblar.
Daha sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, həmin Xəstəxananın əməkdaşı, Vətən müharibəsi şəhidi baş leytenant İlqar Vəliyevin həyat yoldaşı Təhminə Vəliyeva çıxış edərək bildiriblər ki, Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında və bir çox göz xəstəliklərinin uğurlu müalicəsində böyük əzmi və fəaliyyəti vardır.
Sonda xalq artistləri İlqar Muradov və Samir Cəfərovun, muğam müsabiqəsi mükafatçısı Leyla Rəhimovanın iştirakı ilə bədii hissə təqdim olunub.
XQ