Göyçay rayonundakı Heydər Əliyev Mərkəzində dünya şöhrətli alim, Əməkdar elm xadimi, akademik, Zərifə xanım Əliyevanın doğum günü böyük ehtiramla anılıb.
Dəyirmi masa ətrafında keçirilən mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, YAP rayon təşkilatının sədri Sahib Şükürov, Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli övlad, tanınmış həkim, qayğıkeş insan idi. O, Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətənin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur.
Zərifə Əliyeva xatırlananda həm də göz önündə nəcib bir Azərbaycan xanımının obrazının canlandığı vurğulanıb. İftixarla qeyd edilib ki, Zərifə xanımın bir qadın və ana kimi xalqımıza ən böyük xidməti müasir, müstəqil dövlətimizin daha da inkişaf edib çiçəklənməsinə, dünyada layiqli yer tutmasına nail olan möhtərəm Prezidentimiz İlham Əliyevi Azərbaycana bəxş etməsidir.
Natiqlər bildiriblər ki, dünya oftalmologiya elminə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanın zəngin elmi irsi, apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir azərbaycanlı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Sonda Zərifə xanım Əliyevaya həsr edilmiş videoçarx nümayiş edilib, məktəblilər şeirlər söyləyiblər.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri