Bu gün görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasından 101 il ötür.
Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatının laureatı, müəllim, maarifçi və vətənpərvər xanım Zərifə Əliyeva öz peşə xidmətlərinə və nəcib əməllərinə görə öz xəstələri, həmkarları və tələbələrinin qəlbində unudulmaz iz qoymuşdur. Onların xatirələrinə görə, o, xoşxasiyyətliyi və sadəliyi, təvazökarlığı və müdrikliyi özündə təcəssüm etdirən kamil insan kimi xatırlanır, yaddaşlarında cazibədar ziyalı, istedadlı şəxsiyyət, gözəl həkim və alim kimi yaşamaqdadır.
Özünün yüksək vətəndaşlıq mövqeyi, qayğıkeşliyi və insanlara diqqəti ilə xalqın dərin hörmətini və məhəbbətini qazanmış Zərifə xanım yaradıcı qüvvəsi və tükənməz ilhamı sayəsində insanlar arasında böyük nüfuz qazanmış, onunla ünsiyyətdə olan hər kəsdə dərin məhəbbət və ehtiram hissi yaratmışdır. Zərifə xanım Əliyeva özünün bütün həyatını, qüvvəsini və istedadını öz xalqına xidmətə həsr etmişdir. O, insanlara sağlamlıq və həyat sevincini, çox vaxt isə həyatın özünü qaytarmaq məharətinə, qabiliyyətinə malik idi.
Zərifə xanım on dörd monoqrafiya və yüzlərlə elmi məqalənin, on iki səmərələşdirici təklifin müəllifidir. O keçmiş SSRİ Sülhü Müdafiə Komitəsi üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və SSRİ Oftalmoloqları Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmaqla, “Vestnik oftalmoloqii” jurnalının redaksiya heyətinə daxil idi.
O, dünyada ilk dəfə olaraq peşə fəaliyyəti ilə əlaqəli görmə problemlərini öyrənmək üçün sənaye müəssisəsində elmi-tədqiqat laboratoriyası yaratmış, kimya sənayesi işçilərinin iş yerlərində gözə müxtəlif maddələrin təsirini öyrənmişdir. Belə elmi yanaşma ilə Zərifə xanım, faktiki olaraq, yeni elmi istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. O, insanın görmə orqanının peşə patologiyası probleminə müraciət etmiş, paralel olaraq insan orqanizminə müxtəlif peşə amillərinin biokimyəvi təsir mexanizmini təhlil etməklə zərərli maddələrin digər orqanlara – ağ ciyərlərə, böyrəklərə, qara ciyərə, ürəyə təsirini tədqiq edərək, bu prosesin qanunauyğunluqlarını müəyyənləşdirmişdir.
Fundamental problemlərdən biri peşə ilə əlaqədar zərərli amillərin kiçik dozalarının xroniki təsiri altında orqanizmdə baş verən qeyri-spesifik, aydın olmayan pozuntuların aşkara çıxarılması, xarici mühitin əlverişsiz amillərinin təsiri zamanı görmə sisteminin adaptiv-kompensator mexanizmlərinin öyrənilməsidir. Azərbaycan və sovet oftalmologiyasında yeni səhifənin açılması – görmə orqanının peşə xəstəliklərinin xüsusiyyətlərinin öyrənilməsi və onların profilaktikası və müalicəsində yeni metodlarının işlənib hazırlanması məhz Zərifə xanımın adı ilə bağlıdır.
Onun “Gözün və görmə-sinir yolunun yaş dəyişiklikləri” kitabı oftalmologiyada yeni istiqamətin – oftalmoloji herontologiyanın başlanğıcı olmuşdur.
Zərifə xanımın problemin həllinə hərtərəfli yanaşması xəstəliklərin gizli mexanizmlərinin aşkar edilməsinə və yeni terapiya metodlarının təklif olunmasına imkan vermişdir. Zərifə Əliyeva gözün qüzehli qişasının dəyişikliklərinin xarakteristikasına görə orqanizmin xəstəliklərinin diaqnostikası ilə bağlı oftalmologiyanın iridologiya kimi maraqlı istiqaməti ilə ilk məşğul olanlardandır. Uzun müddət rəsmi elm tərəfindən qəbul edilməmiş bu perspektiv istiqamət əsasən Zərifə xanımın tədqiqatları sayəsində 1977-ci ildə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumunun müzakirəsinə çıxarılmış əsas məsələlərdən biri olmuşdur. Zərifə Əliyevanın “İridologiyanın əsasları” və “İridodiaqnostika” əsərləri məhz bu sahəyə həsr olunmuşdur. Onun iridoloji tədqiqatları əsasında astroloji iridodiaqnostika yaradılmış, insan iridopsixologiyasının xüsusiyyətləri öyrənilmişdir.
Zərifə Əliyevanın elmi, praktik və sanitariya maarifi sahəsindəki fəaliyyəti Azərbaycanda traxomanın kökünün kəsilməsində həlledici rol oynamışdır.
Bundan əlavə, onun çoxsaylı elmi əsərlərində əksini tapan tədqiqatlarının geniş spektri, həmçinin qlaukoma, gözün travmaları, viruslu zədələnmələri, bədxassəli şişləri, göz yaşı yollarının xəstəlikləri kimi sahələri əhatə edir.
Tanrı Zərifə xanıma təkcə ağıl, zəka, sözün geniş mənasında, gözəllik deyil, həm də xarakter bütövlüyü, iradə gücü, mərdlik payı vermişdir. O, bütün gücünü Azərbaycan elmini ən yüksək pilləyə qaldırmaq üçün sərf etmiş və məqsədyönlü şəkildə bu ideyanın həyata keçməsinə çalışmışdır. Tələbələri arasında perspektivli gənc mütəxəssislərin yetişdirilməsinə təşəbbüs göstərərək, öz hörməti və şəxsi əlaqələrindən istifadə etməklə onları nüfuzlu ali tibb məktəblərinə məsləhət görür, ixtisasları üzrə təkmilləşmə məqsədilə ən yaxşı elmi-tədqiqat institutlarına göndərirdi. Zərifə xanımın rəhbərliyi altında çoxsaylı doktorluq və namizədlik dissertasiyaları müdafiə olunmuşdur.
Zərifə Əliyevanın əmək fəaliyyətinin böyük bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun göz xəstəlikləri kafedrasında keçmişdir. Bu institutu yaratmış və ömrünün sonuna qədər orada işləmiş Zərifə xanım atasının – görkəmli alim və dövlət xadimi Əziz Əliyevin adını daşıyan bu institutda əvvəlcə assistent, sonra dosent və professor vəzifələrində işləmiş 1982-ci ildə göz xəstəlikləri kafedrasının müdiri olmuşdur.
Həmin dövrdə Zərifə Əziz qızı həkimlik fəaliyyəti ilə məşğul olur, bir çox cərrahiyyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verirdi. Üstəlik onun fəaliyyəti yalnız öz klinikasında qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edirdi. O, həmçinin göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə də pedaqoji iş aparırdı.
Zərifə xanım elmi tədqiqatların texnoloji təchizatının əhəmiyyətini dərindən başa düşürdü. Bilirdi ki, oftalmologiya təbabətin başqa sahələri kimi, yüksək dəqiqlikli müasir tibbi avadanlıq tələb edir. Onun qayğısı və diqqəti sayəsində respublikanın oftalmoloji tibb müəssisələri müasir avadanlıq, təkmil texnika ilə təmin və təchiz olunmuşdur.
Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına rəhbərliyi dövründə, o, klinikaya mövcud olan ən yeni diaqnostika və əməliyyat avadanlıqları gətirmiş, Sovet İttifaqının digər aparıcı klinikalarından mütəxəssislər dəvət etmiş, gərgin elmi-tədqiqat fəaliyyəti ilə yanaşı, gözəl pedaqoq, yeni alimlər nəslinin tərbiyəçisi olaraq təhsilə, tədris prosesinin təşkilinə böyük diqqət yetirmişdir.
Mənə də bu kafedrada dərs demək, əməliyyat etmək, elmlə məşğul olmaq xoşbəxtliyi nəsib olmuşdur. Zərifə xanımın görkəmli təşkilatçılıiq qabiliyyəti sayəsində texniki cəhətdən təchiz olunmuş və yüksək elmi-praktiki səviyyəli mütəxəssislərlə təmsil olunmuş kafedra, o cümlədən, dakriologiya problemləri ilə də müvəffəqiyyətlə məşğul olurdu. Mən də həmin kafedranın əməkdaşı kimi özümü bu elmi istiqamətə həsr etmişdim. Bu kafedrada aldığım elmi biliklər və praktik vərdişlərin mənim oftalmocərrah, elmi işçi, müəllim kimi peşə inkişafımda çox mühüm təsiri olmuşdur. Buna görə də mən Zərifə xanımın ruhu qarşısında baş əyirəm.
Zərifə xanımın elmi-pedaqoji fəaliyyətində Moskva mühitinin də həlledici təsiri olmuşdur. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanlarının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən biri olan H. Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əziz qızının dissertasiya işi görkəmli mütəxəssislərin yüksək qiymətini almış və oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Danılmaz xidmətlərinə, sanballı elmi-tədqiqat işlərinə görə, professor Zərifə Əziz qızı Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.
Dünya miqyaslı məhşur alimlərlə söhbət zamanı mənə onların Zərifə xanımın öz çıxışları ilə auditoriyanı necə inandırmaq və ruhlandırmaq bacarığı barədə xatirələrini eşitmək həmişə xoş olmuşdur. Zərifə xanım Azərbaycan qadınının əsl simvoludur, Zərifə xanımın adı nüfuzlu peşə cəmiyyətlərində vizit vərəqidir. Onun yüksək vətənpərvərliyi, liderlik qabiliyyəti, öz ətrafına istedadlı həkimləri və alimləri toplamaq bacarığı, bir çox peşəkarların inkişafında oynadığı misilsiz rolu, səxsiyyətinin nur saçan fəziləti hər birimiz üçün dəyərli örnək və nümunədir.
Sevinc ƏSGƏROVA,
Rusiya Təbiətşünaslıq Akademiyasının akademiki,
Avropa Plastik və Rekonstruktiv Oftalmocərrahlar Cəmiyyətinin (ESOPRS) həqiqi üzvü,
N.İ.Piroqov adına Rusiya Milli-Tədqiqat Tibb Universitetinin professoru,
tibb elmləri doktoru, oftalmocərrah
Moskva