ABŞ Konqresi anti-Azərbaycan təxribata “yox!” dedi
ABŞ Konqresində hazırda Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi həyata keçirilir. Bu prosedur Dövlət Departamentinin fəaliyyət istiqamətlərini, idarəçilik səlahiyyətlərini və strukturunu qanunvericilik çərçivəsində təsdiqləyən illik mexanizmdir. Yenidən səlahiyyətləndirmə prosesi zamanı Dövlət Departamentinin büdcəsinin müəyyən hissələri, təşkilati dəyişikliklər, diplomatik təşəbbüslər və xarici siyasət kursu ilə bağlı prioritetlər də Konqresdə nəzərdən keçirilir. Hər il təkrarlanan bu proses çərçivəsində konqresmenlər müxtəlif düzəlişlər təklif etmək hüququna malikdirlər. Onlar bu düzəlişlər vasitəsilə ya müəyyən xarici siyasət istiqamətlərinə təsir göstərməyə çalışır, ya da konkret ölkələr və regionlarla bağlı yeni müddəalar əlavə etmək istəyirlər. Sözügedən tənzimləmə konqresmenlərə ölkənin xarici siyasətinə dolayı yolla təsir imkanları yaradır.
Ötən gün ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi çərçivəsində nəzərdən keçirilən qanun layihələrinə iki düzəlişi rədd edib. Hər iki layihənin məzmunu açıq şəkildə anti-Azərbaycan xarakteri daşıyırdı. Düzəlişləri Kaliforniyadan olan demokrat konqresmen, ermənilərə lobbiçilik edən Bred Şerman təqdim etmişdi. Onun təklifinə görə, Türkiyə Ermənistan üzərindəki blokadanı aradan qaldırmayınca və Azərbaycan bütün “erməni hərbi əsirləri” azad etməyincə, bu düzəliş qüvvədə qalmalı idi. Şerman hətta hərbi təxribat qrupunun üzvlərini “girov” adlandıraraq, Azərbaycana yardımı şərtləndirməyə çalışıb. Digər düzəliş isə Dövlət Departamentinin sanksiyalar haqqında qanununa əlavə kimi irəli sürülüb və prezidentin “Azadlığa dəstək Aktı”na 907-ci əlavəni ləğv etmək səlahiyyətini aradan qaldırmağı, ABŞ-ın Azərbaycana hərbi yardımını bloklamağı nəzərdə tuturdu. Amma necə deyərlər, Şermanın arzusu ürəyində qaldı. Hər iki düzəlişin qəbul olunmaması, ABŞ Prezidenti Donald Trampın erməni lobbisinin Ermənistan və Azərbaycan arasında yekun sülhün əldə olunmasına qarşı yönəlmiş Konqresdə daha bir uğursuzluğunu göstərir.
Qeyd edək ki, konqresmen Şermanın irəli sürdüyü təkliflərə nəzər saldıqda bunların hər birinin hüquqi bazadan məhrum olduğu aydın nəzərə çarpır. Təklif edilən düzəlişlərdə həm Türkiyənin Ermənistanı blokadada saxlamasından, həm də separatçıların azad edilməsindən bəhs olunur. Hər iki məsələdə konqresmen Şermanın haqsız mövqedə olduğu aşkar görünür. Birinci məsələyə gəldikdə, Ermənistanın bugünədək blokadada qalması rəsmi İrəvanın işğalçı siyasətinin nəticəsidir. Hazırkı mərhələdə sərhədlərin açılması birbaşa Ermənistandan asılıdır. Əgər Azərbaycan tərəfindən irəli sürülən şərtlər yerinə yetirilsə, Ermənistan blokadadan çıxa bilər. Əks təqdirdə, buna görə Azərbaycana və Türkiyəyə təzyiq göstərmək tamamilə yersiz və faydasızdır. İkinci məsələ isə keçmiş separatçı rejimin üzvləri ilə bağlıdır. Onlar konqresmen Şermanın adlandırdığı kimi “hərbi əsir” deyil, ağır cinayətlərdə təqsirləndirilən şəxslərdir. Onların aqibəti Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesinin sonunda müəyyən ediləcək. Şerman kimi şəxslərin bu məsələyə müdaxiləsi isə tamamilə yersizdir.
Qeyd edək ki, avqustun 8-də Vaşinqton sammitində ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra revanşist qüvvələr və erməni lobbisinə xidmət göstərənlər daha da fəallaşıb. Onlar heç cür Azərbaycanın Qarabağ üzərindəki suverenliyini və Zəngəzur dəhlizinin (TRIPP) açılması istiqamətində razılaşmanı qəbul edə bilmirlər. Məhz bu səbəbdən Ermənistandakı müxalif qüvvə və xaricdə lobbiçiliklə məşğul olan təşkilatlar hər cür çirkin üsullara əl atırlar. Erməni lobbisinə bağlı konqresmen və senatorlar bu cür təşəbbüslərlə Tramp administrasiyasının sülh və quruculuq fəaliyyətinə kölgə salmağa çalışırlar.
İndiki dövrdə bu cür təşəbbüslərin konqresdə keçməyəcəyi əvvəlcədən bəlli idi. Çünki iqtidar partiyasının – Respublikaçılar Partiyasının təmsilçiləri qanunverici orqanda üstünlük təşkil edirlər. Donald Trampın ikinci dəfə hakimiyyətə gəlməsi ilə ABŞ–Azərbaycan əlaqələri tarixinin ən uğurlu dövrünə qədəm qoyub. Belə bir vaxtda hansısa düzəlişə cəhdin edilməsi, sadəcə, iki ölkə arasında xoşagəlməz ab-hava yaratmaq niyyətinə yönəlib. Sirr deyil ki, amerikalı senator revanşist güclərlə eyni mövqeyi bölüşən erməni lobbisinin təsirinə düşüb. Bundan başqa, konqresmen Şerman Demokratlar Partiyasının nümayəndəsidir və yaxın keçmişin ənənəsinə baxdıqda, demokratların Cənubi Qafqaz məsələsində çox vaxt ermənilərə rəğbətlə yanaşdıqları müşahidə olunub. Bayden administrasiyası dövründə bunun real təzahürlərini görmüşük. Xüsusilə 2020-ci ildən sonrakı mərhələdə Vaşinqtonun bəzi dairələrinin Azərbaycana qarşı qərəzli yanaşması diqqətdən yayınmadı. Məhz buna görə bu şəxsin anti-Azərbaycan mahiyyətli layihə irəli sürməsi heç bir halda sürpriz kimi qarşılanmadı. Çünki Demokrat Partiyası daxilində uzun illər formalaşmış ermənipərəst mövqelər mövcuddur və bu, erməni lobbisinin güclü təsir imkanlarından qaynaqlanır. Onlar müxtəlif vasitələrlə Konqresdə qərar qəbuletmə prosesinə təsir etməyə çalışır, Azərbaycana qarşı qeyri-obyektiv bəyanatların, qanun layihələrinin dündəmə gətirilməsinə zəmin yaratmağa çalışırlar. Bu baxımdan, Bred Şermanın təşəbbüsü də həmin ənənənin davamı sayıla bilər. Onun təqdim etdiyi düzəlişlərin mahiyyəti, əslində, Ermənistanın maraqlarını qorumağa yönəlmişdi. Burada məqsəd həm Azərbaycanın inkişaf layihələrinin qarşısını almaq, həm də Vaşinqtonun Bakı ilə əməkdaşlıq imkanlarını məhdudlaşdırmaq idi.
Sonda bildirək ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin ikinci ildönümü ərəfəsində erməni lobbisinin fəallaşması gözlənilən idi. Bu tarixi günlərdə bütün ermənipərəst dairələr öz kampaniyalarını intensivləşdirərək ölkəmizə qarşı təzyiqlərini artırırlar. Son iki il ərzində bəzi xarici dairələr Azərbaycanın fəaliyyətini qaralamaq üçün müxtəlif ittihamlar səsləndiriblər. Onlar gah ölkəmizi etnik təmizləmə həyata keçirməkdə, gah da separatçıları və digər şəxsləri əsir götürməkdə günahlandırırlar. Lakin bu iddiaların heç biri reallıqla üst-üstə düşmür və Azərbaycanın haqqı sübuta ehtiyacı olmayan aksiomdur.
Musa BAĞIRLI
XQ