Milli kimliyimizin təsdiqi

post-img

Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il Sərəncamına əsasən, bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizdə xüsusi əhəmiyyət daşıyır. Dövlət Suverenliyi Gününün rəsmi təsis edilməsi 1991-ci ildə müstəqilliyimizin bərpasının, 2020-ci ildə Vətən müharibəsində qazanılmış Zəfərin və 2023-cü il antiterror tədbirlərinin məntiqi yekunudur. Konstitusiya dövlətin hüquqi əsasını, suverenlik isə onun siyasi və milli kimliyini ifadə edir. Birlikdə isə bu anlayışlar müasir Azərbaycanın beynəlxalq aləmdə özünəməxsus statusunu təmin edir, daxildə isə sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır.

Müstəqillik və suverenlik sadəcə hüquqi termin və ya siyasi status deyil, həm də milli kimlik və milli mövcudluq məsələsidir. Hər bir toplum üçün müstəqillik əldə etmək, suveren dövlət qurmaq və onu inkişaf etdirmək bəşəri miqyasda ən böyük milli nailiyyət sayılır. Azərbaycan xalqı tarix boyu saysız-hesabsız sınaqlardan və məhrumiyyətlərdən keçsə də, hər zaman dövlətçilik və bağımsızlıq ideyasına sadiq qalmış, öz milli iradəsini əslər boyu qoruyub saxlamışdır. Bu iradənin nəticəsi olaraq Azərbaycan bu gün özünün ərazi bütövlüyünü təmin etmiş tam müstəqil və suveren dövlət kimi beynəlxalq aləmdə layiqli yerini tutur.

Beynəlxalq hüquqa görə suverenlik dövlətin daxili və xarici siyasətdə müstəqilliyini, heç bir başqa hakimiyyətə tabe olmamasını təsdiq edir. Bu mənada, dövlət suverenliyi anlayışı xalqın öz taleyinə sahib çıxmaq əzminin təcəssümüdür. Azərbaycanın tarixi təcrübəsi göstərir ki, suverenliyin qorunması üçün təkcə hüquqi tanınma kifayət deyil, həm də güclü ordu, milli həmrəylik və uzaqgörən siyasi liderlik tələb olunur. Dövlət suverenliyinin qazanılmasına gətirən yol ulu öndər Heydər Əliyevin uzun illərin təcrübəsinə əsaslanan əvəzsiz xidmətləri, Prezident İlham Əliyevin qətiyyətli siyasi və ideoloji mücadiləsi ilə ərsəyə gəlmişdir.

30 ildən artıq davam edən işğal dövründə ölkəmizin 20 faizdən artıq ərazisi işğal edilmiş, yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmış, tarixi-mədəni irsimiz dağıdılmışdı. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın ərazi bütövlüyünü təsdiq etsə də, onların icra olunmaması beynəlxalq hüquq sistemində ikili standartların olduğunu göstərirdi. Bütün bunlar Azərbaycan xalqının iradəsini sarsıtmadı, əksinə dövlət-xalq birliyindən doğan milli dövlətçilik əzmini daha da gücləndirdi. 2020-ci ilin sentyabrında Ermənistanın yeni hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərdi, torpaqlarımızın böyük hissəsi azad edildi. Azərbaycan yalnız ərazi bütövlüyünü təmin etmədi, həm də beynəlxalq hüququn pozulmuş ədalətini bərpa etdi. 2023-cü ilin aprelində Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması və həmin ilin 19-20 sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə Azərbaycan öz əraziləri üzərində suveren hakimiyyətini tam şəkildə bərpa etdi. Dövlət başçımızın da qeyd etdiyi kimi: “Azərbaycanın dövlət suverenliyi yalnız hüquqi sənədlərlə deyil, real siyasi və hərbi güclə təmin olundu. Beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bütün dünyaya göstərdi”.

Dövlət başçımızın qətiyyəti, yüksək diplomatik səriştəsi, həmçinin bütün məsələlərdə beynəlxalq hüquqa və ədalətə istinad edən prinsipial mövqeyi Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş və beynəlxalq siyasi-iqtisadi sistemə inteqrasiyanı dərinləşdirmişdir. Azərbaycan Prezidentinin sülh və humanizm, hərtərəfli birgə əməkdaşlığı təşviq və təmin edən xeyirxah missiyası qlobal məkanda birliyin, tolerantlığın, sivilizasiyalararası dialoqun, multikulturalizmin dərinləşməsinə töhfə verir, dövlətlərarası səmimi münasibətlərin trayektoriyasını müəyyən edir.

Bu gün Azərbaycan tam müstəqil, suveren dövlət kimi istər siyasi arenada, istərsə də beynəlxalq aləmdə söz sahibidir. Dövlət suverenliyimizin qazanılması müasir Azərbaycan dövlətçiliyinin siyasi fəlsəfəsini və hüquqi legitimliyini təcəssüm etdirən mühüm mərhələdir və bu, 200 ildən sonra xalqımızın əldə etdiyi ən böyük siyasi nailiyyətdir. Dövlət suverenliyinin təmin olunması ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın aparıcı aktoruna çevrilmişdir.

Dövlət Suverenliyi Günü xalqımızın müstəqillik əzmini, dövlətimizin siyasi iradəsini və beynəlxalq arenada qazandığı mövqeyi təsdiq edir. Suverenlik Azərbaycan xalqının milli sərvətidir və onun qorunması gələcək nəsillərin ən ali vəzifəsidir.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı

Siyasət