Azərbaycanın zəfər marafonu davam edir

post-img

İlham Əliyevin lider, diplomat və sərkərdə məharəti 4 kəndimizi dinc yolla xalqımıza qaytardı

Nəhayət, gözlədiyimiz gün yetişdi. Qazax rayonunun erməni işğalı altında olan dörd kəndinin qaytarılması razılaşdırıldı. Müjdəli xəbər dünən günün sonuna yaxın açıqlandı. Bu barədə iki ölkə arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələlə­ri üzrə komissiyanın səkkizinci görüşündə razılığa gəlindi. 

Görüşlə bağlı yayılan məlu­matda delimitasiya prosesinin il­kin mərhələsində tərəflərin sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respub­likalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əski­para (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsi razılaşdırılıb bil­dirilib.

Həmçinin qərara alınıb ki, sər­həd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq, dəqiqləş­dirilməsi nəzərə alınmaqla tərtib edilməli və bu, tərəflər arasında 2024-cü il mayın 15-dək müvafiq protokol-təsvirlə sənədləşdirilərək, razılaşdırılmalı və imzalanmalıdır.

Sözsüz ki, 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən ölkəmizə qaytarılması ardıcıl qələbələr qazanan Azərbaycanın və Prezident İlham Əliyevin növbəti Zəfəridir. Azər­baycanın bir qarış torpağından, o cüm­lədən Qazax rayonunun işğal altındakı kəndlərindən də vaz keçməyəcəyi gün kimi aydın idi. 2016-cı ilin Aprel döyüş­ləri ilə əsası qoyulan, 2018-ci ilin may ayında qazanılan Günnüt zəfəri ilə davam etdirilən qələbələrimiz 2020-ci ildə 44 günlük Vətən müharibəsində özünün məntiqi sonluğuna çatdı. Bu qələbə 2023-cü ilin sentyabrında suve­renliyin tam bərpası, rus sülhməramlı­larının bölgədən çıxmasından sonra Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsi və müjdəsidir.

Dövlətimizin başçısı qeyri-ank­lav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı. Ötən müd­dət ərzində mövzu daim gündəlikdə saxlanıldı və bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparıldı. Hələ 2023-cü il oktyabrın 7-də Avropa İttifaqı Şu­rasının prezidenti Şarl Mişellə telefon danışığında Prezident İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Er­mənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad edilməsinin vacibliyini vurğulamışdı.

Əslində, aprelin 19-da əldə olunmuş razılıq sərhədin delimitasiyası istiqamə­tində atılan ilk addımdır. Delitimasiya prosesinin məhz bu istiqamətdən baş­laması da Azərbaycanın təkidi sayəsin­də oldu.

Eyni zamanda, Azərbaycanın, guya, Ermənistana hücum etməyə ha­zırlaşması, Hayastan ərazisində hərbi hədəflərin olmasına dair Fransa və di­gər Qərb dövlətlərinin təbliğatı da bir daha ifşa olundu. Rəsmi Bakı ABŞ və Aİ-nin bu məsələlərə müdaxiləsinə im­kan vermədi. Baxmayaraq ki, Qərbin bir sıra ölkələri, o cümlədən Fransa Azərbaycanın Ermənistana hücuma hazırlaşdığına dair dayanmadan yalan məlumatlar yayır, dünya ictimaiyyətini çaşdırmağa çalışırdılar. Onlar bu gün də öz siyasətlərini yaydıqları yalanlara uyğunlaşdıraraq aparırlar. Ermənistana hər cür köməyin, ilk növbədə isə hərbi yardımın göstərilməsini məhz “bu arqu­mentlə əsaslandırmağa” cəhd edirlər. Amma, rəsmi İrəvanın 4 kəndi sülh yolu ilə qaytarmağa razılıq verməsi həm də ölkəmizin qonşu dövlətə qarşı heç bir hücuma hazırlaşmadığının və bütün məsələlərin dinc yolla həllinin tərəfda­rı olduğunun ifadəsidir. Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni həll etdilər. Odur ki, Qərbin bəzi dövlətləri və neo­imperialist dairələr proseslərdən nə qə­dər uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq bir o qədər tez tə­min oluna bilər. Əslində, bu hadisə Er­mənistanı yeni müharibəyə sürükləmək istəyənlərə də tutarlı cavab oldu.

Bəli, Azərbaycan öz məqsədinə doğ­ru addım-addım, həm də liderinə böyük etimad və inamla irəliləyir. Qarabağda erməni separatizminin kökünü qazan, Xankəndini xunta rejimindən təmiz­ləyərək, orada üçrəngli bayrağımızı dal­ğalandıran Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yenə dedi­yi sözün ağası olduğunu sübuta yetirdi. Xalqını qələbələrdən qələbələrə apa­ran, zəfərlərin paradını sıralayan, nəyi, necə və nə zaman etdiyini dəqiq bilən liderin sərkərdə və diplomat dühasına heyran qalmamaq mümkün deyil. Bu gün, sadəcə, o dörd kənddən didərgin salınmış soydaşlarımızın sevindiyi gün deyil. Bu gün bütövləşmiş Azərbaycanın bütün vətəndaşlarının, dünya azərbay­canlılarının qürur duyduğu gündür.

Bu gün “dəmir yumruq” ətrafında sıx birləşən xalqımıza təkcə ermənilər de­yil, bütün dünya qibtə edir. Çünki onun layiq olduğu liderinin yaratdığı uğur tablosuna baxıb sevinməyə haqqı var. Xalqımıza daim sevinmək və qürur duy­maq yaraşır!

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

Dörd kəndin qaytarılması göz­lənilən hadisə idi. Şükürlər olsun ki, Nikol Paşinyan iqtidarında bu məsələni münaqişə müstəvisinə çəkməklə deyil, beynəlxalq hüquq çərçivəsində həll etməyə ağılları çatdı. Axı, İrəvan Azərbaycanın əra­zi bütövlüyünü və sərhədlərini tanı­dığını elan edib. Bizim işğal altında saxladıqları kəndlərimizdən çıxmaq tələbimizdən boyun qaçırmaq müm­kün deyildi. Sadəcə olaraq, qarşı tərəf anladı ki, bu məsələ ya xoşluq­la, sual doğuran digər məsələlər də kompromislə, hüquqi müstəvidə öz həllini tapacaq, ya da Bakı alternativ varianta əl atacaq. Bu isə Ermənis­tana müsbət heç nəyi vəd etmirdi. Paşinyanın həmin bölgəyə iki dəfə səfər etməsi, kənd sakinləri ilə gö­rüşməsi sənədin imzalanmasına hazırlıq mərhələsi idi. Yəni, proses qarşılıqlı maraq və istəklər nəzərə alınmaqla başa çatdı.

İndi tərəflərə müəyyən vaxt ve­rildi. Bəli, bizim hərbçilərin dərhal həmin kəndlərə yerləşməsi ermə­niləri vahiməyə sala biləcəyinə görə müəyyən vaxta ehtiyac var. Azərbay­canın strateji yüksəkliklərdə mövqe tutması ərazini dəqiqliklə nəzarətdə saxlamaq üçün daha əlverişlidir. Bütün hallarda bizim üçün ən vacib məsələ Ermənistan qoşunlarının oradan çıxarılmasıdır. Ardınca həm hərbi istehkamların demontaj edil­məsi, həm də ərazinin minalardan təmizlənməsi prosesi başlayacaq. Yalnız bundan sonra bərpa-qurucu­luq işlərinə start verilə bilər. Yeni yol çəkmələri üçün də ermənilərə vaxt verilib. Əlbəttə ki, bu növbəti qələbə cənab Prezidentin təmkinli, ardıcıl və uğurlu siyasətinin nəticəsidir.

Aydın QULİYEV, 
siyasi şərhçi

Dörd kəndin azad olunması bi­zim mühüm tarixi qələbələrimizdən biridir. O mənada ki, bir güllə belə atmadan, hərbi əməliyyat aparıl­madan yalnız diplomatiyanın və siyasətin gücü ilə 4 kəndin qay­tarılmasına nail olmaq, doğrudan da, böyük uğurdur. Onu da nəzərə almaq lazımdır ki, kəndlərin qay­tarılması ilə bağlı İrəvanın, necə deyərlər, yola gətirilməsi Ermənis­tanda çox ciddi siyasi çəkişmələr şəraitində baş tutub. Biz bilirik ki, Er­mənistan hakimiyyəti özü məsələyə müəyyən qədər anlayışla yanaşsa da, orada çoxlu revanşist qüvvələr var. Xüsusilə kilsə hər vasitə ilə 4 kənd məsələsində ciddi müqa­vimət mövqeyində idi. Onlar heç bir güzəştə gedilməsinin tərəfdarı de­yildilər. Bu şəraitdə Azərbaycanın siyasi-diplomatik təzyiqləri, nəhayət, Ermənistanı güzəştə getməyə va­dar etdi və 4 kənd geri qaytarıldı. Bu, böyük qələbədir. Onu məzmun etibarilə Vətən müharibəsindən son­rakı dövrdə Ağdamın, Kəlbəcərin və Laçının qaytarılması ilə müqayisə etmək olar. Onlar da bir güllə atıl­madan azad olunmuşdu. Amma hər halda 4 kəndin döyüşsüz azad olunmasını tarixi şəraitdəki məzmu­nuna görə daha üstün hesab etmək lazımdır. O mənada ki, rayonların qaytarılması müharibədən dərhal sonra baş vermişdi və bununla bağ­lı razılıq əldə edilmişdi. Ermənistan üçtərəfli bəyanatda 3 rayonu könüllü və döyüşsüz azad edəcəyinə razılıq vermişdi və həmin şərt çərçivəsin­də müharibə başa çatdırılmışdı. Ancaq 4 kəndimizi biz 10 noyabr razılaşmasından sonrakı dörd il ər­zində çox gərgin diplomatik, siyasi çəkişmə şəraitində azad etməyə nail olduq. Həm də dediyim kimi, Ermənistanda revanşist qüvvələrin çox ciddi müqavimətinə baxmaya­raq, biz bunu həyata keçirə bildik. Əlbəttə, bu, Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin böyük nailiyyətidir. Aparılan uğurlu siyasətin və parlaq diplomatiyanın real nəticəsidir.

Səməd SEYİDOV, 
Milli Məclisin deputatı

Hazırda Azərbaycanda böyük qələbənin sevinci yaşanır, Qazaxda toy-bayramdır. Qazaxlılar əmin idilər ki, həmin kəndlər azad ediləcək. Hər görüş və tədbirdə cənab Preziden­tin siyasətinə dəstək verərək onlar kəndlərin qaytarılacağına inandıqla­rını vurğulayırdılar. Həmin tarixi anın şahidiyik. Buna görə də Qazaxdan seçilmiş deputat kimi rayon əhalisi adından cənab Prezidentə təşək­kürümü bildirir və sevinc hisslərimi çatdırıram.

Biz illər boyu bunu gözləyirdik. Bugünlərdə rayonda keçirilən kon­fransdan öncə şəhidlərin məzarı­nı ziyarət etdik. Orada həyatlarını itirənlərin bir qismi indi qaytarılan kəndlər uğrunda gedən döyüşlərdə şəhid olmuşdular. Biz orada əminli­yimizi bildirdik ki, haqq-ədalət öz ye­rini tapacaq və bu gün Qazax inkişaf etdiyi kimi həmin kəndlər də inkişaf edəcək. Görürüsünüz, indi həmin tarixi günü yaşayırıq. Ümumiyyətlə, onu deməliyəm ki, Prezident İlham Əliyevin apardığı siyasətə qiymət vermək üçün söz tapmaq çətindir. Bu, sadəcə möcüzədir. Həm torpaq­larımız işğaldan azad edildi, həm Qarabağ separatçılardan təmizlən­di. Eyni zamanda bəzi bədxahlar deyirdilər ki, rus ordusu Qarabağ­dan çıxmayacaq. Rus sülhməram­lıları da ərazini tərk etdi. Kəndlər qaytarılmayacaq dedilər, qaytarıldı. Yollarımız da, Zəngəzur dəhlizi də açılacaq. Ümummilli lider vaxtilə de­yirdi ki, Azərbaycan dünyaya Günəş kimi doğacaq. Həmin günləri yaşa­yırıq. Azərbaycanın işğalda olan son kəndlərinin geri qaytarılmasına görə çox sevinirəm.

Ermənilər çox gözəl başa dü­şürlər ki, Azərbaycanın yaratdığı reallığa müqavimət göstərməyə, nəinki, gücləri yoxdur, onu reallış­dırmağa məcburdurlar. Ona görə də biz deyənlə razılaşırlar və bu pro­seslər gedir. Bu yaxşı haldır. Kons­titusiyalarını dəyişsinlər, kəndləri də qaytarsınlar və normal dövlət qur­sunlar. Müstəqil olmaq istəyirlərsə, olsunlar. Cənab Prezident demiş­kən müstəqil olmaq istəyirsən ol, istəmirsənsə, dirəkdən bayrağı en­dir, bük cibinə qoy. Müstəqil olmaq istəyirsə, aparıcı qüvvələrin fikrini, mövqeyini mütləq nəzərə almalısan. Kəndlərin qaytarılması heç də öz­başına baş verən hadisə deyil. Bu, Azərbaycanın apardığı sülhsevər si­yasətin məntiqi nəticəsidir. Azərbay­canın təklifləri nəzərə alınmazsa, Ermənistanın gələcəyi yoxdur.

İmran BƏDİRXANLI,
Səxavət HƏMİD, 
XQ









Siyasət