Brüssel görüşünün siyasi və hüquqi nəticələri

post-img

Aprelin 5-də Brüsseldə keçirilən Aİ-Ermənistan-ABŞ sammiti və imzalanmış müqavilə rəsmi sənədlər üzərində Ermınistana iqtisadi yardımları nəzərdə tutsa da, reallıqda bu prosesin daha uzunmüddətli strategiyaya hesablandığı görünür.

Bu sammitdən öncə ABŞ dövlət katibi Entoni Blinkenin və Aİ kommisiyasının rəhbəri Ursula Fon Der Lyayenin Azərbaycan prezidenti cənab İlham Əliyevə zəng etməsi ondan xəbər verir ki, tərəflər Ermənistana görə Azərbaycanla münasibətləri zərbə altına qoymaq niyyətində deyillər, yaxud elə görünmürlər.

Ona görə də, müəyyən qədər də olsa demək olar ki, bu məsələnin daha çox kimə qarşı yönəldiyi və hansı hədəflərin olduğunu görmək çətin deyil.

Hadisələrin gedişi və baş verənlər onu göstərir ki, yeni dünya düzənində bəzi regionlar dünya gücləri arasında əl dəyişdirməyə doğru gedir.

Rusiya-Ukrayna müharibəsi bu prosesi bir az daha sürətləndirməkdədir.

Ermənistan Fransa, Hindistan, Yunanıstan tərəfindən sürətli şəkildə silahlandırılır. Beləliklə, bölgə dövlətləri ciddi təzyiqlərə məruz qalır. Uzun illər bölgədə dominant rol oynamış Rusiya bölgədə sıxışdırılır. Fransa ABŞ-nın və Aİ-nin kölgəsi altında bölgəyə gəlməyə çalışır. Bunu Aİ-nin "mülki missiya"sını Ermənistan-Azərbaycan şərti dövlət sərhəddinə gətirməklə müəyyən qədər bacarıblar.

İran Ermənistanın son addımlarına hələki susqunluq göstərir. Yəni İran hər nə qədər ABŞ başda olmaqla Qərbi, NATO-nu özünə düşmən bilsə də, Ermənistanın onlarla yaxınlaşmasına səs çıxarmır. Son günlər Rusiya Ermınistana və Qərbə ciddi şəkildə narahatlıq və narazılıqlarını bildirir.

Eyni zamanda, Azərbaycanın əzəli və əbədi müttəfiqi Türkiyə Ermənistanın regionda yaratmış olduğu vəziyyətlə bağlı narahatlığını XİN və Müdafiə Nazirliyi vasitəsi ilə dilə gətirir.

İkinci Qarabağ savaşından sonra Azərbaycan və Tükiyənin təklif etdiyi "Altılıq Platforma"(Azərbaycan, Gürcüstan və Ermənistan + Türkiyə, Rusiya və İran) isə hələki   tam şəkildə reallığa çevrilə bilmir. Bu da, regionun problemlərinin daxildə həll olunması deyil, regiondan kənar güclərin təsirinə düşməsinə səbəb olur.

Çin isə Hindistandan fərqli olaraq regionda baş verənləri müşahidə etməklə məşğuldur. Bir müddət öncə isə Azərbaycan və qardaş Pakistan arasında 1,6 milyard dollarlıq müdafiə sahəsində anlaşma imzalandı. Bu anlaşmaya əsasən, Azərbaycan önümüzdəki bir neçə il ərzində Pakistandan Çin və Pakistan istehsalı olan JF-17 qırıcı-döyüş təyyarəsi və digər lazımı müdafiə təyinatlı məhsullar almağı planlaşdırır. Əlbəttə ki, Azərbaycanın müdafiə qabiliyyətini artırması hansısa dövlətə və ya dövlətlərə qarşı yönəlməyib. Burada məqsəd müdafiə qabiliyyətinin artırılmasıdır.

Azərbaycandan fərqli olaraq Ermınistan isə həm özü, həm də ona dəstək verən qüvvələr silahlanmanı müxtəlif bəhanələrlə yayındırmağa çalışsalar da, Azərbaycana qarşı istifadə etmək niyyətində olduqlarını gizlədə bilmirlər.

Baş verənlərə daha geniş miqyasda baxsaq görə biləcəyik ki, Cənubi Qafqaz uğrunda gedən hələki qeyri-silahlı savaşda güclər dörd hissəyə bölünüblər.

Birinci hissə hadisələrin mərkəzində olan dövlətlərdir ki, bunlar Ermənistan və Azərbaycandır. Yəni müxtəlif vasitələrdən istifadə edilməklə müharibəyə təhrik edilən tərəflər bu dövlətlərdir.

İkinci hissə hadiələrin mərkəzində olmayan, amma regionda münaqişənin baş verməsində maraqlı olan və onu müxtəlif variantlarla qızışdırmağa çalışan dövlətlər. Bu dövlətlər isə Fransa, Hindistan,  Yunanıstan və ABŞ-dır. Bu ölkələr öz maraqları baxımından bölgədə daimi gərginliyin olmasında maraqlıdırlar.

Üçüncü hissə isə hadisələrin içində olmayan və baş verənləri beynəlxalq hüquq çərçivəsində həllinə çalışanlardır. Bu dövlətlər Türkiyə, Pakistan, Gürcüstan, İsrail və Almaniyadır. Onların məqsədi regionun beynəlxalq hüquqa əsaslanan formada idarə edilməsidir.

Dördüncü hissə dövlətlər isə müşahidəçi dövlətlərdir. Yəni baş verən hadisələrin kənardan müşahidə edilməsi. Bu dövlətlər Çin, Böyük Britaniyadır. Bu dövlətlər daha çox müşahidəçi mövqe tutmaqla, baş verən hadisələr daha diqqətlə izləyir və təhlil aparırlar.

Görünən ondan ibarətdir ki, Cənubi Qafqazda Ermənistan uğrunda Rusiya və kollektiv Qərb arasında mübarizə qızışır. Bu mübarizənin təsirləri ya Zəngəzur dəhlizinin açılması, ya da regionun uzunmüddətli münaqişəyə cəlb edilməsi ilə müşayət ediləcəyi gözlənilir.

Bir sözlə, Cənubi Qafqazda vəziyyət yenidən qarışmağa başlayır. Regionda onsuzda kövrək olan sakitli hər gün biraz daha zəifləyir. Ermənistan tərəfinin yenidən sərhəddə atəşkəsi pozması isə, regionda gözlənilən yeni hərbi qarşıdurmanın ayaq izlərini hiss etdirməkdədir.

Kamran Behbudov

ADA Universitetinin professoru

Siyasət