Qərbin Cənubi Qafqazda təhlükəli oyunu

post-img

Ermənistan “Böyük Oyun”da piyada rolunda

İrəvanın “dostları” yenə iş başındadılar. Ermənistanın himayədarları  regionda ikinci Ukrayna böhranı yaratmağa hazırlaşırlar. Baş nazir Nikol Paşinyan aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək. Bununla bağlı jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. Onun sözlərinə görə, Brüsseldə “Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yolları” müzakirə ediləcək. A.Qriqoryan hərbi əməkdaşlıq və Ermənistan üçün təhlükəsizlik təminatı məsələlərinin danışıqların gündəmində olub-olmadığı barədə hər hansı bir məlumat verməyib. Ancaq Rusiyanın təhlükəsizlik qüvvələrinə yaxın bir sıra teleqram- kanallar, o cümlədən “Военный Осведомитель” belə bir məlumat yayıblar ki, Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşdə Cənubi Qafqaz regionu üçün təhlükəli plan müzakirə olunacaq. 

Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gələrək ərazi bütövlüyünü bərpa etdi. Otuz illik erməni işğalına son qoymaqla rəsmi Bakı regionda yeni geosiyasi mənzərənin formalaşmasının bünövrəsini qoydu. Postmünaqişə dövründə cərəyan edən proseslərin gedişi də belə deməyə əsas verir ki, bu yeni nizam, reallıq region ölkələrinin münasibətlərində yeni səhifənin açılmasına şərait yaradır. Lakin qarşıdurmadan qarşılıqlı faydalı əməkdaşlığa keçidi nəzərdə tutan yeni reallıqlar qeyri-region ölkələri razı salmır. Qərb ölkələri daha uzağı hədəfləyən geosiyasi planlarını həyata keçirmək məqsədilə regionun zəif bəndinə çevrilmiş Ermənistandan faydalanmağa çalışırlar. Rusiyanın “Военный Осведомитель” teleqram kanalı yazır ki, aprelin 5-də təkcə ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen deyil, həm də bu yaxınlarda Cənubi Qafqaza səfəri zamanı İrəvanda N.Paşinyanla görüşən NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə görüş hazırlanır. 

Həmçinin güman edilir ki, ABŞ və Avropa İttifaqı Ukrayna ilə imzalanan sazişlərə bənzər Ermənistana təhlükəsizlik zəmanəti vermək üçün pakt imzalamağa hazırlaşır. Rusiyalı mütəxəssislərin fikrincə, belə olan halda regionda geosiyasi hadisələr sürətlə inkişaf etməyə başlaya bilər. Belə ki, Ermənistanın KTMT-də iştirakını “dondurmasından” sonra məntiqi addım İrəvanın təşkilatdan çıxması, eləcə də Rusiyanın Gümrüdəki 102-ci bazasının ləğvi prosesi başlanacaq. Bu da faktiki olaraq rus qoşunlarının Ermənistan ərazisindən çıxarılması ilə yekunlaşacaq. Gözlənilir ki, İrəvan tərəfindən çıxarılacaq Rusiya sərhədçilərinin yerinə artıq sərhəddə yerləşdirilmiş Avropa Monitorinq Missiyasının (EUMA) tərkibində göndərilə bilən ABŞ hərbçiləri olacaq.  Rusiya hakimiyyəti də hesab edir ki, bu missiya Aİ ölkələrinin, xüsusən də Fransanın kəşfiyyat orqanlarının fəaliyyəti üçün qanuni örtükdən başqa bir şey deyil. 

Rus teleqram-kanallarının Qərbin Ermənistanla bağlı yaydıqları bu plan kifayət qədər təhlükəlidir. Çünki Brüsseldə belə bir danışıqların aparılması, Ermənistana təhlükəsizlik zəmanətinin yaradılması Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək deyil, məsələni birtərəfli qaydada həll etmək cəhdidir. Bu, əlbəttə ki, Azərbaycanın maraqlarına cavab vermir və ölkəmizə qarşı atılan addım kimi qiymətləndirilməlidir. Doğrudur, üçtərəfli danışıqlarda NATO baş katibinin də iştirak edəcəyi xəbəri bir qədər inandırıcı görünmür. Ən azından ona görə ki, Şimali Atlantika Alyansı kollektiv təşkilatdır və hər hansı bir ölkəyə təhlükəsizliyin təminatına zəmanət verə bilməz.

Bununla belə, Armen Qriqoryanın elan etdiyi Brüssel görüşü İrəvanın ABŞ və Avropa İttifaqından hansısa “təhlükəsizlik zəmanəti” almaq səylərini davam etdirdiyini təsdiqləyən növbəti ehyamdır. Təhlükəsizliyin təminatı məsələsində Rusiyaya bağlılığını “strateji səhv” adlandıran İrəvan regiondan uzaqlarda təhlükəsizlik çətiri axtarır. Ukrayna münaqişəsindən sonra Avropada təhlükəsizlik arxitekturasının dağıldığını bildirən “Köhnə qitə” və onun okeanın o tayındakı strateji müttəfiqi də belə çətiri İrəvana təqdim etməyə hazır olduğunu açıqlayır. Qərbin belə canfəşanlığı Ermənistanı, necə deyərlər, xilas etməklə bağlı deyil. Avropa strateji rəqib hesab etdiyi Rusiyanı regiondan uzaqlaşdırmaq üçün Ermənistanı “əlverişli platforma” kimi qiymətləndirir. 

Əlbəttə, belə bir görüşün keçirilməsi Aİ-nin missiyasından sonra Qərbin daha geniş miqyasda  regiona hərbi cəhətdən daxil olması cəhdidir. Hazırda region çox həssas dövrünü yaşayır. Otuz il qarşıdurma şəraitində yaşayan Azərbaycan və Ermənistan sülh müqaviləsi üzərində çalışırlar. Belə həssas dönəmdə Qərbin ermənilərə təhlükəsizlik çətirini uzatmaq istəyi regionda partlayışa və formalaşmaqda olan regional təhlükəsizliyə böyük zərbə ola bilər.

Heç kimə sirr deyil ki, Avropa İttifaqı regionda öz təsirini gücləndirməyə çalışır. Bu da ona gətirib çıxarır ki, Ermənistan rəhbərliyi nizamlanma prosesinin məntiqi sonluğa yaxınlaşmasına çalışmır. Yəni İrəvan “Köhnə qitə”dən göndərilən belə şirin vədlərin fonunda düşünür ki, sülh müqaviləsinin imzalanmasını təxirə salmaq olar. Amma aydındır ki, Aİ-nin belə vədləri regiona sülh gətirməyəcək. Onun yeganə vəzifəsi Avropanın regionda təsirini gücləndirmək, hansısa yolla öz yerini tutmaqdır. Aprelin 5-də keçirlməsi nəzərdə tutulan görüş də bu qəbildəndədir və Ukraynanın ardınca indi də Rusiyanı Cənubi Qafqazdan, daha sonra isə Mərkəzi Asiyadan  sıxışdırıb çıxartmaq planının işə salınmasıdır. 

Moskva, əlbəttə ki, belə ssenariyə sərt verəcək. Avqustun əvvəlində rus sərhədçiləri Zvartnots hava limanını tərk edəcəklər. Moskvada artıq bir çox insan İrəvana qarşı sərt bəyanatlar səsləndirir və heç bir şübhə yoxdur ki, bunlar, sadəcə, söz deyil. İrəvan Qərbi razı salmaq üçün ənənəvi müttəfiqi olan Moskvadan uzaqlaşmağa çalışsa da, Ermənistan bir çox məsələlərdə Rusiyadan asılıdır. Xüsusilə söhbət enerji sektorunda total asılılıqdan, eləcə də Ermənistan ixracatının təxminən 40 faizinin Rusiyaya getməsindən gedir. Qisası, Moskvanın İrəvanı cəzalandırmaq üçün geniş imkanlara malikdir və Rusiya cənub sərhədlərində ikinci Ukrayna böhranın yaradılmasına dözməyəcək. Çox güman ki, Moskva bunu öz reputasiyasına zərbə kimi qəbul edəcək və bu, Kremli cavab tədbirləri görməyə məcbur edəcək. 

Bu plan İranın da maraqlarına cavab vermir. Tehranın potensial reaksiyasını nəzərə alsaq, Ermənistan üçün ssenari daha da pisləşəcək. İranın Qərb dövlətləri ilə uzun müddətdir çətin münasibətlərdə olduğu hamıya məlumdur. Məhz bu səbəbdəndir ki, Qərb dövlətlərinin təsirinin qonşu Ermənistana yayılması Tehranda çox ciddi təhlükə kimi qiymətləndirilir. Ona görə ki, ABŞ və Avropa hərbçiləri İrana çox yaxın olacaq, bu da qarşıdurma riskini artıracaq. Tehran da Moskva kimi, sərhədləri yaxınlığında Qərb hərbçilərinin peyda olmasını İrəvana bağışlamayacaq. Bəzi məlumatlara görə, artıq İranın xüsusi xidmət orqanlarının əməkdaşları müxtəlif adlar altında Ermənistana keçməyə başlayıblar və onların qarşıdan gələn dövrdə baş verə biləcək hadisələrdə rolunu ehtimal etmək bir o qədər də çətin deyil.

Bir sözlə, ABŞ başda olmaqla Qərb dövlətləri bütün dünyada, o cümlədən də Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirmək, ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolunu tutublar. Qərb ölkələrinin maraqlarını regional təhlükəsizlik balansına əlavə etmək, onları Rusiya və İranın mövqeyi ilə toqquşdurmaq Ermənistanı böyük dövlətlərin maraqları uğrunda döyüş poliqonuna çevirəcək. Əlbəttə ki, bu mübarizədə İrəvanın istənilən nəticəni əldə etmək üçün vəziyyətə təsir rıçaqları yoxdur. Bu ssenaridə vasitə olan Ermənistanı yalnız Ukraynaya və ya Livana çevrilmək aqibəti gözləyir.  

S.ELAY

XQ

Siyasət