Avropa Parlamenti, yoxsa Klermon kilsə məclisi?!

post-img

2024-cü ildə 1095-ci ilin “təfəkkürü” 

Avropa Parlamenti “Ermənistanla Avropa İttifaqı arasında daha sıx əlaqələrin yaradılmasının, Azərbaycanla Ermənistanın sülh sazişinin vacibliyi və digər məsələlər haqqında” qətnamə çıxarıb. Bəribaşdan deyək ki, sənəd qurumun əvvəlki səfsəfələrinin, bir növ, davamıdır. Amma ölkəmizə qarşı qərəz ritorikasının üstünlüyü baxımından hazırkı qətnaməni fərqləndirmək mümkündür. 

Hiss olunur ki, avroparlamentarilər Er­mənistanın müdafiəsi “vəzifəsinin” icrasına daha ciddi girişiblər. Onların tonuna diqqət yetirəndə tarixi “Səlib yürüşləri” dövrünün mənzərəsi canlanır. Sanki 1095-ci ildir, Roma papası II Urban Klermon kilsə məc­lisində çıxış edir və İsa peyğəmbərin (ə.) qəbrinin kafirlərdən xilasına çağırır. 

İndi Avropa Parlamentinin deputatları II Urbanın yerindədirlər və Ermənistanı qorumaq, Azərbaycanı lənətləmək yolu tuturlar. Parlament deyil, absurd teatrdır. Həmin teatrda toplaşanların 504-ü qət­namənin lehinə, 4-ü əleyhinə səs verib, 32 deputat isə bitərəf qalıb. 

AP-nin qətnaməsi, ümumən, iki his­sədən ibarətdir. Birinci hissədə sənədin nə üçün qəbul edildiyi əsaslandırılır, ikinci hissədə isə konkret tələblər irəli sürülür. Hər iki hissəni nəzərdən keçirərkən, Er­mənistanın bugünkü xarici siyasət kur­sunun ayrı-ayrı detalları, o cümlədən, beynəlxalq miqyasdakı ermənipərəst qüvvələrin yeritdikləri anti-Azərbaycan si­yasətinin müxtəlif fraqmentləri göz önünə gəlir. 

Beləliklə, qətnamənin qəbulunu zə­ruri edən “səbəblərdən” söz açaq. Sən demə, Ermənistanın bu ilin fevralın­da Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu qəbul etməsi və quru­ma üzvlüyü ona əlavə dividend qazan­dırıbmış. Yəni, İrəvanın müdafiəsi həm də buna görə vacib imiş. Əlbəttə, başqa məsələlər də var. Bunlardan biri Ermə­nistanla Avropa İttifaqı arasında əmək­daşlığın dərinləşməsinə duyulan ehti­yacdır. Bu ehtiyac ona görə yaranıb ki, Hayastanı Azərbaycandan “müdafiə et­mək” lazımdır. Müdafiənin hüquqi istinad nöqtəsi isə 1991-ci ilin Alma-Ata Bəyan­naməsidir. O bəyannamə ki, Ermənistan onu otuz ilə yaxın müddətdə Azərbayca­nın torpaqlarını işğalda saxlamaqla heçə sayıb. Əlbəttə, bu amil pensioner depu­tatlar üçün heç nədir.

Sən demə, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən il AP-dəki çıxışı da hazırkı qətnamənin qəbulu üçün əsas götürülməli məqamdır. Avroparlamenta­rilər erməni hökumət rəhbərinin nitqini Qərbə tam sadiqlik jesti kimi qiymətlən­diriblər. Aydın görünür ki, onlar üçün “biz­dən olan və bizdən olmayanlar” formulu əsasdır. Haqq və ədalət anlayışı isə bu formulun arxasınca sürünür. 

Qətnamənin qəbulunu zəruriləşdirən və Ermənistanın müdafiəsinin vacibliyini əsaslandıran daha bir məqam isə ölkə­nin, guya, demokratikliyidir. Görünür, AP-nin deputatlarının bir çoxunun gözü kor, qulağı kardır. Ona görə də, erməni mediasını izləyib, Paşinyanın öz əleyh­darlarına qarşı hansı repressiv tədbirlər gerçəkləşdirdiyindən “məlumatsızdırlar”. Hesab edirlər ki, erməni demokratiyası Aİ-nin rəhbər tutduğu prinsiplərin tərkib hissəsidir. Söhbət demokratiyadan düş­müşkən, qətnamədə Rusiya tərəfindən Ermənistandakı demokratik prosesləri boğmaq cəhdinin mövcudluğundan söz açılır, Kremlin bu istiqamətdə dezinfor­masiya kampaniyası apardığı vurğulanır. 

Qətnamədə Ermənistanın qorunma­sını zəruriləşdirmək baxımından daha bir cəhətə diqqət yetirək. Paşinyan ölkə­sinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurduğunu deyib. Sənəddə isə bildirilir ki, buna görə Fransa, Yunanıstan və Aİ-yə üzv digər dövlətlər onun müdafiə qabiliyyətinin gücləndirilməsini qayğısına qalmalıdır­lar. Çox güman ki, AP-nin deputatlarının Fransanın Ermənistana Hindistan va­sitəsilə ötürdüyü silah-sursatdan məlu­matları var. Hələ Hindistan–Ermənistan hava məkanı məsələsi də gündəmdədir və vurğuladıqlarımız Cənubi Qafqazdakı durumu gərginləşdirməyə xidmət edir. Görünür, AP-nin qətnaməsinin daha bir məqsədi həmin gərginliyi, belə demək mümkünsə, leqallaşdırmaqdır. 

Ermənistanın iqtisadi cəhətdən hələ də Rusiyadan asılılığı. AP-nin qərəzli ka­ğız parçasını əsaslandıran növbəti tezis budur. Əlbəttə, Avropada yaxşı başa dü­şürlər ki, rəsmi İrəvanın ölkədəki iqtisadi artım, inkişaf barədəki fikirləri sabun kö­püyündən başqa bir şey deyil. El dilində desək, itin araba kölgəsində yatmasın­dan xəbərdardırlar. 

Onu da yaxşı bilirlər ki, qrant pulları hesabına qurulmuş Ermənistanın ha­zırkı iqtidarını saxlamaq üçün əlavə və­sait lazımdır. Yəni, demokratiya yalnız gəlişigözəl ifadələr toplusu deyil, həm də rifahdır. 2018-ci ildən bəri Paşinyan sıravi erməniləri yalnız gözəl ifadələrlə “yemləyir”, rifah aləti yaratmır, yaxud ya­rada bilmir. Acın qılınca çapması reallığı­nı nəzərə alsaq, hazırda erməni aclarını doyuran yenə Rusiyadır. O zaman Ermə­nistanı qorumaq üçün kim əlini cibinə at­malıdır? Əslində, AP-nin qətnaməsindəki Rusiyadan asılılıq motivi budur. Görünür, xaricdəki erməni lobbi və diaspor təşki­latları qoca avroparlamentarilərə reallığı əks etdirən tezis də ötürüblər. İkincilərin isə birincilərdən aldıqları rüşvətin miqdarı o qədər çoxdur ki, qətnamələrində Ermə­nistanı bəsləmək çağırışı səsləndirirlər. 

Əlbəttə, Aİ-nin beyin mərkəzləri də Er­mənistanın Rusiyadan asılılığının aradan qaldırılmasına həssas yanaşırlar. Amma böyük vəsait ayırmaq istəmirlər. Yəqin, İrəvana, necə deyərlər, balıq vermək yox, balıq tutmağı öyrətmək istəyirlər. Çox güman, məsələ ətrafında xeyli düşü­nüb və qərara gəliblər ki, yalnız erməni avantürizmini alovlandırmaqla sözüge­dən vəzifənin həlli mümkündür. Buna görə AP-nin qətnaməsini “zəruriləşdirən” növbəti amil kimi Azərbaycanın antiter­ror tədbirləri və ölkəmizin “Qarabağdan ermənilərin çıxarılmasına görə məsuliy­yətinin müəyyənləşdirilməsinin vacibli­yi” götürülür. Bu amilin arxasınca Aİ-nin Azərbaycan və Ermənistan arasında sülh şərtlərini aktiv şəkildə dəstəkləməsinin bildirilməsi isə əsl məqsədin pərdələn­məsi, saxta tərəfsizlik nümayişidir. 

Ancaq qətnamənin növbəti tonu göstərir ki, ortada tərəfsizlik adlı heç nə yoxdur. Belə ki, sənəddə Azərbaycan və Ermənistan arasında birbaşa sülh danı­şıqlarının getməsi reallığının, ölkələrin delimitasiya və demorkasiya ilə bağlı fikir ayrılıqlarının mövcudluğunun, Bakının İrəvandan Rusiya sərhədçilərinin qoru­yacağı Naxçıvana çıxış üçün dəhliz, hə­min dəhlizdə heç bir sərhəd və gömrük nəzarətinin olmamasını tələb etməsinin və bununla, guya, Ermənistanın ərazi bütövlüyünün pozulmasına cəhdin göstə­rildiyinin, habelə, İrəvanın “Dünyanın kə­sişməsi” təşəbbüsünü irəli sürərək, göm­rük və sərhəd nəzarətini özünün həyata keçirmək istəməsi vurğulanır. 

Sənədin qəbulunu əsaslandıran növ­bəti məqam kimi şərti sərhəddə bu il fevralın 13-də yaşanmış hərbi insidentin üzərində dayanılır. Həmin olay nəticə­sində 4 erməni hərbçisinin ölməsinə, bir azərbaycanlı sərhədçinin yaralanmasına nəzər salınır. Mövcud xüsusda baş nazir N.Paşinyanın Azərbaycanın Ermənis­tana qarşı yeni müharibəyə başlamaq istəməsi ilə bağlı sərsəmləməsindən söz açılır. Yəni ki, bütün bunların fonunda Ni­kol və komandasının müdafiəsinin əhə­miyyəti qabardılır. 

AP-nin deputatlarının “qətnamə məntiqlərini” əsaslandırmaq üçün uydur­duqları növbəti cəfəngiyyat Azərbaycan tərəfindən Qarabağdakı erməni mədəni mirasının məhvinin həyata keçirilməsi, simvolik abidələrin dağıdılması fikridir. Hesab edirik ki, mövcud xüsusda ayrıca vurğulanmalı məqam var. Təsəvvür edin ki, AP-nin deputatları erməni mədəni mi­rası və simvolik abidələrindən söz açan­da, bu sıraya “yerli parlamentin binası”nı daxil edir və onun söküldüyündən dəm vuraraq ölkəmizin üzərinə yüklənirlər. Bəli, qətnamənin qərəzliliyini təsdiqləyən ən böyük cəhətlərdən biri budur. 

Diqqət yetirək, ərazi bütövlüyü və suverenlik məsələsini önə çəkmiş avro­parlamentarilər ad çəkməsələr də, Qara­bağda canını tapşırmış qondarma rejimin “parlament binası”ndan söz açırlar. Heç şübhəsiz, sözügedən binanı qorumaq motivi həm də erməni avantürizmini dəstəkləməkdir. “Parlament binası”nın erməniliyin simvolu kimi qəbulu bey­nəlxalq hüquq normalarına tam zidd tə­mayüldür. Pensionerlər klubu olan AP-nin sözügedən normalardan “xəbərsizliyi” isə “köhnə qitə”dəki düşüncə durğunluğunun bariz göstəricisidir. 

Nəhayət, “Azərbaycan tərəfindən Er­mənistan ərazilərinin işğalı faktı”. Hiss olunur ki, ermənipərəstlər anti-Azərbay­can ritorikası üzrə heç bir detalı kənara qoymurlar. Hər cür cəfəngiyyatı dövriy­yəyə gətirməkdə pərgardırlar. Qətnamə­də bilavasitə bu istiqamətdə də Ermə­nistanın müdafiəsinin vacibliyi üzərində dayanılır. Mövcud xüsusda Aİ-nin Azər­baycan–Ermənistan şərti sərhədinin Er­mənistan tərəfindəki müşahidə missiya­sının fəaliyyətinə toxunulur. Bildirilir ki, rəsmi Bakı həmin missiyaya qarşı çıxır, eyni zamanda, avropalı müşahidəçilərə maneçilik törədir. 

Görəsən, Azərbaycan nə zaman Aİ missiyasının Ermənistan ərazisindəki işi­ni pozub? Ümumiyyətlə pozubmu? Heç zaman bunu etməyib. Digər tərəfdən, Bakının həmin müşahidəçilərin şərti sər­hədin ölkəmiz tərəfində fəaliyyət göstər­məsinə razılıq verməməsi nəyə görə qınanmalıdır? Qətnamənin qəbulu əsas­landırmaq üçün bu sayaq məqamların ortaya atılması anlaşılmır. Ancaq Ermə­nistanın öz ordusunu gücləndirmək üçün beynəlxalq fondlardan yardım istəmə­sinin vacibliyinin vurğulanması ilə bağlı tezislər hər şeyi deyir. 

Ən böyük məqsəd ölkəmizin, bir növ, demonizasiyasıdır, beynəlxalq ictima­iyyəti Azərbaycana qarşı qaldırmaqdır. Hiss olunur ki, bunun üçün ən xırda de­tallar da nəzərə alınır, bütün sərsəmlik­lərə “fundamentallıq” qazandırılır. Ardın­ca isə...

***

Əvvəldə vurğuladığımız kimi, AP-nin qətnaməsi iki hissədən ibarətdir. Sənə­din qəbulunu zəruriləşdirən “məqamları” diqqətə çatdırdıq. İndi isə ikinci bölümə keçək. Bu bölümdə avroparlamentarilər özlərinin “tələblərini” ifadə edib, etirazla­rını bildiriblər. Daha doğrusu, bilavasitə pisləmək yolu tutublar. 

Bəli, ilk olaraq, haqqında danışdığı­mız 13 fevral insidenti qınanıb. Əlbəttə, AP-nin deputatları bildirməzlər ki, qanlı toqquşmanın səbəbi Ermənistan tərəfin­dən açılan atəşdir. Onlar mövcud xüsus­da da ölkəmizi günahkar sayırlar. Yada salaq ki, qanlı toqquşmadan sonra Aİ-nin bəzi təmsilçiləri Ermənistan hakimiyyəti­nin, guya, Azərbaycanın cavabının adek­vat olmadığına dair sərsəmləmələrini təkrarlamışdılar. İndi qətnamə xüsusun­da da təxminən, həmin sərsəmləmələr gündəmə gəlib. Avroparlamentarilərin mövqeyindən belə çıxır ki, Azərbaycan rəsmiləri Aİ təmsilçilərinin qərəzli fikirlə­rinə münasibət bildirməməli idilər. Eyni zamanda, ölkəmiz qurumun müşahidə missiyasına şərti sərhədin öz tərəfində şərait yaratmağa borcludur. Bir sözlə, or­tada absurd tələblər var. 

Qətnamədəki ermənipərəstliyə he­sablanmış ən böyük absurd məqam bu­dur: “Avropa İttifaqı Ermənistanın ərazi bütövlüyünü və suverenliyini inkar edən bütün hüquqi və fiziki şəxslərə qarşı sanksiya tətbiq etməlidir”. Heç dəxli var?! Avroparlamentarilərdən olsa, məsələni kriminallaşdırarlar da. Necə ki, Fransada qondarma “erməni soyqırımı”nı danmaq cinayət məsuliyyəti yaradır, çox güman, AP-nin “pensionerləri” eyni presedenti ərazi bütövlüyü və suverenlik üzərinə də gətirmək düşüncəsindədirlər. 

Yeri gəlmişkən, AP-nin qətnaməsin­dəki daha bir tələb budur ki, Azərbaycan Naxçıvana yol üçün Ermənistan ərasi­zində dəhliz istəməməlidir. Kommunika­siyalar Ermənistanın ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmət əsas götü­rülməklə açılmalıdır. Əlbəttə, AP-nin de­putatları də rəsmi İrəvan kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı heçə saymaq yolu tuturlar. Onlar üçün Paşin­yanın imzası ilə təsdiqlənmiş öhdəlik adlı bir şey yoxdur. Sərsəmlik isə bilavasitə tələbin özündədir. Çünki Azərbaycan heç vaxt Ermənistanın ərazi bütövlüyünü və suverenliyini şübhələndirməyib. Ölkəmiz, sadəcə, Naxçıvana yolun “Azərbaycan­dan – Azərbaycana yol” məntiqini əsas götürüb və belə bir mövqe səsləndir­məkdə haqlıdır. Əgər İrəvan buna razı deyilsə, Naxçıvana yol İran ərazisindən keçəcək. Problem isə ondadır ki, kollek­tiv Qərb bunu da istəmir. İstəyi odur ki, Ermənistan və erməni avantürizmi qlobal beynəlxalq marşrutun mərkəzində da­yansın.

Növbəti absurd tələbə keçid alaq: “Azərbaycan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin etməli, buna hörmətlə yanaşmalı, həbsxanada olan Qarabağ ermənilərinə amnistiya tət­biq etməli, Beynəlxalq Ədalət Məhkəsinin qərarlarını yerinə yetirməlidir”. Görəsən, avroparlamentarilərin qeyd edilən xüsus baxımından başqa arzusu və istəyi var­mı? Belə çıxır ki, ölkəmiz Qarabağ ca­nilərini əfv etməlidir... 

“Türkiyə və Azərbaycanın digər müt­təfiqləri vəziyyəti qızışdırmamalıdırlar”. Haqqında danışdığımız qətnamədəki növbəti tələb budur. Məsələdən söz düş­müşkən, Aİ-nin Cənubi Qafqaz və Gür­cüstan böhranı üzrə xüsusi nümayəndəsi Tovio Klaar bir neçə dəfə bildirib ki, Anka­ra Azərbaycan–Ermənistan münasibətlə­rində ən yaxşı vasitəçi ola bilər, AP-nin deputatları isə Türkiyəni durumu gərgin­ləşdirməkdə günahlandırırlar. Görünür, pensionerlərin Klaarın dediklərindən xə­bərləri yoxdur. (?)

Sonda AP-nin qətnaməsinin ən ab­surd cəhətinə diqqət yetirək. Beləliklə, Avropa Şurası təmsilçilərinin və Aİ-nin bəzi komissiya rəhbərlərinin Azərbaycan Prezidentini yenidən dövlət başçısı seçil­məsi ilə bağlı təbrik etmə tonları əndazə bilməyən “pensionerlərin” xoşuna gəlmə­yib və qətnamədə buna etiraz bildiriliblər. Sən demə, rəsmilər “Azərbaycanda de­mokratiyanın olmadığını bildirməməklə”, “ölkənin Aİ-nin tərəfdaşı fikrini qabart­maqla” yanlış ictimai rəy formalaşdırıb­larmış, Qarabağdakı etnik təmizləməni nəzərə almayıblarmış. 

Göründüyü kimi, Avropa Parlamenti özünün ermənipərəstlik ritorikasına ara vermir, qərəz dolu qətnamələri sıralayır. Əlbəttə, qurumun bu sayaq kağız parça­larının heç bir əhəmiyyəti yoxdur. Azər­baycan öz mövqeyində qətidir və heç bir halda prinsiplərindən geri dönən deyil. Hazırkı qətnamə isə bir daha düşünməyə əsas verir. Sənəd göstərir ki, Ermənistan belə mənasız lakmus kağızları ilə bey­nəlxalq ictimaiyyətdə ölkəmiz əleyhinə yanlış rəy formalaşdırmaq niyyəti güdür. Yekun məqsəd isə bəllidir – reallıqları təhrif edərək, Azərbaycanla sülh gündə­mindən uzaqlaşmaq. Cənubi Qafqazda maraq dairələri uğrundakı yeni müharibə üçün zəmin formalaşdırmaq. 

Əvəz CAHANGİROĞLU
XQ



Siyasət