Erməni qadının fikrincə, Parisin məqsədi onun ölkəsini məhv etməkdir
Özünü Avropa lideri kimi aparmaqda davam edən bu ölkə hökm sürən indiki siyasi çaşqınlıq nədən yaranıb? Bu labirintə giriş haradan qaynaqlanır?
İlk növbədə, Afrikada bu vaxtadək yaşatdığı müstəmləkəçilik süquta yaxınlaşır. “Qara qitə”nin xalqları və dövlətləri artıq Fransanın bəzi buxovlarından xilas olmaq istəmir. Afrika binəsiblərinin “Fransa, bizim ölkəmizdən rədd ol!” çağrışları gündən-günə daha israrla səsləndirilir. Bu, Fransanın düşdüyü labirintin ilk başlanğıcıdır.
İkinci, Avropada baş verən bəzi ictimai-siyasi proseslər Parisin “planlarını” ciddi şəkildə pozur. Bu durum Fransa rəhbərliyinin “B” planının olmadığını üzə çıxarıb. Belə ki, Makron Fransası Almaniyanın Avropa İttifaqında söz sahibinə çevrilməsini həzm edə bilmir və rəsmi Parisin işi burada da düyünə düşüb.
Üçüncü, Ukraynaya çoxsaylı vədlər verərək onu çıxılmaz fəlakətə sürükləyənlərdən biri də Fransadır. İndi həmin öhdəliklərin reallaşmaması Makronun nüfuzunu dizdən də aşağı salıb.
Ukraynaya yardım vədinin arxasından sakitcə qaçan Makron Ukraynaya səfərini 3-cüdəfə təxirə saldı. Bu onun öz imkanlarını düzgün qiymətləndirə bilməməsinin nəticəsi, qətiyyətsizliyinin və qorxaqlığının aşkar göstəricisi oldu. Bütün bunlar həm də indiki mürəkkəb şəraitdə Fransa kimi böyük bir dövlətə kifayət qədər yetkin olmayan, şəxsi maraq və istəklərini ölkə və xalq mənafeyindən üstün tutan, avantüralara asanlıqla uyan birisinin naşı rəhbərliyinin nəticəsidir.
Dördüncü, Qoşulmama Hərəkatının lideri kimi Azərbaycanın təşəbbüsü ilə start verilən və bizim dəstəyimizlə dünya miqyasına çıxarılan “Neomüstəmləkəçiliyə qarşı mübarizə” hərəkatı Makronun başını tamamilə itirməsinə gətirib çıxarıb. Buraya Ermənistanda üzləşdikləri uğursuzluqları (“Dağlıq Qarabağ ermənilərinə humanitar yardım” adı ilə Xankəndiyə göndərilən silah və sursatlarla dolu “Spayka” karvanının yanacağı qurtarana qədər Laçının qarşı tərəfində gözlədilməsi və onların kor-peşman gəldikləri yerə qayıtması Parisin, eləcə də Makronun növbəti rüsvayçılığı oldu.
Fransa prezidentinin simasında Qərbdə lider böhranı da Avropanın siyasi gerçəkliyindəki iflas məqamlarını əks etdirir. Cəsarəti, prinsipiallığı, qətiyyəti olmayan şəxslərin köhnə qitə ölkələinə rəhbərlik etməsi, onların dünya siyasətində lider kimi qəbul olunan nüfuzlu siyasətçilərdən çəkinmələri, üçüncü ölkələrin müdrik və çevik rəhbərlərinə qarşı qısqanclıq göstərmələri də Makronun timsalında özünü aşkar biruzə verir.
Emmanuel Makron kimisinin Qərb siyasətində təlatümlər yaratması bu dövlətlərin az-çox demokratik və ədalətli imicini sürətlə aşağılayır. Bunu həmin ölkələrin ictimai rəyi də vaxtaşırı etiraf vedir. Qərb ictimaiyyəti Azərbaycan Prezidenti, son illərdə Qoşulmama Hərəkatına müdrikliklə və təşəbbüskarlıqla rəhbərlik edən, müstıqil siyasət apararaq öz xalqının milli maraqlarını həyata keçirən, beynəlxal arenada ölkəsinin mənafelərni qorumağı bacaran İlham Əliyev kimi liderlərə həsədlə baxır, onlara qarşı qısqançlığın əsassız olduğunu getdikcə daha çox anlayır.
Əlavə edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın “BMT Təhlükəsizlik Şurasında islahatlar aparılması qaçılmazdır” çağırışları hegemon beşliyin digər üzvləri kimi Fransını da dərdə salıb. Bir tərəfdən də dünya ekspertləri car çəkirlər ki, XXI əsr “Türk əsri”nə çevrilir. Belə olan halda Emmanuel Makronun onsuz da bəlalı olan başında ağıl qalar?! Nəticə isə göz qabağındadır. Paris rəhbəri nəinki bais olduğu və düşdüyü labirintdən çıxa bilmir, tora düşmüş balıq kimi çapaladıqca bir az da dolaşığa düşür, getdikcə daha çox əsəbiləşir.
Nə isə, mən bu sətirlərin davamı olaraq “Liberation”dan növbəti şərəfsizlik”, “Luqansklı məktəbli qız Makronu hərbi cani adlandırdı” və “Anna Martrosyan Parisi nədə ittiham etdi?” kimi ittihamedici məqamları da diqqətə çatdırmaq istəyirəm. “İnoSMİ.ru”da oxuduğum bir material isə məni, sözün həqiqi mənasında, sarsıtdı. Çünki Emmanuel Makron və onun özü kimi ayıqlığını itirmiş qulbeçələri elə bir kəmfürsətlik etdilər ki, bununla 60-dan çox məscidimizi dağıtmış Robert Koçaryan və Serj Sarkisyanı kölgədə qoydular.
“İnoSMİ.ru” saytı Türkiyənin “Haber-7” agentliyinə istinadən yazır ki, on illərdən bəri təriflənən Qərb sivilizasiyası “Qəzza sektoru Ramazanda” adlı dəhşətli və alçaldıcı karikatura yaymışdır. Varlığı irqi ayrı-seçkiliklə yoğrulmuş, fransızların müsəlman dünyasında törətdikləri dəhşətli soyqırımı və faciələrdən, guya, “xəbəri olmayan” Korinn Rey (Corinne Rey) adlı rəssamın karikaturasında təkcə aclıqdan əzab çəkən fələstinlilər təhqir olunmur. Karikaturada fələstinli ac kişinin yemək üçün siçanı tutmaq cəhdi qabardılır və bu zaman qadın ona deyir ki, dayan, iftar açılmamış yemək olmaz.
Bu insanlığı alçaldan əsərdə İslami dəyərlərə zərbə vurulmaqla yanaşı, müəllif özü də bilmədən, Qəzzada törədilənlərə görə İsraili ittiham edir. Əsas məqsəd isə Qəzza sakininin, guya, şəriət qanunlarına əməl etməməsini göstərməkdir. “İnoSMİ.ru” yazır ki, əclaf Qərb yenə də öz simasını göstərdi.
Başqa bir materialda oxudum ki, Luqanskdan olan məktəbli qız Faina Savenkova Fransa Prezidenti Emmanuel Makrona yazdığı açıq məktubda onu müharibə cinayətkarı, hərbi cani adlandırır. “RİA Novosti” yazır ki, Fainanın məktubunda Ukraynaya silah və sursat göndərən Fransa və digər Qərb ölkələri milyonlarla insanın həyatını təhlükə altında qoyduğu göstərilir: “Biz məhz sizin günahınız üzündən atəş altında yaşayırıq. Siz və digər Qərb ölkələri sonuncu ukraynalının həlak olacağı günədək müharibə aparmaq istəyirsiniz. Ancaq, bütün bu qan-qada, fəlakət və ölümlər sizə bəs etmir. Çünki siz yalançısınız. İnsan haqları, ədalət və demokratiyadan danışaraq, xalqları Üçüncü Dünya müharibəsinin alovlarına doğru sürükləyirsiniz”.
Bəli, Makron qlobal miqyaslı yalançı, siyasi fitnəkardır. Bunu hansısa məktəbli qız yox, bir neçə gün əvvəl Soçidə təsadüfən görüşdüyüm bir erməni qadın da dedi. Adi mədəni-maarif işçisi olan bu qafqazlı qadınla salamlaşdım və onun erməni olduğunu eşidəndə tutuldum. Elə o da mənim azərbaycanlı olduğumu biləndə duruxdu. Mən cəsarət taparaq ona söylədim ki, bizim torpaqlarımızı işğal edən və yurdlarımızı viranəyə çevirən erməni xalqı yox, erməni ideoloqları, siyasətçiləri və onların xaricdəki havadarları olublar. Burada sadə xalqın günahı onların bu oyunda alət olmalarıdır.
Anna Martirosyan ad, soyadlı həmin qadın isə geridə qalanlar haqqında danışmaq istəməyərək İrəvanı başqa bir məsələdə qınadı: “Bu gün Ermənistanda elə güman edirlər ki, Fransa onlara kömək edir. Tamamilə yalandır. Makron Fransası bugünkü siyasətlə Ermənistanı məhvə aparır. Bu danılmaz faktdır. Mənim ölkəmin rəhbərləri kiminsə əlində alət olmaq xəstəliyindən qurtulmalıdırlar”.
Bu məqamda bir fakt da yada düşür. İnternetdəki rusdilli materiallardan birində oxumuşdum ki, Nikol Paşinyanın Paris səfəri zamanı hər şeydən danışılıb. Hətta Paşinyan bir neçə dəfə “Azərbaycanla sülh” ifadəsini işlətsə belə, Makron bu sözü qətiyyən dilinə gətirməyib. Bu isə Martirosyanın dediklərinin həqiqət olduğunu göstərir: Makron Fransası Ermənistanı yeni müharibəyə təhrik etməklə onu məhvə sürükləyir – iflas etmiş ölkənin axırına çıxmaq istəyir. Təki bu yolla Azərbaycana başağrısı yaratsın.
Bax belə. Fransanın indiki ərzi-halı budur. O halətdə, Makron labirintdən çıxa bilərmi? Əlbəttə, yox. Ancaq dəqiq elmlərdə variantlar tükənsə də, siyasətdə variantlar tükənmir. Yəni labirintdən çıxmaq üçün çox asan yol var: ədalətli olmaq. Vəssalam!
İttifaq MİRZƏBƏYLİ