Tarixi unutqanlıq isə bu toplumu indiki məğlubiyyətə sürüklədi
2020-ci ildə 44 günlük müharibə nəticəsində kapitulyasiya aktına – 10 noyabr üçtərəfli Bəyannaməsinə imza atan Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Azərbaycanın Qərb ərazilərindən Naxçıvana uzanacaq kommunikasiya xətlərinin, maneəsiz keçidin əldə edilməsini manipulyasiya edir, dördüncü ildir ki, bu işi ayrı ayrı ölkələrin spekulyasiya predmetinə çevirmişdir.
Sənədə imza atan Ermənistanın baş naziri N. Paşinyan ölkəsində haqlı olaraq “kapitulyant” adlandırılır, çünki müharibədə məğlub olmuş Ermənistan qalib ölkə Azərbaycanın şərtlərini qəbul etmiş və bir gülllə atılmadan işğal altında olan Ağdam, Laçın və Kəlbəcər erməni silahlı birləşmələrindən boşaldılmışdır. Bu, məğlub ölkənin kapitulyasiyası deməkdir və Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməlidir.
Ermənistanın indiki durumu 1920-ci illərə çox bənzəyir. O zaman da Ermənistanın daşnak hakimiyyəti işğalçılıq niyyəti ilə Türkiyənin bir sıra ərazilərinə iddia ortaya qoymaqla, bəzi əraziləri işğal etmiş və 1918-ci il 4 iyun Batum Anlaşması ilə tanınan Ermənistan Respublikasının 9 min kvadrat kilometrlik ərazisini genişləndirmək planlarını işə salmışdı. Hətta Şərqi Anadolunun bəzi torpaqları Ermənistanın nəzarətinə keçmişdi.
Təbii ki, Türkiyə bu işğalla barışmayacaqdı. O zaman TBMM hökumətinin orduları hərəkətə keçib ermənilərin dərsini vermişdir. 1920-ci il noyabrın 6-da Kazım Karabəkir paşanın komandanlığı ilə Türk Ordusu Gümrüyə daxil olarkən erməni əhalisi “Xilaskar Türk Ordusuna alqışlar!” şüarı ilə qalibləri qarşılamışdılar. Belə bir şüarın gerçək olduğu erməni dilində olan sənədlərdə və bəzi müəlliflərə məxsus kitablarda təsdiqlənir.
Türk ordusu Aleksandropola yaxınlaşanda Gümrüdə keçirilən mitinqdə çıxış edənlərdən biri demişdi: “Bizi müttəfiqlərin cəhənnəmindən azad etməyə gələn türk azadlıq ordusuna salamlar olsun”. Erməni tarixçi Tatul Hakopyan “Ermənilər və türklər. Araratdan baxış” adlı kitabında tarixi qaynaqlara istinadən bunların həqiqət olduğunu yazmışdır. Erməni qadınların türk ordusu qarşısına duz-çörəklə çıxdığı faktları da ermənicə qaynaqlarda yer almışdır.
Qarsın ermənilərdən təmizlənməsindən bir həftə əvvəl, 1920-ci il oktyabrın 23-də Ankara TBMM hökuməti Cənubi Qafqazda milli qüvvələrlə daşnak quldurları arasında baş verən qarşıdurmalarla bağlı bəyanat vermişdi: “Ermənistan bu torpaqlarda yaşayan türkləri məhv etmək və ya zorla köçürmək niyyətindədir, türklərin əhalinin yarısını təşkil edən ölkədə xaos yaşanır, müsəlman əhali çətin durumdadır. 1919-cu ilə qədər İrəvan Müsəlman Liqasının tərtib etdiyi rəsmi statistikaya görə, XIX əsrin sonlarında təkcə Ermənistanın dövlət olaraq elan edildiyi quberniyalarında 199 türk kəndi yandırılmışdır. Bunlar azmış kimi daşnak hakimiyyəti tərəfindən 1920-ci il sentyabrın 24-də sərhəd mövqelərimizə hücum edilmişdir. Məqsəd Ərzurumu almaq idi. Düşməni darmadağın etdikdən sonra Sarıqamış bölgəsində qoşunlarımız erməniləri təqib etdi. Erməni quldur dəstələrinin təqibi, torpaqlarımızdan çıxarılması, sərhədlərimizin müdafiəsi millətimizin həyati hüququdur".
1920-ci il noyabrın 5-də Türkiyə Ordusu şəhərə (Gümrüyə) girməzdən bir gün əvvəl müdafiə naziri Ruben Ter-Minasyan şifrəli teleqrafla baş nazir Ohancanyanı belə məlumatlandırmışdı: "Əsgərlərimiz döyüşmək istəmir, sülh istəyir. Danışıqlara başlamağı, barışmağı təklif edirəm. Müharibəni davam etdirsək, hər şeyi itirəcəyik”.
6 noyabr 1920-ci ildə Türk Ordusu Aleksandropola (Gümrüyə) daxil oldu. Həmin gün Qarabəkir paşa atəşkəs şərtlərini və Aleksandropol qalasını və stansiyasını təslim etməyi tələb etdi. Noyabrın 11-də Rusiyanın xarici işlər naziri Çiçerin Atatürkə məktub yazaraq Türkiyənin Ermənistana hücumunun dayandırılmasını istədi. Lakin həmin gün bir neçə yerdə döyüşlər yenidən başladı. Türklər Cacurdakı erməni qoşunlarını geri oturtdu, ermənilər Hamamlıya (Spitak) çəkildilər. Son hərbi əməliyyat olan Ağın cəbhəsində qızğın döyüşlər gedirdi. Nalbənd stansiyasından Qarakilisəyə qədər erməni-türk neytral zonası elan olundu. Eyni vaxtda Ermənistan rəhbərliyi türklərlə barışmaq üçün Moskvaya vasitəçilik üçün müraciət etdi. Xarici işlər naziri Çiçerin B.Mdivanini Ermənistan-Türkiyə danışıqlarında nümayəndə təyin etdi. O, 1919-cu ilin oktyabrından Mustafa Kamal hökuməti dövründə Rusiyanın Ankaradakı səfiri vəzifəsində çalışırdı.
Noyabrın 18-də Ermənistanın xarici işlər naziri Sarkis Araratyan və Kazım Qarabəkir paşa Gümrüdə atəşkəs sazişi imzaladılar. Atəşkəsin son günü noyabrın 25-i idi və ondan bir gün əvvəl sülh danışıqları başlamalı idi. Noyabrın 23-də Ermənistan yeni hökumətinin Hatisyanın başçılıq etdiyi nümayəndə heyəti türklərlə danışıqlara başlamaq üçün Gümrüyə gəldi. Bu hadisə ilə bağlı dövrün erməni qəzetlərində məqalələr dərc olunub.
"Arac" (İrəli) qəzetinin 23 noyabr 1920-ci il "Güzəştə doğru" adlı məqaləsində yazılırdı: "Əcnəbilərin gücünə arxalanaraq hər zaman "Böyük Ermənistan"ı bir anda yaratmağa çalışan bizlər bu sarsıdıcı məğlubiyyətdən sonra əmin olduq ki, böyük ümidlər nə qədər illüziyalı və zərərlidir. Biz əsl siyasətçi olsaydıq, özümüzdən çox xarici güclərə əsaslanan millətçiliyimizlə siyasi məqsədlərə öncülük edə bilməyəcəyimizi qəbul etsəydik, öz gücümüzün həqiqi çəkisini dəqiq ölçə bilsəydik, heç vaxt bunun arxasınca getməzdik. Bu gün Ermənistan–Türkiyə dostluğunu hələ də qeyri-mümkün edən bütün maneələri qətiyyətlə aradan qaldırmağa səmimi şəkildə çalışmalıyıq”.
Eyni qəzet bir gün sonrakı nömrəsində “Güzəşt problemi, bizim yönümüz” adlı məqalədə yazırdı: “Biz türklərlə dil tapmalıyıq. Bizim siyasətimiz "Erməni xalqının "fiziki varlığını" təmin edəcək dövlətin mövcudluğunu qorumağı və təsdiqləməyi tələb edirsə, o, rusyönümlü deyil, türk yönümlü olmalıdır. Əgər erməni xalqı son Avropa müharibəsində rusyönümlü olmasaydı, türklərin yanında olsaydı, yəqin ki, bir çox qırğınlardan xilas ola bilərdilər. Etiraf etməliyik ki, yadellilərə arxalanaraq sülhə nail ola bilmərik. Güclü qonşumuz olan türklərlə öz taleyimizi özümüz inamla müəyyən etməyə çalışmalıyıq”.
Ermənistan Türkiyə ilə müharibədə məqlubiyyətini qəbul etdi və 1920-ci il dekabrın 2-də TBMM hökuməti ilə Ermənistan Respublikası arasında Aleksandropol (Gümrü) anlaşması imzalandı. Bu anlaşmanın 4-cü bəndinə görə, Ermənistanın 1500 nəfərdən çox olmayan hərbi kazarma və müvafiq sayda zabit, habelə lazımi sayda jandarm saxlamaq hüququ var idi. Müdafiə məqsədi ilə yalnız ağır müdafiə topları ilə silahlandırılan qalalar ola bilərdi. Hərbi xidmət ləğv edilirdi.
Bu, Ermənistanın kapitulyasiyası demək idi. 15 maddəlik həmin sənədə Ermənistanın baş naziri Xatisyan və Kazım Qarabəkir paşanın imzası atılmışdı.
Ermənistanın indiki durmuna çox bənzəyir. 44 günlük savaşdan sonra 10 noyabr 2020-ci ildə Ermənistan kapitulyasiya aktına imza atmamışdırmı?
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri