Cənubi Qafqazda geosiyasi avantüra və konstruktivizm: həlledici tarixi savaş

post-img

I MƏQALƏ

Motsart... Bundan yaxşısını tap­maq mümkün deyildir! Özümü­zü elə aparaq ki, guya, kim ol­duğumuzu və hara getdiyimizi bilmirik.

Jak KLEMAN

“Paris gözləyər” filmindən “Reform-Klub”: “Şeytan piri”

Yazıçı Miranda Karter (o, “MC.Karter” psevdonimi ilə də tanınır) “Reform-Klub” haqqında yazdığı romanı belə adlandır­mışdır. “Reform-Klub” XIX əsrdə Böyük Britaniyada yaranmışdır. Ətrafında radi­kal düşüncəli insanları birləşdirirdi. Əsas tələbləri ingilis siyasi mühitində ciddi də­yişikliklər edilməsi ilə bağlı olmuşdur. La­kin bunun üçün onlar radikal üsullardan istifadə etmişlər. Sonradan bu təşkilatın üzvləri Leyboristlər Partiyasının yaran­masında iştirak etmiş və onların içində ərimişlər. Radikal reformistlərin tələbi ilə Böyük Britaniyada XIX əsrdə islahatlar aparılmışdır.

Bunlar “Reform-Klub”un görünən tərəflərinin yalnız məhdud dairəsidir. Ma­raqlısı odur ki, ingilislərin özləri bu təşkilat ətrafında mistik təsir bağışlayan mənzərə yaratmışlar. Qrem Qrinin “İnsan faktoru” (1978-ci il) romanında ingilis kəşfiyya­tının məhz “Reform-Kluba” yığışdığını ifadə edən hissələr vardır. 

Conatan Sims isə əsərlərinin birində “Reform-Klub”un yeraltı tunellərinin mövcudluğundan bəhs edir. Klub haqqında veriliş hazırlayan yazıçı Maykl Peyni ora buraxmamışlar (1989-cu il). M.Peynin dediyinə görə, qalstuku olmadığından kluba daxil olmağa icazə ona verməmişlər.

Əlbəttə, diqqətli oxucu sual edə bilər: Bunların siyasi avantürizmə nə aidiyyatı var? Məsələ ondan ibarətdir ki, bu klubun hansı siyasətə üstünlük verdiyi maraqlı­dır. Onun üzvlərindən biri Ernest Bennin (siyasətlə məşğul olan ailədəndir) belə bir fikri vardır: “Siyasət problemləri axtar­maq, onları tapmaq və qeyri-düzgün qiy­mətləndirmək məharətidir. Və bu əsasda problemləri qeyri-ənənəvi üsullarla həll etməkdir.” 

İndi müasir politologiyada “siya­si avantüra” termininin izahına baxaq. Məsələn, professor V.A.Dyorqaçovun geosiyasətlə bağlı ensiklopediyasında siyasi avantüraya belə tərif verilir: “Siyasi avantürizm siyasi institutların, partiya­ların, hərəkatların və onların liderlərinin risklə əlaqəli olan məsuliyyətsiz siyasi fəaliyyətidir ki, orada real situasiya və fəaliyyətin mümkün nəticələri nəzərə alınmır”. 

Politologiya lüğətində buna oxşar tərif vardır. “Avantura” sözü fransızca “аvanture”dən qaynaqlanır və “macəra”, “risk” anlamını verir. Bu lüğətdə avantü­ranın siyasilərin real vəziyyəti bilməmələ­ri və həmin əsasda onu düzgün qiymət­ləndirməmələri avantüranın səbəbləri kimi göstərilir. Nəticədə siyasi subyektlər öz imkanlarını olduğundan çox görürlər, ona görə düşünülməmiş, əsaslandırılma­mış addımlar atırlar. Lakin avantüristlər tam siyasi fəaliyyət göstərmək üçün bü­tün lazımi təsirə, vəsaitə və mexanizm­lərə malik olmadıqlarından zamanın tələ­binə uyğun olmayan istiqamətdə konkret siyasi məkanda uzun müddət fəaliyyət göstərə bilirlər. Bu zaman onları nəticənin səmərəli olması elə də maraqlandırmır – əsas olanı siyasi fəaliyyətdə öz avantü­rist iradəsini təsdiq etməkdir. Buna görə də avantürist siyasi fəaliyyət, bir qayda olaraq, məğlubiyyətlə bitir. Avantürizm xüsusilə keçid mərhələsində olan dövlət­lər üçün çox təhlükəlidir. O, cəmiyyəti və dövləti fraqmentlərə bölə bilər. Populist “libasa” bürünər və tərəfdarlarının doğru hərəkət etdikləri görüntüsü yarada bilər. 

Politoloji lüğətlərdəki bu izahlar işığın­da Ernest Bennin siyasətlə bağlı yuxa­rıdakı fikirlərinə baxanda nəyi görmək olar? Hər şeydən öncə, belə təəssürat yaranır ki, E.Benn klassik siyasi avantüra təbliğ edirmiş. O, “Reform-Klub”un üzvü idi. Bu faktdan növbəti nəticə çıxarmaq olar. “Reform-Klub” siyasi avantüraya üs­tünlük vermişdir – problemləri axtarmış, tapmış və onların həlli yollarını reallığa görə deyil, öz istəyinə uyğun göstərmiş­dir.

Nəhayət, bütün bunların ümumi nə­ticəsi kimi, demək olar ki, Avropada si­yasi avantürizmin bir ənənəsi vardır. Yeni dövrdə bunu həyata keçirən xüsusi təşkilatlar olmuşdur. Bu tezisin işığında Cənubi Qafqazda geosiyasi proseslərə baxsaq, mənzərə necə görünər?

Cənubi Qafqazda geosiyasi oyun qaydaları

Onları iki qismə bölmək olar. Birinci, siyasi və geosiyasi avantüraya əsasla­nan qaydalar; ikinci, siyasi və geosiyasi konstruktivizmə əsaslanan qaydalar. Bu tendensiyaların hər birinin aparıcıları var­dır. Siyasi avantüranı fəal surətdə Fransa aparır, ondan bir qədər zəif formada Hin­distan, passiv formada İran və nəhayət, bu oyunçuların hər birinin maşası olan Ermənistan. 

Siyasi konstruktivizmi isə fəal forma­da Azərbaycan və Türkiyə həyata keçirir­lər. Rusiya bir qədər arxa planda və daha çox neytral mövqedə dayanmışdır. Son­rası bəlli olmaz. Lakin avantüristlər Rusi­ya–Ermənistan münasibətlərində kifayət qədər problemlər yaratmışlar. 

Fransanın avantürist oyunu

Fransa ilə vəziyyət aydındır. Bu ölkə­nin prezidenti E.Makron milyonlarla in­sanı aldadaraq “Qarabağ Ermənistanın ortasındadır” avantürasını irəli sürə bi­lirsə, geridə qalanlar təfərrüatlardır. Bu uydurmanı siyasi həqiqət kimi deyən bir siyasətçinin ədalətli və reallığa uyğun hərəkət etməsi mümkün deyildir. Çünki elə bir ağ yalan deyir ki, onu ibtidai sinif şagirdi belə, xəritədən başı çıxırsa, tək­zib edə bilər. Lakin siyasi avantüranın anatomiyası da məhz reallığa uyğun ol­mayan şeyləri reallıq kimi təqdim etmək cəhdi ilə bağlıdır. 

Əslində, E.Makron hökumətinin Cənubi Qafqazda avantüra xarakter­li fəaliyyətlərinin sayı-hesabı yoxdur. Xüsusilə, erməniləri müdafiə fonunda absurd ittihamlar irəli sürür. Regionun real geosiyasi dinamikasının mahiyyə­tinin əksinə olaraq, tamamilə dağıdıcı addımlar atır. Hətta, E.Makron Almani­ya Kansleri O.Şoltsu “kifayət qədər cə­sarətli olmamaqda” suçlayır. Əcəba, bu uydurmanı haradan almışdır, Makron? Görünür, onun “arqumentləri” içərisində Azərbaycanla bağlı məqamlar da vardır. Məsələn, O.Şolts Azərbaycan Preziden­tinin tələbi ilə E.Makronun siyasi avantü­rasına uyub, onu danışıqlara buraxmadı. Təsəvvür edək: O.Şolts E.Makrona görə o səbəbdən “siyasi cəsarəti” olmayandır ki, Makronun avantürasına getməmişdir! 

Ümumiyyətlə, fransızlar təzadlıdırlar. “Avantüra” terminini mənfi mənada ma­cəra və risk adlandırırlar, lakin özləri bun­dan uzaq durmurlar – dünyanın müxtəlif regionlarında özlərinə məcara axtarır və yerli xalqları riskə atırlar. Məsələn, Afri­kada, Latın Amerikasında, Hind və Atlan­tik okeanlarındakı bir sıra adalarda və o cümlədən, Qafqazda. 

Fransanın avantüralarından biri­nin üstünü bu yaxınlarda Ermənistan rəsmilərindən biri bilərəkdən və ya bil­məyərəkdən açmışdır. O demişdir ki, biz Fransadan keyfiyyəti birinci dərəcəli olan silahlar alırıq, lakin onların növü­nü bilərəkdən demirik. Bu etiraf klassik avantüra nümunəsi deyilmi? 

Doğrudan da, Fransa Ermənistanı sülhə yox, müharibəyə hazırlayır. Çün­ki erməni revanşistlərin əsas məqsədi onların itirilmiş hesab etdikləri özgə tor­paqlarını yenidən zəbt etməklə bağlıdır. Bunun üçün müxtəlif təntənəli, lakin içi boş adlar altında sözdə təşkilatlar da ya­radırlar. Yəni, sözün həqiqi mənasında, ermənilərin bir qrupu öz xalqını növbəti siyasi avantüraya sürükləyir. Daha təəc­cüblüsü və təəssüffedicisi odur ki, rəsmi Paris məhz bu cür radikal düşüncəli er­mənilərin dəyirmanına su tökən siyasət yeridir. Bunun üçün iki istiqamətdə fəaliy­yət göstərir. 

Birincisi, Cənubi Qafqazda sabitliyi təmin edən geosiyasi mühiti parçalama­ğa çalışır. Konkret olaraq, Rusiyanı ta­mamilə uzaqlaşdırmaq, Türkiyəni xeyli zəiflətmək və İrana gizli dəstək verməklə bunu edir. 

Rusiya məsələsi aydındır: Fransa Kremli Cənubi Qafqazdan uzaqlaşdıra bilməz! Bu, mövcud geosiyasi reallığa uyğun olmayan və absurd olan bir istək­dir. 

Türkiyənin mövqeyini zəiflətmək də Fransanın gücü çata biləcək bir iş deyil­dir. Türkiyə Fransanı Afrikada dayandırdı və cəzasını hələ də verir. Qafqaz tarixən türklərin oylağı olmuşdur və indi də elə­dir. 

Azərbaycan kifayət qədər güclü döv­lətdir. Yanında Türkiyə və Pakistan var­dır. Böyük Britaniyanın və İsrailin loyal münasibəti mövcuddur. Rusiyaya artıq Azərbaycanın güclü olması sərf edir. Azərbaycana yaxın olan türk dövlətlə­ri vardır. Qonşu Gürcüstan Türkiyə və Azərbaycana qarşı ciddi mənada gedə biləcək dövlət deyildir. Bəs hansı ağılla rəsmi Paris belə sadəlövh və avantürist işlərə gedir? 

Məsələ ondan ibarətdir ki, Fransa Avropa siyasi avantüra ənənəsini ya­şatmağa çalışan dövlətdir. Bu, təkcə “Reform-Klub”la bağlı deyildir – E.Makro­nun Bilderberq Klubunun avantürist oyunlarında da təcrübəsi vardır. Bu sə­bəblərdən, Fransanın Cənubi Qafqazın geosiyasi reallıqlarına uyğun olmayan formada öz maraqlarını burada təmin et­məsi siyasi avantüra ilə geosiyasi avan­türanın sintezidir. 

Geosiyasi avantüra real olmayan, uydurma xarakterli faktorlar əsasında, bütövlükdə, bir regionun geosiyasi mən­zərəsini dəyişmək cəhdidir. Fransa bu avantüranı Şərqi Avropada (Ukrayna) və Cənubi Qafqazda həyata keçirməyə ça­lışır. Hər iki istiqamətdə əsas rəqibi Ru­siyadır. 

Maraqlıdır, Fransa Napoleonun acı məğlubiyyətindən də dərs almamışdır? XIX əsrdə Napoleonun məğlubiyyəti Bö­yük Britaniyada ciddi siyasi islahatlara tə­kan verdisə və İngiltərə daha da güclən­disə, XXI əsrdə E.Makronun Ukrayna və Qafqazda məğlubiyyəti hansı geosiyasi sıçrayışı motivə edəcəkdir? Bunun nəti­cələrini Paris hesablayıbmı?

Buradan ikinci istiqamət yaranır: Pa­ris həm Ermənistanı silahlandırır, həm də yanına bir neçə dövləti çəkməklə məş­ğuldur. İranla gizli mövqe uyğunluğu bu baxımdan təəccüblü deyildir. “Ermənista­nın ərazi toxunulmazlığı qırmızı xəttimiz­dir” (30 il Azərbacanın ərazisini işğalda saxlayan işğalçı Ermənistanın ərazisi Tehran rejimi üçün indi “qırmızı xətt” (?) olmuşdur) və “regionda gosiyasi mən­zərənin dəyişməsinə qətiyyən yol vermə­rik” (?) deyən bir dövlətin Fransa kimilərin yanında durması adi haldır. 

Bəs Hindistana görəsən nə düşüb ki, Fransanın siyasi və geosiyasi avantüra­sına qoşulmuşdur? Bununla Dehli müd­rik Mahatma Qandinin müəyyən etdiyi yoldan çıxmırmı? 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət