Deyəsən, qaçıb gizlənmiş canilər Bakıda “çay içməli” olacaqlar
Tarixin arxivinə göndərilmiş qondarma rejimin Ermənistanda sığınacaq tapmış revanşist-xuntaçıları indi də Qərbdə özlərinə dəstək axtarışına çıxıblar. 30 ildən artıq separatizm problemindən əziyyət çəkən Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtinə uyğun olaraq, torpağımızı tərk etməyə tələsməyən Xankəndidəki xunta rejimini özü təmizləməyə məcbur oldu. Onların Qarabağdan çıxmaq istəməməklərinin səbəbini rəsmi Bakı çox yaxşı bilirdi.
Axı, Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan və orada qondarma rejim yaradan erməni separatçıları xarici havadarlarından – Fransa, Rusiya və Ermənistandan dəstək alırdılar. Hətta, o zaman bəzi siyasi ekspertlər Azərbaycana qarşı təhdidlərin arxasında separatçılarla birlikdə Qarabağ iqtisadi rayonumuzda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının da dayandığını güman edirdilər. Məhz onlara arxalanan, “bəlkə də qaytardılar” xəyalı ilə yaşayan xunta rejimi nə silahı yerə qoyub təslim olurdu, nə də könüllü şəkildə bölgəni tərk edirdi.
Qarabağdakı erməni icmasını təzyiq altında saxlayan, saxta aclıq böhranı yaradan, hər cür humanitar yardımdan imtina edən, “türk çörəyini yeməyi özünə sığışdırmayan” separatçılar bu gün avropalı təəssübkeşlərinin qapılarını döyməyə cəhdlər edirlər. Fəqət, altı ay bundan əvvələ kimi vəziyyət yazdığımız kimi idi. İndi reallıq tamam başqadır.
Özünü buraxmış, “de-fakto” və “de-yure” mövcud olmayan Qarabağdakı qondarma rejimin tör-töküntüləri ara-sıra Ermənistanda baş qaldırmağa cəhd edirlər. Kənardan görünən odur ki, Paşinyan hakimiyyəti özünün də başağrısına çevrilmiş bu daşnak-revanşist dəstənin fəaliyyətinə gizli dəstək verir, ona hətta xaricdə də “tribunalar” təşkil etməyə girişir. Yəni, keçmiş “dqr”ın həmişəlik ehtiyata göndərilmiş separatçıları onlara “züytutanların” fitvası ilə fəaliyyət dairələrini genişləndirmək, Qərbin rəsmi, qeyri-rəsmi qurumları ilə görüşlər keçirmək barədə düşünürlər. Başlanğıcda “gorbagor olmuş” statusu ilə birlikdə ləğv edilmiş rejimin Ermənistanda fəaliyyətinin davam etdirilməsinə imkan verməyən, aksiya keçirmələrini qadağan edən Paşinyan iqtidarı doğrudanmı yenidən “Qarabağ kartı”nı işə salmaqla sülh danışıqlarında Bakıdan hansısa güzəşti qoparmağa nail olacağını düşünür?
Erməni mediasının yaydığı məlumatlara görə, Ermənistan hakimiyyəti separatçılardan ibarət “xüsusi komitə” yaradaraq, onun beynəlxalq müstəvidə fəaliyyətini genişləndirməyə, Qərb təmsilçiləri ilə təmaslar qurmağa çalışır. “Hraparak” nəşrinin məlumatına görə, Vardan Oskanyan və komitənin bəzi başbilənləri Avropada səfərdədirlər.
“Onlar Avropanın müxtəlif siyasi xadimləri, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirir. İndi “artsax deputatları” Oskanyanın Ermənistana qayıtmasını və onlarla keçirilən görüşlərlə bağlı məlumat verməsini gözləyir. İntəhası, onlar artıq bilirlər ki, Oskanyan xarici işlər naziri olduğu dövrdə Avropada qazandığı əlaqələri bərpa edə bilib, əsas fiqurlarla görüşüb. Onlardan biri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaardır”, – “Hraparak” yazıb.
Əgər rəsmi İrəvanın dəstək verdiyi separatçılıq prosesi belə davam edərsə onun ağır nəticələrini Paşinyan iqtidarı özü yaşamalı olacaq. Buna nə avantürist hayların, nə də onların irəvanlı və qərbli dəstəkçilərinin heç şübhələri olmasın.
İndi seçim Ermənistanın öz əlindədir. Paşinyan ya Qarabağda məzara gömülmüş separatizm kartından yararlanmaqla Ermənistanın dövlət kimi mövcudluğuna son qoyacaq, ya da revanşist-daşnak separatçıları özü sıradan çıxaracaq. Əks–təqdirdə, Bakı Qərbi Azərbaycan məsələsini rəsmi şəkildə bəyan edə, azərbaycanlıların öz tarixi yurdlarına qayıtmasını icmanın istəyindən dövlətin rəsmi mövqeyinə çevirə bilər. Bu isə yüz altı il bundan əvvəl tarixi torpaqlarımızda qurulan Ermənistan dövlətinin ərazi baxımdan xəritədən silinməsi demək olacaq.
Asif NƏRİMANLI,
siyasi şərhçi
– Qarabağda yaşayan ermənilər Hayastana köçəndə belə görünürdü ki, rəsmi İrəvan separatçıların Ermənistanda baş qaldırmasına qarşıdır. Bunu müəyyən qədər nümayiş etdirdi. Amma sonradan məlum oldu ki, bu addımlar separatizmin Ermənistanda davam etdirilməsinin qarşısının alınmasına yox, konkret məqsədlərə hesablanıb. Bu, separatçıların “Qarabağ kartı”ndan hakimiyyətə qarşı istifadə etməsinin qarşısını almaq, onları daxildən parçalamaq, “artsax” ideyasını tamamilə nəzarətə götürmək, hakimiyyətə təhdidi aradan qaldırmaq, eyni zamanda, separatizm kartından Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etmək idi. Yəni, Ermənistan hakimiyyəti separatizm üzərində oyun oynayır. Bir tərəfdən Şahramanyanın dəstəsinə qarşı çıxır, digər tərəfdən Babayan üzərindən separatizm kartını nəzarətə götürür. Burada iki məqama xüsusi diqqət yetirək: Birincisi, Şahramanyan-Babayan amilidir. Paşinyan iqtidarı separatçı rejimin ləğvi ilə bağlı qərardan imtina edən Şahramanyana qarşı çıxır, bu qərarın qüvvədə olmadığını dilə gətirən Samvel Babayana isə toxunmur. Əksinə, ona “qucaq” açır. Görünən budur ki, Ermənistan hakimiyyətinin Qarabağ məsələsi üzərindən daxili təhdidləri aradan qaldırmağa, əvəzində nəzarətə götürdüyü qondarma “artsax” ideyasını Bakıya qarşı mümkün kart kimi də əlində saxlamağa çalışır. İkincisi, qondarma “artsax”la bağlı beynəlxalq komitənin yaradılmasıdır.
Bu ilin yanvar ayında yaradılan “komitə”nin ideya müəllifi keçmiş xarici işlər naziri Vardan Oskanyandır. O, hazırda “komitə”nin koordinatoru kimi fəaliyyət göstərir. Komitə İrəvana qaçan separatçıların qondarma “parlamenti” tərəfindən yaradılıb, əsas “missiyası” Qarabağda ləğv edilmiş separatizmi yenidən körükləmək üçün kənardan dəstək əldə etməkdir. “Komitə”nin hazırki hədəfi beynəlxalq mandat almaqdır. Bu prosesi hüquqşünaslar həyata keçirirlər. Ən sürətli variant QHT kimi qeydiyyatdan keçməkdir. Amma komitə üzvləri hesab edirlər ki, QHT aşağı statusdur, onlar beynəlxalq mandat əldə etməyə çalışırlar”, – “Hraparak” nəşri yazır. Faktlar “Qarabağda separatizm” kartının rəsmi İrəvan tərəfindən işə salındığını deməyə əsas verir. İstisna deyil ki, bu prosesi körükləyən əsas qüvvələrdən biri də hazırda Ermənistanı vassalına çevirməyə çalışan Fransadır. Görünür, Parisin separatizm kartından Azərbaycana qarşı istifadə etmək niyyəti var. Fəqət, bu, İrəvana ağır perspektiv vəd edir. Çünki Azərbaycan əz ərazisində məhv etdiyi separatizmin nə Ermənistanda, nə də digər bir ölkədə yenidən “cücərməsi” ilə barışmayacaq.
İmran BƏDİRXANLI
XQ