Xalqımız Qarabağda olduğu kimi, 8 kəndin azad edilməsində də israrlıdır
Ermənistan parlamentinin sədri Alen Simonyan son vaxtlar qanunvericilik işləri ilə məşğul olmaqdansa, siyasi açıqlamalar səsləndirməyi daha üstün tutur. Simonyan gah Rusiya sərhədçilərinin İrəvandakı “Zvartnots” hava limanından çıxarılmasının vacibliyindən, gah da Azərbaycanla delimitasiya prosesindən dəm vurur. Halbuki, bunlar qeyd etdiyimiz kimi, onun bilavasitə məşğul olacağı işlər deyil.
Parlament sədrinin, guya, Ermənistanın 31 kəndini (?) Azərbaycanın “işğal etdiyini” bildirməsi də növbəti cəfəngiyyat nümunəsidir. Simonyanın açıqlaması Ermənistanda bu istiqamətdə müzakirələrin qızışmasına yol açıb. O, açıqlaması ilə sanki, hakim komandanın digər üzvlərinə dəstəvuz verib. Hazırda Ermənistan hakimiyyətinin rəsmi mövqeyi belədir ki, Azərbaycan 1990-cı illərdə və 2021–2022-ci illərdə aparılan “hərbi əməliyyatlar nəticəsində” Ermənistanın 225 kvadratkilometr ərazisinə nəzarət edir.
Ermənistandan bu istiqamətdə son vaxtlar verilən açıqlamaların sayının artması ölkəmizi onları cavablandırmağa məcbur edib. Baş nazirin müavini Şahin Mustafayevin xidmətindən “XQ”yə daxil olan məlumata görə, dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib. Qeyd olunub ki, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır: “Son vaxtlar Ermənistan mediasında, guya, Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır. Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan Respublikası özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir. Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etməsi tamamilə əsassızdır”.
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş eksklav olmayan 4 kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə isə bildirilib ki, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir. Qeyd olunub ki, delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq.
Qeyd edək ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri nəticəsində işğal altındakı torpaqlarını azad etsə də, dövlət suverenliyimiz bərqərar olunsa da, 8 kəndlə bağlı məsələ hələ də həllini gözləyir. Həmin kəndlər faktiki olaraq, işğal altındadır. Bunlar hələ SSRİ dövründə Azərbaycanın Ermənistan ərazisində yerləşən (eksklav) kəndləridir. Qeyd edək ki, eksklav ölkənin əsas ərazisindən aralıda yerləşən və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan qeyri-suveren regionlara deyilir. Belə ərazilər məxsus olduqları ölkənin eksklavı hesab edilir, məxsus olmadığı, lakin onun ərazisi ilə əhatə olunmuş ölkə üçün isə anklav sayılır. Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri eksklav deyil. Onlar Qazax rayonuna bitişik kəndlərdir. Bu gün onların Ermənistanın nəzarəti altında olması işğaldan başqa cür izah oluna bilməz. Digər 4 kənd (Qazaxın Yuxarı Əskipara, Sofulu, Barxudarlı kəndləri və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi) Ermənistanın işğalı altında olan eksklav kəndlərdir.
Rəsmi Bakı işğal altındakı kəndlərin qaytarılması məsələsini bütün platformalarda, keçirilən görüşlərdə qaldırır. Ölkəmiz kəndlərin qaytarılmamasını işğalın davamı adlandırır və həmin yaşayış məntəqələri üzərində də suverenliyimizin təmin edilməsi məsələsində israrlı olduğumuz özünü aydın göstərir. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 7-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığı zamanı Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, həmin kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.
Dövlətimizin başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu məsələyə bir daha toxundu. Prezident bir daha həmin kəndləri işğal olunmuş kəndlər adlandırdı: “Bizim mövqeyimiz çox ədalətli və məntiqlidir. Ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz, bütövlükdə, heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yaradılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Getsinlər qarış-qarış o yerləri gəzib o sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır.
O ki qaldı, işğal altında olan kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, – çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, – həmin kəndlərlə əlaqədar ayrıca ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir. Yəni, bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik...”
Onu da bildirək ki, Milli Məclisin martın 5-də keçirilən iclasında deputat Fəzail Ağamalı 8 kəndlə bağlı məsələyə münasibət bildirib. Deyib ki, İrəvan Fransa və Yunanıstanla alyans yaradaraq, onlardan silahlanmaq üçün istifadə etməyə çalışır: “Ermənistanda rəhbər şəxslərdən tutmuş sadə vətəndaşlara qədər hamı revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşır. Azərbaycan isə müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır. Biz sona qədər gedəcəyik. Heç bir qüvvənin qarşısında təslim olmayacağıq. Nə qədər ki, Ermənistan güclü şəkildə silahlanmayıb, biz hərbi əməliyyat keçirib işğal altında olan 8 kəndimizi də torpaqlarımıza birləşdirməliyik. Hadisələrin inkişafı heç də xoşagələn deyil. Güneyli soydaşlarımıza müraciət edərək deyirəm ki, Vətən müharibəsində olduğu kimi müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar. Azərbaycanın apardığı siyasət sülhpərvər, bəşəri dəyərlərə söykənən siyasətdir”.
Göründüyü kimi, artıq 8 kəndin qaytarılmasının zərurət olduğu Azərbaycanda daha çox şəxsin dilindən səslənir. Azərbaycan xalqı vaxtilə işğal altındakı 20 faiz ərazisinin azad olunması məsələsində həmrəy olduğu kimi, 8 kəndinin əsarətdən qurtulması məsələsində də yekdil mövqedədir.
Mövzu üzrə fikirlərini öyrəndiyimiz politoloq Yeganə Hacıyeva “XQ”yə açıqlamasında bildirdi ki, Azərbaycanın Ermənistanın, guya, 31 kəndini “işğal altında” saxlaması fikri A.Simonyan və digər erməni rəsmilər tərəfindən ortalığa atılıb. Onun sözlərinə görə, rəsmi İrəvan hazırda bu məsələni tirajlamağa çalışır. Eyni zamanda, Nikol Paşinyan hökuməti beynəlxalq təşkilatların ortalığa atılmış bu fikrə istinad etməsi üçün səy göstərir: “Qarşıdakı günlərdə Avropa Parlamentinin Azərbaycanla bağlı dinləmələr keçirməsi gözlənilir. Bu, həmin dinləmələrdə anti-Azərbaycan dairələr üçün istinad mənbələri formalaşdırmaq məqsədilə ortalığa atılmış fikirlərdən biridir və heç bir əsası yoxdur. Digər tərəfdən, Simonyanın və digərlərinin bu açıqlamaları o qədər qeyri-ciddidir ki, Azərbaycan Xarici İşlər Nazirliyi reaksiya verməyə də ehtiyac duymadı. Çünki buna reaksiya vermək də lazım deyil. Ermənistan tərəfinin hər uydurma, qeyri-ciddi fikirlərinə reaksiya verib onları müzakirə predmetinə çevirməyin mənası yoxdur. Rəsmi Bakı məhz belə yanaşma ortaya qoydu. Zənnimcə, bu, ən doğru yanaşmadır”.
Y.Hacıyeva əlavə etdi ki, Ermənistan tərəfi özü Azərbaycan kəndlərinin qaytarılması prosesindən yayınır: “Ermənistan 8 kəndlə bağlı öhdəlik və məsuliyyətindən yayınmağa çalışır. Bunu isə hansısa formada mübahisələndirmək istəyir. İrəvanın digər məqsədi anti-Azərbaycan dairələrə ölkəmizə qarşı istifadə oluna biləcək əsaslar verməkdir. Digər tərəfdən, növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətini bu qədər qeyri-ciddi fikirlərlə yayındırmaq, həmçinin aldatmaq məqsədi daşıyır”.
Politoloq Zaur İbrahimlinin sözlərinə görə isə Azərbaycan və Ermənistan liderləri arasında fevralın 17-də Münxendə aparılmış danışıqların, eləcə də iki ölkənin xarici işlər nazirlərinin fevralın 28-29-da Berlində keçirilən görüşlərinin yekunlarına dair yayılan məlumatda bəyan edilmişdi ki, artıq təkcə sülh müqaviləsinin maddələri deyil, ümumilikdə açıq qalan məsələlər müzakirə olunub: “Biz bilirik ki, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması üçün 8 kəndin də ölkəmizin yurisdiksiyasına qayıtması vacibdir. Həmin kəndlər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilindədir. Kəndlərin ən azı dördü eksklav statusunda deyil və İrəvanın onları qaytarması üçün heç bir çətinlik və ya maneə yoxdur”.
Z.İbrahimli onu da qeyd etdi ki, əgər ermənilər 4 kəndi qeyd-şərtsiz və tez bir zamanda Azərbaycana qaytarsalar, bu, sülh prosesinə əhəmiyyətli töhfə olacaq: “Eyni zamanda, bu addım tərəflər arasında etimadın yaranmasına xidmət edəcək. Əgər ermənilər prosesi uzatmağa çalışsalar, bu, yenidən mənasız danışıqlar prosesinə qayıtmaq cəhdi olacaq. Güman edirəm ki, Azərbaycan bu cür danışıqlarda iştirak etməyəcək. Digər tərəfdən artıq Milli Məclisdə də belə fikirlər səslənib ki, kəndlər hərbi yolla qaytarılmalıdır. Azərbaycanın buna tam haqqı var. Beynəlxalq hüquq Azərbaycanın öz kəndlərini dövlətin yurisdiksiyası altına qaytarması üçün güc tətbiqinə icazə verir”.
Səxavət HƏMİD
XQ