Qarabağın güneydən giriş qapısı sayılan Cəbrayıl rayonu Şərqi Zəngəzur iqtisadi zonasına daxildir. Məlum olduğu kimi, rayon 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş, 2020-ci ildə şanlı ordumuzun qəhrəmanlığı sayəsində düşməndən azad edilib. O dönəmdən Qarabağın digər bölgələrində olduğu kimi, burada geniş tikinti-quruculuq işləri başlayıb. Rayonda paralel olaraq kənd təsərrüfatı sahəsində də mühüm layihələr icra olunur. Cəbrayıl Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) sədri Şahin Şirinov ilə söhbətimiz məhz aqrar sektorda görülən işlər barədədir. Beləcə, müsahibimə ilk sualımı verirəm:
– Şahin müəllim, əvvəlcə ötən ilin göstəriciləri barədə qısa məlumat verməyinizi xahiş edirəm.
– İlk növbədə qeyd etmək istəyirəm ki, son illər dövlətin hərtərəfli dəstəyi nəticəsində rayonda məhsul istehsalında nəzərəçarpacaq artıma nail olunub. Belə ki, ötən il rayon üzrə aqrar sektorda 31469,7 min manatlıq məhsul istehsal edilib ki, bunun da 22,4 faizi bitkiçiliyin, qalan 77,6 faizi isə heyvandarlığın payına düşür.
Rayonda ənənəvi təsərrüfat sahələrində intensiv texnologiyaların tətbiqinə diqqət artırılıb. Bu da həm məhsuldarlığın yüksəlməsinə, həm də məhsulun maya dəyərinin azalmasına səbəb olub. Məhsul bol və nisbətən ucuz başa gələndə, təbii ki, torpağı əkib-becərən ailələrin gəlirləri də artır.
– Cəbrayıl erməni işğalından əvvəl respublikamızın ən böyük taxılçılıq rayonlarından sayılırdı. Hazırda bu sahədə vəziyyət necədir?
– Bu istiqamətdə yüksək hədəflərimiz var. Cari vəzifələr də diqqət mərkəzindədir. Məsələn, 2023-cü ilin məhsulu üçün rayon üzrə 19 min 505 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır ki, ondan 16 min 908.5 hektarı buğda, 2 min 596,5 hektarı arpa olmuşdur. Əkinlərin 17 min 188 hektarı və ya 88,1 faizi rayonun işğaldan azad edilmiş ərazilərində, 2 min 317 hektarı isə əhalimizin müvəqqəti məskunlaşdığı Biləsuvar rayonu ərazisində aparılmışdır.
Təəssüf hissi ilə qeyd edirəm ki, ötən təsərrüfat ilində havaların kəskin quraq keçməsi nəticəsində mövcud taxıl əkinlərinin 17 min 400 hektarı və ya 71,8 faizi tamamilə məhv olmuşdur. Bu səbəbdən ötən mövsümdə yalnız 2 min 105 hektarda biçin aparılmış, ümumilikdə 7 min 309 ton məhsul istehsal edilmiş, hər hektardan məhsuldarlıq 34,7 sentner təşkil etmişdir.
Ümid edirəm ki, bu il hava şəraiti bizi ötən il olduğu kimi, çətin vəziyyətdə qoymayacaq. Bu istiqamətdə çalışan fermer və mütəxəssislər sahələrdən bol məhsul əldə etmək üçün əllərindən gələni edirlər. Taxıl sahələrində bütün aqrotexniki tədbirlər vaxtında həyata keçirilir. Sahələrə kifayət qədər gübrə verilib, zərərvericilərə qarşı müvafiq tədbirlər görülüb.
– 2023-cü ildə tərəvəzçilik və bostançılıq sahələrində vəziyyət necə olmuşdur?
– Ötən mövsüm ərzində 62,1 hektar sahədə tərəvəz, 1,5 hektarda bostan bitkiləri və 33 hektarda kartof əkini həyata keçirilmişdir. 1043 ton tərəvəz, 32,1 ton bostan məhsulu, 570 ton kartof istehsal edilmişdir. Tərəvəz sahələrində məhsuldarlıq 167,9 sentner, bostan sahələrində 214 sentner, kartofda isə 172,7 sentner olmuşdur.
Son illər rayonda çuğundur istehsalına da diqqət artırılıb. 2023-cü ildə 17 hektar şəkər çuğunduru sahəsindən 391 ton məhsul istehsal edilmiş, hər hektardan 230 sentner məhsul götürülmüşdür. Adlarını qeyd etdiyim bütün sahələrdə artım olmuşdur. Bu istiqamətdə uğurlarımızın daha da artacağını gözləyirik.
– Bir qədər əvvəl qeyd etdiniz ki, ötən il ən çox gəlir heyvandarlıqdan əldə edilmişdir. Bu sahədə hansı perspektivlər mövcuddur?
– 2023-cü ildə rayon üzrə aqrar sektorda əldə olunan gəlirin üçdə ikisindən çoxu heyvandarlığın inkişafı sahəsində qazanılıb. Bu sahənin perspektivləri də yüksəkdir. Rayon əhalisi doğma yurd yerlərinə kütləvi surətdə qayıdandan sonra fərdi təsərrüfatlarda mal-qaranın sayının kəskin artacağı gözlənilir.
Hazırda rayonda iribuynuzlu heyvanların sayı 10 min 942, xırdabuynuzlunun sayı 86 min 114, quşların sayı 121,1 min başa çatdırılmışdır. 2023-cü ildə ət istehsalı diri çəkidə 2431 ton, süd istehsalı 9 min 22 ton, yun istehsalı 175 ton, yumurta istehsalı isə 6,14 milyon ədəd olmuşdur.
Məlumdur ki, heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmadan bu sahədə məhsuldarlığı yüksəltmək qeyri-mümkündür. Ona görə də ötən il 762 baş iribuynuzlu heyvanda süni mayalanma aparılmışdır. Bu il heyvandarlıq sahəsində daha yüksək göstəricilər əldə etməyə çalışırıq. Bunun üçün kompleks tədbirlər görülür.
– Yemçiliyə necə, kifayət qədər diqqət ayıra bilirsinizmi?
– Yemçilik bazasının güclənməsi üçün də müvafiq tədbirlər görülüb. Belə ki, ərazidə məskunlaşmış əhalinin şəxsi təsərrüfatlarında olan mal-qaranın yemə olan ehtiyacı əsasən ərazidə əkilmiş 1 min 458 hektar yonca sahələrindən toplanmış quru ot, təkrar qarğıdalı və dənli əkinlər hesabına ödənilir.
Ötən mövsüm sahələrdən 10,5 min ton quru yonca otu, 70 hektar təkrar əkin sahəsindən 440 ton yaşıl kütlə tədarük edilmişdir. Mal-qaranın qüvvəli yemə olan tələbatlarının əksər hissəsi də ərazidə əkilmiş taxıl sahələri hesabına ödənilmişdir.
– İşğaldan əvvəl Cəbrayıl rayonu baramaçılıq sahəsində ən qabaqcıllardan biri idi...
– Haqlısınız. Cəbrayıl rayonu bu sahədə həmişə fərqlənib. Baramaçılığın yem bazasının yaradılması məqsədi ilə 2016-2019-cu illərdə Çin Xalq Respublikasından gətirilmiş 67,5 min ədəd, 2017-2022-ci illərdə isə yerli istehsaldan verilmiş 81.4 min ədəd olmaqla, ümumilikdə 148,9 min ədəd tut tingi Biləsuvar rayonu ərazisində cəbrayıllı keçmiş məcburi köçkünlər üçün salınmış qəsəbələrdə və rayonun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 28 hektar sahədə əkilmişdir.
Tinglərə vaxtında qulluq göstərilmiş və normal bitiş alınmışdır. Ümumilikdə 2018-2023-cü illərdə rayon üzrə 647 qutu ipəkqurdundan 242 min kiloqram barama istehsal edilmiş, hər qutudan məhsuldarlıq 37,4 kiloqram olmuşdur. Ötən il rayonda barama istehsalı və tədarükü üzrə tapşırığa 104,1 faiz əməl edilmişdir.
Bundan başqa, 2023-cü ildə işğaldan azad edilmiş ərazilərdə mövcud tut bağlarının bərpası istiqamətində xeyli iş görülmüşdür. Növbəti mövsümdə həmin ərazilərdən yarpaq tədarükünün daha çox olacağı gözlənilir.
– “Böyük qayıdış” proqramına əsasən Cəbrayıl sakinləri tezliklə doğma yurda qayıdacaqlar. Əhalinin əhvali-ruhiyyəsi necədir?
– Cəbrayıllılar həmin günü böyük səbirsizliklə gözləyirlər. Bəllidir ki, torpaq, yurd itkisi ağır dərd idi. 2020-ci ilin oktyabrında Cəbrayıl düşməndən azad edilib. Əlbəttə, o vaxtdan sevincimizin həddi-hüdudu yoxdur. Bu xoşbəxtliyi xalqımıza Ali Baş Komandanımız, Prezident İlham Əliyev başda olmaqla, müzəffər Ordumuzun igid əsgər və zabitləri bəxş ediblər. Sağ olsunlar.
Cəbrayılın işğaldan azad edilmiş torpaqlarına hələlik kütləvi köç başlamayıb. Amma tezliklə o doğma və bərəkətli torpaqlardan traktor, texnika səsi eşidiləcək. Hazırda orada minalardan təmizləmə işləri aparılır, iri infrastruktur layihələri icra olunur. Zərrə qədər şübhə etmirəm ki, o torpaqlarda aqrar sektorun fəaliyyətini yüksək səviyyədə qura biləcəyik.
Yeri gəlmişkən, biz köçkün həyatı yaşadığımız illərdə də torpaqdan ayrılmamışıq. Aqrar sahədə çalışan cəbrayıllıların əkin-biçin işlərində zəngin təcrübələri var. Azərbaycan dövləti çalışır ki, torpağı halal zəhmətilə əkib-becərən insanların ruzisi daim olsun. Bunun üçün fermerlərə hər cür şərait yaradılır.
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ