Alma bağları sığortalanacaq

post-img

Alma deyəndə ilk yada düşən Quba rayonu olur. Ölkədəki intensiv və superintensiv alma bağlarının isə 96 faizi məhz Quba-Xaçmaz bölgəsindədir. Təkcə Quba rayonunda 11,6 min hektar, Qusarda 4,3 min hektar, Xaçmaz rayonunda isə 2,6 min hektar alma bağı var. 

Bundan əlavə, Gədəbəy, Şabran, İsmayıllı, Şərur, Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki də alma yetişdirilməsinə görə seçilən rayonlardan­dır. Kənd Təsərrüfatı Nazirliyindən yayımlanan məlumatda deyilir ki, alma Azərbaycandan ən çox ixrac olunan, ölkəyə böyük həcmdə gəlir gə­tirən meyvələrdəndir və bu məbləğ ildən-ilə art­maqdadır. Belə ki, 2023-cü ildə xaricə 91,2 min ton alma ixrac edilib, ümumi gəlir 57,2 milyon dollar olub.

Qeyd etmək lazımdır ki, gəlirli sahə olduğundan alma bağlarına maraq artmaqdadır. Alma ağacları üçün əsas risklər - dolu, fırtına, qasırğa, şaxtavurma, müxtəlif növ zərərvericilər və bitki xəstəlikləridir. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi vasitəsilə 41 bitkini, o cümlədən alma bağlarını çoxsaylı risklərdən sığortalamaq mümkündür. Sərfəli şərtlərlə fermerlərə təklif olunan sığorta zərflərində alma məhsulunu təbiət hadisələri, sel-subasma, dolu, qasırğa-fırtına, normadan artıq qar yağıntıları, yanğın, 3-cü şəxslərin hərəkəti və sair risklərdən sığortalamaq nəzərdə tutulub. 

Məlumat üçün bildirək ki, aqrar sığorta haqqı­nın 50 faizini fermerlərə dəstək üçün dövlət ödə­yir. Nəticədə fermerlər cüzi ödənişlə alma bağla­rını sığortalaya bilərlər. Məsələn, Quba-Xaçmaz regionunda 1000 manatlıq alma məhsulunu baza sığorta zərfi ilə sığortalamaq fermerə cəmi 18,4 manata başa gəlir. 

XQ

İqtisadiyyat