Naftalan Şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycan: tarixi həqiqətlər” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlarla, daha sonra Qərbi Azərbaycanın mədəni irsini, tarixini və deportasiya prosesini əks etdirən kitab və fotoşəkillərlə tanış olublar. Soyqırımın tarixi ilə bağlı videoçarx nümayiş olunub.
İlk olaraq ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov və digər natiqlər qeyd ediblər ki, azərbaycanlılara qarşı əsrlər boyu törədilən bəşəri cinayət barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətləri misilsizdir. Bununla bağlı görülən tədbirlər daim diqqət mərkəzində saxlanılıb.
Dəyirmi masa ətrafında icmanın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb.
Sonda tədbir iştirakçıları Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsində göstərdiyi diqqətə və Qərbi Azərbaycan İcmasının fəaliyyətinə verdiyi yüksək dəstəyə görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Naftalan