Azərbaycanın kənd nemətlərinin ixracı artır

post-img

Azərbaycan iqtisadiyyatının aparıcı sahələrindən sayılan kənd təsərrüfatının modernləşdirilməsi, problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlətin maliyyə resurslarından səmərəli istifadə olunması müsbət nəticələr verir. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı, eləcə də döv­lətin həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırıcı tədbir­lər aqrar sektorda təşəbbüskarlığa geniş meydan açır. Məhz bunun nəticəsidir ki, son illər iri biznes qruplarının, eləcə də kiçik və orta sahibkarların bu sahədə xüsusi fəallığı müşahidə olunur. 

İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verən fermer­lər daxili bazarda məhsul bolluğuna şəra­it yaratmaqla yanaşı, ölkənin ixrac poten­sialının artırılmasında da yaxından iştirak edirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, son 10 il ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 46,8 faiz artıb. Ötən dövrdə ölkədə bitkiçilik məhsullarının istehsalında 53 faiz, hey­vandarlıq məhsullarının istehsalında isə 42,5 faiz artım qeydə alınıb. Bu da kənd təsərrüfatı və ərzaq məhsullarının ixra­cının təqribən 30 faiz artmasına imkan yaradıb. 

Aqrar sektorda müşahidə olunan müsbət dinamika 2023-cü ildə də da­vam edib. Belə ki, ötən il ölkəmizdə 12 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 3,1 faiz çoxdur. Bununla yanaşı, son bir ildə ölkədə istehsal olu­nan bitkiçilik məhsullarının dəyəri 2,8 faiz artaraq 5 milyard 842 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,3 faiz çoxalaraq 5 milyard 728 milyon ma­nata yüksəlib. 

Kənd təsərrüfatında əldə olunmuş inkişaf tempi ərzaq təhlükəsizliyi sahə­sində müsbət nəticələrin əldə edilməsini şərtləndirib. Bu məsələdə isə hökumə­tin ərzaqlıq buğda istehsalçılarının al­dığı kreditlərə dövlət zəmanəti verməsi, həmçinin faiz subsidiyasının ödənilməsi təşəbbüsünün gerçəkləşdirilməsi mü­hüm rol oynayıb. Prezident İlham Əliye­vin 2018-ci il dekabrın 19-da imzaladığı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmil­ləşdirilməsi haqqında” fərmanı isə bu sahədə müstəsna əhəmiyyət daşıyır. Bu­nunla yanaşı, dövlətin aqrar sahəyə da­vamlı dəstəyinin növbəti təzahürü olaraq 2023-cü ildə ölkədə ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 2022-ci illə müqa­yisədə 22,4 faiz az, yəni 450 manat/ton müəyyənləşdirilib.

Qarabağ və Şərqi Zəngəzurun da aq­rar sahədə potensialı olduqca yüksəkdir. Ötən müddətdə həmin ərazilərdə həyata keçirilmiş minatəmizləmə əməliyyatları on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsinə səbəb olub. 2022-2023-cü təsərrüfat ilində işğaldan azad olunmuş ərazilərdə 84,4 min hektar sahədə payızlıq taxıl əkilib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” ölkə Prezidentinin 2021-ci il 27 aprel tarixli Fərmanının ic­rası çərçivəsində aqrar sahədə fəaliyyət göstərən subyektlərlə Zəngilan rayonun­da 2,2 min hektar (o cümlədən 720 hek­tar örüş), Qubadlı rayonunda 2 min hek­tar əkin sahəsi üzrə uzunmüddətli (40 il), digər sahələr üzrə isə qısamüddətli (11 ay) icarə müqavilələri bağlanılıb. 

Kənd təsərrüfatında istehsalın art­ması Azərbaycanın ixrac imkanlarının da genişlənməsinə səbəb olub. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il ölkəmiz 969,2 milyon dollarlıq aqrar və aqrar-sə­naye məhsulları ixrac edib ki, bu da 2022-ci ilə nisbətən 6,2 faiz artım deməkdir. Yeri gəlmişkən, İqtisadi İslahatların Təh­lili və Kommunikasiya Mərkəzinin hazır­ladığı “İxrac icmalı”nın məlumatına görə, qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məh­sullarının yaratdığı dəyər 3,2 faiz artaraq 201 milyon ABŞ dolları təşkil edib. 

İxracın strukturunda kənd təsərrüfatı məhsullarının payının artması 2024-cü ilin ilk ayında da müşahidə olunub. “İxrac icmalı”nın fevral buraxılışında yer alan məlumata əsasən, cari ilin yanvar ayın­da yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz ar­taraq 70,4 milyon ABŞ dollarına bərabər olub. Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9 faiz, meyvə-tərəvəz ixracı isə 21,2 faiz artıb. Yanvar ayı ərzində aqrar və aqrar-səna­ye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5 faiz artaraq 74,1 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə isə, ilin ilk ayında qeyri-neft/qaz ixracının tərkib his­səsində əhəmiyyətli yer tutan aqrar-sə­naye məhsullarının yaratdığı dəyər 15,4 milyon ABŞ dollara bərabər olub. 

Ölkədə aqrar sektorun inkişafını sürətləndirmək üçün əlverişli investisi­ya mühitinin yaradılması istiqamətində tədbirlər davam etdirilir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun bildirdiyinə görə, bu məqsədlə sektora subsidiyalar ayrılır, kənd təsərrüfatı texnikaları lizinqə verilir. Sahibkarlara güzəştli şərtlərlə ay­rılan kreditlər hesabına yeni aqrar isteh­sal və emal sahələri yaradılır. Bununla bərabər, Prezident İlham Əliyevin müəy­yənləşdirdiyi siyasi-iqtisadi kursa uyğun olaraq kənd təsərrüfatında innovativ həl­lərin tətbiqi genişləndirilir. 

M.YAQUBZADƏ
XQ

İqtisadiyyat