XQ-yə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 115 ölkəyə məhsul ixrac olunmuş, 168 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 35402,7 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 18633,7 milyon dollarını və ya 52,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 16769,0 milyon dollarını (47,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1864,7 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,6 faiz artmış, real ifadədə isə 8,1 faiz azalmışdır. İdxal real ifadədə 8,3 faiz, ixrac isə 7,9 faiz azalmışdır.
2025-ci ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 2649,2 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən faktiki qiymətlərlə 7,6 faiz artmış, real ifadədə isə 15,7 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,2 faizi İtaliya, 12,3 faizi Türkiyə, 10,3 faizi Rusiya, 9,6 faizi Çin, 3,1 faizi Almaniya, 2,9 faizi ABŞ, 2,7 faizi Birləşmiş Krallıq, 2,1 faizi Çexiya, 1,9 faizi Yunanıstan, 1,8 faizi Gürcüstan, 1,7 faizi Bolqarıstan, 1,6 faizi Qazaxıstan, 1,5 faizi Xorvatiya, hər biri 1,4 faiz olmaqla Rumıniya və İsveçrə, 1,3 faizi İran, hər biri 1,1 faiz olmaqla Portuqaliya, Ukrayna və Avstraliya, hər biri 0,9 faiz olmaqla Özbəkistan və Belarus, 14,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 45,8 faizini İtaliyaya, 13,9 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 3,8 faizini Çexiyaya, 3,4 faizini Yunanıstana, 3,1 faizini Bolqarıstana, 2,9 faizini Xorvatiyaya, 2,7 faizini Gürcüstana, hər biri 2,5 faiz olmaqla Almaniya və Rumıniyaya, 2,1 faizini Portuqaliyaya, 1,6 faizini İsveçrəyə, 1,3 faizini Birləşmiş Krallığa, hər biri 0,9 faiz olmaqla İrlandiya və Ukraynaya, 0,8 faizini Niderlanda, hər biri 0,6 faiz olmaqla Serbiya və Tunisə, 0,5 faizini Fransaya, hər biri 0,4 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri, Tailand, İndoneziya, Çin və Qazaxıstana, 3,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
XQ

