Gəncə Dövlət Dram Teatrının xoşbəxt taleli yetirmələri sırasında Xalq artisti Ella Yaqubovanın öz yolu, öz dəsti-xətti var. Bu aktrisa 78 illik həyat yolunun 58 ilini sənət məbədində – səhnədə keçirib.
Ella İsmayıl qızı Yaqubova 1946-cı il dekabr ayının 30-da Gəncədə hərbçi ailəsində anadan olub. İbtidai təhsilini də orada alıb. Sonra atasının işi ilə əlaqədar ailə Bakıya köçüb və Ella təhsilini burada davam etdirib. Elə məktəbdə oxuyarkən burada dram dərnəyinin üzvü olub. Qızcığazın incəsənətə olan marağı onu mədəniyyət sarayının rəqs ansamblına gətirib. Həmçinin məktəb illərində televiziyanın uşaq verilişlərində çıxış edib. Məktəbi bitirdikdən sonra sənədlərini Pedaqoji Universitetə versə də, sənətə olan sevgisi onu Bakı Mədəni Maarif Texnikumuna gətirib. Xalq teatrlarında sənət məziyyətlərini Məmmədkamal Kazımov, Lütfü Məmmədbəyov, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Fazil Bayramov kimi sənətkarlardan öyrənə bilib. Gənc Tamaşaçılar Teatrında çalışıb. Festivalların birində Gəncə Dövlət Dram Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Həsən Ağayev onun çıxışını bəyənib və təyinatının verilməsinə Gəncəyə köməklik göstərib. Beləliklə, 1966-cı ilin aprel ayından Ella Yaqubova Gəncə Teatrına gəlib.
Maraqlı bir fakt: elə Gəncəyə ilk gəlişində rejissor, Xalq artisti Məhəmməd Burcəliyevin quruluşunda Cəlil Məmməd-quluzadənin “Ölülər” pyesinin tamaşasında Nazlı obrazını ekspromt olaraq oynayıb. Debütü uğurlu olub və o, bu teatrın səhnəsində Ələddin Abbasov, Məhəmməd Burcəliyev, Sədayə Mustafayeva, Rəmziyyə Veysəlova, Firuzə Bədirbəyli, Səməd Tağızadə, Kərim Sultanov, Ağa Məmmədov, Zülfüqar Baratzadə, Reyhan Tağıyeva kimi sənət ustaları ilə çiyin-çiyinə çalışıb və onların sənət məktəbindən bəhrələnib. Aktrisa Gəncə Dövlət Dram Teatrının səhnəsində müxtəlif əsərlərdə iştirak etməklə, maraqlı obrazlar qaleriyası yarada bilib. “Komsomol poeması”nda Gülbahar, “Ezop”da Melita, “Son məktub”da Xatirə, “Mənim günahım”da Ayqız, “Nəriman ata”da Bacı və digər obrazlar bu qəbildəndir.
1968-ci ildə Mingəçevir Dövlət Dram Teatrı yaradılanda Ella xanım da oraya göndərilib. Teatrın təməli Cəfər Cabbarlının “Almaz” pyesi ilə qoyulub. Aktrisa Mingəçevir Teatrında 56 illik səhnə fəaliyyəti dövründə 330-dan artıq əsərdə 330 fərqli obrazlar qalereyasının yaradılmasına nail ola bilib.
“Almaz”da Almaz, “Solğun çiçəklər”də Sara, “Aydın”da Gültəkin, “Yaşar”da Tanya, “Hacı Qara”da Sona, “Eşq və İntiqam”da Həcər xanım, “Bayramın birinci günü”də Fəxrundə, “Vətən dərdi”də Sara bəyim, “Ana”da Səlma ana, “Nənəmin kələyi”də Nənə, “İki yetimin taleyi”də Ana, “Duel”də Naza, “Təcili teleqram”da Artıq, “Qətl günü”də Turan, “Cavanşir”də Reyhan, “Müfəttiş”də Mariya Antonovna-Çilingər arvadı, “Məhv olmuş gündəliklər”də Anjel, “Nənələr ərə gedir”də Məsi arvad, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”da Pəri xanım və başqa surətləri aktrisanın çox məharətlə yaratdığı rollar sayılır. İstər epizodik, istərsə də əsas rollar ifa edən Ella Yaqubova obrazlarının təqdimatında öz təbiiliyi, səmimiliyi, emosionallığı ilə hər zaman fərqlənib. O, bu teatrın səhnəsində İldırım Cabbar, Zülfüqar Abbasov kimi rejissorların sənət məziyyətlərindən bəhrələnib. Teatrın repertuarının ideya və məzmun etibarı ilə dolğun, mündəricəli pyeslərlə zənginləşməsi naminə bədii şura üzvü kimi də əlindən gələni əsirgəməyib.
Mən 2017-ci ildə Ella Yaqubovanın Mingəçevir Dövlət Dram Teatrının səhnəsində 2 obrazını böyük maraqla izləmişəm. Bunlar Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyesinin tamaşasında Pəri xanım və gənc yazıçı-dramaturq Pərvinin “Nənələr ərə gedir” pyesinin tamaşasında Məsi arvad obrazlarıdır. Səhnədə aktrisanın məharətli ifası diqqətimi dərhal cəlb edib. Aktrisanın səhnədə olan hər bir mizanı rejissor təfsirinə uyğun mənimsəməsi obrazların daha maraqla qarşılanmasına səbəb olub. Aparıcı səhnə ustası olan Respublikanın Xalq artisti Ella Yaqubova Hüseyn Cavidin “Ana” pyesindəki Səlima ana obrazına görə Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına layiq görülüb.
Aktrisanın mövcud vəziyyəti anında dəyərləndirmə, zəngin improvizasiya qabiliyyəti, rejissor tapşırıqlarını yüksək səviyyədə icra etmə bacarığı hər zaman diqqəti cəlb edib. Çünki Ella Yaqubova heç vaxt özü üçün, özünü səhnədə büruzə göstərmək üçün oynamayıb. Əksinə, onun əsas məqsədi tərəf-müqabilləri üçün oynamaq, bütövlükdə tamaşanın daha da uğurlu alınmasını təmin etmək olub. Respublikanın Xalq artisti Ella Yaqubova, həmçinin “Bakıfilm”in istehsal etdiyi “Xoca” filmində Ana obrazında çəkilib. Aktrisa bu filmdə Ananın iztirablarını, onun övlad yanğısını böyük məharətlə ifa edə bilib.
Aktrisa fəaliyyəti müddətində Mingəçevir Dövlət Dram Teatrında gənc nəslin yetişməsində əvəzsiz xidmətlər göstərib. Xalq artisti Ella Yaqubova bu gün də Mingəçevir şəhərinin ictimai həyatında fəal iştirak edir. Onun ümumşəhər tədbirlərində hazırladığı kompozisiyalar böyük maraqla qarşılanır.
Deyirlər, hər kəsin bir alın yazısı olur. Qismətin, taleyin ona bəxş etdiyi bir alın yazısı. Ella Yaqubova da alın yazısında olan 78 illik həyatını şərəf və ləyaqətlə, qürurla yaşayır.
Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas