“Keçirəm yenə də Muğan çölündən”

post-img

Muğanda yazılı ədəbi örnəklərin yaranması tarixi ən azı XVI-XVIII əsrləri əhatə edir. Burada Nişat Şirvani, Qasım Həsənoğlu, Yaqub Ədib, Mirzə Aslanoğlu, Məşədi Əmrah (Salyan), Mirzə Baxış Nadim (Hacıqabul), el şairəsi Ağcaqız (Neftçala) kimi söz ustalarının yazıb-yaratması bölgədə ədəbi ənənənin əsrlərlə yol gəldiyini göstərir. Bu zəngin mühit XX əsrdə də yüksələn xətlə inkişaf edib. Fəaliyyətinin miqyası bütün türk dünyasını əhatə edən Əli bəy Hüseynzadənin də məhz bu mühitdə doğulub böyüməsi hər bir muğanlını qürurlandırır. 

…Səməd Vurğun, Rəsul Rza, Süley­man Rüstəm, Əhməd Cəmil, Nəbi Xəz­ri, Mehdi Hüseyn, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Hüseyn Arif, Qabil və digər söz ustalarının Muğana səfərləri, buradakı unudulmaz görüşləri bölgədə yazıb-yaradan insanlara istiqamət ver­məklə bərabər, onların milli ədəbi pro­sesdə fəal iştirakına və sənət uğurları qazanmasına stimul yaradıb.

“Ovçuluğa meyl saldım, gecə-gündüz çöldə qaldım” – deyən Səməd Vurğun tez-tez bu yerlərə ova da gələrdi. Əlbət­tə, onun məqsədi təkcə ov deyildi, şair təbiətdən ilham almaq üçün dağı, aranı, Mili, Muğanı gəzirdi, bu çöllərin yaraşığı ceyranları qorumağa çağırırdı:

Sükuta qərq olmuş ürəyimlə mən

Keçirəm yenə də Muğan çölündən.

Yanında balası, yağış gölündən

Əyilib su içir bir ana ceyran!

Nə gözəl yaraşır Muğana ceyran!

Bu zonanın yetirdiyi ünlü şairlər Əli­ağa Kürçaylı, Ağacavad Əlzadə, Xəlil Rza Ulutürk, Aşıq Pənah Pənahov, Sabir Almazov, Oqtay Rza, Balaş Nuri, Əlisə­mid Kür və başqaları qədim şamanların, muğların çalıb-çağırdıqları, ov adıyla seyrinə çıxdıqları bu çöllərdən az ilham almayıblar. İndiki qələm əhli də, yəqin ki, ova çıxmağı, çöl gözəlliyini seyr etməyi sevir. Hər ovun uğurlu olduğunu deyə bil­mərəm. Amma bildiyim budur ki, yazar­lar evə əliboş qayıtsalar belə, hər birinin “söz tilovu”nda mütləq gözəl şeirlər, he­kayələr olur. 

Vaxtilə evinə qonaq getdiyim mərhum İmamverdi Əbilovla “Könül dünyamıza səyahət”imiz yadımdan çıxmır. Maksim Qorki adına Moskva Dünya Ədəbiyyatı İnstitutunun məzunu Müzəffər Məzahi­min “Ata ocağı”nın istisinə də qızınmı­şam, “Əbədi buzlaqlar” romanı ilə ürəy­mizə sərinlik yayan Təyyar Nəsirli ilə, Neftçalanı “qarayanız Leyli” adlandıran Zabil Pərvizlə də söhbətlərim olub. Hər birini əsl sənət fədaisi, bədii söz, fikir, işıqlı ideya “ovçu”su kimi tanımışam. 

Ətraf rayonlardakı qələm əhlinin birliyi olan AYB Muğan bölməsinin yaradılması 2008-ci ildə AYB-nin sədri Anar, 1-ci kati­bi Fikrət Qoca və başqalarının iştirakı ilə gerçəkləşdirilib. Bölmənin ilk sədri Namiq Hacıheydərli olub. Biləsuvar rayonunun qaçqın şəhərciyində məskunlaşmış iste­dadlar da bölməyə cəlb ediliblər. Bölmə indi sıralarında 32 nəfər AYB üzvünü bir­ləşdirir. Salyan Rayon İcra Hakimiyyəti ictimai əsaslarla fəaliyyət göstərən bölmə üçün xüsusi otaq ayırıb. Birlik üzvlərinin, ədəbiyyat həvəskarlarının bədii və meto­diki hazırlığının təmin etmək məqsədilə burada lazımi şərait yaradılıb. 

Bölmənin xəttilə təhsil və mədəniyyət müəssisələrində ədəbi-bədii tədbirlər təş­kil edilir, şair və yazıçıların, tanınmış şəx­siyyətlərin xatirə günləri və yubileyləri la­yiqincə qeyd edilir. 2019-cu ilin Nəsimi ili, 2021-ci ilin Nizami ili, 2023-cü ilin Heydər Əliyev ili elan edilməsi haqqında Prezi­dent sərəncamları ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilib. Eyni zamanda böyük mütəfəkkir Əlibəy Hüseynzadənin 160, ədəbiyyat vurğunu, filologiya elmləri doktoru İmamverdi Əbilovun 95, yazıçı Əli Ağabəylinin 100, tanınmış şairlərdən Əliağa Kürçaylının və Ağacavad Əlza­dənin 95, Xəlil Rza Ulutürkün 90 illiyi ilə bağlı tədbirlərdə ziyalılar, gənclər, yerli ic­timaiyyətin nümayəndələri iştirak ediblər. 

Son vaxtlarda bölmənin yaxından iş­tirakı ilə Milli Məclisin deputatları – Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı-publisist Aqil Abbas, ədəbiyyatşünas akademik Nizami Cəfərov, eləcə də AYB katibi Sə­lim Babullaoğlu, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, ədəbiyyat­şünaslar – professor Vaqif Yusifli, Əsəd Cahangir, şairlər Sayman Aruz, Avdı Qoşqar, İlham Qəhrəmanov, Damət Sal­manoğlu və başqaları ilə keçirilən görüş­lər yadda qalıb. Bölgənin ədəbi məclislə­rində tanınmış şair və yazıçılarla yanaşı, gənc istedadlar, poeziya həvəskarları və məktəblilər də iştirak ediblər. 

Yazarların dəyərli, ümidverən poezi­ya və nəsr nümunələri ədəbi orqanlarda, yerli “Qələbə”, “Gündoğar” və “Məhsul” qəzetlərində çap edilir. Ədəbi məclislər – “Kür-Xəzər” (rəhbəri Zabil Pərviz), “Xəlil Rza Ulutürk” (rəhbəri Həsən Kür), “Kü­rün töhfəsi” (rəhbəri Nəbi ibrahimov) və “Turan” (rəhbəri Firdovsi Sarvanlı) öz ət­rafına xeyli ədəbiyyat həvəskarı toplayıb. 

Fərəhli haldır ki, Qarabağ torpaqla­rını düşməndən azad etmiş Vətən oğul­larının qəhrəmanlığı bölgə yazarlarının yaradıcılıq leytmotivinə çevrilib. Elnur Uğurun Vətən Müharibəsi Qəhrəma­nı Camal İsmayılov, Müşfiq Muğanlının Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, Gülqədəm Mirzəzadənin şə­hid Elimdar Səfərov haqqında kitablarını, eləcə də Firdovsi Sarvanlının “Hər bir şə­hid Vətəndir” və Təyyar Nəsirlinin “Altın­da yatarkən də bizimdir yerin üstü”, şair Həsən Kürün “Döyüş və dönüş” əsərlərini ölməz şəhidlərdən bəhs edən qəhrəman­lıq səlnaməsi hesab etmək olar. 

Bölgənin bütün ölkədə tanınmış ya­zarları Soltan Abbasın, Müzəffər Məzahi­min, Zabil Pərvizin, Elnur Uğurun, Zərxa­nım Ülvinin, Şakir Xanhüseynin, Firudin Həsənağanın, Cəmaləddin Əjdəroğlunun və digərlərinin ədəbi-bədii yazıları günü­müzün qayğıları, Azərbaycan həqiqətləri ilə həmahəng səslənir. Son illərdə Bakı­da – AYB Natəvan klubunda da bölgənin təşəbbüsü ilə maraqlı kitab təqdimatları keçirilib və müzakirəyə çıxarılan əsərlər haqqında tənqidçilər dəyərli fikirlər söy­ləyiblər. 

AYB Muğan bölməsinin sədri, yazı­çı-publisist Nəbi İbrahimov görüşümüz zamanı dedi ki, öz ənənələri olan Muğan ədəbi-mədəni və ictimai mühiti bu gün də qaynar həyatını yaşamaqdadır. Hazırda Prezident sərəncamı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin keçirilməsi ilə bağlı tədbirlər hazırlanır. 

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət