Məşğulluq Agentliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Dövlət Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində “Əhalinin peşə hazırlığının təşkili” mövzusunda “dəyirmi masa” təşkil edilib. Tədbir Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəliyi və Şuşa rayonunda Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən XQ-yə verilən xəbərdə bildirilir. Qeyd edilir ki, tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İsgəndərov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, digər dövlət qurumlarının və özəl tədris müəssisələrinin nümayəndələri iştirak edib.
M.Abbasbəyli belə tədbirlərin işğaldan azad olunan bölgələrə köçürülən vətəndaşların məşğulluğunun təminatında mühüm dəstək olduğunu vurğulayıb. Qeyd olunub ki, ilk mərhələdə müvafiq işçi qrupu işğaldan azad olunan ərazilərimizə qayıdışı planlaşdırılan 311 min şəxsin təhlilini (demoqrafik, məşğulluq və sosial göstəricilər) həyata keçirib. Qayıdış prosesində 256 işəgötürənlə görüş keçirilib, işçi qüvvəsinə olan tələbat öyrənilib, köçürülən sakinlərdən artıq 1495 şəxsin məşğulluğu təmin edilib, 979 nəfərin isə məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir. Özəl sektorla əməkdaşlıq nəticəsində bu işlərin əhatəsi getdikcə genişlənir. Həmçinin əsas prioritetlərdən biri həmin ərazilərdə ehtiyac olan peşələrə dair tələbləri öyrənmək və gələcəkdə bu peşələr üzrə kurslar təşkil etməkdir. Bu sahədə özəl sektorla əməkdaşlığa xüsusi önəm verilir.
Tədbir iştirakçılarına işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin yeni peşələrə yiyələnməsi üçün Agentliyin həyata keçirdiyi və təşkili planlaşdırılan peşə kursları barədə məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə həmin ərazilərdə 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub. Ötən il Bərdədə açılışı olan Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi bu sahədə mühüm rola malikdir.
Mərasimdə özəl tədris müəssisələrinin işğaldan azad edilmiş ərazilər üzrə peşə hazırlığının təşkili prosesinə cəlb edilməsi, onların bu sahədə səmərəli fəaliyyətinin təşkili məsələləri, habelə iştirakçıların təklifləri müzakirə olunub.
Nazirlikdən, həmçinin bildirilib ki, Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizdə işsiz və işaxtaran şəxslərin peşə hazırlığının təşkili istiqamətində tədbirlərini də davam etdirir. Həmin ərazilərdə özəl tədris müəssisələri ilə birgə peşə kurslarının təşkili məqsədilə onların mövcud infrastruktur və şəraitlə tanışlığı üçün agentliyin Bərdə şəhərindəki Qarabağ Peşə Hazırlığı Mərkəzinə və Xankəndi şəhərinə infoturu təşkil olunub.
Özəl tədris müəssisələrinin nümayəndələri Qarabağ Peşə Hazırlığı Mərkəzində işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun peşələrə yiyələnməsi üçün yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, ötən ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan mərkəzdə 48 peşə istiqaməti üzrə tədrisin təşkili üçün imkanlar yaradılıb. Qeyd edilib ki, müəssisədə dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, informasiya texnologiyaları və s. istiqamətlər üzrə tədris aparılır. Burada 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar fəaliyyət göstərir. Mərkəzdə bu il ərzində 1000 nəfərin peşə hazırlığına cəlb olunması nəzərdə tutulub.
Agentliyin və özəl tədris müəssisələrinin nümayəndələri Xankəndi şəhərində də olublar. Burada da işəgötürənlərin ehtiyacları əsasında peşə hazırlığı kurslarının təşkili imkanları ilə bağlı məlumat verilib, infrastruktur və şəraitlə tanışlıq olub.
Zərifə HÜSEYNOVA
XQ