Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) elmi şuralarının birgə iclası keçirilib.
ADMİU-nun rəhbərliyi və digər məsul əməkdaşları institutun AzScienceNet, Tədris-İnnovasiya, Multimedia Texnologiyaları və Elektron Kitabxana Mərkəzi ilə yaxından tanış olublar. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev bu elmi qurumda IV Sənaye İnqilabının və dünyanın qlobal çağırışlarını, ölkəmizin milli və strateji maraqlarından irəli gələn elmi tədqiqatların aparıldığını söyləyib. Akademik qeyd edib ki, institutda süni intellekt, kiberdayanıqlılıq, Big Data, e-dövlət, e-təhsil, Əşyaların İnterneti və s. kimi aktual elmi-nəzəri və tətbiqi problemlər üzrə elmi tədqiqatlar aparılır, yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilir.
Prezident İlham Əliyevin çıxışlarında qlobal texnoloji inkişafa adekvat olan, müasir dövrün tələblərinə cavab verən intellektual insan resurslarının yetişdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etdiyi, müvafiq dövlət qurumları və alimlərin qarşısında mühüm vəzifələr qoyduğu vurğulanıb. Alimin sözlərinə görə, mütəmadi olaraq “ağıllanan” süni intellekt texnologiyaları artıq yaradıcı insanlar üçün də ciddi problemlər və narahatlıqlar yaradır. Bütün bu intellektual texnologiyalar, eyni zamanda, bədniyyətli təşkilatların əlində çox güclü silaha çevrilir. Bu baxımdan müvafiq normativ-hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi son dərəcə vacibdir. Artıq insanın bioloji, intellektual imkanları ilə süni intellektin imkanları müqayisəolunmaz həddə gəlib çatmışdır.
AMEA-nın vitse-prezidenti süni intellekt texnologiyalarının mədəniyyət və incəsənətin müxtəlif sahələrinə, yaradıcılıq proseslərinə transformasiyası istiqamətində birgə tədqiqatların aparılması, yüksəkixtisaslı kadrların, yeni nəsil yaradıcı insanların hazırlanmasının qarşıda duran mühüm vəzifələrdən olduğunu söyləyib.
ADMİU-nun rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova İnformasiya Texnologiyaları İnstitutu ilə elmi-tədqiqat üzrə birgə fəaliyyətlə yanaşı, tədrisin keyfiyyətinin yaxşılaşdırılması və kadr hazırlığı istiqamətində də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə əminliyini ifadə edib.
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov ADMİU-nun magistraturasında tədris üçün hazırlanmış “Süni intellekt və incəsənət” fənni üzrə proqram haqqında ətraflı məlumat verib. O, proqramın institutun qabaqcıl alimlərinin təklifləri, həmçinin dünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanaraq tərtib edildiyini diqqətə çatdırıb.
Daha sonra elmi şuraların birgə iclası interaktiv dialoq formatında davam edib. Müzakirələr zamanı iki qurum arasında mədəniyyət, incəsənət və süni intellekt məsələlərinə həsr olunmuş birgə tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi, elmi konfrans və seminarların təşkilinə dair təkliflər də irəli sürülüb.
XQ