Bu gün ilaxır çərşənbələrin üçüncüsüdür. Dünyanın yaranmasında iştirak edən üçüncü ünsür hava olduğundan, Yel çərşənbəsi adlanır.
Yel torpağı, suyu durğunluqdan çıxarır. Mifik təsəvvürlərdə Od və havanın işə qarışması ilə sular dalğalanır, coşub–daşır, torpaqlar vulkana çevrilib püskürür. Xalq arasında “Yel olmasa, sel olmaz”, “Yel eləyəni fələk eləyə bilməz”,– deyimləri yaranıb. İnanca görə, həmin gün söyüd ağacının altında dilək tutub, “A Yel baba, Yel baba, gözləyirik, gəl, baba”– deyib “Yel baba”nı çağırsan, niyyətin hasil olar.
Yel özündən əvvəlki Od çərşənbəsinin hərarətini çöllərə yayır, torpağı isitməyə, oyatmağa tələsir. Həmin gün əsən isti küləklər yazın gəlişindən xəbər verir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır.
Yel çərşənbəsi günü süfrədə şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur. Hamı bir–birini “çərşənbən mübarək!”– deyə təbrik edir. Bütün ailə üzvləri eyni vaxtda süfrə ətrafına toplaşırlar...
Bu çərşənbə günündə niyyət edək, bütün diləklərimiz həyata keçsin!
Z.BƏŞİRQIZI
XQ