Ana qucağı – insanlığın yuvası

post-img

Böyük rus yazıçısı Lev Tolstoy deyirdi ki, qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də, həmişə yenidir. Alman yazıçısı Henrix Heyne isə belə deyib: “Qadınlar bizi xoşbəxt etməyin bir, bədbəxt etməyin min yolunu bilirlər”.

Hər iki fikir gözəl və gözəl olduğu qədər də fəlsəfi, həyati və düşündürücüdür. Qadın ana­dır, ana isə dünyada yaradılmışlar içərisində ən müqəddəs məxluqdur... Qadın həyatdır, qadın gözəllikdir, qadın sevgidir, qadın anadır. Ən bö­yük şairlər, rəssamlar, memarlar öz şah əsərlərini qadınların, anaların şərəfinə yaradıblar. Məsələn, Hindistanda Tac-Mahal məqbərəsi, Leonardo da Vinçinin “Mona Liza” əsəri, Naxçıvandakı Mö­minə Xatun türbəsi...

Ananın müqəddəsliyi haqqında min illərdir danışırlar, yazırlar, deyirlər. Amma onu vəsf et­mək olarmı?

...Anadan soruşurlar:

–Övladlarından hansını çox istəyirsən?

Cavab verir:

–Böyüyənə qədər ən kiçiyini, sağalana qədər xəstə olanı, evə qayıdana qədər səfərdə olanı, nə qədər ki, nəfəs alıram, hər birini.

...Qarlı-çovğunlu havada ana sərçə körpə ba­lasını belinə mindirib yuvasına uçur. Yolda nəfə­sini dərib dincəlmək üçün balasını belindən yerə qoyur. Bala sərçə deyir:

–Ana, gedib yuvamıza çataq. Qoy böyüyüm, onda mən də səni belimdə aparacağam.

Ana sərçə deyir:

–Mənim balam, böyüyəndən sonra da məni belində apara bilməyəcəksən. Onda sənin öz ba­lan olacaq və onu belinə mindirib aparacaqsan.

...Müəllim dərs dediyi şagirdlərə sabah onlar üçün dünyada ən qiymətli olan şeyi gətirməyi tapşırır. Şagirdlərdən kimi qızıl, kimi gümüş, kimi daş-qaş və s. gətirir. Bir şagird isə ovcunda bir parça torpaq gətirir. Müəllim ondan adi torpağı nə üçün gətirdiyini soruşanda şagird deyir:

– O, adi torpaq deyil, müəllim. Siz dərsdə de­yirdiniz ki, peyğəmbər buyurub ki, cənnət anala­rın ayağı altındadır. Mən bu torpağı anamın ayaq basdığı yerdən gətirmişəm. Ona görə də bu tor­paq mənim üçün cənnət misalındadır.

Bizi dünyaya gətirən, beşiyimizi yırğalayan, əzabımızı çəkən, boyumuzu sevən, ömrünü gilə-gilə balaları yolunda əridən, dünyanı bizə sev­dirən və bizi dünyaya əmanət verən ana! Südü ilə can verən, nəfəsi ilə qızdıran, əlləri ilə ağrıla­rımıza məlhəm qoyan, ürəyi daim övladları üçün əsən, qayğısı üstümüzdə, duaları yanımızda olan ana!

Böyük avar şairi və ictimai xadimi Rəsul Həmzətov qadınlara xitabən deyirdi: “Əgər sizi bu dünyada sevən iki nəfər varsa, bilin ki, onun biri mənəm. Əgər sizi bu dünyada sevən bir nəfər varsa, bilin ki, o mənəm. Əgər sizi bu dünyada sevən bir nəfər də yoxdursa, bilin ki, Rəsul Həm­zətov həyatda yoxdur…”

Bu sözlərin altından mən də öz imzamı qo­yuram.

Süleyman QARADAĞLI

Sosial həyat