Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.
Səfərdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.
Səfər Xankəndi şəhərini, Xocalı, Şuşa və Laçın rayonlarını əhatə etməklə, iki gün davam edəcək.
Diplomatik korpus nümayəndələri səfər çərçivəsində əvvəlcə Xocalı şəhərində Xocalı Soyqırımı Memorialı ilə tanış olublar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Xocalı Soyqırımı Memorialı barədə xarici nümayəndələrə məlumat verib.
***
Xarici nümayəndələr Xankəndi şəhərində yaradılan Zəfər parkı ilə yaxından tanış olublar.
Bildirilib ki, park Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.
Zəfər parkının ümumi sahəsi 9 hektardır. Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.
***
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidə Qarabağ Universitetinə gəliblər. Onlara universitet barədə ətraflı məlumat verilib.
Diplomatik korpusun nümayəndələri ilə keçirilən görüşdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək təhsil ocağının innovasiyayönümlü, tələbəmərkəzli və tədqiqatəsaslı ali təhsil müəssisəsi kimi inkişaf etdiyini diqqətə çatdırıb.
Bildirib ki, Qarabağ Universiteti 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilib, 2024-cü ilin sentyabrında rəsmi açılışı olub və ilk tələbələrin qəbulu həyata keçirilib. Hazırda universitetdə birinci və ikinci kurslar üzrə ümumilikdə 2100-dən çox tələbə təhsil alır, akademik və inzibati heyətin sayı isə 400-dən artıqdır.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək bildirib ki, bu səfər diplomatik korpusun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 21-ci səfəridir. “Bizim ilk səfərlərimiz 2020-ci ilin noyabrında başlamışdı. Aramızda elə səfirlər var ki, onlar cəbhə xəttində olublar, belə səfərlərə qatılıblar və onlar Qarabağın tam dəyişməsini və transformasiyasını zaman kəsiyində görə bilərlər.
Biz bu səfərlə Qarabağ torpağındakı reallıqları, illər ərzində necə transformasiya olunduğunu və Qarabağda yeni həyatın, canlanmanın necə baş verdiyini nümayiş etdirmək və göstərmək istəyirik. Təəssüf ki, Qarabağ son 30 il ərzində müharibə, münaqişə və qanla yadda qalıb. Bəli, bunun arxasında çətin bir tarix dayanır. Biz tarixi və keçmişi inkar edə bilmərik. Lakin xatirələrimizi yadda saxlayaraq, gələcəyə – Azərbaycan və qonşularımız üçün dinc bir gələcəyə baxırıq”, - deyə Prezidentin köməkçisi əlavə edib.
Sonra diplomatik korpusun nümayəndələri universitetinin Klinikası, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsi ilə tanış olublar.
Xarici diplomatlara Tibb və sağlamlıq elmləri fakültəsi barədə məlumat verilib. Bildirilib ki, Tətbiq olunacaq müasir təhsil modeli tələbələrin nəzəri biliklərini Qarabağ Universitetinin Klinikasında praktik vərdişlərə çevirməyə imkan yaradır. Tələbələrin tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün də hərtərəfli imkanları var.
***
Azərbaycan 30 ilə yaxındır ki, minlərlə ailənin itkin düşmüş yaxınlarının taleyinə aydınlıq gətirilməsini gözləyir.
Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndidə jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyev bildirib ki, işğal dövründə Ermənistanın hərbi təcavüzü nəticəsində minlərlə Azərbaycan vətəndaşı əsir və girov götürülüb, onların sonrakı taleyi barədə isə bu günədək məlumat verilməyib: “Hazırda 4 minə yaxın itkin düşmüş şəxsin taleyi naməlum olaraq qalır və onların böyük əksəriyyəti mülki şəxslərdir”.
Prezidentin köməkçisi qeyd edib ki, bu müddət ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsi müəyyən məlumatlar toplasa da, mandatına uyğun olaraq bu işi tam şəkildə yekunlaşdıra bilməyib.
“Biz müxtəlif kanallarla, o cümlədən Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri vasitəsilə də qarşı tərəfə müraciətlər etmişik. Ailələr hələ də övladları haqqında məlumat gözləyirlər”, – deyə o vurğulayıb.
***
Diplomatik korpusun nümayəndələri Şuşada Dövlət Xidmətləri Mərkəzində də olublar.
Mərkəzin yenidənqurma və təmiri işlərinə 2023-cü ilin mayında başlanılıb. Buradakı keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı təmir işləri aparılıb, geniş yaşıllıq zonası salınıb. Dördmərtəbəli binada “ASAN xidmət” və “DOST xidməti” mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialları fəaliyyət göstərir.
Dövlət Xidmətləri Mərkəzi əsaslı təmirdən sonra 2024-cü il iyulun 5-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb.
***
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını da ziyarət ediblər. Xarici nümayəndələrə Şuşa şəhərinin tarixi barədə məlumat verilib.
Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
***
Avropa Parlamentinin qəbul etdiyi sənəd Azərbaycan üçün hüquqi öhdəlik yaratmır. Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunması, Ermənistanla normallaşma prosesinin irəlilədilməsi istiqamətində addımlar atır.
Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Hikmət Hacıyev qeyd edib ki, münaqişə başa çatsa da, onun yaratdığı humanitar problemlər, xüsusilə mina təhlükəsi hələ də qalmaqdadır.
Bildirilib ki, 2020-ci ildən bu günə qədər mina partlayışları nəticəsində 420-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya xəsarət alıb.
Prezident köməkçisi vurğulayıb ki, işğal dövründə Azərbaycan ərazilərində geniş miqyasda minalama aparılıb və bu, bərpa-quruculuq prosesinə təsir göstərir. Ərazilərin təmizlənməsi istiqamətində işlər davam etdirilir.
Hikmət Hacıyev, həmçinin qeyd edib ki, Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə bağlı məsələlər qanunvericiliyə uyğun şəkildə həll olunur və bu sahədə qərarlar məhkəmə orqanları tərəfindən qəbul edilir.
H.Hacıyev əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri mövcud şəhərsalma planlarına uyğun həyata keçirilir və işğal dövründə qanunsuz inşa edilmiş obyektlərlə bağlı müvafiq tədbirlər görülür.
XQ









