İrəvan – Moskva: münasibətlərdəki çatlar dərinləşir

post-img

Ermənistan hökumətinin müəyyən üzvləri, eləcə də hökumətin strukturuna daxil olmayan bəzi yüksək vəzifəli şəxslər tərəfindən Rusiyanın, yeri gəldi-gəlmədi, ittiham edilməsi adi hal alıb. Onlar rəsmi Moskvanı, əsasən Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirməməkdə günahlandırırlar. Ümumi fikir bundan ibarətdir ki, Kremlin yanaşması müttəfiqlik münasibətləri ilə üst-üstə düşmür. Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın ölkəsinin ictimai televiziyasına bu günlərdə verdiyi müsahibə də ölkədəki anti-Rusiya ovqatının növbəti təzahürü sayıla bilər. 

A.Qriqoryan müsahibəsində bir sıra nüanslara toxunub. O, Ermənistanın Ru­siyadan qoparaq, Qərbə meyillənməsini özünəməxsus şəkildə “əsaslandırmağa” çalışıb. Deyib ki, Hayastanın xarici təh­lükəsizlik siyasətinin şaxələndirilməsi zə­rurəti bir sıra obyektiv amillərlə bağlıdır. Mövcud tendensiya 2021-ci ildə – Ermə­nistanın Rusiyadan hərbi texnika almağa çalışdığı və onunla ikitərəfli müqavilələr imzaladığı vaxtdan başlayıb. Paralel ola­raq orduda hərtərəfli islahatlar konsep­siyası hazırlanıb. Guya, bu islahatların məqsədi isə Rusiya tərəfi ilə birgə dəyi­şikliklərin həyata keçirilməsi olub.

Ancaq 2021-ci ilin mayında vəd edilən proqramı reallaşdırmaq əvəzinə, “Ermənistan hücuma məruz qalıb”. Ru­siya isə ümumilikdə, 250 milyon dollar pul ödənilmiş silahları tədarük etməyib: “Bu, təhlükəsizlik strategiyasına yenidən baxılmasını zəruri edən əsas məqam oldu. Müdafiə üçün zəruri vasitələrsiz qalan Ermənistan yeni strateji tərəfdaş­lar axtarışına başladı ki, onların arasında Hindistan, Fransa və bir sıra Avropa İtti­faqı ölkələri seçilir”.

Qeyd edək ki, A.Qriqoryan “Ermə­nistanın hücuma məruz qaldığını” iddia edərkən, 2021-ci ilin mayında baş vermiş sərhəd insidentini nəzərdə tutur. Həmin vaxt qar ərimiş və Azərbaycan GPS mo­nitorinq sistemi vasitəsilə dəqiqləşdirmə apararaq, Qaragöl gölü ətrafındakı əra­zilərdə öz sərhədlərinə sahib çıxmışdı. Rəsmi İrəvan bu zaman haray-həşir sa­laraq, “hücuma məruz qaldığını” bildir­mişdi. Haylar Rusiya tərəfinə müraciət edərək, onu Kollektiv Təhlükəsizlik Müqa­viləsi Təşkilatı çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırmışdılar. Ancaq KTMT-nin mənzil-qərargahından bildiril­mişdi ki, hələlik Ermənistan və Azərbay­can arasında sərhədlərin delimitasiyası aparılmayıb. Sərhəd xəttinin haradan keçdiyi dəqiq məlum deyil. Buna görə İrəvanın müraciəti əsassız sayılmışdı.

Qeyd edək ki, ölkəmizin öz sərhədlə­rinə sahib çıxması, ancaq bunun Ermə­nistan tərəfindən “hücum” adlandırılması məsələsinə 2021-ci il iyulun 22-də Azər­baycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev də münasibət bil­dirmişdi. Dövlətimizin başçısı məsələnin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin həmin ay Bakıya səfəri zamanı müzakirə edildiyini demişdi: “Təbii ki, bu məsələ səfər zamanı müzakirə olundu və mən izah etməyə çalışdım ki, biz öz sər­hədimizə çıxmışıq. Nə üçün may ayında çıxmışıq? Çünki qar əridi. Qar idi, iki-üç metrlik qar idi. Ora çıxmaq mümkün de­yildi. Qar əriyəndən sonra biz çıxdıq, la­zım bildiyimiz nöqtələri götürdük və orada yerləşdik, orada möhkəmlənirik və möh­kəmlənəcəyik. Ona görə Ermənistanın, əlbəttə, məyus olması ondan irəli gəlir ki, onlar yenə də xülyalarla yaşayırlar. On­lar postmüharibə reallıqları ilə barışa bil­mirlər. Hesab edirəm ki, burada psixoloji amil da öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzər­dən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunları­nı darmadağın edib”.

Onu da bildirək ki, Prezident İlham Əliyev 2024-cü il yanvarın 10-da yer­li televiziya kanallarına müsahibəsində Azərbaycanın şərti sərhəddəki qanuni mövqelərindən geri çəkilməyəcəyini bir daha bəyan edib: “Ona görə, əlbəttə ki, biz heç yerə qayıdan deyilik. Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelər­dən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir. Ancaq bizim indi Ermənistan tərəfindən mübahisə edilən yerləşməyimiz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim durduğumuz mövqelərdə, təpələrdə heç vaxt yaşayış olmayıb. Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə da­vam edir və bu, dözülməzdir...”

Ermənistanın baş naziri Nikol Pa­şinyanın yaxın silahdaşı hesab olunan Qriqoryanın müsahibəsində isə digər diqqətçəkən məqamlar var. O, deyib ki, 2021-ci ilin mayınadək Ermənistanın hər­bi-texniki əməkdaşlığının 96 faizi Rusiya ilə olub. Lakin 2022-ci ilin yanvarından başlayaraq, Ermənistan müxtəlif ölkələr­lə çoxmilyonluq müqavilələr imzalayıb. Belə ki, Birləşmiş Ərəb Əmirlikləri, 200 milyon dollar sərmayə ilə, ötən il Ermə­nistana ən böyük sərmayə yatıran ölkə olub. Lüksemburq ikinci sırada qərarla­şıb. Rusiya isə 50 milyon dollarla üçüncü yerə düşüb: “Rusiyanın silah tədarükün­dən imtinası diversifikasiya üçün stimul rolunu oynadı. Həmin addım Ermənista­nı vahid təchizatçıdan asılılığa yenidən baxmağa məcbur etdi. Rusiya Ermə­nistana silah tədarükünün Ukrayna ilə müharibədə onun mövqelərini zəiflədə­cəyindən, bizim isə öz maraqlarımızı qo­rumaqda daha güclü mövqe tutaraq, ona mane ola biləcəyimizdən ehtiyat edərək lazımi silahları verməmək qərarına gəldi. Bu tezis rəsmi şəkildə, konkret bir məmur tərəfindən ifadə edildi”.

Yəqin ki, Rusiya rəsmilərindən kimsə Qriqoryanın səsləndirdiyi fikirlərə müna­sibət bildirəcək. Qriqoryanın məntiqindən belə çıxır ki, Rusiya Ukrayna cəbhəsin­də kollektiv Qərblə mübarizədə zəruri ehtiyac duyduğu silah-sursatı Ermənis­tana verməli imiş. İrəvanla müqavilənin imzalandığı dövrdə Rusiya müharibə aparmırdı. Ümumən, müharibə müqa­vilənin denonsasiyasına (pozulmasına) deyil, icrasının müvəqqəti təxirə salın­masına əsas yaratmışdı. Ermənistan da silah-sursata ciddi ehtiyac duymurdu. Onu da bildirək ki, Rusiya 2021-ci ildə imzalanmış müqavilə üzrə öhdəliklərini 2023-cü ildə yerinə yetirdi. Bu mənada, Paşinyanın Qərbpərəst komandasının silah-sursat məsələsindən Rusiya ilə münasibətlərin səviyyəsini aşağı salmaq üçün, sadəcə, bəhanə kimi istifadə etdiyi göz önündədir.

Ermənistanın təhlükəsizlik şurası ka­tibinin toxunduğu digər məqam Avropa İttifaqının müşahidəçiləri ilə bağlıdır. O deyib ki, Aİ müşahidəçilərinin 12 fevral insidentinin baş verdiyi Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinə çıxışı yoxdur, ancaq məsələni müzakirə edə­cəklər: “Həmin ərazidə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri yer­ləşdirilib. Sənədlərə görə, Rusiya Ermə­nistanın təhlükəsizliyinə zəmanət verən tərəfdaşdır. Lakin hadisələr göstərir ki, 1990-cı illərdə tətbiq edilən mexanizmlər bu gün işləmir”.

Onu da qeyd edək ki, fevralın 12-də şərti sərhəddə insidentin baş verməsin­dən sonra rəsmi İrəvandan oxşar məz­munda digər açıqlamalar da səsləndirilib. O cümlədən, baş nazir Paşinyan bildirib ki, Rusiya sərhədçilərinin Nerkin-And ərazisində olmaq üçün mandatı yoxdur: “Vəziyyətlə bağlı deyə bilərəm ki, Rusiya sərhədçilərinin nə mandatı, nə də razı­laşması var. Bu isə o deməkdir ki, həmin zonada Rusiya sərhədçiləri təhlükəsizlik­lə bağlı fəaliyyətlər həyata keçirə bilməz­lər. Deməli, biz bundan müvafiq nəticə çıxarmalıyıq”.

Paşinyanın açıqlaması, bəzi məsələləri gün işığına çıxardır. Güman edə bilərik ki, məlum insident Paşinyan hökuməti ilə onun Qərbdəki tərəfdaşları tərəfindən təşkil olunub. Mümkündür ki, məqsəd Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərini gözdən salmaq, daha sonra onları ölkədən çıxarmaqdır. Yəni, bunun üçün zəmin formalaşdırılır. Mövcud fonda rusiyalı sərhədçilərlə bağ­lı “Zvartnos” hava limanında baş vermiş hadisə də diqqət çəkir. Elə Qriqoryanın müsahibədə Ermənistan–Azərbaycan şərti sərhədinin məsafə uzunluğunun nəzərə alınaraq, avropalı müşahidəçilə­rin sayının artırılmasının planlaşdırıldı­ğını deməsi də məkrli niyyətlərdən xəbər verir: “Hesab edirik ki, missiya məhsuldar iş görür. Onun Moskva və Tehrana qarşı yönəldiyi ilə bağlı Rusiyanın ittihamları əsassızdır. Mən başa düşə bilmirəm ki, Rusiya öz problemlərini həll edərkən niyə başqa ölkələrin adından danışır?!”

Gözlənildiyi kimi, Qriqoryan müsahi­bəsində Fransanı xeyli öyüb. Deyib ki, Paris ölkəsinin təhlükəsizliyinin təmini sahəsində müstəsna əhəmiyyətə ma­likdir: “Fransa bizi birinci dərəcəli silah­larla təmin edir. Başa düşdüyünüz kimi, bu sual sükutu sevir və biz bütün aldıq­larımızın bəyannaməsini təqdim edə bil­mirik. Hərbi-texniki əməkdaşlıq sakit və balanslı işi nəzərdə tutur”.

Qriqoryanın müsahibəsindəki so­nuncu məqam ölkəmizin, necə deyərlər, təhlükəsizlik çətirini daha möhkəmləndir­məsinə səbəb ola bilər. Amma biz hayla­rın xislətinə bələd olduğumuzdan, işimizi hələ çox əvvəldən ehtiyatlı tutmuşuq. Bu gün Azərbaycan Ordusunun arsenalında Ermənistana verilən istənilən silahı sıra­dan çıxarmaq üçün vasitələr var. İrəvan bunu dərk etməli və bölgədə vəziyyəti daha da gərginləşdirmək siyasətindən əl çəkməlidir.

Rizvan HÜSEYNOV, 
hərbi-siyasi şərhçi

– Ermənistanın anti-Rusiya çıxışları yeni məsələ deyil. İrəvan bununla bağlı əsasən 2023-cü ilin sentyabrından, yəni ərazi bütöv­lüyümüz tam bərpa ediləndən və qurulan oyunlar faş olduqdan son­ra aktiv fəaliyyətə başlayıb. Ermə­nistan və onun havadarları başa düşdülər ki, regionda geosiyasi oyun qaydaları dəyişib. Onlar da bu vəziyyətə uyğun yeni oyun qurma­ğa çalışırlar. Anti-Rusiya meyilləri­nin tezislərini Paşinyan iqtidarına ötürən əsas oyunçular Fransa və ABŞ-dır. Moskvanın əsas diqqəti Ukrayna ilə müharibəyə yönəlib. Fransa və bir sıra digər ölkələr ABŞ-ın dəstəyi ilə aktivləşiblər. Er­mənistanın Aİ-yə üzvlüyü ilə bağlı fikirlər ortaya atıblar. Əvəzində isə Qərb Rusiya FTX-nin sərhəddən və İrəvan hava limanından çıxarılması tələbini qoyub. Onların da Aİ müşa­hidəçiləri ilə əvəzlənməsi nəzərdə tutulub. Beləliklə, Ermənistan daha əvvəllər vaxtilə Gürcüstanın və indi isə Ukraynanın yaşadığı aqibəti ya­şamağa məhkum olacaq. Hazırda Ermənistan ərazisi Rusiya və Qərb arasında yeni qarşıdurma meyda­nına çevrilir.

Səxavət HƏMİD
XQ



Siyasət