Heydər Əliyev: milli dövlət quruculuğunun Naxçıvan mərhələsi

post-img

(“Bir millət, iki dövlət” kəlamı kontekstində)

III məqalə

Heydər Əliyev yaşıdlarının və hət­ta, ondan cavan olan bir çox siyasi xa­dimin bacarmadığı xüsusiyyəti – müa­sir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir.

Çingiz AYTMATOV

“Naxçıvan sinerjisi”nin taktiki və strateji funksiyaları

Öncəki məqalədə vurğuladığımız kimi, “Naxçıvan sinerjisi” sinergetik və politoloji mahiyyətli olmaqla yana­şı, konkret fəaliyyət üçün də praktiki əhəmiyyəti olan anlayışdır. Yəni bu anlayışın məzmununun Ulu öndərin Naxçıvandakı fəaliyyətinin praktiki as­pektinə birbaşa aidiyyəti vardır. Hətta həmin anlayış məzmunu, bütövlükdə, Azərbaycan miqyasında müstəqil döv­lət quruculuğu prosesinin uğurla aparıl­masında ciddi rol oynamışdır. Burada məsələyə iki aspektin qarşılıqlı əlaqə­sində baxmaq faydalı olardı. Birinci­si, “Naxçıvan sinerjisi”nin milli dövlət quruculuğunun bir muxtar respublika miqyasından bütövlükdə ölkə miqyası­na transformasiyasında oynadığı siya­si rol vacib məqamdır. İkincisi, bu cür transformasiya özündə bir fenomeni – ölkənin bir regionundan başlayan müstəqil dövlət quruculuğunu böyük uğurla bütöv ölkə miqyasına genişlən­dirmək kimi uğurlu təcrübəni daşıyır. Bu prosesin fəlsəfi və politoloji dərki ol­duqca aktualdır. Bunun azı üç səbəbini göstərə bilərik. 

Birincisi, milli müstəqil dövlət qu­ruculuğunun Naxçıvan mərhələsinin başlıca xüsusiyyətləri Azərbaycan miqyasında həyata keçirilən dövlət quruculuğu prosesi ilə zərrə qədər də ziddiyyət təşkil etməmişdir, əksinə siyasi varislik prinsipi əsasında ölkə miqyasında aparılan quruculuğa təkan vermişdir. 

İkincisi, milli dövlət quruculuğunun Naxçıvan mərhələsi elə stimulverici funksiya yerinə yetirmişdir ki, spon­tan olaraq “Naxçıvan sinerjisi” “Azər­baycan sinerjisi”nə çevrilmişdir. Bu məsələnin fundamental siyasi, ideoloji və mənəvi-mədəni mənası vardır. Ak­tual məqam ondan ibarətdir ki, dünya praktikasında bir regionda sınaqdan keçirilən dövlət quruculuğu prosesinin bütünlükdə ölkə miqyasında reallaş­ması zamanı fəaliyyətin əsas siyasi komponentlərinin dinamik qaydada saxlanılması asan problem kimi qə­bil edilmir. Əlavə olaraq, bir regionun “dövlətçilik sinerjisi”, bütövlükdə, ölkə miqyasına transformasiya ola bilir. Eyni zamanda sonrakı mərhələ üçün də münbit zəmin hazırlayır. Konkret ola­raq, “Naxçıvan sinerjisi” “Azərbaycan sinerjisi”ni yaratdığı kimi, “Azərbaycan sinerjisi” “ümumtürk sinerjisi”ni yaratdı. 

Bununla Azərbaycanın müasir ta­rixində böyük bir siyasi-ideoloji “sıçra­yış” baş verdi. Bu baxımdan Heydər Əliyev milli dövlət quruculuğunun Naxçıvan mərhələsində artıq prosesin strateji məqsədini müəyyən etmişdi və fəaliyyətini həmin faktoru nəzərə ala­raq qururdu. Ümummilli lider hələ Nax­çıvan mərhələsində güclü Azərbaycan Respublikasını, onun türk dövlətlərinin birləşməsindəki rolunu və bu prosesin verəcəyi qiymətli geosiyasi və siyasi di­videntləri görürdü. 

Deməli, Ulu öndər yüksək strateji zəkası və məharətli praktiki siyasi fəa­liyyəti milli dövlət quruculuğunun Nax­çıvan mərhələsini faktiki olaraq həm Azərbaycan, həm də bütövlükdə Türk dünyası miqyasında əhəmiyyətli etmiş­dir. Bu tezis “Naxçıvan sinerjisi”nin tak­tiki və strateji funksiyalarının ana xəttini təşkil edir. Həmin kontekstdə, bütöv­lükdə, Azərbaycanda müstəqil dövlət quruculuğu üçün vacib olan digər bir strateji məqamın üzərində dayanaq. 

Siyasi varislik müasir dövlət quruculuğu ənənəsinin əsas faktoru kimi

Öncə onu vurğulayaq ki, müasir fəl­səfi və politoloji fikirdə “siyasi varislik” haqqında yekdil mövqe yoxdur. Onun fərqli anlamlarından bəhs edirlər. Xü­susilə, məsələ müstəqil dövlət quru­culuğuna proses kimi yanaşanda han­sı siyasi varisliyin müasir çağırışlara cavab verdiyi ilə bağlı fərqli mövqelər meydana çıxır. Məsələn, filosoflar və politoloqlar hansı səbəblərdən “Ukray­na və ya Gürcüstanda Qərbin nümunə­vi hesab etdiyi siyasi varislik fəlakətlərə gətirib çıxardı?” [bu məqamlara ukray­nalı, rusiyalı və digər araşdırmaçılar (məsələn, Ukraynada О.Fisun, Rusi­yada M.N.Afanasyev) və bir sıra Qərb tədqiqatçıları (L.Vay, H.Taylor, S.Levit­ski və b.) toxunmuşlar]. 

Heydər Əliyevin isə Azərbaycanda müstəqil milli dövlət quruculuğu kon­septi çərçivəsində siyasi varisliyə ver­diyi məzmun, məna və məqsəd çox səmərəli oldu. Naxçıvandan başlaya­raq bu istiqamətdə daim uğurlar əldə edildi. Bizcə, bunun səbəbləri vardır. 

Birincisi, Heydər Əliyev “siyasi va­risliyə” başqa postsovet məkanı ölkələ­rindən fərqli olaraq sırf milli dövlətçilik ənənəsi kontekstində yeni məzmun vermişdir. 

İkincisi, siyasi varislik prinsipini Ulu öndər daim stimulverici faktor kimi müasir mərhələdə dövlət quruculuğu kontekstində aktuallaşdırmışdır (gün­dəmə gətirmişdir və praktiki fəaliyyətdə reallaşdırmışdır). 

Üçüncüsü, Heydər Əliyev Azərbay­can üçün yeni ldier kimi gördüyü şəxsi məhz siyasi varislik prinsipi əsasında liderliyə hazırlamışdır. 

Belə çıxır ki, Heydər Əliyevin siya­si varisliyə verdiyi məzmun və məna faktiki olaraq Azərbaycanda müstəqil dövlət quruculuğunu vahid proses kimi aparmağa imkan yaratmış və həmin bazada “Naxçıvan sinerjisi” “Azərbay­can sinerjisi”nə, “Azərbaycan sinerjisi” isə “Ümumtürk sinerjisi”nə kəsintisiz prosesin müxtəlif mərhələləri kimi transformasiya olunmuşlar. 

Bu yolda və ya müstəqil dövlətçilik uğrunda “çətin mübarizə marafonun­da” Heydər Əliyev, faktiki olaraq, bütün cəbhələrdə əsl savaş vermişdir. Nax­çıvan mərhələsində onun üç başlıca istiqaməti olduğunu düşünürük. 

Birincisi, muxtar respublika daxilin­də insanların birləşməsini təmin etmək və onları, bütövlükdə, Azərbaycanda müstəqil dövlət qurmaq kimi hədəfə yönəltmək. Heydər Əliyev həmin və­zifənin öhdəsindən yüksək səviyyədə gəlmişdir. Qısa müddətdə Naxçıvan əhalisi tək yumruq kimi lideri ətrafın­da birləşmişdir. Onların qəlbində və ruhunda olan dövlətçilik enerjisi bu prosesdə həlledici rol oynamışdır. Nax­çıvan tarixən dövlətçilik baxımından aktiv bir bölgə olmuşdur. Müasir qarı­şıq mərhələdə isə Heydər Əliyevə olan böyük inam naxçıvanlıları dövlətçilik uğrunda praktiki fəaliyyətə sövq etmiş­dir. Məhz buna görədir ki, Ulu öndər xarici dövlətlərlə danışıqlarda inam və əminliklə 300 min naxçıvanlının adın­dan danışırdı.

İkinci istiqaməti Ümummilli liderin Naxçıvanda olarkən Türkiyə siyasətini “yenidən formatlaşdırması” təşkil edir. Bu barədə tarix elmləri doktoru Eynul­la Mədətli geniş araşdırma aparmışdır. Biz qısaca onu vurğulayaq ki, Heydər Əliyev türkiyəli rəsmilərə israrla ifadə edirdi ki, 300 min Naxçıvan türkü üçün qardaşlıq və qonşuluq anlayışı Azər­baycanın müstəqil olmasından başla­yır. Konkret olaraq, Türkiyə naxçıvan­lılar daxil olmaqla azərbaycanlıları türk kimi qəbul edirsə, sözdə deyil, əməldə birliyə çalışmalıdır. Heydər Əliyev o dövrdəki Türkiyə rəhbərliyinə açıq mü­raciət edirdi: Siz Naxçıvanda 300 min azərbaycanlının türk və ayrıca Türkiyə sevdalarına diqqət edin, onlar eyni mü­nasibəti Andoludan gözləyirlər. Təbii ki, sadə insanlar arasında bu aspektdə problem yoxdur, lakin Naxçıvanın təh­lükəsizliyi və Azərbaycanın müstəqilliyi üçün Türkiyə dövlət olaraq fəallığını real sahədə artırmalıdır. 

Ulu öndərin buna bənzər dəfələrlə israrlı, təkidli fikirləri Türkiyəni doğru­dan da real sahədə “bir mllət, iki dövlət” anlamını qəbul etməyə stimullaşdırdı. Nümunə kimi iki dövləti birləşdirən kör­pünün tikilməsini və istifadəyə verilmə­sini göstərə bilərik. 

Bundan başqa, rəsmi səfərlərdə Naxçıvana və bütövlükdə, Azərbay­cana ciddi dəstəklər ifadə edildi. Ulu öndər Azərbaycana rəhbərliyi müddə­tində Naxçıvanda sərgilədiyi mövqeni zərrə qədər də dəyişmədən saxladı və hətta onu bir sıra prinsipial məqamlar üzrə inkişaf etdirdi. Həmin məqam­lar iki qardaş dövlət kimi bütövlükdə, Azərbaycan–Türkiyə münasibətlərinə və onun bazasında bütün türk dövlət­ləri arasında əməkdaşlıq və birliyin ya­ranmasına aiddir. Bütün bu uğurlarda Naxçıvandan başlanan quruculuq pro­sesi ciddi stimulverici və məzmulaşdırı­cı rol oynamışdır. 

Üçüncüsü, Ulu öndərin iki is­tiqamətdən ola biləcək neqativ təsir­ləri neytrallaşdırmağa yönəlmiş fəa­liyyəti təşkil edir. Həmin istiqamətlər bəzi qonşu dövlətlərin Azərbaycanda müstəqil dövlətçiliyi zəiflətməyə və ya onu özünün oyuncağına çevirməyə yönəlmiş addımları ilə bağlıdır. Onun tərkibində isə həmin dövrdə Bakıdakı mərkəzi hökumətin kənar sifarişlərə görə hərəkət etməsi də vardı. Bununla Heydər Əliyev Naxçıvandan həm bö­yük qonşu dövlətlərlə, həm də onların Azərbaycan rəhbərliyindəki əlaltıları ilə mübarizə aparmalı oldu. Bu mübarizə­nin detalları haqqında çox yazılmışdır. Onların üzərində dayanmağa ehtiyac görmürük. Yalnız bir neçə ümumi xa­rakterli məqamı vurğulayaq. 

Rusiya və İran Azərbaycanda real müstəqil dövlətin formalaşmaması üçün geniş təxribat fəaliyyətləri göstə­rirdilər. Onlar Azərbaycanda azad düşünən və sivil müstəqil dövlət qur­maq istəyənlərə qarşı ideoloji, siyasi savaşla bərabər, terror da törədirdilər. Həmin dövrdə Azərbaycanda bir neçə görkəmli insanın qətlə yetirilməsi gizli savaşın yalnız müəyyən fraqmentləri­dir. Hətta Heydər Əliyevi Azərbaycana dəvət edənlərə qarşı terror etdilər. Tə­bii ki, bu cür psixoloji təzyiqin arxasın­da duran məsələləri Ulu öndər gözəl bilirdi. Lakin Heydər Əliyev dayanma­dı, geri çəkilmədi və Vətənin azadlığı, dövlətçilik uğrunda “ölüm-olum” sava­şına başladı. 

Bununla yanaşı, Naxçıvanda olarkən rəsmi Bakıdan olan təxribatçı hərəkətləri neytrallaşdırdı. Naxçıvan parlamentinə üçrəngli Azərbaycan Bayrağı gətiriləndə Bakıda bəziləri özlərini itirmişdilər. Onlar nə müstəqil davranışa, nə də öz ordusunun ol­masına ehtiyac görmürdülər. Bu, kölə təfəkkürünün əlamətləri idi. Heydər Əliyev isə bəyan etdi: Azərbaycan xalqı müstəqillikdən başqa yolu seç­məyəcək! Azərbaycan xalqı müstəqil və azad yaşamağa layiqdir! Tarixən bu amal uğrunda mübarizə aparmışdır və aparacaq! 

Bunlar dövlət quruculuğunun Nax­çıvan mərhələsində yaranmış “Naxçı­van sinerjisi”nin coşqusu idi. Təcrübə göstərdi ki, bu sinerji böyük potensiala və reallaşma imkanlarına malikdir və hətta, bütövlükdə Türk dünyasında qu­ruculuq işlərini stimullaşdıra bilər. 

Biz bununla müstəqil dövlət quru­culuğunun “Azərbaycan sinerjisi”nin bir sıra məqamlarını təhlil etməyə yaxınla­şırıq. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət