Fransa Ermənistanı “Qafqazın Ukraynası”na çevirmək istəyir

post-img

Ermənistan baş naziri Nikol Paşinyanın Fransaya səfəri və burada prezident Emmanuel Makronla görüşməsi, verilən açıqlamalar, gözlənildiyi kimi, bölgədə sülhə xidmət etmədi. Ələlxüsus, Ermənistanı özünə “kiçik bacı” adlandıran Fransa dövlət başçısının Paşinyanla görüşdən sonra verdiyi açıqlamalar diplomatik etiket qaydaları ilə bir araya sığmır.

Makronun səsləndirdiyi fikirlər arasında ötən ilin sentyabrının sonlarında Qarabağ iq­tisadi rayonundan ermənilərin könüllü köçü ilə bağlı məsələ diqqəti cəlb edir. Halbuki, həmin hadisə Fransanın bölgədə oynadığı destruktiv siyasətin, Ermənistanı qızışdırma­sının nəticəsi olaraq meydana çıxmışdı. Fran­sa 2020-ci ildən ötən dövr ərzində Ermənis­tanın Azərbaycanla sülhə gəlməsinə müxtəlif yollarla əngəl törətdi. İrəvanı silah-sursatla təmin etdi. Ermənistana Avropa İttifaqının mülki adlansa da, əslində, yarımhərbiləşdi­rilmiş missiyasının göndərilməsinə çalışdı və buna nail oldu. 2022-ci il oktyabrın 6-da Praqada baş tutan Avropa Siyasi Birliyinin I sammiti çərçivəsində Azərbaycan və Ermə­nistan liderlərinin görüşündə E.Makronun iş­tirakı pozuculuqla yadda qaldı. Kəsəsi, Paris hər vəchlə çalışdı ki, 2020-ci ildən ötən 3 il ərzində Bakı və İrəvan sülh əldə edə bilmə­sinlər. İndi bütün bunlara görə, E.Makronun sakit dayanması uyğun olduğu halda ölkəmi­zi ittiham etməyə çalışması “adımı sənə qo­yum, səni yana-yana” el məsəlini xatırladır.

Fransa prezidentinin Qarabağ ermənilə­rinin qayıtması ilə bağlı fikirləri ilə tanış olduqda Makronun ermənilərdən daha çox erməni olmağa çalışdığı fikri inandırıcı gö­rünür. Məsələ ondadır ki, hətta Ermənistan da artıq bu mövzuya toxunmağı dayandırıb. Ümumiyyətlə, bu mövzu bir çox avropalı si­yasətçilər üçün gündəmdən çıxıb. Fransa isə Cənubi Qafqazda bütün səviyyələrdə əlavə gərginlik yaratmağa davam edir.

Bundan əlavə, Fransa prezidenti fevra­lın 12-13-də Ermənistan–Azərbaycan şərti sərhədində baş vermiş erməni təxribatını özünəməxsus şəkildə təqdim edib. O, ermə­ni təxribatını “Azərbaycanın Nerkin Handda yerləşən erməni mövqelərinə hücumu qey­ri-proporsional addım idi” şəklində, necə deyərlər, sırımağa çalışıb. Əgər Makron ədalətli olsaydı, heç bir təhrikedici amil ol­madan beş aya yaxın davam edən sabitliyi pozan Ermənistanı tənqid etməli idi. Bunun əvəzinə, Azərbaycanın, guya, qeyri-propor­sional cavab tədbiri görməkdə təqsirləndi­rilməsi qəbul oluna bilməz. Halbuki, Azər­baycana qarşı törədilən həmin təxribata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi bilava­sitə məsuliyyət daşıyır. Fransanın belə qərəz­li yanaşmalara son qoyması lazımdır.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi dünən yaydığı açıqlamada Makro­nun Parisdə Paşinyanla birgə mətbuat konf­ransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pislədiyini bildirib. Nazirlik qeyd edib ki, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların hüquqları barədə indiyə qədər heç bir şərh verməyən Fran­sanın öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan Azərbaycan ərazilərini tərk et­miş ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə yersizdir. Bildirilib ki, bununla yanaşı, Alma-Ata Bəyannaməsi və müəyyən xəritələr çərçivəsində ərazi bütöv­lüyünün vacibliyinə toxunan Fransa tərəfi­nin, nəyə görə məhz bu kimi razılaşmalara zidd olaraq 30 ilə yaxın müddətdə davam etmiş erməni təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə indiyədək Er­mənistanın ölkəmizin 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmaması sualına aydınlıq gətirməsi daha faydalı olardı.

Qeyd edək ki, Paşinyan fevralın 22-də günorta saatlarında Fransanın daha bir ermə­nipərəst məmuru – paytaxt meri Ann İdalqo ilə görüşüb. Azərbaycan vətəndaşı ötən ilin avqustunda Paris merinin başçılıq etdiyi nümayəndə heyətinin Qarabağa “humanitar yardım” aparmaq şousunu unutmayıb. Ancaq ölkəmizin qətiyyətli mövqeyi sayəsində əra­zimizə kənar yerdən qeyri-qanuni daxil ol­mağa edilən cəhdlərin qarşısı alındı və xanım İdalqo, necə deyərlər, suyu süzülə-süzülə geri qayıtmalı oldu. Onunla birgə sərhədə gələn TIR-lar isə bir müddət sərhəddə gözlədikdən sonra geri qayıtmaq məcburiyyətində qaldı. Bu mənada Paşinyanın Paris meri ilə görü­şündə nələrdən danışıldığını təxmin etmək də çətin deyil.

Günün sonuna yaxın isə Paşinyan Fran­sanın baş naziri Qabriel Attalla görüşüb. Paşinyan “Facebook” səhifəsində yazıb ki, Attalla iqtisadi sahədə əməkdaşlığın ardıcıl inkişafı və möhkəmləndirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə edib. Bununla da Paşinyanın Fransaya ikigünlük işgüzar səfəri başa çatıb.

Ancaq Paşinyanın Paris səfərinin hələ davam etdiyi vaxtda – dünən səhər Fransanın Ermənistana yeni silah-sursat göndərəcəyinə dair yayılan məlumat yanan ocağa yanacaq tökməyə bənzəyir. Ölkənin “Le Figaro” qə­zeti yazıb ki, Fransa Ermənistana yeni si­lah partiyası göndərəcək. Nəşrin yazdığına görə, Fransanın “Ground Master” (GM200) radarları, gecəgörmə cihazları və durbinlər Ermənistana gətiriləcək. Xatırladaq ki, ötən ilin oktyabr ayının 23-də Hayastanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri za­manı Ermənistan və Fransa arasında müda­fiə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumda 3 ədəd “Ground Master” radarının, həmçinin gecəgörmə cihazlarının alınması üçün müqa­vilələr əlavə edilib. Həmin radarlar 250 km radiusda hava obyektlərinin tanınmasına im­kan verir.

Həmçinin qeyd edilir ki, tərəflər arasın­da imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunda Fran­sa ordusunun bu il erməni hərbi qulluqçular üçün 3 dağlıq şəraitdə döyüş hazırlığı kursu keçirməsi nəzərdə tutulur. 

Ölkənin müdafiə naziri Sebastyan Lekor­nu isə yaxın zamanda Ermənistana səfər edə­cək. Bu barədə də Fransanın “RTL” radiosu məlumat yayıb. Qeyd olunub ki, o, Ermənis­tana səfər edən ilk Fransa müdafiə naziri ola­caq. Nazir radioya müsahibəsində qeyd edib ki, ölkəsi Ermənistana kömək etmək, xü­susən də onun müdafiə potensialını artırmaq üçün məsuliyyət daşıyır. Lekornunun sözlə­rinə görə, söhbət yalnız müdafiə məqsədləri üçün nəzərdə tutulan zenit sistemləri və zi­rehli texnikanın tədarükündən gedir.

Onu da bildirək ki, Ermənistana hərbi texnika göndəriləcəyinin anonsu elə Makron tərəfindən fevralın 21-də Paşinyanla Paris­də keçirilən görüş zamanı verilmişdi. Fran­sa prezidentinin həmin açıqlaması bir daha göstərir ki, Makron Ermənistanı yeni Ukray­naya çevirir. Vaxtilə Qərb dairələri Vladimir Zelenskini də tərifləyə-tərifləyə Ukrayna xalqını və dövlətini qırğına verdilər. İndi isə prosesləri kənardan müşahidə edirlər. Eyni aqibət Ermənistanı da gözləyir. Bu istiqamət­də Fransanın “Agoravox” nəşrində dərc olu­nan “Fransa müharibəyə Rusiyanın qonşuları hesabına hazırlaşır” sərlövhəli məqalədə deyilir: “Paris öz siyasəti ilə eyni vaxtda bir neçə məqsəd güdür. Birincisi, bu, köhnəlmiş silah anbarlarını boşaltmaq və hətta, ondan nəsə qazanmaq imkanıdır (yalnız pul deyil, həm də siyasi təsir). İkincisi, yeni silahların istehsalı hərbi-sənaye kompleksinin inkişa­fı və iqtisadiyyatın bu sektorunun yüksəlişi deməkdir. Üçüncüsü, sırf geosiyasi problem­lər ortaya çıxır. Amma belə görünür ki, Fran­sa qarşısına birbaşa Rusiya ilə qarşıdurmaya getmək vəzifəsi qoyub. Fransanın Rusiyanı zəiflətmək istədiyi heç kimə sirr deyil”.

Məqalədə Fransa Senatının sənədindən sitat gətirilib: “Fransa hakimiyyəti Ermənis­tana müdafiə silahlarının tədarükü təşəbbüsü ilə çıxış edib. Əslində, müdafiə və hücum si­lahları arasında o qədər də fərq yoxdur. Bunu Ukraynada baş verənlər də göstərdi. Gəlin eyni səhvləri təkrar etməyək və Ermənistan­dan lazım olan hərbi texnikanın tədarükünü gecikdirməyək. Biz Ermənistan hakimiyyə­tinin bütün müraciətlərinə operativ şəkildə cavab verməliyik. Xüsusən də artilleriya ilə bağlı müraciətlərə”.

Ancaq Fransa hökuməti nəhayət, anla­malıdır ki, bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasət heç bir nəticə ver­məyəcək. Bu istiqamətdə fikirlərini Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir daha bəyan edib. Dövlətimizin başçısı deyib: “Mən artıq bunu demişəm, bu il müdafiə sənayesi komp­leksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq. Yəni, biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik. Yəni, biz heç vaxt sakitləşə bilmərik. Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bil­məlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim demə­sin nəsə gözlənilməz oldu. Qoy eşidən eşit­sin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik”. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.

Səxavət HƏMİD
XQ

Siyasət