Türk dünyasının yeni hədəfləri

post-img

Prezident İlham Əliyevin Türkiyə səfəri işığında

I MƏQALƏ

Gənclərimizin təlim-tərbiyə, təhsil, tədris işinə diqqətinizi azaltmayın.

Heydər ƏLİYEV,

Ümummilli lider 

Real strateji müttəfiqlik

Yaranmış ənənəyə əsasən, Türkiyədə Prezident seçilən ilk xarici səfərini Azər­baycana, Azərbaycanda Prezident seçilən isə Türkiyəyə edir. İlham Əliyevin 2024-cü il fevralın 7-də yenidən Azərbaycan Res­publikasının Prezidenti seçiləndən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi bu baxım­dan çox normaldır. Türkiyənin dövlət baş­çısı R.T.Ərdoğanla keçirilən görüşdə həmin qayda haqqında da danışıldı. Dövlət başçıları qarşılıqlı səfərləri iki qardaş dövlət arasında əməkdaşlığın daha da inkişaf etməsinə xid­mət göstərdiyini vurğuladılar. 

Ənənə şəklini almış hər belə səfər zama­nı iki qardaş dövlət arasında münasibətlə­rin daha da inkişaf edəcəyi haqqında nəticə çıxarılır. O cümlədən, bu növ səfərlər iki türk dövləti arasında strateji müttəfiqliyin real rəmzi kimi dərk edilə bilər. 

Bunlarla yanaşı, İlham Əliyevin Tür­kiyəyə bu səfərində bir sıra yeni geosiyasi məqamlar vardır ki, onların üzərində geniş dayanmaq gərəkdir. Həm də ona görə ki, İlham Əliyevin bu səfəri göstərdi ki, Azər­baycan – Türkiyə strateji birliyi, bütövlükdə, Türk dünyasının perspektivli inteqrasiyası üçün əsas model rolunu oynaya bilər. Biz bu tezisimizi üç strateji faktorun qarşılıqlı əlaqə­si işığında əsaslandırmağa çalışacağıq. 

Cənubi Qafqazın geosiyasi həssaslığı 

Regionumuzda geosiyasi proseslər həm daha çox qeyri-müəyyən hala gəlmiş, həm də ən kiçik xaotik faktorlara qarşı həssas olmuş­dur. Bunun səbəbi Ermənistan və onun ha­vadarlarının əvvəlki geosiyasi konfrontasiya xəttini davam etdirmələridir. Belə bir pozucu tendensiyanın qarşısında isə Azərbaycan – Türkiyə birliyi vardır. Hazırda bu birlik, fak­tiki olaraq, regional sabitliyin təminatçısıdır. Bu barədə dövlət başçıları açıq fikir bildirir­lər. Bu baxımdan İlham Əliyevin Türkiyəyə son səfərini iki qardaş dövlətin Cənubi Qafqazda sabitliyi təmin etmək istiqamətində hansı yeni addımları atmağın lazım gəldiyini müzakirə etmək imkanı kimi də qiymətlən­dirə bilərik.

Məsələnin vurğuladığımız aspektinin geosiyasi anlamı böyükdür. Çünki burada faktiki olaraq Cənubi Qafqazda regional miq­yasda iki türk dövlətinin tarixi missiyasının və məsuliyyətinin yeni anlamı mövcuddur. Son 300 ildə belə bir situasiya yaranmamış­dı. Əsasən kənar dağıdıcı qüvvələr regionda geosiyasi vəziyyəti diktə etmişlər və iki türk dövləti buna qarşı dura biləcək güc ortaya qoya bilməmişdir. Nəticədə zaman-zaman hər iki qardaş dövlət geosiyasi nüfuzda, əra­zidə, təsir dairəsində və müstəqil inkişaf im­kanlarında itirmişdir. 

Həmin mərhələni dövlət üsulu aspektində dərk etməyə çalışsaq, hər iki türk dövlətinin imperiya üsul-idarəsi çərçivəsində real vahid güc ola bilmədiyi qənaətinə gəlirik. Rusi­ya Qafqazı işğal edəndən sonra isə vəziyyət daha da pisləşdi. XX əsrin ikinci onilliyində Osmanlı imperiyası parçalandı və Azərbay­can da qısa müstəqillikdən sonra suverenli­yini itirdi. Nəticədə Osmanlının şinelindən çıxan Türkiyə Cümhuriyyəti Qərbin təsiri al­tına, parçalanmış Azərbaycan isə Rusiyanın nəzarətinə keçdi. Bununla da siyasi və geo­siyasi mənada iki türk dövlətinin hər hansı birliyindən danışmaq imkanı aradan qalxdı. 

Keçən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik əldə etməsi də real anlamda türk dövlətlərinin vahid güc kimi çıxış etməsi­ni təmin etmədi. Səbəblər çoxdur, lakin biz onları xatırlamayacağıq. Yalnız ulu öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində Azərbaycanla Türkiyənin real vahid geosiya­si güc olmaq şansı yarandı. İlham Əliyev XX əsrin ilk onilliklərində bu tendensiyaya konk­ret məzmun verdi. Bunun nəticələrindən biri II Qarabağ savaşında qazanılan Zəfər oldu. 

Beləliklə, İlham Əliyev 2024-cü ilin fevralında yenidən Prezident seçilərək Tür­kiyəyə səfər etməsi ilə iki türk dövlətinin müttəfiqliyi və ümumilikdə, türk dövlətləri birliyi aspektində yeni tarixi dövrün başlan­ğıcını qoydu. Burada yeni dönəmdə üç strate­ji faktoru ayrıca vurğulamaq lazımdır.

Azərbaycan–Türkiyə birliyi: 3 strateji amil

Həmin faktorları Ankarada Prezident İlham Əliyev bəyan etdi. Onlar ortaq təhsil, ortaq ordu quruculuğu və ortaq hərbi səna­ye kompleksinin yaradılmasıdır! XXI əsrdə müstəqil və güclü dövlət olmanın şərtlərinə baxsaq, bu iki faktorun həlledici olduğuna əmin olarıq. Bu tezisin əsaslı izahı vardır.

Heç kəsə sirr deyildir ki, XXI yüzili bir sıra hallarda “intellektlərin, mədəniyyətlərin yarışı əsri” adlandırırlar. İndi dünyanın hər bir müstəqil cəmiyyətinin inkişafını intel­lketsiz və deməli, təhsilsiz təsəvvür etmək mümkün deyil. Təhsil həm peşəkar kadrlar yetişdirir, həm də insan formalaşdırır. Bu iki aspektin sintezi məsələsi hazırda inkişaf etmiş ölkələrdə geniş araşdırılır. Belə qənaət vardır ki, müasir mərhələdə ən inkişaf etmiş dövlətlərdə belə universitet strategiyasının yeniləşməsi lazımdır. Çünki artıq Humbolt modeli üzrə insan yetişdirmək dövrün tələb­lərini ödəmir. Meydana çox sayda yeni şərtlər çıxmışdır. Məsələn, insan daha çox aspektləri əhatə edən biliyə sahib olmağa məhkumdur. İnsanın yeni sürətlə dəyişən dünyada əsl vətənpərvər olması şərtləri də dəyişməkdədir. Qloballaşma bir tərəfdən, iqtisadi əlaqələrə yeni universal təkan verirsə də, digər tərəf­dən milli özünəməxsusluğu “əridir”. Bu da sonda milli müstəqil dövlətçiliyə zərər verir. Bunun qarşısını almağın yeganə yolu mil­li dəyərlərə sahib vətənpərvər gənc nəslin yetişdirilməsidir. 

Yeni təhsil strategiyası 

Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimindəki nitqində yeni gənc nəslin tərbiyəsini əsas strateji prioritetlərdən biri kimi təqdim etmişdir. Həmin bağlılıqda dövlət başçısı birmənalı olaraq təhsilin əhə­miyyətini də vurğulamışdır. Deməli, yeni mərhələdə təhsilin təşkili Azərbaycan üçün vacib strateji vəzifələrdən biri kimi artıq döv­lət səviyyəsində qəbul edilmişdir. 

Məhz bu faktın işığında Ankarada təh­sillə bağlı aparılan müzakirələrin ən azı iki mühüm cəhətini müəyyən etmək olar. 

Birincisi, türk dövlətlərinin ortaq təhsil konsepsiyasının hazırlanması və reallaşdırıl­ması. 

İkincisi, ortaq təhsilin hər bir türk döv­lətində gənclərin vətəndaşı olduğu ölkəyə və başqa türk dövlətlərinə qarşı sevgi ilə tərbiyə olunması. Bu istiqamətlər, təbii ki, bir-birini tamamlamalıdır. Hətta burada sıralama şərti­dir - hər ikisi əhəmiyyətinə görə birincidir. 

Bununla yanaşı, həmin istiqamətlərin iza­hına ciddi ehtiyac vardır. Çünki hazırda Qərb təhsil sistemi o dərəcədə nüfuzludur ki, milli əsasda təhsili qurmaq bir sıra hallarda təbəs­süm doğurur, “əgər yaxşı nümunə varsa, milli təhsil strategiyası nəyə lazımdır” deyilir. Bir qism ziyalı isə “geriyə, sovetlərin təhsil sis­teminə” kimi çağırışlar edirlər. Hesab edirlər ki, Azərbaycan üçün ən yaxşı təhsil məhz so­vet dövründə olmuşdur. Nümunələr də göstə­rirlər: filan sahədə görkəmli Azərbaycan ali­mi yetişdi, dənizdən neft çıxardıq, kosmosun fəthində lazım olan yeni cihazlardan bəziləri Azərbaycanda hazırlandı, həmin mərhələdə gənclər daha çox milli ruhlu idilər, poeziya­mız, ədəbiyyatımız və təbiət elmləri inkişaf etdi. Bunlar Azərbaycanın təhsil ocaqlarında və SSRİ-nin müxtəlif ali məktəblərində təhsil almağın sayəsində oldu.

Sonra davam edirlər ki, indiki mərhələdə isə təhsilimiz bir çox çətinliklərlə üz-üzədir, ona görə də sovetlərə qayıtmaq daha doğru olardı. Doğrudan da, SSRİ dövründə Azər­baycan çox sayda görkəmli alimlər yetiş­di. Onlar ölkəyə çox fayda verdilər. İndi də müstəqillik mərhələsində öz bacarıq və bilik­lərini dövlət üçün əsirgəmirlər. Lakin müasir dövrün yeni tələbləri kontekstində bir sıra vacib məqamlar vardır ki, onlar da mütləq nəzərə alınmalıdır. 

Birincisi, sovet dövrünün təhsil sistemi Azərbaycanın ehtiyacları və daxili inkşafının (intellektual və mənəvi-əxlaqi aspektlərdə) şərtləri əsasında tətbiq edilməmişdi. Həmin təhsil sistemi özlüyündə müsbət keyfiyyət­lərə malik idi, lakin onların stratejidə Azər­baycanın tarixi təkamülünün özəllikləri priz­masında nə dərəcədə milli maraqlara cavab verdiyi məlum deyildi. Bu səbədən də bütün müsbət tərəflərinə və imkanlarına baxmaya­raq həmin təhsil sstemini effektiv səviyyədə saxlamaq mümkün olmadı və o, faktiki ola­raq çökdü. 

İkincisi, sovet təhsil sistemi Azərbay­canda özünün təhsil sistemini yaratmaq konsepsiyasının qalıcı olmasına təməl yarat­madı. Nəticədə kənardan gətirilmiş futbolçu­ların komandası kimi, həmin “legionerlər” gedəndən sonra yenidən “nə edək?” sualı aktuallaşdı. 

Üçüncüsü, Azərbaycan müstəqil olandan sonra istər-istəməz inkişaf etmiş ölkələrdəki təhsillə ünsiyyət çoxaldı və məlum oldu ki, bizim təhsildə praktiki tətbiq və innovativlik onlardan kəskin şəkildə geridə qalır. Müqa­yisə üçün deyək ki, elmi kəşflərin tətbiqi mexanizmlərində Rusiya kimi güclü intel­lektual potensiala malik dövlət Tanzaniyadan belə geridə qalır.

Dördüncüsü, dünya sürətlə dəyişir. Bu dəyişmə kadrların və insanların hazırlanma­sında da situasiyanı anbaan dəyişir. Belə şə­raitə çevik uyğunlaşmaya imkan verən, təhsil və elmi yeniliklərə açıq olan sistem mütləq vacibdir. 

Beşincisi, məlum oldu ki, indi ən çox inkişaf edən təhsil sistemlərində türk xalqla­rının milli özünəməxsusluğuna cavab verən kadrlar və vətəndaşlar yetişdirmək çox çətin­dir. Türkiyə Prezidenti R.T.Ərdoğan məhz bu səbəbdən ölkədə tamamilə yeni təhsil kon­sepsiyasının hazırlanıb həyata keçməsi zə­rurətini dəfələrlə vurğulamışdır. Eyni situasi­ya Azərbaycandadır. Prezident İlham Əliyev dəfələrlə demişdir ki, təhsil sferası priori­tetdir. Həm peşəkar və bilikli kadr hazırlığı, həm də milli mövqeli gənclərin yetişdirilməsi baxımından. Andiçmə mərasimində də ikinci şərtin ödənməsi üçün milli ailə və məktəb sis­teminin varlığını ayrıca vurğulamışdır. 

Yuxarıdakı şərtləri birlədirsək, belə alınır ki, hazırda Azərbaycanın inkişafı üçün təhsil konsepsiyası prinsipial rol oynayır. Prezident İlham Əliyev Ankarada bu xüsusiyyətin la­konik izahını vermişdir. Məsələ bütövlükdə yeni tarixi mərhələdə Azərbaycanın uğurlu inkişafı strategiyası çərçivəsində təhsilin tərəqqisi xətti ilə bağlıdır. Həmin prosesdə isə Türkiyə – Azərbaycan Universiteti ciddi rol oynamalıdır. Belə çıxır ki, söhbət sadəcə Azərbaycan və Türkiyə üçün yeni ortaq təhsil ocağı qurmaqdan getmir. Ali məktəb vahidi kimi qurulacaq universitet özünün yerli sər­hədlərini aşır və stratejidə türk cəmiyyətləri üçün istiqamətverici rol oynayan təhsil kon­sepsiyasının formalaşmasının müjdəsidir! Bu kontekstdə Prezident İlham Əliyevin ifadə et­diyi fikirlərin prizmasında Azərbaycan – Tür­kiyə Universitetinin missiyasına nəzər salaq. 

“Bu universitet nədir?” sualı nə ritorik­dir, nə də məhdud cavabla izah oluna bilər. Bunu biz İlham Əliyevin Ankarada R.T.Ər­doğanla birgə keçirdiyi brifinqdə ifadə etdiyi fikirlərdən aydın görə bilərik. Azərbaycan Prezidenti yeni universitetin əsasən gələcək üçün kadrlar hazırlayacağını və milli ruhlu gənclərin tərbiyə edilməsində mühüm rol oynayacağını ifadə etmişdir. Dövlət başçısı Azərbaycan-Türkiyə Universitetinin təkcə Azərbaycan və Türkiyədə deyil, bütövlükdə regionda aparıcı təhsil ocağı olacağına ümi­dini ifadə etmişdir. Şübhəsiz ki, bu konteks­tdə Azərbaycan-Türkiyə Universitetinin türk dövlətlərinin hər biri üçün vacibliyi aydındır. 

Bütün bunlara görə, yeni təhsil ocağının mahiyyəti, missiyası və funksiyaları ilə bağlı geniş düşünmək lazımdır.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət