Toplantıda qlobal böhranlar müzakirə edildi
İstanbulda keçirilən və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmaları Vəqfinin təşkil etdiyi 27-ci Avrasiya İqtisadi Zirvə toplantısı “Böhranlardan sabitliyə, əhatəli bir dünya inşa etmək” mövzusuna həsr olunub. Dünyanın 40 ölkəsinin nümayəndələrinin iştirak etdiyi mərasimdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakçılara ünvanlanan məktubları diqqətə çatdırılıb. Dövlətimizin başçısının məktubunda hazırda hökm sürən iqlim dəyişmələrinin planetimizi təhdid edən başlıca çətinliklər sırasında yer aldığı, bu problemin təsirlərinin artıq həyatın bütün sahələrində özünü büruzə verdiyi xüsusi vurğulanıb.
Məktubda daha sonra Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırdığı, onun mənfi fəsadlarının azaldılması üçün birgə fəaliyyətin təmin olunması istiqamətində səylər göstərdiyi bildirilib və dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz respublikamızda keçiriləcəyinin təsadüfi olmadığı qeyd edilib.
Prezident İlham Əliyevin məktubunda vurğulandığı kimi, Azərbaycan Avrasiya regionunda dinamik inkişafı ilə səciyyələnən tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə hər zaman mühüm önəm verib. Bu baxımdan ölkəmiz yüksək inkişaf mərhələsi yaşayan nəqliyyat-logistika infrastrukturuna malik etibarlı tranzit dövlət olaraq Avrasiyada regional əməkdaşlığın irəliləməsində, iqtisadi tərəqqinin təşviqində yüksək nəticələr əldə edib.
Yeri gəlmişkən, Avrasiya İqtisadi Zirvə Toplantısı dövlət xadimləri, tanınmış siyasətçilər və iş adamlarının bir araya toplandığı, regionda, eləcə də qlobal miqyasda cərəyan edən proseslər ətrafında fikir mübadiləsinin aparıldığı, hazırkı mürəkkəb böhranların aradan qaldırılması yollarının müzakirəsinin keçirildiyi nüfuzlu bir platformadır. Ənənəvi olaraq hər il keçirilən bu platformada sürətlə transformasiyaya məruz qalan müasir dünyada davamlı təhdidlərlə yanaşı, bəşəriyyətdə ciddi narahatlıq doğuran yeni çağırışların və təhlükələrin meydana gəlməsi regional və qlobal problemlərin həlli istiqamətində yeni yanaşmaların formalaşdırılmasını labüd edir. 2024-cü ildə gerçəkləşdirilən Zirvə Toplantısında da belə mövzuların, məsələn, iqlim böhranı, ətraf mühitlə əlaqədar problemlərin gündəliyə salınması diqqət çəkir.
Avrasiya İqtisadi Zirvə Toplantısında dünyada baş verən təbii, sosial-iqtisadi və siyasi proseslərin bəzən regional və ya qlobal böhranlara çevrildiyi, belə ciddi qlobal böhranların həllinin isə ölkələr arasında sıx əməkdaşlıq zərurəti yaratdığı bildirilib. Tədbirdə, həmçinin dünyada hazırda iqlim dəyişikliyinin, Rusiya-Ukrayna və İsrail-Fələstin qarşıdurmaları ilə davam edən hadisələrin qlobal arenada təsirlərinin davam etdiyi bir vaxtda həmin əməkdaşlığın daha da gücləndirilməsinə ciddi ehtiyac duyulduğu diqqətə çatdırıb. Şübhəsiz ki, bu cür məsələlərin iqtisadiyyata təsirsiz ötüşmədiyi də dəfələrlə bütün dünyaya mesaj kimi ötürülüb.
Sözügedən iqtisadi zirvə toplantısında İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan son vəziyyətə də toxunularaq bu şəraitin tarixi sülh üçün bir fürsət olduğu vurğulanıb. Bu fürsətin dəyərləndirilməsinin bölgəmiz üçün yeni dövrün başlanğıcı ola biləcəyi qeyd edilib və bu çərçivədə ən qısa zamanda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının gözlənildiyi diqqətə çatdırılıb. Eyni zamanda, iki ölkə arasında sülh müqaviləsinin imzalanacağı təqdirdə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində də maneə qalmayacağı deyilib.
Bu məqamda onu da qeyd edək ki, bu gün ən yüksək inkişaf mərhələsində olan Azərbaycan–Türkiyə münasibətlərinin önəmini xüsusi vurğulamağa ehtiyac var. Belə ki, Azərbaycanın qardaş ölkə ilə çoxşaxəli birgə fəaliyyəti, bu istiqamətdə gerçəkləşdirilən irimiqyaslı layihələr strateji müttəfiqliyimizi şərtləndirən mühüm amillər olmaqla yanaşı, regional əməkdaşlığa, təhlükəsizliyə və sabitliyə əhəmiyyətli töhfə verir. Hər iki xalqın qardaşlığı və birliyindən, ortaq tarixindən, zəngin milli-mənəvi dəyərlərindən güc alan strateji müttəfiqliyin, habelə “Bir millət, iki dövlət” prinsipinin bundan sonra da dönməz xarakter daşıyacağını deməyə əsas verir.
Yeri gəlmişkən, hazırda dünyada dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlər getdikcə zəifləyir, beynəlxalq hüququn aliliyinə inam azalır. Müharibələr, geosiyasi münaqişələr, bütün bunlarla bərabər baş verən enerji böhranı da beynəlxalq münasibətlər sisteminin tənəzzülünün nəticələri kimi diqqət çəkir. Bu yeni qlobal konfiqurasiya daxilində mümkün nizamın qorunmasında, qarşılıqlı əməkdaşlığın və dayanıqlı inkişaf mühitinin təmin olunmasında Türkiyə kimi nüfuzlu və öz mövqeyində qətiyyətli dövlətin rolu müstəsna əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir. İki qardaş ölkə bölgədə ədalətli sülhün qarantıdır, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaşdır.
Prezident İlham Əliyevin əminliklə vurğuladığı kimi, qardaş xalqlarımızın iradəsi ilə ən yüksək zirvədə qərarlaşan Azərbaycan–Türkiyə münasibətləri yeni uğurlarla daha da möhkəmlənəcək, birgə fəaliyyət beynəlxalq əhəmiyyətli təşəbbüsləri reallığa çevirərək Avrasiyada siyasi və iqtisadi əhəmiyyətli inteqrasiya prosesinə töhfə verəcək.
27-ci Avrasiya İqtisadi Zirvə Toplantısı çərçivəsində aparılan müzakirələr də böyük bir сoğrafiyanı əhatə edən ölkələr arasında tərəfdaşlıq münasibətlərinin dərinləşməsi, bəşəriyyətin rifahı naminə yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi üçün faydalı olacaq.
Vaqif BAYRAMOV
XQ