Təhlükəsizlik çağırışları və Azərbaycan sivilizasiyası
(əvvəli https://xalqqazeti.az/az/siyaset/166774-yeni-dovrun-ideoloji-esaslari)
Türkiyə nümunəsi və mavi vətən
“Soyuq müharibə”nin başa çatması Türkiyəyə tam sülh gətirmədi, əksinə, Balkanlarda, Qafqazda, Yaxın Şərqdə və Şərqi Aralıq dənizində qeyri-sabitlik və münaqişələr Ankaranın ənənəvi təhlükəsizlik problemlərini daha da artırdı. Türkiyənin ən mühüm daxili problemlərinin separatçı PKK və fundamentalist hərəkatlar olduğu, milli təhlükəsizliyə xarici təhdidlərin isə Yunanıstan və Suriyadan qaynaqlandığı düşünülür. 1990-cı illərdə Türkiyənin təhlükəsizliklə bağlı qərar qəbul edən şəxsləri daxili təhdidləri gündəmdə ön plana çıxarsalar da, daxili və xarici aktorlar arasında artan əlaqələr ölkənin mülki və hərbi qurumlarını hərəkətə gətirdi. Bu səbəbdən, Türkiyə çəkindirici gücünü artıraraq, yeni müttəfiqlik əlaqələrini inkişaf etdirərək, onları zərərsizləşdirməyə çalışdı.
“Soyuq müharibə”dən sonra imkanları və strateji əhatə dairəsi genişlənən Türkiyə təhlükəsizlik sahəsində də yeni genişlənmələr etdi. Bu dövrdə etnik mənsubiyyətin və mərkəzdənqaçma qüvvələrinin dünya siyasətinə təsirinin artması Türkiyədə suverenlik və xaricdə maraqların müdafiəsi məsələlərini gündəmə gətirdi. 2000-ci illərdə Türkiyənin qlobal, regional və ikitərəfli daxil olmaqla müxtəlif səviyyələrdə yaradılan təhlükəsizlik siyasəti, qlobal bir aktor və regional güc olmaq istəyi çərçivəsində formalaşdı. Bu kontekstdə beynəlxalq təşkilatlara üzvlük, fəal diplomatiya və ikitərəfli münasibətlərdə irəliləyiş yeni təhlükəsizlik siyasətinin mühüm elementlərinə çevrildi. Müəyyən müddət ərzində bu istiqamətdə “yumşaq güc” amilləri ön plana çıxsa da, ortamüddətli perspektivdə təhlükəsizlik sahəsində narahatlığın böyük ölçüdə coğrafi mövqedən qaynaqlandığı və ənənəvi çərçivədən kənara çıxa bilməyəcəyi başa düşüldü və buna uyğun siyasət aparıldı.
Bu dövrdə ölkənin təhlükəsizlik təsəvvürlərinin dəyişməsində ictimai rəyin rolu və təsiri də artdı. Daxili və xarici təzyiqlərə görə, Türkiyənin təhlükəsizlik dairəsi genişlənərək, ictimaiyyəti və medianı da əhatə etdi. Bu məqamda təhlükəsizliklə bağlı rəsmi anlayış genişlənərək təkcə hərbi siyasətlə bağlı məsələləri deyil, həm də daha geniş iqtisadi və siyasi məsələləri də əhatə etməyə başladı. Bu şəraitdə ölkənin birliyini və müdafiəsini təmin etməklə yanaşı, birgə müdafiə və böhranların idarə edilməsi əməliyyatlarında iştirak, kütləvi qırğın silahlarının yayılması, həyati resursların axınının kəsilməsi, böyük insan qruplarının nəzarətsiz hərəkətləri, kiber risklər, müharibə, tərksilah və terrorizmə dəstək, təxribat və cinayət kimi asimmetrik təhdidlərlə mübarizə, həmçinin sosial-iqtisadi fərqliliklərin aradan qaldırılması kimi məsələlər XXI əsrin əvvəllərində Türkiyənin təhlükəsizlik siyasətin konseptuallaşdırmasına gətirib çıxardı.
15 İyul çevriliş cəhdindən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində milli təhlükəsizlik mövzusunda yeni bir doktrina qəbul edən Türkiyə ölkəyə daxil olmadan məhv etmək məqsədilə sərhəddən kənarda hərbi əməliyyatlar həyata keçirdi. Müxtəlif ölkələrlə hərbi əməkdaşlığa dair müqavilələr bağlayaraq, bazalar qurdu, yalnız bir “yumşaq güc” olmaqla kifayətlənməyərək addım-addım öz bölgəsində hərbi gücə çevrildi. Türkiyə müdafiə sənayesinə qoyulan sərmayə ilə hərbi ehtiyaclarını ödəməklə yanaşı, əhəmiyyətli bir ixracatçı mövqeyinə nail oldu.
Xüsusilə 15 İyul çevriliş cəhdindən sonra Türkiyənin milli təhlükəsizliyi və siyasət anlayışında ciddi dəyişikliklər oldu. Bu nöqtədə çevriliş cəhdi hadisəsinə gedən prosesdə Türkiyənin həm PKK, həm də İŞİD terror təşkilatlarının hədəfinə çevrilməsi Suriya balansı ilə birlikdə şərh olunmuş və Türkiyəyə qarşı yönəldilmiş təhdidləri öz mənbəyində məhv edilməsi üçün yeni təhlükəsizlik doktrinası qəbul edildi. Bu çərçivədə “Fərat qalxanı” əməliyyatına start verildi. Suriyanın daxilində geniş bir ərazi İŞİD və PKK-dan təmizlənərək təhlükəsizlik zolağı yaradıldı.
Türkiyə PKK terror təşkilatının Suriyada İŞİD-lə mübarizə görüntüsü arxasında ABŞ-ın təşəbbüsü ilə bir terror dövləti qurma səylərini gördü və bunun qarşısını almaq üçün inamlı addımlar atmağa başladı. “Fərat qalxanı” əməliyyatından sonra “Zeytun budağı” əməliyyatı ilə Afrin, “Sülh çeşməsi” əməliyyatı ilə isə Tel Abyad və Rasulayn kimi bölgələr terrordan təmizləndi. Bu əməliyyatlara Türkiyə Silahlı Qüvvələri ilə yanaşı, Türkiyənin təlim keçdiyi suriyalı müxalifət qrupları da qatılmışlar. Türkiyə yenə İdlib bölgəsində “Bahar qalxanı” əməliyyatını həyata keçirərək, bölgədəki humanitar böhranın qarşısını almağa cəhd göstərmişdir.
Türkiyə İraqın şimalında da sərhəddən kənarda əməliyyatlarını davam etdirir. Qətiyyətli əməliyyatlarla bölgədəki PKK terror təşkilatının ünsürləri, yüksək ranqlı kadrları İraq–Suriya ərazisində zərərsizləşdirir. Türkiyə bütün bu hərbi əməliyyatlarda öz quru və hava nəqliyyat vasitələrində, xüsusən də öz müdafiə sənayesi tərəfindən istehsal edilən pilotsuz uçuş aparatlarından çox səmərəli şəkildə istifadə edir.
Türkiyə İraq və Suriyada əməliyyatları davam etdirərkən, digər tərəfdən də Liviyadakı Milli Həmrəylik Hökuməti ilə hərbi müqavilələr bağlayaraq bu ölkədə əhəmiyyətli bir hərbi güc mövqeyi qazandı, Qətərdə hərbi bazalar qurdu, Somalidə dövlət inşası işləri həyata keçirdi. Türkiyə yeni bir hərbi doktrina ilə artıq “yumşaq güc”ə sahib olmaqdan çox yayındırıcı bir hərbi güc mövqeyindədir. Ankara daxili müdafiə sənayesi ilə silah sistemlərini istehsal və ixrac edə biləcək bir güc halına gəlmişdir.
Türkiyənin xarici siyasəti hər zaman dinamikliyi və qətiyyətliliyi ilə fərqlənib. Qardaş ölkə, təbii ki, zamanın çağırışları fonunda öz milli maraqlarına uyğun hərəkət edib. Bununla bərabər, humanizm və bəşəri əxlaq prinsipləri heç vaxt arxa plana keçməyib. Son aylar Türkiyənin xarici siyasət kursunda müəyyən dəyişikliklər baş verir. Belə ki, rəsmi Ankara indi yaxın və uzaq dövlətlərlə kəskin rəqabətdən daha çox hərtərəfli əməkdaşlığa üstünlük verməyə çalışır. Türkiyə böyük dövlətçilik ənənələrinə malik dövlətdir. Regionda və dünyada baş verən proseslər, onların mümkün təsirləri diqqətlə araşdırılır və xarici siyasətin prioritetləri müəyyən edilir. Türkiyə hazırda qlobal siyasətə təsir göstərən bilən əsas aktorlardan birinə çevrilib.
Qardaş Türkiyənin regional və qlobal təhlükəsizlik strategiyasında “Mavi Vətən” anlayışını irəli sürməsi milli təhlükəsizliklə bağlı təhdidlərin ölkənin xaricinə çıxarmaqla onun mübarizəsinə söykənir. Bir zamanlar ölkə daxilində terrorla mücadilə edən qardaş Türkiyə bu gün ölkə hüdudlarından xaricdə terrorun birdəfəlik kökünü kəsir.
Lozanna müqaviləsindən sonra Türkiyənin Mavi Vətən sularında hüquqlarının təmin edilməsində Türkiyə xarici siyasətinin beş uğurlu təşəbbüsü mühüm əhəmiyyət kəsb edir:
– Bunlardan birincisi 1936-cı ildə qəbul olunmuş Montrödür. Montrö Türkiyənin suverenliyi altında Qara dənizə giriş-çıxışlara nəzarət edən müqavilə kimi tarixə düşdü. 1936-cı il Montrö müqaviləsi 1809-cu ildən sonra Türkiyənin suverenliyini gücləndirən ən əhatəli və uğurlu müqavilədir.
– İkincisi, Mustafa Kamal Atatürkün sağlığında 1937-ci ildə başlayan və 1939-cu ildə sona çatan Hatayın vətənə ilhaqıdır. Beləliklə, Türkiyə İsgəndərun körfəzini öz nəzarətinə alaraq Şərqi Aralıq dənizindəki varlığını gücləndirdi.
– Üçüncüsü, 1974-cü ildə Kiprdəki soydaşlarının köməyinə gələn türk əsgərləri İskəndərun körfəzindəki suverenlik sahəsindən yararlanaraq böyük qələbə qazandılar. Kipr Sülh Əməliyyatının nəticələrindən biri də Türkiyənin dəniz və hava suverenliyini qorumasının nə qədər əhəmiyyətli olmasıdır.
– Dördüncüsü, Türkiyə 1992-ci ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) yaradılmasının təşəbbüskarı olmuşdur. Montrö müqaviləsi Qara dənizə giriş-çıxışlara nəzarəti Türkiyənin suverenliyinə buraxdığı halda, QDİƏT Türkiyənin Qara dənizdəki Mavi Vətəninin sərhədlərinin müəyyən edilməsi üçün əsas oldu. Beləliklə, Qara dəniz sahili ölkələri arasında eksklüziv iqtisadi zonalar (EİZ) müəyyən edildi və Türkiyə neft və təbii qaz kəşfiyyatı apararaq uğurlu nəticələr əldə etdi.
– Beşincisi, Şərqi Aralıq dənizi ilə bağlı Liviya ilə Türkiyə arasında 2019-cu ildə imzalanmış EİZ müqaviləsidir. Belə ki, Ankara Şərqi Aralıq dənizində Türkiyəni təcrid etməyə çalışan qüvvələrə rasional və real reaksiya verib və Cənubi Kipr Rum Administrasiyası və Yunanıstan ilə EİZ müqaviləsi imzalayan Misir və İsrail kimi ölkələr üçün daha sərfəli məkan açdı.
Hazırkı reallıqlarda Talassokratiyaya (qədim, orta əsrlər və ya müasir dövrdə bütün iqtisadi, siyasi və mədəni həyatı torpaq ehtiyatlarının çatışmazlığı və ya xüsusi coğrafi yerləşmə səbəbindən bu və ya digər şəkildə dəniz, dənizçiliklə bağlı fəaliyyətə yönəlmiş dövlətin alt növüdür, naviqasiya və dəniz məkanlarına və/və ya sahilyanı rayonlara nəzarəti əks etdirir) böyük önəm verən qardaş Türkiyə havada, suda və quruda çevik və operativ məqsədlərə çatmaqla yanaşı, həm də uzunmüddətli strategiyalar formalaşdırır.
2023-cü il prezident seçkilərindən sonra Türkiyə Cümhuriyyəti öz müstəqilliyinin ikinci yüzilliyinə qədəm qoydu. Türkiyənin geosiyasi və təhlükəsizlik mühiti yüksək rəqabətli və məhdudlaşdırıcı olacaq və bu mərhələdə Ankaranın strateji istiqaməti ilə bağlı rəqabət aparan geosiyasi layihələr baş verəcək. 2023-cü il təkcə daxili siyasət baxımından deyil, həm də Türkiyənin regional və qlobal strateji oriyentasiyası baxımından ölkənin ikinci əsrinin başlanğıcı oldu. Bu nöqtədə seçkilər Türkiyənin geosiyasətini formalaşdıracaq ən dominant qüvvəyə çevrildi.
Türkiyə yeni əsrlə bağlı ideoloji, siyasi, təhlükəsizlik baxışlarını yenilədi. Haqqında bəhs etdiyimiz yenilənmələr, dəyişikliklər, konseptual yanaşmalar sistemi Azərbaycan üçün də öz aktuallığını qoruyur. Prezident İlham Əliyev 20 il ərzində Azərbaycana rəhbərlik etdikdən sonra torpaqlarımızın bütünlüyünü təmin edərək yeni eraya qədəm qoydu. Qələbə və Zəfər dövrünün terminalogiyası, baxışları, yanaşmaları və konsepsiyası da dəyişməlidir.
Prezident İlham Əliyev yeni dövrdə Türk dünyasına, türk ailəsinə, Türk Dövlətləri Təşkilatına və Türkiyə ilə qardaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verir. 2024-cü il fevralın 14-də Prezidenti İlham Əliyev Milli Məclisdə andiçmə mərasimi zamanı nitqində beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağımızı, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyimizi vurğuladı. “Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
Burada xüsusi qeyd etməliyik ki, Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə edərək iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini, bu münasibətlərin dövlətlərimiz üçün böyük əhəmiyyətini bir daha vurğuladı. Azərbaycan və Türkiyə bir millət, iki dövlət, İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində müttəfiq, strateji tərəfdaş olan, güclü iqtisadi, mədəni əlaqələrə malik iki ölkədir. Prezident İlham Əliev və Prezident Ərdoğan arasında şəxsi dostluq və qardaşlıq münasibətləri ölkələrimizin arasında əlaqəlırin daha da möhkəmlənməsi və inkişafını şərtləndirən əsas amillərdən hesab olunur. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin əlaqələrimizin möhkəmlənməsinə, regionumuzda sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasında müstəsna rolu vardır.
Gənclərə xitab
Milli Məclisdə andiçmə zamanı Prezident İlham Əliyev gənclər siyasətinə dair çox mühüm vəzifələr müəyyənləşdirdi. “Əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir. Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi – bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur”.
Azərbaycan sivilizasiyası modeli
Hər dövrün öz hökmü, diktəsi var. Azərbaycanın böyük mütəfəkkirlərinin XIX əsrin sonu – XX əsrin əvvəllərində dediyi kimi, necə etmək lazımdır ki, Azərbaycan öz milli mənliyini, dinini, dilini, mədəniyyətini saxlasın, eyni zamanda, qloballaşma prosesindən kənarda qalmasın? Bu yolu da Heydər Əliyev doğru göstərmişdir. Onun çıxışlarında dəfələrlə bu məsələyə münasibət bildirilib və tarixin sınağından çıxıb.
Hazırda bəşəriyyət inqilabi dəyişikliklər dövrünü yaşayır. Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra akademik çevrələrdə və ziyalılar arasında əsas müzakirə mövzusu milli ideya ilə bağlıdır. Qarabağ mövzusunun birdəflik bağlanması milli və uzunmüddətli strateji prioritetlərin müəyyən edilməsi üçün zəmin hazırlayıb.
Qeyd edək ki, 2021-ci ilin 2 fevral tarixində Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olumuşdur.
Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş milli prioritet reallaşdırılmalıdır:
– Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
– dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
– rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
– işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
– təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Qarşıdakı 7 il ərzində milli prioritetlərin reallaşması öz aktuallığını qoruyacaq. 1453-cü ildə Osmanlı hökmdarı II Mehmedin komandanlığında İstanbulun fəthini qardaş Türkiyə əsrlərdir yaşadır və qəhrəmanlıq salnaməsi kimi gənc nəslə aşılayır. Əldə etdiyimiz tarixi Zəfərin təbliği, onun əsrlər boyu yaşaması və daha da inkişaf etməsi üçün ideoloji inkişaf modelinin uğurlu şəkildə adlandırılmasına ehtiyac hiss olunur. Hər bir dövlətin siyasi-hüquqi, iqtisadi, hərbi, ideoloji, təhlükəsizlik əsaslarını özündə birləşdirən uğurlu konsepsiyaya ehtiyacı var. Lakin burada tarixi keçmiş, regional reallıqlar, geosiyasi şərait, təbii ehtiyatlar, əhali və ərazinin imkanları da mühüm rol oynayır. Xoşbəxtlikdən imperiyalar quran dövlətçilik ənənələrimiz, güclü və dayanıqlı iqtisadiyyatımız, düşmənə qalib gələn güclü ordumuz, vətənpərvər gənclərimiz, mineral resurslarımız, gözəl təbiəti olan coğrafiyamız var. Güclü siyasi iradəyə malik, prisipial, qətiyyətli və təcrübəli Prezident İlham Əliyev bütün imkanları və resursları vaxtında və düzgün səfərbər etmək üzrə üstün qabiliyyətə və keyfiyyətlərə malikdir.
Samuel Hantinqton “Sivilizasiyaların toqquşması” tezisini irəli sürərkən bildirdi ki, “soyuq müharibə”dən sonrakı dövrə müvafiq olaraq, yəni 1990-cı illərdən etibarən beynəlxalq ittifaqlarda və ya münaqişələrdə müəyyənedici amil siyasi və ya iqtisadi ideologiyalar deyil, sivilizasiyalardır və bu tendensiya XXI əsrdə də davam edəcək. Bizim əcdadlarımız da böyük coğrafiyada tarix yazıb, sivilizasiya formalaşdırıblar. Azərbaycan sivilizasiyasına sahib çıxmaq hər hansı dövlətə qarşı ərazi iddiasının irəli sürülməsi kimi anlaşılmamalıdır.
Azərbaycan sivilizasiyası modelinin adı şərtidir. Təki digər uğurlu ideologiya və təhlükəsizlik baxışlarını özündə əks etdirən konsepsiya milli ideyalar məcmusunu özündə əks etdirsin, regional və qlobal miqyasda təhlükəsizlik təhdidlərinin aradan qaldırmasını təmin etsin, gənclərimizin mənfi təsirlərdən qorunmasına dəstək olsun, iqtisadi potensialı gücləndirsin, elmi-texniki tərəqqini və sənayeləşməni stimullaşdırsın!
İlyas HÜSEYNOV,
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq