Cənubi Qafqazda gündəmi müəyyənləşdirən Azərbaycandır

post-img

Ermənistan və havadarları Prezident İlham Əliyevin andiçmə mərasimindəki bu ismarıcını nəzərə almalıdır

Tam qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyev Milli Məclisdə keçirilmiş andiçmə mərasimindəki çıxışında bu günün Azərbaycanının mənzərəsini son dərəcə dolğun şəkildə canlandırdı. Dövlətimizin başçısı həm hazırda ölkəmizin qarşısında duran məsələlərdən, həm də perspektiv vəzifələrdən ətraflı söz açdı. Əlbəttə, Azərbaycan liderinin çıxışının geniş ictimaiyyət, o cümlədən, beynəlxalq aləm üçün daha vacib əhəmiyyət daşıyan hissəsi ölkəmizin Ermənistanla münasibətləri xüsusunda vurğuladıqları idi. 

“Mən bunu demişəm, bu yüksək kür­südən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmı­şıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sü­rüləcəksə, bu müqavilə imzalanmaya­caq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”.

Prezident İlham Əliyevin diqqətə çatdırdığımız fikirləri onun andiçmə mərasimindəki çıxışına, bir növ, mö­hür qoyur, tamamlayıcı motiv daşıyır. Yəni, dövlətimizin başçısı Ermənistan­la sülh prosesinin gündəmdən çıxdı­ğının anonsunu verir. Deməli, Cənubi Qafqazda sülhün xarici aspekti özünü ölkəmizin səmimi mövqeyinə kökləməli və eyni dərəcədə səmimiyyət nümayiş etdirməli idi. Amma bu gerçəkləşmə­di. Əlbəttə, cənab Əliyevin vurğuladığı digər məqamların da nəzərə alınması mütləq xarakter daşıyırdı. Hansıdır o məqamlar? Bu barədə söz açacağıq.

Ümumən, ölkəmizin lideri nitqində həm Azərbaycanın hazırkı üstünlüyü­nü göstərir, həm də həmin üstünlüyü şərtləndirən iqtisadi, hərbi və mənəvi amilləri sadalayır. Deməli, Azərbaycan ortaya hansısa iddia və prinsip qoyur­sa, hər kəs bilməlidir ki, həmin iddia və prinsiplərin arxasında reallıq dayanır. 

Məsələn, dövlətimizin başçısı bildi­rir ki, Ermənistan və ona hərbi cəhət­dən dəstək verənlər Azərbaycanı heç nəyin dayandıra bilməyəcəyini anla­malıdırlar. Prezident Ali Baş Komandan olaraq Ordusunun hazırkı vəziyyətin­dən, daha doğrusu, yüksək peşəkarlıq səviyyəsindən və əzmindən tam xəbər­dardır: “Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir”.

Bəli, Ermənistan və havadarları dərk etməlidirlər ki, Azərbaycana qarşı ərazi iddiaları heç bir nəticə verməyə­cək. Ərazi iddiası isə var və özünü Ermənistan qanunvericiliyində göstər­məkdədir. Konkret olaraq, ölkə Kons­titusiyasının qaynaqlandığı müstəqillik bəyannaməsində. 

Bu nəticəyə gəlirik ki, hazırda Er­mənistan rəhbərliyinin qaldırdığı kons­titusiya islahatları mövzusu tez bir zamanda həyata keçməlidir, spekulya­siya predmetinə çevrilməməlidir. Rəs­mi İrəvan nəzərə almalıdır ki, mövcud istiqamətdə vaxt itkisi onun səmimiyyə­tini şübhə altına alır: “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqa­viləsi olmayacaq”. 

Məlum olduğu kimi, 44 günlük mü­haribədən sonra Azərbaycanla Ermə­nistan arasında vasitəçilik uğrunda yarış gedir. Bu yarış, eyni zamanda, vasitəçiliyə çalışan ölkələrin bir-biri ilə qlobal rəqabəti kontekstində özünü göstərir. Yəni, onlar, heç də, mütərəqqi niyyət gerçəkləşdirmək naminə hərəkətə keçməyiblər. Dövlətimizin başçısının məsələyə münasibəti isə kifayət qədər korrektdir: “Birincisi, va­sitəçi olmaq üçün sən gərək, heç olma­sa, üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma, heç olmasa, üzdə, diplomatik qaydalara riayət et­məlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil”.

Bəli, iş ondadır ki, heç bir diplo­matik qaydalara riayət etməyənlərin Azərbaycan–Ermənistan nizamlama prosesində ortaya düşdükləri aşkardır. Onlar özlərinin yarımçıq təfəkkürləri ilə vasitəçilik missiyasını ermənipərəst tərəfkeşliklə səhv salırlar. Ən başlıca məsələ isə bu yolu tutanların siyasi məğlubiyyətə düçar olmalarından son­ra çıxardıqları oyunlardır. Yəni, belələri görəndə ki, İrəvanı müdafiə imkanları tükənir, tamam başqa mətləblərə baş vururlar. Məsələn, Azərbaycanı antide­mokratik məmləkət kimi qələmə verir, xarici aləmdə ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa girişirlər. Hansı üsulu seçirlər? Prezident İlham Əliyev bu mənzərəni son dərəcə dəqiq təsvir edir: “Bəzən eşidirik ki, hansısa ölkələr, yaxud da ki, ölkələr qrupu beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək istəyir və beynəlxalq ictima­iyyət adından danışmağa çalışır. Sözü olmayanda deyir ki, beynəlxalq ictima­iyyət bu məsələni yaxşı qəbul etməz, beynəlxalq ictimaiyyət o məsələni yaxşı qəbul etməz. Birincisi, bu, təva­zökarlıqdan uzaq olan məsələdir. Məh­dud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyət­lə, danışa bilməz. Beynəlxalq ictima­iyyət isə bizim tərəfimizdədir və İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı beynəlxalq ictima­iyyət bizi dəstəkləmişdir. Bu gün Azər­baycanın beynəlxalq nüfuzu hesab edirəm ki, heç kimə sirr deyil”.

Beynəlxalq ictimaiyyət, böyük öl­çüdə yanaşsaq, güc faktoruna tabedir. Ona görə Prezident İlham Əliyev ölkə­mizin hədəfinin daha da güclənmək ol­duğunu açıqlayır. Ümumən, Azərbay­can iqtidarının illərdir gerçəkləşdirdiyi siyasətin məqsədi bu olub. Mövcud ya­naşma hazırkı ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası reallığını doğurub. Nəticədə, ölkəmiz indi diktə edən tərəfdir. Bu iradəyə görədir ki, Cənubi Qafqaz üçün gündəmi müəy­yənləşdirən Azərbaycandır. 

Hazırda Azərbaycanın qarşısında daha böyük hədəflər durur və həmin hədəflərə çatmaq üçün reallaşdırıl­maqda olan kurs düşünülüb, hərtərəfli ölçülüb-biçilib. Artıq xarici siyasətimizin əsas istiqaməti Ermənistan–Azərbay­can münaqişəsinin həlli deyil. Dövlə­timizin başçısının da vurğuladığı kimi, məsələ, bu gün artıq, demək olar ki, gündəlikdə durmur. 

Göründüyü kimi, vaxt Ermənis­tanın əleyhinə işləyir. Əgər əvvəllər Azərbaycan üçün Qarabağ münaqişə­si dövrü qapanmışdısa, bu gün artıq qapanan Ermənistan–Azərbaycan münaqişəsi dövrüdür. Məsələyə kə­nardan müdaxilələr də yolverilməzdir. Səbəbini izah etdik nə üçün. Əlbəttə, ermənipərəstlik konkret motivdir. Həm konkretdir, həm də süni şəkildə şişir­dilmiş. Aydındır ki, məqsəd yalnız Er­mənistanı müdafiə deyil, İrəvan burada sadəcə olaraq alətdir. 

Bütün bunlara görədir ki, ölkəmi­zin rəhbəri əvvəldə də vurğuladığımız kimi, vasitəçilik səylərini kənarlaşdırır. Elə bu səbəbdəndir ki, Prezident İlham Əliyev məsələni, bir növ, ümumiləşdirir və qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə hazır ol­maq vəzifəsini müəyyənləşdirir. Ən əsası: “Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilan­dayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankən­didəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar! Yolumuz açıq olsun!”

Ə.CAHANGİROĞLU
XQ



Siyasət