Bakı – Moskva: Sülhməramlılar polemikası

post-img

Kreml Qarabağdakı hərbi kontingenti harada yerləşdirməyi düşünür

Mövzunun aktuallığı və həssaslığı göz önündədir. Məsələnin həssas tərəfi onunla bağlıdır ki, bu, bir ölkənin sülhyaratma qüvvələrinin ikinci ölkənin ərazisini sadəcə tərketmə müddəti ətrafında cərəyan edən diplomatik məsələ deyil. Əslində, məsələ həm də Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentin bölgədən nə zaman gedib-getməyəcəyi ilə məhdudlaşmır. Onların bölgədə qalma müddəti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda birmənalı şəkildə göstərilib: 2025-ci ilin noyabrı. 

Həmin müddətin bitməsinə bir il doqquz ay var. Bu tarixin arxasında Cənubi Qafqazda maraqları olan bö­yük güclərdən birinin strateji planları və nəyin bahasına olursa-olsun, bölgədə mövcudluğunu davam etdirmək niyyəti dayanır. 

* * * 

Mövzunu aktuallaşdıran və onu ye­nidən gündəmə gətirən səbəb isə Ru­siya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimovun Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentlə bağlı “İzvestiya” qəzetinə müsahibəsində dediyi fikirlər oldu. Rus diplomatın bu yöndəki mülahizələri qızğın müzakirələr yaradıb. M.Yev­dokimov müsahibəsində Rusiya sülh­məramlı kontingentinin taleyi ilə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixinin Azərbay­can Xarici İşlər Nazirliyi ilə razılaşdırıl­ma mərhələsində olduğunu söyləyib. Səfirin açıqlamasından belə bir nəticə hasil olur ki, 2020-ci il 10 noyabr Bə­yanatına uyğun olaraq sülhməramlılar 2025-ci ilin noyabrına qədər bölgədə qalacaq və hazırda bunu şərtləndirən amillər kifayət qədərdir. 

Səfir M.Yevdokimovun məlum açıq­lamasına Azərbaycan Xarici İşlər Nazir­liyi kifayət dərəcədə konkret bəyanatla cavab verib. XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin məsələ ilə bağlı yaydığı məlumatda deyilir: “Məlum olduğu kimi, Azərbay­can Respublikasının Prezidenti, Er­mənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin 2020-ci il 10 noyabr tarixli Bəyanatı­na əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbay­can Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşır”. 

Qarabağdakı sülhməramlı kontin­genti ilə bağlı buna qədər də Moskva­dan “maraqlı” diplomatik açıqlamalar verilirdi. Bunlardan biri, guya, sülhmə­ramlıların ərazidə minaların zərərsiz­ləşdirilməsi işində Azərbaycana yar­dım etməklə məşğul olması idi. Fəqət Azərbaycan XİN-in rəsmisi A.Hacı­zadənın açıqlamasından məlum oldu ki, Rusiya hərbi kontingenti Qarabağ torpağının minalardan təmizlənməsinə o qədər də maraq göstərmir. XİN-in açıqlamasında yer almış “ərazidə part­lamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qal­dırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləş­mələr aparılması zərurəti mövcuddur” cümləsi Kremlin bu versiyasının yanlış olduğunu ortaya çıxardı. Yəni, hayla­rın torpağımıza basdırdığı minaların zərərsizləşdirilməsi istiqamətində sülh­məramlılarla birgə fəaliyyət yoxdur.

* * * 

İlk baxışda məsələnin mahiyyəti tərəflərə aydındır, amma sülhməram­lıların bölgədə uzun müddətə qalma ehtimalı kontekstində Moskvadan müxtəlif versiya və mülahizələr eşidi­lir. Bu dəfə açıqlanan versiya özünün “konkretliliyi” ilə diqqəti çəkir. Yeni versiya, sadəcə, mövzu ətrafında dip­lomatik polemikanın əsəbləri oynada­caq həddə kimi genişləndiyinə dəlalət edir. Rusiya Xarici işlər nazirinin müa­vini Mixail Qaluzinin TASS agentliyinə verdiyi açıqlamasında irəli sürdüyü “variantı” başqa cür xarakterizə etmək mümkün deyil. Onun Qarabağı könül­lü şəkildə tərk etmiş ermənilər barədə dedikləri heyrət doğurur. M.Qaluzinin sözlərinə görə, Rusiya Qarabağ er­mənilərinin bölgəyə təhlükəsiz qa­yıtmalarına zəruri şəraiti yaratmağa hazırdır. O, daha sonra ermənilərin bölgəyə yenidən qayıdışının “mexa­nizmini” təsvir edir: “Təəssüf ki, Qa­rabağ ermənilərinin böyük əksəriyyəti artıq bölgəni tərk edib. Bəli, bu, onlar üçün ağır, amma könüllü seçim olub. Bu baxımdan yanaşanda, indi geri qayıtmaq istəyənlərin hüquqlarını və təhlükəsizliyini lazımi qaydada təmin etmək şərtilə onlara zəruri şəraitin yaradılması vacibdir. Biz bu prosesə hərtərəfli yardım göstərməyə hazırıq. Həmin yardımı Rusiya sülhməramlı kontingenti vasitəsilə həyata keçirmək olar. Onların bölgədə olması böyük əhəmiyyət daşıyır”. 

Kreml rəsmiləri hər dəfə “Rusiya hərbi kontingenti 2025-ci ildən sonra da Qarabağ bölgəsində qala bilər” – dedikcə Bakıdan onlara “2020-ci il 10 noyabr Bəyanatına görə, Rusiya Fede­rasiyasının sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə bitir” cavabı ve­rilib. Amma, görünür, bu dəfə Bakının reaksiyası daha kəskin olacaq. Ən azı ona görə ki, Rusiya baş diploma­tının müavininin bu açıqlamasının fərdi və subyektiv xarakter daşımadığı bir yana, onun sözləri Azərbaycanın suve­renliyinə, ərazi bütövlüyünə hörmətsiz­lik, eləcə də daxili işinə müdaxilə kimi qiymətləndirilməlidir. 

* * * 

2023-cü ilin sentyabrından sonra Azərbaycanın Qarabağ adlı proble­mi yoxdur. Erməniləri də yaşadıqları o bölgədən heç kəs zorla çıxarmayıb, İrəvandan aldıqları “komanda” ilə öz xoşları ilə tərk ediblər. Hətta ərazini könüllü tərk edən zaman rəsmi Bakı onlara alternativ seçim imkanı təklif etmişdi: Azərbaycan vətəndaşlığı üçün müraciət edin, qanunlarımıza tabe olun və üçrəngli bayrağımız altında yaşa­mağa davam edin. O ki qaldı dediyimiz şərtlər daxilində bölgəyə qayıtmağa qərar verən ermənilərin təhlükəsizli­yinin təmin edilməsi məsələsinə, bu, artıq Azərbaycanın daxili işidir. Rusiya sülhməramlı kontingentinin ermənilərin hüquq və təhlükəsizliyinin qarantı sta­tusunda çıxış etməsi, belə bir missiya­nı yerinə yetirməyə girişməsi isə onla­rın mandatı xaricindədir və beynəlxalq hüquqa ziddir. 

Yerli ekspertlərin bir çoxu belə hesab edir ki, rus qoşunlarının Qara­bağda fəaliyyətinə ehtiyac qalmayıb. Onların bundan sonra fərqli təyinat alacaqları da gözlənilmir. Bu reallıq o qənaətə gəlməyə əsas verir ki, 2020-ci ilin noyabrında Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kon­tingentinin bölgədə qalma müddətinin uzadılması müzakirə mövzusu ola bil­məz. O başqa məsələdir ki, Kreml sül­hməramlıların dislokasiya yerini başqa bir əraziyə, məsələn, Qərbi Zəngə­zura dəyişə bilər. İntəhası, burada nəzərə alınmalı vacib bir məqam var. Adıçəkilən ərazilər də Azərbaycanın qədim torpaqlarıdır.

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Rusiya sülhməramlılarının Qarabağda qalması ilə bağlı məsələ, təbii ki, dövlət başçıları səviyyəsində həll olunacaq. Mən qəti şübhə etmirəm ki, bu məsələ Azərbaycanın maraqlarına uy­ğun şəkildə həllini tapacaq. Əgər problem varsa, bu, heç də nazir müavini səviyyəsində müzakirə mövzusu ola bilməz. Mixail Qalu­zin bu barədə öz fikrini söyləyə, nəsə bəyan edə bilər. 

Reallıq ondan ibarətdir ki, Qa­rabağa qayıtmaq istəyən ermə­nilərin təhlükəsizliyini Azərbay­can özü təmin etməyə qadirdir. Bu məsələdə bizə nə sülhmə­ramlılar, nə də kənardan başqa kömək lazımdır. Rusiya Xarici işlər nazirinin müavininin bu ver­siyanı hansı səbəbdən ortaya atdığı qeyri-müəyyəndir. Əvvəla, Qarabağa qayıtmağı arzulayan ermənilər Azərbaycan vətəndaş­lığını qəbul etməlidirlər. Azərbay­can bütün vətəndaşlarının hüquq və təhlükəsizliyini təmin edən bir dövlətdir. Təkrar edirəm, bu məsələdə hansısa sülhməramlı hərbçilərin yardımına ehtiyacımız yoxdur. Düzü, demək çətindir ki, həmin sülhməramlılar erməniləri kimdən qoruyacaq və təhlükəsiz­liklərinə hansı təminatı verəcək­lər? Digər tərəfdən, bu məsələ, 10 noyabr Bəyanatında göstəril­diyi kmi, 2025-ci ilin mayına qə­dər müzakirə predmeti ola bilər. Amma daha Qaluzinin səviyyə­sində deyil, dövlət başçılarının səviyyəsində müzakirə mövzusu­dur. Əminəm ki, bu zaman Azər­baycan heç bir problemlə üzləş­məyəcək. Çünki, bizim bu məsələ ilə bağlı mövqeyimiz konkret və kifayət qədər aydındır.

İmran BƏDİRXANLI
XQ





Siyasət