Vergi sistemi yeni strateji mərhələdə

post-img

İqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov dünən keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı forumda Azərbaycan iqtisadiyyatının bu ilə yüksək göstəricilərlə başladığını bildirərək qeyd edib ki, ölkəmizdə neft-qaz hasilatının proqnozlaşdırılandan enməsi, dünya bazarlarında qiymətlərin aşağı düşməsi fonunda ÜDM-in nominal həcminə təsirləri gözlənilirdi. Lakin buna baxmayaraq, Azərbaycan bu prosesə hazır idi. Ona görə ki, son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri nəticəsində iqtisadi artımın dayanıqlığı gerçəkləşmişdi. 2023-cü ildə bu sektorda 3,7 faiz artım dinamikasının yaranması da bunun bariz ifadəsi idi.

Belə bir dinamik iqtisadi inkişaf bu ilin ilk ayında da qeydə alınıb. Belə ki, yanvarda İqtisadiyyat Na­zirliyinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM 5 faiz, o cümlədən qeyri-neft-qaz ÜDM-i 12,3 faiz yüksəlib. Artım ti­kinti sektorunda 66,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 26,8 faiz, qeyri-neft-qaz emal sənayesində 16,8 faiz, turizm və ictimai iaşədə 12,1 faiz, informasiya və rabitədə 11,8 faiz olub. Ölkə iqtisadiyyatında yüksək investisiya fəallığı da qeydə alınıb. 

Xatırladaq ki, bu artımın davam­lı olacağı Birləşmiş Millətlər Təşki­latının (BMT) 2026-cı ilə qədərki dövrü əhatə edən proqnozunda da öz ifadəsini tapıb. Belə ki, qurumun qlobal iqtisadiyyatla bağlı hesaba­tına əsasən, 2024-cü il üzrə Azər­baycanda ÜDM-in artımı 2,6 faiz, 2025-ci ildə isə 2,8 faiz səviyyəsin­də proqnozlaşdırılıb. Sənəddə yola saldığımız 2023-cü il üzrə Azərbay­canda iqtisadi artım 0,7 faiz təşkil etdiyi qeyd olunub.

BMT-nin proqnozlarına əsasən, cari il respublikada orta illik inflya­siya 5,9 faizədək, 2025-ci ildə 3,9 faizədək azalacaq. Təşkilat ötən il üzrə inflyasiya proqnozunu isə 9,5 faiz müəyyən edib.

Bu ilin ilk ayında iqtisadiyyat­da yüksək investisiya fəallığının qeydə alınması isə təsadüfi deyil. Bu, ilk növbədə, respublikada qey­ri-neft sektorunun dinamik inkişa­fının diqqətdə saxlanılması, bu is­tiqamətdə önəmli layihələrin həyata keçirilməsi, iş adamlarına güzəştli kreditlərin verilməsi, investisiya təş­viqi mexanizminin tətbiqinin davam etdirilməsi ilə əlaqədardır. Təbii ki, bu məsələdə sahibkarlıq sahəsində yoxlamaların, lisenziyaların sayının minimuma endirilməsi, lisenziya ve­rilməsi qaydalarının sadələşdirilmə­si və şəffaflığın təmin olunması, bü­tün bunlarla bağlı dövlət dəstəyinin daha da artırılması da investisiya fəallığı üçün mühüm amillərdir. 

Prezident İlham Əliyevin imzala­dığı 22 iyun 2022-ci il tarixli “İnves­tisiya fəaliyyəti haqqında” Qanunu da keçən ay ölkə iqtisadiyyatında yüksək investisiya fəallığının qey­də alınmasını şərtləndirib. Qeyd edək ki, respublikamızda yerli və xarici investisiyaların cəlbi baxı­mından mühüm önəm daşıyan bu qanun dövlətimizin başçısının 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Pri­oritetlər”inə uyğun hazırlanıb. Məhz bütün bu sadalananların məntiqi nəticəsidir ki, 2024-cü ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala investisi­ya qoyuluşu 37,4 faiz, o cümlədən qeyri-neft-qaz sektoruna 34,1 faiz artıb ki, bu da iqtisadi artıma töhfə verən mühüm ekspertlər tərəfindən göstəricilər kimi dəyərləndirilib. 

Ötən ayın inflyasiya göstərici­sinə gəldikdə isə Dövlət Statistika Komitəsinin məlumatına əsasən deyə bilərik ki, 2024-cü ilin yan­varında ölkədə istehlak qiymətləri indeksi əvvəlki ilin eyni dövrünə nisbətən 101,7 faiz olub. Hesabat ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,7 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmət­lər üzrə isə 3,2 faizlik bahalaşma qeydə alınıb. Cari ilin ilk ayında ölkədə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz təş­kil edib. 

İnflyasiya göstəricisinin aşa­ğı düşməsi, ilk növbədə, ölkədə makroiqtisadi sabitliyin təmin edil­məsi, manatın məzənnəsində sabit­liyin qorunması ilə bağlıdır. Başqa sözlə, İnflyasiyanın cilovlanması düşünülmüş strategiyanın təzahü­rüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı da­yanır. Çünki makroiqtisadi sabit­lik ölkə iqtisadiyyatına əsaslı təsir göstərir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Azərbaycanda isə həm minimum əməkhaqları, həm də minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel ola­raq manat sabit saxlanılır.

Sözügedən dövrdə belə bir iqti­sadi inkişaf qeyri-neft-qaz sektorun­da da qeydə alınıb. Yanvarda ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft-qaz ÜDM-i 12,3 faiz yük­səlib. Ölkədə son illərdə bu sahəyə xüsusi önəm verilməsinin, geniş­miqyaslı layihələr həyata keçirilmə­sinin məntiqi nəticəsidir ki, sektorda davamlı dinamik artıma nail olunub. 

Yeri gəlmişkən, qeyri-neft-qaz sektorunun inkişafını şərtləndirən bəzi amilləri diqqətə çatdırmaq istərdik. Belə ki, Prezident İlham Əliyevin bu sahənin inkişafına mühüm önəm verməsinin nəticə­sində sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərinin əlça­tanlığı asanlaşdırılıb. Başqa söz­lə, iş adamlarının güzəştli kredit almalarını şərtləndirən sənədlərin sayı minimuma endirilib, sənədlə­rin notarial təsdiq olunması şərti ləğv edilib və 200 min manatadək kreditlər üzrə biznes plan tələbi aradan qaldırılıb. Eyni zamanda, güzəştli kreditlərin illik faiz dərəcə­si 5 faizə endirilib. 

Sənaye zonalarında isə sahib­karlıq fəaliyyəti üçün zəruri infrast­rukturun yaradılması, səmərəli işin təşkili diqqət mərkəzində saxlanılıb. İnnovativ sahibkarlığın inkişafında bilik iqtisadiyyatının, 4-cü Sənaye İnqilabının elementlərinin tətbiqi, qlobal dəyər zəncirinə inteqrasiya, klasterləşmə, sənayenin rəqəm­sal transformasiyası, “ağıllı biz­nes” modellərinin yaradılması kimi məsələlərə xüsusi önəm verilib. Bütün bunlarla bərabər, lisenziyalar və icazələrin alınması üçün sahib­karlara “ASAN xidmət” mərkəzləri və “KOB evləri”ndə əlverişli şərait yaradılıb. 

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat