Yeni tarixi mərhələ: strateji məqsəd və növbəti vəzifələr

post-img

(fəlsəfi-sinergetik təhlil)

I MƏQALƏ

Biz bütün dünyaya sübut etmi­şik ki, böyük xalqıq, biz öz taleyi­mizi özümüz həll edirik.

Prezident İlham Əliyevin 14 fevral 2024-cü ildə andiçmə mərasimindəki nitqindən

Andiçmədən sonra

2024-cü il fevralın 14-də Azərbaycan elə bir tarixi möhtəşəm hadisəni yaşadı ki, onun əhəmiyyətinin dərki uzun illər davam edəcək. Çünki həmin gün Prezi­dent İlham Əliyevin andiçmə mərasimi faktiki olaraq tarixi mərhələlərin kəsişmə zamanını və yeni mərhələyə keçidin rit­mini (temporallığını) özündə ehtiva edir­di. Bu, dövlətçilik və tarixilik baxımından adi hadisə deyildi. Müstəqil Azərbaycan dövlətinin yeni mərhələyə başlamasını əks etdirən mükəmməl bir “simfoniya” idi! Elə bir səsləniş idi ki, onun sədaları uzun müddət “Azərbaycan” ideyasında, “müstəqil dövlət quruculuğu” kursunda, azərbaycançılıq məfkurəsində yeniləş­mələrin məzmun və ritmini müəyyən edəcəkdir!

Andiçmə mərasimində hələ belə stra­teji məzmunlu nitq eşitməmişdik! Dünya­nın ən inkişaf etmiş ölkələrində belə bu­nun nümunəsi yoxdur. Çünki bir mətində Azərbaycan Prezidenti dövlətçilik üçün psinsipial əhəmiyyət daşıyan məqamları elə lakonik, dərin və inandırıcı təqdim et­mişdir ki, onların həm də fəlsəfi-elmi təh­lili zərurət kimi qarşıda dayanır! 

Bu, sosio-humaitar sahədə çalışan hər bir Azərbaycan aliminin müqəddəs və­zifəsi olmalıdır! Zənnimcə, AMEA bu işin önündə gedəcək, müstəqil dövlətçiliyimiz, strateji inkişafımız üçün tədqiqatlarını Pre­zidentin qoyduğu tələblər səviyyəsində yerinə yetirəcəkdir! AMEA-nın indiki rəh­bərliyinin həyata keçirdiyi elmi tədqiqatları təşkil etmək fəlsəfəsi və əsas istiqamətlə­rin müəyyən edilməsi siyasəti buna şübhə yeri qoymur! Mən burada məhz həmin kontekstdə dərk etməyə çalışdığım bəzi məqamların üzərində bir neçə məqalədə fəlsəfi-sinergetik aspektdə dayanmağa çalışacağam! Əlbəttə, məsələnin geniş və əhatəli təhlili kollektiv yaradıcı təfəkkür va­sitəsi ilə reallaşa bilər.

Beləliklə, İlham Əliyev səslənişində hansı istiqamətləri önə çəkdi? Onlar çağ­daş dövrdə müstəqil dövlət quruculuğu üçün vacib olan bütün istiqamətləri əhatə edir. Miqyasına görə həmin istiqamətləri daxili, regional və qlobal səviyyələrə aid olan prioritetlər kimi anlamaq mümkün­dür. Onlar da öz növbəsində, bir neçə altsferalara bölünmüşdür. 

Məsələn, daxili miqyas üçün sosial, humanitar, təhsil, idarəetmə, ideologiya və gənclərin tərbiyəsi kimi istiqamətlər əksini tapmışdır. Regional miqyasda sülh və əməkdaşlığın qalıcı olması üçün müstəqil dövlətin fəaliyyətinin başlıca əlamətləri lakonik ifadə edilmişdir. Qlo­bal miqyasda gedən geosiyasi proses­lərin dəqiq və obyektiv qiyməti verilmiş və onun fonunda müstəqil Azərbaycan Respublikasının fəaliyyətinin məntiqi və strategiyası açıqlanmışdır. 

Bu kontekstdə Prezident İlham Əliyev tarixi bir tezisini irəli sürmüş və onu cə­sarətlə əsaslandırmışdır. Dövlət başçısı milli-regional-qlobal siyasi proseslərin təhlili əsasında Türk Dövlətləri Təşkilatı­nın daha da inkişaf etdirilməsinin dövlət­çiliyimizin gələcəyi baxımından alternati­vsiz istiqamət olduğunu bəyan etmişdir! İlham Əliyev qətiyyətlə ifadə etmişdir ki, “bizim aliləmiz Türk dünyasıdır” və “bi­zim başqa ailəmiz yoxdur”. Prezident İlham Əliyev tam haqlıdır, tam dəstəkləyi­rik və hansı səngərdə durmağı əmr etsə, orada hazırıq!

Belə çıxır ki, Prezident İlham Əliyev yeni tarixi mərhələdə dövlətçiliyin inkişaf etdirilməsinin bütün incəliklərini, o cüm­lədən hansı təşkilatda daha da güclən­məyin lazım olduğunu dəqiq müəyyən etmişdir. Burada siyasi və geosiyasi baxımdan dövlətçilik üçün arxivacib olan bir məqam vardır.

Biz, İlham Əliyevin prioritet təşkila­tı milli, regional və qlobal miqyaslarda Azərbaycan üçün münbit mühitin yaradıl­masına imkan verəcək çoxlu sayda fak­torların sistemli təhlili əsasında müəyyən etmişdir. Mayak faktor milli maraqların hər anda gözlənməsidir. 

Aparıcı və müəyyənedici məqsəd müstəqil Azərbaycan Respublikasının və cəmiyyətinin daha da güclənməsidir. 

Həyata keçirilmə mexanizmləri isə li­der-cəmiyyət (iqtidar-xalq) birliyinin tarixi ənənədən gələn prinsiplər üzrə yeni sə­viyyəyə yüksəlməsi ilə əlaqəlidir. 

İlham Əliyevin nitqinin başlıca tezis­ləri fundamental müddəalara, aparılan təhlillərə əsaslanır. Bu həqiqətin işığında mühüm hesab etdiyimiz və andiçmə mə­rasimindəki nitqin ruhuna aid olan ümumi məqamlara nəzər salaq. 

Öncə, andiçmə mərasimini dövlətçi­lik baxımından tarixi dönüş nöqtəsi kimi təsəvvür ediriksə, bunun fəlsəfi-siner­getik mənası üzərində dayanaq. Sonra Azərbaycan təcrübəsi kontekstində bir sıra tarixi ekskurs etməyə çalışaq. Bura­da indi yaşadığımız sevincli, qürurlu və məsuliyyətli günlərin bazasında böyük siyasi dahiliyin, liderlik uzaqgörənliyin, şəxsi qətiyyət, şücaət və cəsarətin dur­duğunu anlamaq zəruridir! 

Tarixi dönüş: həqiqət anı

Çağdaş dünyamızda dövlətçiliyin fəl­səfəsində və siyasi-nəzəri anlamında müsbət dönüşlər etmək hər ölkəyə, xalqa və onun liderinə nəsib olmur. Burada o qədər faktorların təsirlərini nəzərə almaq lazım gəlir ki, hələlik onları əksəriyyətin qəbul etdiyi təlim formasında bir “məntiqi sahədə birləşdirmək” mümkün olmamış­dır. 

Görünür, burada yalnız fəlsəfi-elmi konseptual dərketmə aparatının indiki imkanları ilə mövcud reallıq arasında zid­diyyətin yaranması rol oynamır. İnanırıq ki, konkret təcrübənin yetərsizliyi də öz təsirini göstərir. Müşahidələr göstərir ki, Azərbaycan təcrübədə olan bu boşluğu doldura bilən müstəqil dövlətdir! 

Məhz Cənubi Qafqaz kimi mürək­kəb bir geosiyasi məkanda yerləşən Azərbaycan Respublikasının müstəqil dövlət quruculuğunda davamlı olaraq mərhələləri uğurla keçməsi və bu zaman daxili ziddiyyətlərə düşməməsi, regional və qlobal miqyasda faydalı siyasi və ge­osiyasi balans yarada bilməsi nadir tarixi təcrübədir. Bununla Azərbaycan Res­publikası həm milli miqyasda, həm də regional və qlobal miqyasların “geosiyasi qovşağında” müsbətə doğru tarixi dönüş etmənin həqiqət anını bütün dünyaya nü­mayiş etdirdi! 

Azərbaycan nəzəri-konseptual as­pektdə mükəmməl müstəqil dövlət quru­culuğu konsepsiyasını hazırladı və eyni zamanda, praktikada onu reallaşdırdı! Proses davam edir. Bu məqama necə gəlindiyi də tam aydındır. Məsələnin di­gər aspektlərinə toxunmadan çağdaş dünya üçün çox aktual olan şəxsiyyət-li­der kontekstində bir sıra fəlsəfi-sinergetik tezislərə baxaq.

Ümummilli liderliyə yüksəlişin Azərbaycan təcrübəsi 

Bu təcrübənin dünyada bənzəri yox­dur. SSRİ-nin son dövründə həm sürətlə siyasət olimpinə yüksələn, həm də bu yüksəlişə görə ciddi qısqanclıq və gözü­götürməzliklə üzləşən Ulu öndər Heydər Əliyev 1990-ci ilin iyulunda Naxçıvana gəlişi ilə özünü lider kimi “yenidən təq­dim etdi”. Bu, böyük bir siyasətçinin və məharətli diplomatın güclü liderlik trans­formasiyasının başlanğıcı idi. Müxtəlif tərəflərdən olan təzyiq cəhdlərinə bax­mayaraq, Heydər Əliyev qısa müddət­də muxtar respublikada rəhbərliyə gəldi və böyük töhfələri ilə Naxçıvanın işğal olunmaq təhlükəsini sovuşdurdu. Paralel olaraq, Naxçıvanın Türkiyə ilə əlaqələrini yeni səviyyəyə yüksəltdi, İranla münasi­bətləri xeyli normallaşdırdı. 

Naxçıvanda əsası qoyulan dövlət qu­ruculuğu prosesi güclü lider-şəxsiyyətin Azərbaycanın siyasi səhnəsində aparıcı rol oynamağa başladığını ifadə edirdi. Bundan sonra əsas məsələ bu cür lider­liyin müasir Azərbaycan üçün ənənəyə çevrilməsini təmin etməkdən ibarət idi. Ulu öndər Azəraycana Prezident seçilən­dən sonra başqa istiqamətlərlə yanaşı, yeni liderlik strategiyası çərçivəsində yeni lider-şəxsiyyətin hazırlanmasına da böyük diqqət yetirdi.

Heydər Əliyevin bu strateji məqsəd­li fəaliyyəti Azərbaycan dövlətçiliyi üçün çox böyük töhfə idi. Çünki, birincisi, məsələ yalnız bir liderin çox uğurlu fəa­liyyəti ilə məhdudlaşmır. Müasir dövlət quruculuğu və uğurlu liderliklə bağlı apa­rılan tədqiqatlar göstərir ki, hər hansı dövlət üçün tam müvəffəqiyyətli sayıla biləcək prosesdə bir liderin uğurlu olma­sı, ölkədə ciddi və köklü islahatlar apar­ması ilə yanaşı, özünə layiqli siyasi varis yetişdirməsi də ciddi əhəmiyyət daşıyır. Burada “siyasi varis” dedikdə seçilmiş dövlət quruculuğu kursunu yeni şərtlər daxilində uğurla inkişaf etdirə biləcək milli liderin hazırlanması nəzərdə tutulur. 

İkincisi, ölkədə köklü yeniləşmələrə başlayan lider (Heydər Əliyev), eyni zamanda, dövlət quruculuğu strategi­yasını bütün sferalar üzrə elə qurmalı­dır ki, strateji perspektivi təmin edilsin. O cümlədən, istənilən sürətlə dəyişən, “geosiyasi turbulentliyə düşən” proses­lərin fonunda müstəqil dövlət quruculuğu kursu dönmədən, inam və qətiyyətlə da­vam etdirilsin. Konkret ifadə etsək, dövlət quruculuğu prosesi sınaqlardan çıxaraq, kəsintisiz aparılsın!

Üçüncüsü, dövlətin və ölkənin təh­lükəsizliyinin etibarlı şəkildə təmin edil­məsi üçün ümumi “yol xəritəsi” hazırlan­malıdır. Bu, uzun müddəti nəzərdə tutan və bütün riskləri, təhdidləri, təhlükələ­ri sovuşduran mükəmməl proqramlar kompleksini hazırlamaq deməkdir. Bura sosial, siyasi, diplomatik, enerji, ekolo­ji, mənəvi-əxlaqi, mədəniyyət və digər sahələr üzrə konkret proqramların sis­temli həyata keçirilməsi daxildir. Yalnız bu şəraitdə daxildə quruculuq işlərini ra­hat aparmaq mümkündür. 

Dördüncüsü, bütün bunların reallaş­ması üçün sağlam regional və beynəlxalq geosiyasi mühitin formalaşdırlmasına ciddi töhfələr verə biləcək siyasi-diplo­matik kursun müəyyən edilməsi zəruridir. 

Yüksəlişin yeni mərhələsi: İlham Əliyev milli lider kimi

Vurğulanan bütün müsbət özəlliklərə sahib olan Heydər Əliyev ümummilli li­derliyə fəaliyyətinin miqyası və missiya­sının harmoniyası sayəsində yüksəldi. Bununla da yuxarıda vurğuladığımız yeni liderlik və dövlət quruculuğu prosesinin müasir mərhələdə ənənəsini yaratdı! 

Prezident İlham Əliyevin fəaliyyə­tinə məhz bu prizmadan baxmaq və onu anlamaq gərəkdir! Milli ideyanın birinci mərhələsinin “ərazi bütövlüyünün bər­pası və suverenliyin tam təmin edilməsi” kimi müəyyən olunması məhz Ulu öndər Heydər Əliyevin ümumilli liderlik təcrübəsi­nin birbaşa ideya-siyasi və ideoloji bəhrə­sidir. 

Eyni zamanda, Heydər Əliyevin yeni liderlik ənənəsi müasirliyi, gələcəkdə də səmərəli ola biləcək liderlik fəaliyyətini ehtiva edir. Yəni yeni liderlik elə bir fəa­liyyət sistemidir ki, orada keçmişin, indi­nin və gələcəyin qarşılıqlı əlaqəsi ciddi şəkildə nəzərə alınmışdır. Məhz bu key­fiyyətinə görə, Azərbaycanda yeni lider­lik nümunəsi dövlət qurucluğunda siyasi varisliklər dövrün çağırışlarına adekvat reaksiya əsasında liderlik dəyərləri yarat­mağa imkan vermişdir. Bu məqam keçil­miş mərhələ ilə yeni mərhələnin zaman “ritm qovşağında” (və ya “zaman sərhə­dində”) olduqca əhəmiyyətli məqamları anlamağa şans yaradır. 

O cümlədən, qətiyyətlə deyə bilərik ki, yeni tarixi mərhələnin başlanmasının, vəzifələrin və strateji məqsədin müəyyən edilməsinin təməlində bu sağlam lider­lik təcrübəsi dayanır! Bu məqamı daim nəzərə almadan bundan sonrakı “inkişaf yol xəritəsi”nin bütün rənglərini müəy­yən edə bilmərik. Andiçmə mərasimi və orada qalib Prezidentin strateji xarakterli nitqi həmin prizmada aydınlaşa bilər! 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət