Astanada səkkiz cildlik “Humanitar elmlər üzrə Türk Ensiklopediyası”nın təqdimatı keçirilib

post-img

Astanadakı Türk Akademiyası (TA) Avrasiya Milli Universiteti (AMU) ilə birgə Koreya dilində hazırlanan səkkiz cildlik “Humanitar elmlər üzrə Türk Ensiklopediyası” kitabının təqdimatını keçirib. 

Təqdimatda Qazaxıstan, Rusiya Federasiyası, Koreya Respublikasının alimləri, tanınmış türkoloqlar iştirak edib.

Türk Akademiyasının vitse-prezidenti Asxad Kesikbayev TA tərəfindən hazırlanan ensiklopediyanın əhəmiyyətindən danışıb, kitabın bütün türkdilli dövlətlərdə maraq kəsb edəcəyini vurğulayıb, iştirakçılara TA-nın prezidenti Şahin Mustafayevin salamlarını çatdırıb. 

Koreyalı professor Inken O “Humanitar elmlər üzrə Türk Ensiklopediyası” layihəsinin hazırlanmasından danışıb və Koreyada türkologiyanın problemlərinə toxunub.

Astanadakı Nazarbeyev Universitetinin kafedra müdiri Yulay Şamiloğlu yeni təqdim olunan nadir nəşrin əhəmiyyəti haqqında söhbət açıb, ümumilikdə türk ölkələrində mövcud olan ensiklopedik ənənəyə toxunub.

Digər türkoloqlar da Koreya ilə türk dövlətləri arasındakı əlaqələrdən danışıb, ensiklopediya müəlliflərinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “Humanitar elmlər üzrə Türk Ensiklopediyası”  Koreya Milli Araşdırmalar Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən fundamental tədqiqatın nəticəsidir. Professor Inken Onun rəhbərliyi ilə layihədə müəllif kimi müxtəlif ölkələrdən 21 ekspert iştirak edib.

Ensiklopediyada türk dünyasının bütün humanitar elmləri, xüsusən də dilçilik, ədəbiyyat, tarix, incəsənət, coğrafiya, folklor və dini inanclar haqqında məlumat verilir.

Ensiklopediya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Özbəkistan, Rusiya Federasıyasının Tatarıstan, Başqırdıstan, Altay, Xakasiya, Tuva, Saxa-Yakutiya respublikalarını əhatə edir və ümumi həcmi 4500 səhifədir.  

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Astana      

 



Mədəniyyət