Rusiya, yoxsa Ukrayna?!

post-img

Bu iki yaxın xalq üzücü savaşla düşmənçiliyi dərinləşdirir

Cəmi 9 gündən sonra Rusiya–Uk­rayna müharibəsinin başlanmasının 2-ci ildönümü tamam olacaq. Bu qan­lı savaşın hər günü, hər anı günah­sız insanların ölümünə səbəb olur. Rəqiblər isə sanki bir-birinin qanına susayıblar. 

Dünya birliyi iki qonşu slavyan dövləti arasında gedən amansız savaşı durdur­maq istiqamətində ciddi səylər göstərmir. Üstəlik, hələlik nə Moskva, nə də Kiyev sülh danışıqlarına başlamağa hazır oldu­ğu barədə heç bir müsbət işarə vermir. Deməli, bu üzücü müharibə hələ xeyli davam edə bilər. 

Əvvəlcə oxucuya rəqiblərin üzdə olan, gizlədilməsi mümkün olmayan it­kiləri barədə məlumat verməyə ehtiyac duyuruq. Müharibə faktiki olaraq Ukray­nanın 2 şərq və 3 cənub vilayətində ge­dir. İki ilə yaxındır ki, ölkənin bütün əra­zisi Rusiya aviasiyasının hava zərbələri altındadır. 

Bir vaxtlar inkişaf etmiş sənaye və kənd təsərrüfatı ölkəsi sayılan Ukrayna­nın iqtisadiyyatına ciddi zərbə dəymişdir. Müharibə bu ölkənin insan resurslarını da tükəndirir. Münaqişə başlayandan ölkə ərazisini bir neçə milyona yaxın insan tərk edibdir. Onların çoxu qonşu Polşa, Rumıniya, Bolqarıstana və başqa ölkələrə pənah aparıblar. Bu ailələrin çoxunun müharibə bitəndən sonra belə geri qayıtması şübhə altındadır. 

Rusiyanın da müharibədən qazan­dığı bir şey yoxdur. Şimal qonşumuzun “xüsusi hərbi əməliyyat” adlandırdığı dö­yüşlər zamanı Donbas tam nəzarətə alı­nıb, amma regionun və digər bölgələrin infrastukturu faktiki olaraq dağıdılıb. Bu ərazilərin bərpası üçün gələcəkdə yüz milyardlarla dollar vəsait tələb oluna bilər. Digər tərəfdən cəbhədə kimin qələbə ça­lacağını proqnozlaşdırmaq çətindir. 

Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdikləri iqtisadi sanksiyalar onun ixrac imkanlarını məhdudlaşdırıb. Rusiya ağır sənayesini hərbi relslər üzərinə ke­çirə bilsə də, müharibənin yaraları özünü uzun illər göstərməkdə davam edəcək. Hazırkı iqtidar əhalini müharibəyə səfər­bər etmək üçün bəzən sərt tədbirlərə əl atmalı olur. 

Rusiya Birləşmiş Ştatlar ilə bərabər dünyanın ən böyük nüvə arsenalına ma­lik ölkəsidir. Qərb isə Kiyevə silah sarıdan kifayət qədər dəstək verir və bu dəstəyin getdikcə həcmi artır ki, azalmır. Ukrayna­nın özünün istehsal etdiyi pilotsuz uçuş aparatları təkcə qonşu Belqorodu deyil, hətta Moskvaya qədər çata bilir. 

Ən dəhşətlisi isə odur ki, etnik cəhət­dən qohum olan iki dövlət və onların xalqları arasında nəsillər boyu davam edəcək düşmənçilik münasibəti yaranıb. İnformasiya cəbhəsində gedən savaş da bu xalqlarda bir-birinə qarşı kin və ədavə­ti gücləndirir. Bu mənasız və üzücü mü­haribənin nə vaxt bitəcəyi isə bəlli deyil. 

Bir çox ekspertlər Ukraynada rəqibin maraqlarına xidmət edən özəl media qu­rumlarının, xüsusilə də çox sayda inter­net televiziyaların olduğunu iddia edirlər. Bu qurumlar əhalidə təslimçilik əhval-ruhiyyəsi təbliğ edir. Ukrayna hakimiyyəti onlara qarşı nədənsə “mülayim” davranır. 

Müharibə uzandıqca belə bir sual gündəmə gəlir: Rusiya-Ukrayna mühari­bəsinin başlanmasını önləmək olardımı? Ən azı bu ağır silahlı münaqişənin bu qə­dər kəskinləşməməsi üçün addımlar atıl­malıydı. Lakin tarix şərt zamanını tanımır. Reallıq budur ki, müharibə başlayıb, hər iki xalq, həqiqətən, bundan kəskin əziy­yət çəkir. 

Müharibə daha çox Qərbin maraq­larına xidmət edir. ABŞ bu yolla yaxın müttəfiqi Avropa İttifaqına (Aİ) üzv döv­lətləri Rusiya və Çinlə yaxınlaşmaqdan çəkindirməyə çalışır. Çin məhsullarının Avropa bazarlarına çıxış yolunda əngəl­lər yaranıb. 

Rusiyanın saysız-hesabsız təbii sər­vətləri Çinin ixtiyarına keçərsə, “Sarı əjdaha”nın inkişafını dayandırmaq qey­ri-mümkün ola bilər. Bunu okeanın o ta­yında yaxşı başa düşürlər. Rusiyanın Çin ilə “əbədi dostluğu” isə qeyri-mümkün­dür. Bunlar ayrı-ayrı sivilizasiyalardır. 

Bir çox təhlilçilər qeyd edirlər ki, Şərqi Avropanın bir çox dövlətlərinin, eləcə də Polşa, Macarıstan, Rumıniya, hətta Bolqarıstanın Ukraynaya müəyyən ərazi iddiaları var. Hələlik bunları açıq mətnlə dilə gətirmirlər. Lakin cəbhədə vəziyyət kəskin pisləşərsə, Ukrayna indiki “yaxın dostlar”ından belə zərbələr ala bilər. 

Atamoğlan MƏMMƏDLİ,
tarix elmləri doktoru, siyasi şərhçi

– Rusiya-Ukrayna müharibəsi, bütövlükdə anqlosakslarla çinlilər arasında yeni dünya düzənini qur­maq uğrunda gedən açıq və gizli savaşın tərkib hissəsidir. Ağ ev Çini Avropa və Rusiya bazarlarından sıxışdırıb çıxarmaq, bu yolla onu iqtisadi cəhətdən zəiflətmək istəyir. Faktiki olaraq bu, Qərblə Rusiya arasında gedən güc savaşıdır. 

Ukrayna 2020-ci il fevralın 24-də Rusiyanın başladığı və bu gün də davam edən “xüsusi hərbi əmə­liyyat”a, bütövlükdə, sinə gərmək­də davam edir. İkinci Dünya müha­ribəsi bitəndən sonra bu “ağır çəkili pəhləvanlar”ın ən böyük və kəskin silahlı qarşıdurmasıdır. 

Ukraynada aparılan hərbi əmə­liyyatların ilk günləri və həftələrin­dən məlum oldu ki, Ukraynanı qısa müddətdə təslim etmək mümkün olmayacaq. Beləliklə, müharibə hələ bir neçə il davam edə bilər. 

Məlumdur ki, bu ilin martında Rusiyada növbəti prezident seç­kiləri keçiriləcək. Seçkilər ərəfə­sində hazırkı iqtidarın cəbhədə nəyin bahasına olursa-olsun, kiçik də olsa, uğur qazanmağa cəhd göstərəcəyinə şübhə yoxdur. Bu, isə o deməkdir ki, tərəflər arasında silahlı münaqişə daha da şiddət­lənəcək.

M.HACIXANLI
XQ



Siyasət