“Veymar üçbucağı”nın Avropanı gücləndirmək cəhdi

post-img

Polşa “Veymar üçbucağı”nın işini intensivləşdirməyə, Fransa və Alma­niya ilə birlikdə Avropanın gələcəyi və təhlükəsizliyinin məsuliyyətini öz üzərlərinə götürməyə qərar verib. Baş nazir Donald Tusk Fransa pre­zidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla danışıqlar aparmaq üçün Paris və Berlinə gedib. Paralel olaraq, üç ölkənin XİN rəh­bərləri Parisdə ayrıca görüş keçiriblər. Tərəflər əmindirlər ki, əməkdaş­lığın gücləndirilməsi Avropa Birliyini qorumağın yeganə yoludur.

“Veymar üçbucağı” Polşa, Almani­ya və Fransa arasında əməkdaşlığın inkişafı üçün üçtərəfli regional qrup­dur. Qrup əsasən üç ölkənin liderləri və xarici işlər nazirləri arasında sam­mit görüşləri formasında mövcuddur. “Veymar üçbucağı” ölkələrinin liderlə­rinin sonuncu sammiti 2022-ci il fev­ralın 8-də Berlində baş tutub. Əvvəlki görüşlər Varşavada (2011), Poznanda (1998), Nensidə (1999, 2005) və Ham­baxda (2001) keçirilib. Xarici işlər na­zirlərinin sammitləri ən azı 2016-cı ilə qədər daha müntəzəm olub. İndi bu formatın yenidən intensivləşdirilmə­sinə qərar verilib. Xüsusilə də Rusi­ya-Ukrayna münaqişəsi kontekstində və sabiq prezident Donald Trampın Bir­ləşmiş Ştatlarda hakimiyyətə gəlməsi­nin mümkünlüyü fonunda Avropada öz təhlükəsizliyi üçün daha çox məsuliy­yət daşımağın zəruriliyi ilə bağlı müza­kirələr aparılır. “Köhnə qitə”də mövcud problemlərin həlli üçün kollektiv səylər göstərmək barədə düşünürlər. Əlveriş­siz qlobal şəraitə baxmayaraq, 2023-cü ilin sonunda Polşada hakimiyyət dəyişikliyindən sonra Paris, Berlin və Varşavanın həqiqətən də mövqelərini yaxınlaşdırmaq və əməkdaşlığı güc­ləndirmək şansları var. Polşanın baş naziri Donald Tusk və Polşanın xarici işlər naziri Radoslav Sikorski dialoq qurmaq üçün Qərbi Avropaya gediblər.

“Veymar üçbucağı” formatını ye­nidən aktivləşdirmək məqsədilə fev­ralın 12-də hər üç ölkənin xarici işlər nazirləri Radoslav Sikorski, Annalena Berbok və Stefan Sejurne Paris yaxın­lığındakı La Sel-Sen-Klu şəhərində görüş keçiriblər. Məlumatlara görə, nazirlər Ukraynanın dəstəklənməsinə xüsusi diqqət yetiriblər, həmçinin mü­dafiə sahəsində əməkdaşlığı və iyu­lun 9-11-də Vaşinqtonda keçiriləcək NATO-nun yubiley sammitini müzakirə ediblər. Ümumiyyətlə, ABŞ-da yaxın­laşan prezident seçkiləri və Donald Trampın seçkilərdə qalib gəlmə ehti­malının artması fonunda Şimali Atlan­tika məsələləri xüsusilə aktual möv­zuya çevrilib. Seçkiqabağı kampaniya gücləndikcə, sabiq prezident Donald Tramp qalmaqallı açıqlamalar verir. O çıxışında bildirib ki, Avropa ölkələri mü­dafiə xərclərini artırmasa, ABŞ onları müdafiə etməyəcək. Buna görə də, av­ropalılar respublikaçı namizədin qalib gələcəyi təqdirdə atacaqları addımları indidən hesablamağa başlayıblar.

Siyasi şərhçilərin sözlərinə görə, əslində, “Veymar üçbucağı” ötən müd­dət ərzində fəaliyyət göstərib. Polşanın əvvəlki hökuməti dövründə, məsələn, 2022-ci ilin fevralında Rusiya qoşunla­rının Ukraynaya daxil olmasına az qal­mış oxşar formatda görüşlər keçirilib. Ancaq “Hüquq və ədalət” partiyasının hakimiyyəti dövründə Varşavanın Av­ropa İttifaqı və Qərbi Avropa ilə mü­nasibətləri gərgin olduğundan üç ölkə arasında bu formatda görüşlər keçiril­mirdi. İndi Varşava öz tərəfdaşlarına vəziyyətin dəyişdiyini və Polşanın Qərb ilə münasibətlərini daha da yaxşılaşdır­mağa hazır olduğunu bildirir. Maraqlı­dır ki, əvvəlki hakimiyyət dövründə Pol­şa daha çox ABŞ-a və onun silahına arxalanmağa üstünlük verirdi. Okeanın o tayından son zamanlar Avropanın müdafiə olunması ilə bağlı gələn nara­hatedici bəyanatlar Varşavanı Paris və Berlin ilə birlikdə hərəkət etməyə vadar edir. 

Bununla belə, hər üç ölkə rəhbər­liyi ABŞ və NATO barədə ehtiyatlı davranırlar. Parisdə mətbuat konfran­sında Polşanın baş naziri və Fransa prezidenti əmin ediblər ki, “Aİ, NATO və transatlantik əməkdaşlığa alterna­tiv yoxdur”: “Avropa təhlükəsiz qitəyə çevrilməlidir və bu o deməkdir ki, Aİ, Fransa və Polşa güclü olmalı və öz sərhədlərini müdafiə etməyə hazır ol­malı, həmçinin müttəfiqlərini və dostla­rını qorumalı və dəstəkləməlidir”. Xarici işlər nazirlərinin görüşündə qəbul edil­miş yekun bəyanatda da qeyd olunur ki, məqsəd Avropa İttifaqını (Aİ) daha birləşmiş, daha güclü və təhlükəsizlik və müdafiə birliyi istiqamətində aktual təhlükəsizlik çağırışlarına daha yax­şı cavab verə bilmək və avropalıların gözləntilərini qarşılamaqdır. Bəyanat­da xüsusilə qeyd olunur ki, tərəflər vahid və güclü Şimali Atlantika Alyansı Təşkilatına (NATO) sadiqdirlər.

Səbuhi MƏMMMƏDOV
XQ

Siyasət